Ömrün və Sözün sual macalı
Rüstəm KAMAL
Filologiya elmləri doktoru,
Bakı Slavyan Universitetinin professoru
Qiymət xanım Məhərrəmlinin
sözünü, yaddaşım
məni çaşdırmırsa,
ilk dəfə 1996-cı ildə
eşitmişəm və
görmüşəm. Sonra ara-sıra
Bakıda, Şəkidə,
Borçalıda tədbirlərdə
rastlaşmışıq, hal-əhval
tutmuşuq.
Son dərəcə təvazökar,
səbrli, danışmaqdan
daha çox, dinləməyi sevən bir insan kimi
yadımda qalıb Qiymət xanım. Klassik Şəki
xanımlarının ədəb-ərkanını,
davranışını özündə
yüksək səviyyədə
təcəssüm etdirən
Qiymət Məhərrəmli
həmişə sözünün
yerini bilib - bununla da ədəbi
camiənin hörmətini
qazanıb. Nə şəhər
həyatının tünlüyü,
nə məişət-güzaran
qayğıları, nə
də şöhrət
xəstəliyi ona hardan gəldiyini unutdura, nə də əlini sözdən soyuda bilib. Şəhərin
vəfasızlığını yaxşı bildiyindən,
anasının ətri
qalmış yurd yerlərini unutmayıb bir an da
olsun:
Üz qoyma, üzü soyuyub,
Səni
oxşamaz bu şəhər...
Bir şair
fəhmi ilə şəhərin mistik varlığını yaxşı
bilir. Unutqanlıq şəhərin mahiyyətindədir.
Özünə yad bilər səni,
Öz adından silər səni...
Mənə elə gəlir ki, Qiymət xanım düşünəndə
də şeir yazmaq üçün düşünür. Misralar qəfil bir
fikrin qığılcımından
doğulur, sonra tələsik "yuxu mətni" kimi dəftərçəyə, gündəliyə
qeyd olunur. Bu yazı texnikasının
sirrini açan şeirin ilk misralarıdı
- o qədər səmimi,
dürüst deyilib ki, istər-istəməz duyğularına, düşüncələrinə
inanırsan. İndi şairə
inanmağın özü
ciddi estetik məsələdir.
Şairin
sözü oxucunun (dinləyicinin) inandığı
yerdən və məqamdan başlayır:
Özüm başımın ağası,
-
Yavaş-yavaş dolanıram.
Yola verib qışı, yazı,
İkiəl-bir baş, dolanıram.
Qiymət
xanımın şeirlərində
ucuz, yüngül duyğusallığa, "şit
göz yaşları"na rast gəlmirik.
Şeirlərində sanki mübhəm
duyğularının deyil,
düşüncələrinin səsini eşidirsən.
Kim neyləyər, özü
bilər,
Biri bilməz,
yüzü bilər.
Alnımızda yazı bilər
-
Götür gedək... özümüznən.
Bu dünyadan şikayəti,
giley-güzarı olsa
da, bu günə
də içində sakit, huzurlu bir şükranlıq var.
Şeirlər də yaşanılmış ömrün-günün
poetik hesabatı kimi doğulur.
Qiymət Məhərrəmli bu dünyanın və öz ömrünün mənasını daha çox bədii suallarla anladır. Suallar onun
fəlsəfi düşüncəsinin
bədii ifadəsidir.
Əslində, dünyaya, taleyə
ünvanladığı suallar
bumeranq kimi onun özünə qayıdır. Bəlkə ritorik
sualın mahiyyəti və məqsədi budur? Bu şeirlərin
çoxu özünə
verdiyi cavabsız, bəzən də ümidsiz sualların havasından doğulur.
Nişan alıb oxladınız?
Dişə çəkib yoxladınız?
Duza basıb
saxladınız?
Neylədiniz qanadımı?
Şairin
o qədər narahatlığı
və nigarançılığı
var ki: - Vətən, dünya, övladlar sarıdan, nə bilim, ömürdən... Bax, onda şair ürəyi "Sarı gəlin" üstündə
köklənib oxumağa
başlayır:
Bu dərə, uzun dərə... -
Quzulardan
xəbər de...
Mən axşamdan gözlərəm,
Sən xəbəri səhər
de...
Hər şair
özünü müəyyən
işarələrlə, simvollarla
ifadə edir, yaxud tanıyır. İşarə-simvol
təhtəlşüurun iş
üsuludur. Qiymət Məhərrəmli yaşamını, taleyini
bir işarə - simvol ilə - "ürək" ilə tanıtmaq istəyir.
"Ürək" ovqatının və sözünün əsas simvolik nişanələrindən
biridir. Təsadüfi
deyil ki, kitablarının ikisinin adında da "ürək" sözü
var: "Ürəyimdən
nələr keçir",
"Mənim ünvanımı
ürəyinə yaz".
"Daş" dedilər, - əridi,
İçinə um yeridi.
Bir sümük, bir dəridi, -
Ürəyim kirimədi.
Şair bütün ağrılarını,
xatirələrini və
sözlərini ürəyində
saxlayır və yalnız öz ürəyinə etibar edir.
Uzaqlıq və ayrılıq
ona güc gəldikcə, xatirələr
gününü qara etdikcə, bir az da dözümsüz olanda, etiraflarını sözə
danışır. Bu - qadın etirafları, bitmək bilməyən bütöv bir ömür - sevgi monoloqunun fraqmentləridir.
Ömür keçir,
özü ilə dialoq isə yalnız gecə düşüncələrində və tənhalıq xəyallarında mümkün
olur:
Həsrətini nar suyutək
Qəlbimə sıxıb getmisən...
Qəribədir: "Ayrılığ"ın üfüqündə sanki
"görüş" məqamı
doğulmur. Görüş
ayrılığın "bətnində" bir sirr kimi saxlanılır...
ağlama, ayrılıq
var,
ayrılıq da mahnıdı...
bu - həsrət şikəstəsi,
bir ayrı cür mahnıdı...
Ona görə də, şeirlərində bir sevdanın, bir ayrılığın xatirəsini
danışır, bu şeirləri ünvanına
çatmayan, sahibinin üstünə qayıdan
məktublar kimi yazır:
Mən sənə hər axşam məktub yazıram,
Amma sənin
bundan xəbərin olmur.
Mənim
hər axşamım sənlə düşsə
də,
Mənimlə açılan səhərin
olmur.
Şübhəsiz, onun şeirləri həm də bir xanım kimliyinin ifadəsidir, bir xanımın yaşam fəlsəfəsinin
poetik təqdimatıdır. Dünya, zaman
və tale ilə sorğu-suallarıdır. "Qarışmadım gedən
köçə..." - deyən
şairin keçmişdə,
geridə buraxdığı
ömrün "bu gün"üdür.
Qiymət xanımı hər şeyin - sevginin, ömrünün sonu həyəcanlandırır və
maraqlandırır. Bəzən ritorik
suallar da "son"la bağlı narahatlıqdan doğulur.
Nə əlim tərpənir, nə dilim dönür,
Varammı, yoxammı - bilə bilmirəm.
Qığılcım tutmamış ocağım sönür,
Sonu nə olacaq, hələ bilmirəm.
Onun əsas
poetik ünsürü
"daş"dır. "Daş"ı
metafora, dil oyunu məqamında sözün hörgüsünə
yaraşdırır:
Daşın daş üzü
yoxsa,
Ovulacaq toz kimi...
Yaxud:
Daşqəlbli olmağı bacarmıram,
Daşın qəlbi daş
olar...
Qiymət xanımın patriotik ruhlu şeirlərində misraların məsamələrində sükut ruzgarı dolaşır. O, sükutun içindəki sözü sevir. Yalnız sükutda özünü tanıya bilir:
Sükutu görürəm ayna kimi,
Aynadan baxan özüm deyiləmmi?..
Ömrünü və sözünü sükut içində yaşayan şairin yeni kitabı mübarək olsun!
525-ci qəzet 2018.- 21 dekabr.- S.8.