İsrail və Özbəkistan ədibləri Azərbaycan
Yazıçılar Birliyində
Dünən Özbəkistandan və
İsraildən ölkəmizə
qonaq gələn bir sıra sənət adamları,
şair və
yazıçılar Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla görüşüblər.
Sədr israilli siyasi ekspert Arye Gutun
müşayiəti ilə
yazıçı İddo
Netanyahu, rejissor İlqar
Safatı qəbul edib. Görüşdə həmçinin, Millət
vəkili, Xalq yazıçısı Elmira Axundova,
Millət vəkili,
AYB-nin katibi Nazim İbrahimov, Xalq yazıçısı
Çingiz Abdullayev, Xalq artisti Oqtay
Mirqasımov, AYB-nin mətbuat katibi Xəyal Rza və başqaları da iştirak ediblər.
Xalq yazıçısı
Anar AYB-nin tarixi, onun nəzdində
fəaliyyət göstərən
mətbu orqanlar haqqında məlumat verib.
Görüş əsnasında Azərbaycan-İsrail
ədəbi əlaqələrinin
genişləndirilməsi, qarşılıqlı
münasibətlərin inkişafı
yönündə bəzi
təkliflər də
səsləndirilib.
AYB sədri deyib
ki, ayrı-ayrı yazıçıların İsraildə
kitablarının nəşrindən
əlavə, çox
yaxşı olardı
ki, orada Qarabağ problemini özündə əks etdirən kitablar da işıq üzü görsün və yayılsın.
Xalq yazıçısı
Elmira Axundova çıxışında
Arye Gutun Azərbaycan-İsrail siyasi,
ədəbi əlaqələrinin
inkişafındakı rolundan
söz açıb. Deyib ki,
ekspert Qarabağ probleminə qarşı hər zaman həqiqətin yanında olub, sərt şəkildə tənqidi
çıxışlar edib,
Azərbaycanın haqq
səsini həm öz ölkəsində,
həm də dünyada ucaldıb.
Həmçinin, qonaqlara repressiya qurbanı, Qarabağ müharibəsi şəhidi
olan yazıçılarımız
haqqında da məlumat verilib.
İsrailli qonaqlar ölkəmizdə
olmaqdan məmnunluğunu
ifadə edib, Azərbaycan ədəbiyyatı
və mədəniyyətinin
zənginliyindən söz
açıblar.
Həmin gün AYB sədri özbəkistanlı qonaqlarla da görüşüb. Ədəbiyyatşünas, tərcüməçi Babaxan Məhəmməd Şərifin müşayiəti ilə "Kitab dünyası" qəzetinin baş redaktoru Xasiyət Rüstəmova, şair, tərcüməçilər Şəhla Qasımova, Ətxambəy Alimbekov ədəbiyyat ocağının qonağı olublar. Qonaqlar bu yaxınlarda Anarın Özbəkistanda özbək dilində çap olunan "Gözmuncuğu" kitabını müəllifə təqdim ediblər. Ona göstərilən diqqətdən məmnunluğunu ifadə edən Xalq yazıçısı deyib ki, bu, onun Özbəkistanda çap olunan 5-ci kitabıdır.
Görüş çərçivəsində
Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin
inkişafı haqqında geniş fikir mübadiləsi aparılıb.
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2018.- 21 dekabr.- S.7.