Həyatı yazan, yazdığını
ekranlaşdıran sənətkar - Həsən Seyidbəyli
Düz 98
il öncənin bu günü nardaranlı
dövlət qulluqçusu Mehdiylə Buzovna-Maştağa əsilli,
evdar xanım Rübabənin ailəsində daha bir oğlan
uşağı dünyaya göz açdı.
O vaxta qədər
evin tək uşağı olan Kamilə bir qardaş
doğulmuşdu. Adını Həsən
qoydular. Onun gəlişi bütün
ölkənin ən qarışıq, acınacaqlı
dövrünə təsadüf etmişdi. 23 aylıq Azərbaycan Xalq Cümhuriyyəti
devrilmiş, yerində Sovet hakimiyyəti qurulurdu. O zamana
qədər çox gözəl, varlı həyat tərzi
keçirən ailə, bənzər ailələr kimi yeni
hakimiyyətin təzyiqlərinə məruz qalır,
var-dövlətləri əllərindən
alınırdı. Bakının mərkəzində, şəhərin
yuxarı məhləsi deyilən ərazisindəki evlərini
yeni hökümət əllərindən almış, əvəzində
Lermontov küçəsində ev
vermişdi. Onun da, özündən sonra
doğulan Adil adlı qardaşının da
uşaqlığı həmin evdə keçmişdi.
Əslən Bakıdan olan ailəsi
övladlarının təlim tərbiyəsinə, asudə
vaxtlarının səmərəli keçirilməsinə
böyük diqqət göstərərdi. Buna görə
də hər üç övladını idmanın müxtəlif
sahələrinə yönləndirmişdilər. O
dövrdə akrobatikayla məşğul olan Həsənin isə
düşüncələri, arzuları tamam fərqli idi. O, hələ
uşaqlığından bilirdi ədəbiyyatın, incəsənətin
arxasınca gedəcəyini.
O
zamanlarda Bakıya təzə-təzə gələn kinofilmlər
onun uşaq qəlbini ovsunlamış, marağını
çəkmişdi. Bu, nə idisə, başqa
bir aləm idi. Onun gördüyü, bildiyi, gündəlik
təmasda olduğu dünyadan tamamilə fərqli idi ağ ekranın arxasındakı dünya. Günlər, aylar bir-birini əvəzlədikcə
onun bu sirli-sehrli aləmə olan marağı durmadan artır,
özünə doğru çəkirdi. Artıq
qərarını da vermişdi, nə olursa olsun, o aləmə
daxil olacaq, onun bir parçasına çevriləcəkdi.
Deyəsən, tale də ondan yana idi...
1938-ci ildə orta məktəbi bitirdikdən sonra bu arzusunun
sorağıyla evindən çıxdı. O izlə uzağa, düz
Leninqrada (indiki Sankt-Peterburq) qədər getdi. Burada
Kino Mühəndisləri İnstitutuna daxil olsa da, 1939-cu ildə
Moskvadakı Ümumittifaq Kinematoqrafiya İnstitutunun
kinorejissorluq fakültəsində oxumağa başladı.
Doğuluşu necə tarixi bir dövrə təsadüf
etmişdisə, tələbəlik illəri də başqa
bir mühüm tarixi hadisəylə yadda qaldı. Müharibə
deyilən o qara yara sürünə-sürünə gəlib
buralara da çıxmış, yoluxucu azar kimi ölkələri,
millətləri ağuşuna ala-ala irəliləyirdi. Onun ölkəsi də Böyük Vətən
Müharibəsində çarpışırdı. Oxuduğu Moskva şəhəri təhlükə ilə
üz-üzə dayananda onların institutunu Alma-Ataya (indiki
Almatı) köçürdülər. Soyuq,
qarlı-boranlı qış günlərində, şəraitsiz
vaqonlara dolub uzaq məsafələrlə yol getmək,
mühitini dəyişmək, hələ üstəlik hər
dəfə müharibəyə açılan səhərlər
onun gənclik illərinin silinməz xatirəsinə
çevrildi. Leninqrad-Moskva təhsil yolu
Alma-Atada tamamlandı.
Bu qədər çətin keçən tələbəlik
illərindən sonra 1943-cü ildə Bakıya qayıdan Həsən
Seyidbəyli kino təhsili alsa da, əslində sənət aləminə
gəlişi ədəbiyyatla olmuşdu. Bədii
yaradıcılığa hələ tələbəlik illərində
yazdığı kiçik hekayələri, novellaları ilə
başlamışdı. 1944-cü ildən
müxtəlif qəzet və jurnallarda dərc edilir,
adını yazıçı kimi tanıtdırırdı.
Onun ədəbi yaradıcılığında “Kür sahillərində”
, “Telefonçu qız” povestləri, “Uzaq sahillərdə”
romanı (İ.Qasımovla birgə), “Cəbhədən cəbhəyə”,
“İllər keçir” (İ.Qasımovla birgə),
“Çiçək” romanları, “Dəniz cəsurları
sevir” (İ.Qasımovla birgə), “Sən nə
üçün yaşayırsan” (İ.Qasımovla birgə)
pyesləri mühüm yer tutur. Bədii
yaradıcılığa olan bu marağı ona iki sənəti
bir məxrəcdə birləşdirməyə imkan
yaratdı. Həm yazacaq, həm də çəkəcəkdi...
Bunun üçün də sonralar Moskvada
keçdiyi ikiillik ssenaristlər kursu köməyinə
çatdı.
Bu təhsili
müddətində dostlarının vasitəsilə tanış olduğu Süsən xanımla ailə
həyatı qurdu. Öncə dostluqdan
başlayıb, sonra sevgiyə çevrilən münasibət
1950-ci ildə toyla taclandı. Gənc rejissor Moskva ali ssenaristlər kursunu 1951-ci ildə bitirdi.
İş həyatında
qarşılaşdığı çətinliklərdən
fərqli olaraq, ailə həyatı olduqca uğurlu və
gözəl alınmışdı. Həyat yoldaşı
Süsən xanım Tibb İnstitutunu bitirmişdi. Elə o vaxtdan təqaüdə çıxanadək
də “Leçkomissiya”da (Mərkəzi Klinik Xəstəxanası)
işlədi. Bu izdivacdan onların Ziya
(1953), Məryəm (1955) və Mehdi (1961) adlı üç
övladları dünyaya gəldi. H.Seyidbəyli
sonralar övladlarını da kamera önünə
çıxartsa da onların heç biri bu sənətə
yiyələnmək fikrinə düşməyiblər.
Onun hər üç övladı “Bizim Cəbiş
müəllim” filmində kamera önünə keçdilər. Böyük
oğlu Ziya Namiq, digər övladları - Məryəm və
Mehdi də Cəbiş müəllimin uşaqları
rollarında oynadılar. Məryəm
bundan əvvəl “Telefonçu qız” filmində
Mehribanın uşaqlığını da
canlandırmışdı.
O, filmlərində
uşaqlarını çəksə də, onların nə
rejissor, nə də aktyor olmalarını istədi. Böyük oğlu Namiq rolunu uğurla oynasa da, bu sənəti
seçməyib. Məryəm əvvəlcə
aktrisa olmaq istəyib, ancaq sonralar onun da istəyi
ötüb-keçib. Ziya Seyidbəyli bunu gözlərinin
önündə atasının çəkdiyi əziyyətlərlə
izah edir: “Çünki görürdük bu necə çətin,
əsəbi sənətdir. Bir də biz
arzulasaydıq da, inanmıram, atam bu sənətin ardınca
getməyimizə icazə verəydi. Özü
çox əzab-əziyyət gördü”.
Qəhrəmanımızın soyadına və
yaşadığı dövrə nəzər salanda bir sual
maraqlı gəlirdi. Görəsən, Sovetin sərt
qanunlarının tüğyan etdiyi dövrlərdə bu
soyadına görə ona dəyib dolaşan olmayıbmı?
Axı, o dövr elə dövr idi ki, adında, soyadında “bəy”,
“xan”, “seyid” hissəciyi olan hər kəs xofla yaşayır, nə
vaxtsa onun da qapısının döyüləcəyini
gözləyirdilər. Olubmuş... Soyaddan da
göründüyü kimi, rejissor seyid nəslindən idi.
Ata-babaları kimi Allaha inanırdı.
Əlbəttə, tükü tükdən seçən,
insanların az qala nəfəsini də nəzarətdə
saxlayan Sovet hökuməti bu faktı görməzliyə vura
bilməzdi. Və bir gün o məşum
çağırış ona da göndərildi. Vəziyyət qəliz idi. Onun
soyadında həm “seyid” vardı, həm də “bəy”.
O vaxtlar isə bir insanı iddiham etmək üçün bu,
ələdüşməz fürsət idi. Mircəfər
Bağırov gənc rejissordan haralı olduğunu soruşanda
o, bakılı olduğunu deyir. Araşdırmalardan onun
doğru söylədiyi, onların axtardıqları adam olmadığı anlaşılır. Ailəsi, fəaliyyəti dərindən
araşdırıldıqdan sonra bir şey tapmayıb geri
göndərirlər. Sən demə,
axtardıqları rayonların birində yaşayan və haqqında
Mərkəzi Komitəyə məlumat daxil olan başqa Seyidbəylilər
imiş. Bizim qəhrəmanın onlarla bir
bağlılığı olmadığı aşkarlanandan
sonra bir də heç zaman onu bu məsələdə narahat
edən olmur.
Əvvəllər işləri yolunda getməsə də,
tədricən Həsən Seyidbəyli kino
yaradıcılığına başlayır. O, kinoya kiçik
oçerklər müəllifi kimi gəlmişdi. “Böyük yol”, “Bakıdan- Göygölədək”
film-oçerkləri milli kinematoqrafiya sənətinə
istedadlı bir gəncin qədəm basdığından xəbər
verirdi.
H.Seyidbəylinin ssenarisi əsasında çəkilən
ilk bədii-sənədli film “Doğma xalqıma” (1954)
filmidir. “Doğma xalqıma” ilk rəngli Azərbaycan bədii-sənədli
filmidir. Konsert janrında çəkilmiş
ekran əsərində dövrün böyük incəsənət
xadimləri yaradıcılıq hesabatı verir.
Onun
böyük kino ilə ilk təması Sovet İttifaqı Qəhrəmanı
Mehdi Hüseynzadədən bəhs edən, ssenarisini Xalq
yazıçısı İmran Qasımovla birgə
yazdıqları “Uzaq sahillərdə” (1958) filmi ilə baş
tutmuşdu.
Kinematoqrafiyada ən böyük işlərindən olan
“Nəsimi” (1973) filmini çəkmək isə böyük
bir imtahan idi.
Ziddiyyətli tarixi dövrün materiallarını ilk dəfə
bədii kinoya gətirmək doğrudan da, riskli bir iş idi,
ancaq H.Seyidbəyli bu riskə getdi. Filmin bədii
keyfiyyətləri yüksək idi və Nəsiminin
dövrü, onun həm şair, həm də yüksək
duyğulara malik insan kimi kinoportreti tamaşaçıları
valeh etmişdi.
Bir-birinin ardınca çəkdiyi kinolar
özünün orijinal mövzu və ideyası, konflikti, cəmiyyətin
bəzi problemlərini açıb göstərməsi istiqamətində
çox maraqlı və dəyərli idi. Onu bir rejissor
kimi fərqləndirən və bəlkə də çəkdiyi
ekran əsərlərinin uğurlu alınmasına səbəb
olan amil tələbkarlığı idi. O, birinci
növbədə məşq prosesində daha ciddi və tələbkar
idi. Çəkilişlərdən öncə
məşqlərdə aktyoru çox gərgin şəkildə
hazırlaşdırırdı ki, nəticədə aktyor
kamera önünə tamamilə hazır vəziyyətdə
çıxırdı.
Həmçinin,
o, çəkiliş zamanında aktyoru sıxmır, ona
özünü göstərmək, rolunu anladığı,
hiss etdiyi kimi oynamaq sərbəstliyi də verirdi. Xüsusən, təcrübəli, peşəkar
aktyorlara o azadlığı vermişdi, çünki əmin
idi ki, onlar nəyi necə eləmək lazım olduğunu
gözəl bilirlər. Çox zaman da bu
sərbəstlik rolun daha səmimi və təbii
alınmasına gətirib çıxarırdı.
Sovet dövrünün azad yaradıcılığa uzanan çirkli əlləri onun da xəyalındakı, qəlbindəki arzuları yerindəcə boğub məhv edirdi. O da rejimin məngənəsində sıxılırdı. Xüsusən, azadlığı, sərbəstliyi sevən rejissoru özündən çıxaran onun filmlərinə Moskvadan ikinci ortaq rejissorun təhkim edilməsi olurdu. O, iki filmini bu cür qoşa çəkməli oldu. Təzyiqlər onu daha da özünəqapalı insan eləmişdi. Sifarişlə bədii film qəbul etmir, çəkmirdi. Bir çox filmin ssenarisini özü yazır, bəzilərini isə öz bəyəndiyi ssenarilər əsasında çəkirdi.
Bütün təzyiqlərə, maneələrə, gərgin iş rejiminə baxmayaraq, H.Seyidbəyli Azərbaycan kinematoqrafiyasına bu gün də sevə-sevə baxdığımız, hər dəfə insanın daxili aləminə, cəmiyyətə, dünyaya aid nələrisə kəşf etdiyimiz bir-birindən maraqlı ekran əsərləri bəxş edib istər rejissor, istərsə də ssenarist kimi.
O, filmlərinin bir çoxunu öz əsəri əsasında ekranlaşdırdı. “Qızmar günəş altında”, “Uzaq sahillərdə” filmlərinin ssenari müəllifiydi. “Telefonçu qız”, “Kimi daha çox sevirik”, “Möcüzələr adası”, “Sən niyə susursan”, “O qızı tapın”, “Xoşbəxtlik qayğıları” filmlərinin ssenari müəllifi olmaqla bərabər, həm də rejissoruydu. “Bizim Cəbiş müəllim” və “Nəsimi” filmlərinə isə yalnız quruluşçu rejissor kimi imza atmışdı.
H.Seyidbəyli həm də gənclərə yardım edən, bir çox gəncin kino sənətinə gəlməyinə səbəb olan sənətkar idi. Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri olduğu dövrün qaydasına görə, o, həm də SSRİ Kinematoqrafçılar İttifaqının sədri hesab olunurdu. Bu vəzifəsi onun bu nəcib işləri görməyi üçün daha böyük səlahiyyət verirdi. Ancaq burada belə gərginlik, problemlər onun yaxasını buraxmırdı. Rejissor hər dəfə çəkilişlərdən yorğun və əsəbi qayıdır, uzun müddət özünə gələ bilmirdi.
Ömrünün son vaxtlarında H.Seyidbəyli ssenarisini özünün yazdığı “Xoşbəxtlik qayğıları” filmini çəkdi. Filmdə qəhrəmanlar köhnəliyin qalıqlarına qarşı çıxır, hər şeyi yenidən başlamaq istəyirlər. Bu mövzu rejissorun cəmiyyətə, dünyaya vermək istədiyi əsl mesajı idi.
1980-ci
ilin 25 iyunu da gərgin iş günlərindən biri idi. Bu dəfə
ürəyi dözmədi və o, elə həmin axşam
oğlu Ziyanın qollarında son nəfəsini verdi. Sən demə, həmin
günlərdə Həsən Seyidbəyli ikinci dəfə
Ali Sovetə deputat seçilibmiş. Onun
deputat biletini simvolik olaraq, vəfatından sonra ailəsinə
verdilər. O, əbədi həyat biletini isə
sağlığında ekranlara həkk elədiyi imzası ilə
qazanmışdı...
Şahanə
MÜŞFİQ
525-ci qəzet.-
2018.- 22 dekabr.- S.16.