Tarixi köklərin
sorağı, ulu əcdadların izi ilə
YAXUD ISIK GÖL
MƏNİ NƏDƏN KÖVRƏLTDİ
(Əvvəli ötən sayımızda)
Deyəsən, Sovetlər Birliyinin
dağılması mənə düşüb
Sovetlər Birliyi dağılandan sonra Türkiyənin
Qazaxıstanda keçirdiyi bir neçə elmi simpoziuma
qatıldım. Bundan istifadə edib sürgün
olunanlarla da görüşdüm, topladığım
materiallar əsasında iki kitab, bir neçə məqalə
yazdım. O, məqalələrdən bir hissəsini
"525-ci qəzet" 2013-cü ilin iyul ayında silsilə
şəkilində "Sürgün olunanların
sorağı ilə" başlığı altında dərc
etdi. Deyəsən, oxucusu da az olmadı.
Qırğızıstana səfərim isə maddi
sıxıntıdan baş tutmurdu. Uşaqlıq və
yeniyetməlik illərində kəndlimiz İsbi
İsmayılovun Qırğızıstan haqqında
nağılabənzər söhbətlərini çox
eşitmişdim. 1930-cu illərdə həbs
olunan İsbi İsmayılov sonra Qırğızıstana
sürgün edilmişdi. Sürgün müddətində
çobanlıq edən İsbi İsmayılov oranın
coşğun dağ çaylarının keçilməzliyindən,
yüklü kor dəvənin sağlam gözünü də
parça ilə bağlayıb gurultulu dağ
çayının üzərində körpü kimi
atılmış bir dirəyin üstündən necə
keçirdiyindən, uca və həmişə başı
qarlı olan dağlardan, yayın ortasında belə qar
yağmasından, dəfələrlə ölümlə
üzləşsə də, möcüzəli şəkildə
sağ qalmasından həvəslə danışardı. Onun danışdıqlarına bənzər bədii
təsvirlərə sonralar Çingiz Aytmatovun "Əlvida,
Gülsarı" povestində rast gəldim. Povesti oxuduqca mənə elə gəlirdi ki,
yazıçı, İsbi İsmayılovun
danışdıqlarını qələmə alıb.
Məni isə maraqlandıran nə uca dağlar, nə
buz bulaqlar, nə də Isık gölün ilıq
sularında çimmək, yaşıl sahillərində dincəlmək
idi. Mən sürgün olunanlarla görüşməyə,
yaddaşlarında qoruyub saxladıqları folklorumuz
toplamağacan atırdım.
Axısqalı
Xəstə Hasan "Yüzdə bir" divanəsində
deyir:
Ab-u çeşmə göllərində sona da bir, qaz
da bir.
Süsən
sünbül, mor mənəvşə,
bülbül ötər yazda bir.
Vaqif dərddən xəbərdardı, Gövhərin
qiyməti yox.
Qul
Qaranı, Qara Zülal, Aşıq Ömər sözdə
bir.
Qurbanı
haqq aşığıdır - daima xamnan sökər,
Dəstinə alıb qələmi, xəttinə bir xət
çəkər.
Çöllü İsmayıl tacıdı, cannan qəsəvvət
tökər.
Kərəm
ki, yandı ataşa, od da birdi, köz də
bir.
Molla Xəlis dəlalətdə içdi eşqin
badasın.
Küfdadiya da verildi onnan da ziyadasın.
Urfanı dərya-ümmandı, keçmək olmaz
adasın.
Aşıq Seyfi, Usta Polat, Dəli Tamo sazda bir.
İçmədim eşqin badasın, həm oxuyam, həm
yazam.
Böylə getməz bu ürüzgar, həlbət gələr
bir ayam.
Sənə min iki yüz on səkkiz, yoxdur tarixin sayam.
Çox aşıxlar gəldi, getdi, Xəstə Hasan
yüzdə bir.
Şeirdə adı çəkilən Vaqif, Kərəm,
Qurbani məşhurdur. Haqlarında bilgiyə çox rast gəlmək
olur. Xəstə Hasan və İrfani
(Urfani) haqqında da xeyli axtarışlar aparıb nəslindən
olanlarını tapıb, şeirlərini toplayıb çap
etdirmişəm. Bəs Qul Qaranı, Qara Zülal,
Aşıq Ömər, Aşıq Seyfi, Usta Polat, Dəli
Tamo, Çöllü İsmayıl, Molla Xəlis, Küfdadi?
Onlar niyə öyrənilməsin, şeirləri
toplanmasın?
Xəstə Hasanın qürurla öydüyü bu
aşıqların bəzilərinin şeirlərindən
nümunələr toplamışam. Ustad sənətkarlar
olublar. Ancaq haqlarında bilgi yox dərəcəsindədir.
Həmişə düşünmüşəm ki, necə ola bilər eyni dövrdə yaşamış
aşıqlardan Xəstə Hasanın nəslindən olanlar
tanınsın, o birilərininki yox?! Fikirləşirdim
ki, Qırğızıstana sürgün olunmuş
axısqalıların nəvə-nəticələri ilə
görüşsəm, axtarışlar aparsam, bəlkə
başqa aşıqların da nəslindən olanları tapa
billəm.
Türk
xalqlarının türkcə ilk yazılı əsərləri
simpoziumu
2018-ci
ilin iyulunda mənə xəbər göndərdilər ki,
Türkiyədəki Hacı Bektaş Vəli Kültür Dərnəyi,
Dünya Söz Akademiyası və
Qırğızıstandakı Kasım Tınıstanov
adına Isık göl Universitetinin Karakol şəhərində
birgə keçirəcəyi "Türk xalqlarının
türkcə ilk yazılı əsərləri - "Qutadqu
bilik", "Divanu luğat-it-türk", "Ətabətül-həqayiq",
"Dədə Qorqud" Uluslararası Simpoziumuna
qatılım. Simpoziumun dəstəkçisi
TİKA idi. TİKA varsa, demək xərclər
haqqında narahatlıq keçirməyə dəyməz.
Hər şeyi onlar yüksək səviyyədə
görəcəklər. Ona görə də
böyük həvəslə "Qutadqu-bilik"in Azərbaycanda
tanıdılmasında və Avropa metodları ilə
araşdırılmasında Əmin Abidin rolu"
mövzusunda bildiri özətimi göndərdim.
Az sonra
bildiri özətimin qəbul olunduğunu yazdılar. Bildirdilər ki, pasportumun surətini göndərim,
bilet alsınlar. TİKA-nın Türk Hava
Yolları ilə müqaviləsi olduğunu bilirdim. Onlar, adətən, biletləri THY-nın təyyarələrinə
alırlar. Bakıdan da THY Bişkekə təyyarə
reysi yoxdu. Ümumiyyətlə, Bakıdan
Qırğızıstana birbaşa təyyarə reysi yoxdur.
Demək, bileti Bakı-İstanbul-Bişkek reysinə
gediş-dönüş alacaqlar. Bu da 7-8
saat havada qalmaq, 5-6 saat İstanbulda gözləmək deməkdir.
Bir neçə dəfə yazıb xahiş etdim ki, ya
siz biletlərimizi Bakı-Almatı-Bişkek reysinə
alın, ya da biz alaq, orada bilet pullarımızı ödəyin. Onda biz, təxminən,
iki saat yarıma Almatıya, yarım saata da Bişkekə
uçardıq, biletlərin qiyməti də ucuz olar. Heyif ki, bizimlə razılaşmadılar. Bileti özləri alıb göndərdilər.
Baxdım ki, bizim təklif etdiyimizdən 4 dəfə
çox pul xərclənib. Deməyə
sözüm qalmadı. Bu da bizim günlərin
anlaşılmazlığı!
Sentyabrın 29-da səhər tezdən evdən
çıxsaq da, Bişkekə axşam çatdıq. Bütün
günü təyyarədə və gözləmə
salonunda keçirdik. İstanbul hava
limanında Türkiyədən simpoziuma gedənlərlə
görüşdük. Əksəriyyətini
tanıyırdım. Müxtəlif
toplantılarda görüşmüş, dostlaşmışdıq.
Hamımız eyni reyslə gedirdik. Onlar
daxili reyslərlə gələndən az
sonra uçuş başladığından hal-əhval
tutmamız, dərdləşməmiz 5 saatlıq
uçuşa qaldı.
Qazaxıstan
sərhəddində Qırğız paytaxtı
Kiçik
respublika Qırğızıstan Sovet dönəmində Qələbə
piki (7439), Lenin piki (7134) və Xan Tenqri piki (6995) ilə coğrafiya həvəskarı
olan məktəblilərin yaddaşına hopmuşdu. Tanrı dağları ilə əhatə olunan
bölgənin vadiləri subtropik və mülayim
qurşağa daxil edilir. Sahəsi 199,9
min kvadratkilometr, əhalisi 6 milyon nəfərə
yaxındır. Təbii artım yüksəkdir.
Hər min nəfərə 16 nəfər
düşür.
Ölkənin başkəndi Bişkek düzənlikdə,
Çuy (Türk dillərində ç-ş-s səsdəyişməsi
var. Çay da adını su sözündən alıb. Biz bu
çayın adını da rus qaynaqlarında
yazıldığı kimi deyil, qırğızlarda
olduğu şəkildə yazacağıq) vadisində yerləşir.
Çayın sağ sahili Qazaxıstan, sol sahili
Qırğızıstandır. Bişkek
şəhərinin bəzi obyektləri Çuy
çayının sahilindədir. 1924-cü il oktyabrın 14-dək qazax, qırğız
ayrı-seçkiliyi yox idi. Qazaxlar da özlərini
qırğız sayırdılar. Keçirdikləri
toplantıları da qırğız konfransları,
qurultayları adlandırırdılar.
Bütün
imperialist dövlətlər kimi, Sovet Rusiyası da
"Parçala, hökm sür!" siyasəti ilə hərəkət
edərək 1924-cü il oktyabrın 24-də
RSFSR tərkibində Qara Qırğızıstan Muxtar Vilayəti
yaratdı. 1926-cı il fevralın 1-də
isə onu Qırğızıstan Muxtar Respublikasına, 1936-cı
il dekabrın 5-də isə müttəfiq respublikaya
çevirdi. 1991-ci il avqustun 31-də isə
Qırğızıstan öz müstəqilliyini elan etdi.
Müstəqil Dövlətlər Birliyinin üzvü
olan ölkənin vətəndaşı kimi biz oraya viza
almadan getsək də, xarici ölkəyə gedişin
bütün şərtlərinə əməl edirdik. Hava limanı
şəhərdən xeyli aralıdır. Muxtar
Kazımoğlu diqqətlə ətrafı seyr etdikdən
sonra "Bu yerlər mənə necə doğma gəlir. Elə bil nə vaxtsa buralarda olmuşam. Dağları da Naxçıvan dağlarına
oxşayır" - deyir.
Sentyabrın 29-u axşam və 30-da gündüz
Qazaxıstandan, Tacikistandan, Qırğızıstanın
müxtəlif şəhərlərindən simpoziuma
qatılmalı olan alimlər də gəldi. Görüşüb tanış olduq. Qazaxıstandan
gələn Baktıgül Gülcahanovadan başqa, heç
birisi ilə öncə görüşməmişdim. Bəzilərinin
adı və əsərləri ilə tanış
idim.
Qırğızıstandakı
Axısqa Dərnəyinin sədri Reşat Şamiloğlu
ürəyindən əməliyyat olunmaq üçün
Türkiyəyə getmişdi. Onun müavini Zəkəriyyə
Tahirlə telefonla danışdıq. O, mənim gələcəyimi
bilirdi və görüşməyimizi öncədən
planlamışdı. Həmin axşam bir
çaşqınlıqdan görüşə bilmədik.
Sentyabrın 30-da Bişkek şəhərinin mədəni
mərkəzlərində, tarixi yerlərində olduq. Səfər
TİKA-nın maliyə dəstəyi ilə olduğundan təşkilat
özünütəbliği də unutmamışdı.
Bizi Alıkul Osmonov adına Respublika Milli
Kitabxanasına apardılar. Kitabxananın binası sovet
dövründə tikilsə də, yenidənqurma işlərini
iki il öncə TİKA
görmüşdü. İnsafən, gözəl iş
görüblər. Bina yenidən qurulanda
müasir kitabxanaya lazım olan səviyyədə
avadanlıqlarla da təchiz edilib. Kitabxananı gəzərkən
türkiyəli dostlarımdan biri həsədlə:
"İllərimizdə (vilayət) belə 15-20 mədəni
mərkəz ola, ya olmaya. Gör,
Qırğızıstanda bir kitabxananın yenidənqurmasına
bu qədər vəsait xərclənibsə, onda universitetlər
və başqa sahələrə nə qədər pul
qoyulub?!"
Uzun illər
Türküstanda müxbir işləyən Ramiz Məşədihəsənlinin
verdiyi bilgiyə görə, Türkiyə hökuməti təkcə
Qırğızıstanla birgə qurduğu Manas Universitetinə
23 il ərzində 85 milyon ABŞ dolları xərcləyib.
Dostumun gileyində bir həqiqət də ondan ibarətdir ki,
Qırğızıstanın istehsal sahələrinə, yəni
gəlir gətirəcək yerlərə yatırım
qoyanlar Çin, Amerika, Rusiya, Kanada və başqa dövlətlər
olduğu halda, Türkiyə ölkədəki mədəni-maarif
təşkilatlarına, şəhərlərin
abadlaşdırılmasına vəsait xərcləyir. Bunlar da gəlir gətirmir, xalqın mədəni səviyyəsinin
yüksəlməsinə, maariflənməsinə xidmət
edir.
Mədəni maarifdən söz düşmüşkən,
onu deyim ki, bu gün Qırğızıstan universitetlər
ölkəsinə çevrilib. Yalnız Bişkek şəhərində
52 universitet
var. Onlardan 31-i dövlət tərəfindən maliyyələşir,
21-i özəldir. İlk baxışda təəccüblü
görünür: kasıb və kiçik bir ölkədə
bu qədər universitet nəyə lazımdır? Axı
ölkədə bu qədər tələbə ola bilməz? Universitetlərdə
Qırğız tələbələrlə yanaşı,
Əfqanıstan, Pakistandan, Banqladeş, hətta Vyetnamdan və
başqa kasıb ölkələrdən gəlmiş minlərlə
gənc təhsil alır. Təhsil
haqqı da elə ucuz deyil. Tələbələrin
böyük əksəriyyətinin ailəsi o qədər
pulu ödəyə bilməz. Ona görə
də imkansız tələbələrin xərclərini beynəlxalq
təşkilatlar ödəyir.
Xarici tələbələrlə əhalinin müəyyən
təbəqəsi arasında hərdən xırda ziddiyyətlər
olsa da, gəlmələrin ölkədə dinc və rahat
yaşamasına normal şərait yaradılıb. Bu da kasıb
ölkənin iqtisadiyyatına kömək olmaqla
yanaşı, elmi potensialın güclənməsinə də
təkan verir. Xarici ölkələrdən
gələn tələbələr tibb universitetlərində
oxumağa meyllidirlər. Onların istəyinin
reallaşması üçün ölkədə tibb sahəsində
çalışan alim-pedaqoqların sayı
artırılıb. Bu da yaxın gələcəkdə
Qırğızıstanda tibb sahəsində böyük irəliləyişlər
olacağından xəbər verir.
Ata-Beyit memorial kompleksi
Azərbaycanda repressiya qurbanlarının harada güllələndiyi
dəqiq bilinmir. Repressiya qurbanları haqqında ciddi muzey,
ümumi bir abidə də yoxdur. Memorial təşkilatı
isə repressiya illərində Moskvada kimin harada güllələndiyinin
siyahısını hazırlayıb və onu da internet
saytında yerləşdirib. Qırğızlar
da bizim günümüzdədir. Onlar da
1930-cu illərdə kimin harada güllələndiyini dəqiq
bilmirlər. Sovetlər Birliyi çökəndə
yaşlı bir çoban 1930-cu illərdə şəhərdən
aralıdakı köhnə kərpic zavodunda gecələr
güllə səsləri eşitdiyini söyləyib. Onun dediyini yoxlamaq üçün zavodda
qazıntı aparıblar. 150-dən
çox insan cəsədinin qalığını aşkara
çıxarıblar. Bu qənaətə
gəliblər ki, repressiya qurbanlarının bir hissəsi
köhnə kərpic zavodunda güllələnib.
Həmin yer Çingiz Aytmatovun "Gün var əsrə
bərabər" romanında təsvir etdiyi Ata Beytə
uyğun olaraq "Ata-Beyt" adlandırıldı. Orada repressiya
qurbanlarına xatirə abidəsi ucaldılıb və muzey
yaradılıb. Çingiz Aytmatov da
repressiya qurbanı olan atasına hörmət və repressiya
qurbanlarına sayğı əlaməti olaraq, öləndə
"Ata-Beyt"də dəfn edilməsini vəsiyyət edib.
Onun istəyi yerinə yetirilib. İndi "Ata-Beyt" həm repressiya qurbanları
üçün, həm də Çingiz Aytmatov
üçün abidələr ucaldılıb. Ora qırğız xalqının müqəddəs
ziyarətgahına çevrilib.
Xatirə kompleksindəki abidələri istedadlı heykəltaraş
və memarlar yaratdığından olduqca təsirlidir. Repressiya muzeyi
kiçik və sadə olsa da, təsirlidir. Köhnə kərpic zavodunda qazıntı
aparılarkən tapılan, güllələnənlərin
paltarları, salamat qalmış şəxsi əşyaları
orada nümayiş etdirilir. Muzeyi ziyarətə
gələn kövrək qəlbli insanlar göz
yaşlarını saxlaya bilmirlər.
(Ardı var)
525-ci qəzet 2018.- 21 dekabr.- S.6.