“Qarabağ
müharibəsi: zərif talelər” kitabının təqdimatı
oldu
Dekabrın 19-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda tanınmış yazıçı, publisist Zemfira Məhərrəmlinin "Qarabağ müharibəsi: zərif talelər" kitabının təqdimat və imza mərasimi keçirilib.
Mərasimdə AYB əməkdaşları, tanınmış
ziyalılar, oxucular və media nümayəndələri
iştirak ediblər.
Tədbiri giriş sözü
ilə açan AYB-nin katibi Rəşad
Məcid Z.Məhərrəmlinin
yaradıcılığı, yeni kitabı haqqında məlumat verib: "Zemfira xanım uzun illərdir ki, bədii və publisist yaradıcılıqla
məşğuldur. Bu kitab da yaxın
zamanların deyil, uzun illərin gərgin əməyin məhsuludur. Müəllif burada çox önəmli mövzuya toxunub. Düşünürəm ki, Qarabağ
həqiqətlərini özündə
ehtiva edən bu kitab xüsusən
gənc nəslin vətənpərvərlik ruhda
tərbiyə olunması
üçün çox
dəyərli nəşrdir".
Çıxışlardan öncə kitabın müəllifi yeni nəşr haqqında geniş məlumat verib, mövzunun və ideyanın qaynağından
danışıb: "Bu mənim
sayca 13-cü, Qarabağ
mövzusuna həsr olunmuş isə 6-cı kitabımdır. Bu mövzuya həsr olunmuş bir çox kitablarımı çox böyük çətinliklə ingilis
və rus dillərinə tərcümə
etdirib, çap etdirmişəm ki, bu həqiqətlər bizi düşmən kimi görənlərin də əlinə keçsin və onlar bunu oxuyub,
məlumatlansınlar. Qarabağla bağlı yazılarımın
bir çoxu özümün şəxsən
1991-ci ildən atəşkəsə
kimi ön cəbhədə gördüklərimdir.
Müharibəni adətən, kişilər
başlayır, əsas
ağrını, acını
isə qadınlar və uşaqlar çəkir. Bu kitabın qəhrəmanları
olan qadınlarımız,
qızlarımızın çoxu
ön cəbhədə
yaralı əsgərlərimizin
köməyi, dayağı
olan həkimlərimiz,
tibb bacılarımızdır.
Onların gərgin və
məşəqqətli fəaliyyətindən
yazmamaq mümkün deyil. Ayrı-ayrı məqalələr, həkayələr yazılıb,
amma tədqiqat əsəri kimi, sistemli şəkildə kitab yox idi.
Mən bunu eləmək istədim. Vətən müharibəmizin qadın döyüşçüləri,
onların taleyi məni narahat edirdi. Buradakılar həqiqi həyat
hekayələridir. Burada
az da
olsa məşəqqətli
əsirlik həyatı
yaşamış qızlarımızın
da həyatından yazmışam. Bu qızlar müharibəyə
müharibənin özünü
öldürməyə getmişdilər.
Qarabağ hekayətlərinin yer
aldığı yeni kitabım bu qanlı savaşa atılıb kişilərlə
çiyin-çiyinə döyüşən
qadınlarımızın, habelə məşəqqətli
əsirlik həyatına
məhkum olmuş qız-gəlinin ağrı-acılı
taleyindən söz açır. Bu publisistika
nümunəsini Azərbaycan
Xalq Cümhuriyyətinin
və Milli Ordumuzun 100 illiyinə həsr etmişəm".
Müəllif kitabın "Regional Hüquqi
və İqtisadi Maarifləndirmə" İctimai
Birliyinin dəstəyi
ilə çap olunduğunu da vurğulayıb.
Yazıçı Elçin
Hüseynbəyli çıxışında mövzunun
və kitabın əhəmiyyətindən söz
açıb: "Kitab çox
ağrılı, acılı mövzuya həsr
olunub. O qurbanlarla,
onların ailələri ilə hər dəfə edilən
söhbət o ağrıları təzədən
yaşadır. Mən inanıram ki, Zemfira xanımın bu
kitabındakı ayrı-ayrı hadisələr əsasında
hansısa əsər, hekayə yazılacaq. Çünki
bu kitab yazılacaq Qarabağ əsərləri üçün
bir mənbədir".
"Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs kitabda haqqında söz açılan qəhrəman xanımların bir çoxunu müharibə dövründə şəxsən gördüyünü, onların fədakarlıqlarının şahidi olduğunu deyib: "Mən arzu edirəm ki, bu dəyərli kitab ünvanına çatsın".
Qarabağ müharibəsi
veteranı Rüxsarə Cumayeva
çıxışında həmin illəri
xatırlayıb: "Bəzən deyirlər ki,
tibb bacıları orada
nə edib axı. Orda
nələr yaşadığımızı biz
bilirik. Biz oradakı
döyüşlərimizlə qürur duyuruq. Bu qədər böyük fədakarlıqları ancaq Azərbaycan xanımları edə bilərdilər.
Qarabağla bağlı bircə cümlə
belə yazan, bizi unutmayan, unutdurmayan hər
kəsə təşəkkür edirəm".
Şair-publisist Həyat Şəmi çıxışında qeyd edib ki, bu kitab özünə azərbaycanlı deyən hər kəs üçün çox həssas mövzuya həsr olunub: "Xüsusən bu mövzunun zərif qəhrəmanlarının həyat hekayələrinə toxunulması olduqca əhəmiyyətlidir. Belə insanların taleyindən yazmaq böyük cəsarət və ürək tələb edir. Bu, faktlara əsaslanan fakturalı əsərdir. Ancaq burada Zemfira xanımın zəngin bədii təxəyyülü də öz sözünü deyir. Mən təklif edərdim ki, bu kitabdakı talelər əsasında bədii filmlər çəkilsin".
Daha sonra kitabın redaktoru Xəyal Rza, Şahin Musaoğlu, Varis Yolçuyev, Nəzakət Məmmədli, Aləm Kəngərli, Fərqanə Mehdiyeva, Qəşəm Nəcəfzadə, Təranə Vahid və başqaları çıxış edərək kitab haqqında fikirlərini bölüşüb, müəllifə daha böyük yaradıcılıq uğurları diləyiblər.
Kitab əsasında bu yaxınlarda "Döyüşə qızlar gedir" adlı sənədli filmin çəkiləcəyi xəbərini verən Zemfira Məhərrəmli ona göstərilən bu diqqətə görə, başda AYB rəhbərliyi olmaqla, hər kəsə öz təşəkkürünü bildirib və sonda kitablarını qonaqlar üçün imzalayıb.
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2018.- 20 dekabr.- S.8.