Nurəngiz Gün 80 illiyi münasibətilə anıldı

Dekabrın 19-da Azərbaycan Dövlət Musiqili Teatrında tanınmış şair Nurəngiz Günün 80 illik yubileyi münasibətilə anım tədbiri keçirilib.

Tədbirdə dövlət hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm mədəniyyət xadimləri, sənətkarın ailə üzvləri ədəbi ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Milli Məclisin mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov tədbirdə çıxış edərək ədibin yaradıcılığından, şeirlərinin özünəməxsusluğundan danışıb. Bildirilib ki, tanınmış poeziya ustasının ürəyindəki yanğı, ağrı-acı, Vətən təəssübkeşliyi onun bütün şeirlərinə nüfuz edib. Nurəngiz Günün şeirlərindəki bu ağrı Qarabağ dərdi, itirilmiş torpaqlarımızın həsrətidir. Bu həsrət onu yatmağa da qoymur, yuxusunu ərşə çəkir, qəlbini göyüm-göyüm göynədirdi. Şair torpağını, xalqını, millətini sevən bir ziyalı idi: "Bu gün Azərbaycan şairi Nurəngiz Günün 80 yaşının işığına toplaşmışıq. Əslində, bu gecə şeirlərinin yaşı 40-dan bir az gənc olan şairin gecəsidir. Nurəngiz xanım həyatı boyu şeirlə nəfəs alsa da, ədəbiyyatla yaşasa da, böyük ədəbiyyata 40 yaşında olarkən gəlib. Gəldi bir gün kimi parladı. Nurəngiz Gün Azərbaycan ədəbiyyatında ilk gün deyildi. Şeir hər zaman gözəllərlə dolu olub. Qadın bütün zamanlarda şeirin əbədi qəhrəmanıdır. Dünyanın hər yerində bütün zamanlarda qadının ədəbiyyatda olması, öndə gedən qələm sahibi olması nadir rast gəlinən hadisədir. Amma Azərbaycanın bu baxımdan bəxti gətirib. XII yüzillikdə Azərbaycanın Məhsəti Gəncəvisi, XIX əsrdə Xurşidbanu Natəvanı var idi. Yəni ədəbiyyatımızın ay xanımı da, günəş xanımı da olub. Amma XX yüzilliyin sonlarında ədəbiyyatımızda Nurəngiz Gün adlı şairin səsi eşidilməyə başlandı. O, həm uşaqlıq illərində Azərbaycan radiosuna meyl edirdi. Sonralar Nurəngiz xanım radioda verilişlər apardı. İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirən, Rza Təhmasib kimi böyük sənətkardan dərs alan Nurəngiz xanımı müəllimləri Milli Dram Teatrında görmək istəsələr , o, radioya üz tutdu, diktor kimi fəaliyyətə başladı. Bu müddət ərzində ədəbi aləmlə yaxından tanış oldu. Bir şəxsiyyət yaradıcı insan kimi özünü ifadə etməyə başladı”.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar unudulmaz şairənin yaradıcılığından insani keyfiyyətlərindən söz açıb. Anar vurğulayıb ki, ədəbiyyata "Tanrı" povesti ilə gələn Nurəngiz Gün hər zaman istedadlı şair, publisist gözəl insan kimi tanınıb. Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan istedadlı şairin şeirlərində qəm kədər notları üstünlük təşkil edir. Onun şeirlərindəki kədər motivlərinin xalqımızın başına gətirilən müsibətlərdən qaynaqlandığını söyləyən yazıçı qeyd edib ki, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Qarabağ dərdi şairin yaradıcılığında yeni bir səhifə açıb. O, xalqının başına gətirilən bu müsibətləri öz başına gətirilən müsibətlər kimi dərk edirdi. Onun "Xocalı simfoniyası" bu mövzuda yazılmış ən təsirli əsərlərdən biridir.

Nurəngiz xanımın ən böyük xoşbəxtliyinin özündən sonra zəngin irs qoyması olduğunu vurğulayan Anar deyib: "O, yaradıcılığa gec başlasa da, qısa müddətdə maraqlı əsərlər qələmə aldı. Təəssüf ki, biz onun haqqında keçmiş zamanda danışırıq. Ancaq deyə bilərəm ki, o, heç zaman unudulmayacaq, ədəbiyyatsevərlərin qəlbində daim yaşayacaq".

Çıxışlardan sonra şairin ömür yolundan bəhs edən videoçarx nümayiş olunub.

Mərasimdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyorları şairin şeirləri əsasında hazırlanmış ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Sonda şair Nurəngiz Günün qızı, Milli Məclisin deputatı Jalə Əliyeva tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

Şahanə MÜŞFİQ

525-ci qəzet  2018.- 21 dekabr.- S.7.