Soyuğu unutduran klassika...   

 

 

Şəhərdən çox da uzaq olmayan, amma o illərdə nə üçünsə unudulmuş, ucqar bir dağ kəndinə oxşayan Bakı qəsəbəsində keçib uşaqlığım.

 

Yayda bir qram su yox, boruların boğazında qalır olan-qalanı da, kələyini kəsən istidə quyuların ümidinədi sərinlik. O da əgər suyu şirindirsə... Əslində, duzlu göl yaxında olduğu üçün 10-12 metrlik əl quyularından Şollar suyu ummuruq, həm də neyləməli, Allah bərəkət versin, həyət-bacanı yumağa, məişətdə istifadəyə yarayır ki! İçməyə də ki, nə gəlib su maşınlarına, açıq qapağından suyu daşdıra-daşdıra da olsa, gətirib çıxaracaq ünvana, çəni doldur, artıq qalanını da qab-qacağa, vedrələrə, bidonlara, nə bilim lap kiçik fincanlara yığ və xoşbəxt ol. BirKislovodska getmək imkanı olmasa da, Abşeron yaxındadı, bəd ayaqda ata-babanın taxta-tuxtadan düzəltdiyi bağa qaça bilərsən. Hələ dəniz, adama day nə lazımdı, ver özünü sahilə, göz işlədikcə masmavi su bolluğu, gün öləndən sonra da ilıq qumun üstündə uzan dincəl özünçün, qu tükündən yorğan-döşəyin belə verməyəcəyi rahatlıq içində.

Yay-yaz asandı ey, bəs qışda, qışda neyləyəsən?! Mavi yanacağa həsrət, yorğanlara sığınaraq keçirməlisən bir neçə ayı... Xəmir xörəklərindən tutmuş  mehriban söhbətlərə kimi hamısı necəsə isidir gün-güzəranını, amma yenə də! Hər evdə odun peçi, hər məhəllədə gördüyümüz qalaq-qalaq odunlarla yadımda qalıb uşaqlığın qışları. Əslində, dərinə gedəndə bu, təkcə Bakının kəndlərinin problemi deyildi. Müharibədən gözünü açmağa fürsət tapmayan ölkə özünə gələ bilmirdi hələ. İtkilərin soyuğu, qaçqın düşərgələrinin, sığınacaq vaqonlarının tir-tir əsdirən soyuğu, ölümlərin buz soyuğu, Şəhidlər xiyabanının iliyə işləyən bumbuz soyuğu. Bunları canlı da olmasa TV ekranlarında görürdük, uşaq ağlı hər şeyi anlamağa yetməsə də, hansısa fəhmlə başa düşürdük, anlayırdıq... Anlayırdıq ki, soyuqdu!!! Qəribədi indi Bakıda “ən soyuq qış”, “son on ilin ən soyuq günü”, “son iyirmi ilin ən aşağı temperaturukimi statistikalara rast gələndə inanmaq istəmirəm, daha doğrusu, bu “ən”ləri hiss edə, duya bilmirəm. O illərlə müqayisədə soyuq deyil axı... Bir də havanın temperaturunu bircə sinoptiklərin məlumatına əsasən qavramaq, anlamaq, duymaq yanlışdı. Hava həmin havadı, amma hər kəsin öztemperaturuvar... Bəzən buz fevral axşamı bahar kimi qalır yadında, hərdən də əksinə, isti bir yay gününü yada salıb üşüyürsən!

İtalyan bəstəkarı Cakomo Puççini şedevrinə qulaq asdıqca məhz o soyuq, amma yaddaşımda bahar kimi qalmış qış axşamlarından birini xatırlayıram. Atam da, mən də divana, kresloya, stula “yerləşmirik” sanki, televizorun önündə, yerdə oturmuşuq, mən balacayam, rahatlıq tapmıram, divara söykənmişəm və az qala ürəyimin necə vurduğunu da eşidirəm. Üç tenorun - Plasido Dominqo, Luçano Pavarotti, Xose Karrerasın konsertini verirlər Moskvanın birinci kanalı ilə... Uşağam və atamın gözlərinin dolmasını, hərdən də məmnun-məmnun qəhqəhə çəkməsini tam başa düşmürəm... Axı bircə sözünü belə anlamadığımız bu ifalarda ağlamalı və gülməli olan nədir?! Anlamıram! Amma bütün varlığımla diqqət kəsilmişəm, gözümü çəkmirəm ekrandan, içimdəki min sualdan birini belə dilimə gətirmirəm, atamın kefini pozmaqdan qorxuram... Bilmirəm, bəlkə əslində, ümumiyyətlə, heç nə anlamıram, sadəcə atamın xoşuna gəlmək istəyirəm, ona görə kəsdirmişəm böyrünü! Bu eyni kostyumlu, adlarını təkrar-təkrar eşitdiyim üçün əzbər bildiyim xarizmatik kişilər - Pavarotti, DominqoKorreras o qədər doğma gəlir, sanki azərbaycanlıdırlar və indi onlar da üşüyürlər bizim kimi, kefimizi açmağa çalışırlar. Atam tez-tezdivara söykənmə, soyuqdu” - deyirindi bu detal mənim yaddaşımda valideynlik duyğusunun ən kövrək nümunəsi kimi qalıb.

Alınmır, görünür, yerdə oturmaq təcrübəm yoxdur, ona görə bir azdan yoruluram, divara söykənirəm və o bumbuz soyuğu dişlərimin dibində hiss edirəm... O zaman məndən ötrü ağır, qəliz melodiyalardan sonra şən, şux musiqi başlanır, Cuzeppe Verdinin “Traviata”sından ən məşhur ariya... Tenorlar bir-biri ilə zarafatlaşaraq, gülüşərək oxuyurlar, hansısa məqamda səsin gücünə ehtiyac olanda gözə-göz edib birinin üstünə atırlar qəliz məqamı, o da öhdəsindən gələndə gülür, dostlarının çiyninə qoyur əlini və beləcə axıracan auditoriyanın qəhqəhələri müşayiət edir ifaçıları...Atam şərhlər verib vəziyyəti izah edir, mən də gülürəm, bəlkə ən qayğısız gülüşümlə qəhqəhə çəkirəm!

 

 

Və illər keçəndən sonra həmin konserti axtarıb tapıram... 1994-cü il imiş! Cəmisi on yaşım varmış. Atamdansən on yaşında uşağı klassika dinləməyə niyə məcbur edirdin ki?!” - soruşanda lap Çexovsayağı verir cavabımı - “Yox, mən məcbur etmirdim!”... Vəssalam, daha bir kəlmə izahat vermir!

Bugünlərdə Rusiyanın “Sankt-Peterburq Opera” Dövlət Musiqili KameraTeatrının konsertində uşaqlığın soyuğunu, həm o illərin ağrılarını bunların içərisində yaddaşımda dipdiri qalmış, işığıyla gözümü qamaşdıran xatirələrimi arıtladım bir az...

Hava doğrudan da soyuq idi Rus Dram Teatrına bir saat da qabaqdan gəlib qapıların açılmasını gözləyən tamaşaçılar təsirləndirdi məni! Axı, ciddi sənətin aktuallığını itirməsini bəyan edən bütün varlığı ilə internet baxış sayları müqayisələri ilə sübuta yetirməyə çalışan zəmanədə bu səhnədən təsirli ola bilər?! Üzeyir Hacıbəyli bu qədər dinlənir, amma onun adına layiq olmayanadaşıfilan  qədər, fərqlər fantastikdir, hətta elə fantastik ki, adam xəcalətindən yerə girir... Amma Üzeyir bəy özü zalın boşaldığını, kimlərinsəanlamayıb getdiyinigörəndəbizə qalanlar qalacaqdemişdisə, saylarla işimiz. Əsas odur ki, “Sankt-Peterburq Opera” TeatrınınDünya musiqisinin şedevrlərikonsertində iynə atsan, yerə düşməz bunlar təsadüfi adamlar deyil, klassik musiqini anlayan, duyan, nəfəs çəkmədən dinləyən tamaşaçılardı.

Konsertdən öncə əsasən yaşlı nəslin, özü qadınların üstünlük təşkil etdiyi auditoriyaya baxıb düşünürəm. Bunlar ən gözəl paltarlarını geyinib, yaşa dolmuş üz-gözlərinə makiyaj edib teatra bayram kimi gələn xanımlardı. Baxırsan, ürəyi açılır adamın. Amma onu da düşünürsən ki, məgər klassikanı anlamaq üçün mütləqmi yaşa dolmalıdı insan?! Məncə yox, axı insan dünyaya gələndə sənətlə tanışlığın özü belə klassika ilə başlanır. Laylaların, nağılların, nəğmələrin özü klassika, özü xalqın sınağından, cilasından çıxmış klassika deyilmi? Elə isə böyüdükcə  bayağılaşmanın, heç bir hiss ifadə etməyən, sadəcərakkıdı-çıkkıdıjanrında sənətə meyllənmənin səbəbi nədir?! Görünür, ailə! elə bu düşüncə ilə Rus Dram Teatrının yarıqaranlıq zalında musiqi nömrələri arasında uşaq səsi, uşaq gülüşü, yeniyetmə sözü eşidəndə sevinirəm... Axı insan hisslərini öyrədən ayrı bir elm yoxdursa, uşağa başqa necə tərbiyə vermək olar ki?!

Təəssüflər olsun ki, müasir insan, hər halda böyük əksəriyyət, ürəyinin yerini kardioloqa gedəndə yada salır, həyəcanı valerianka ilə sakitləşdirir, xoşbəxtliyi maddiyyata bağlayır... Amma klassik musiqi xoş bir ağrı, dəyişilməz həyəcan, “müftəxoşbəxtlik bəxş edir insana, sadəcə görünür,  bunu yaşamağı bacarmaq, daha doğrusu, uşaqlıqdan öyrənmək lazımdı...

Konsertin dirijoru Aleksandr Qolxman mətbuata müsahibəsində auditoriyanın da, Bakının da səviyyəsindən məmnunluğunu dilə gətirmişdi. Həqiqətən bir anlıq düşünəndə ki, zaldolusu adam eyni, həm də belə yüksək sənət nümunələrini dinləyib, oxşar hissləri keçirir, sevinirsən. Yevqeni Kravçenko, Sofya Nekrasova, Larisa Pominova, Vladislav Mazankin, Aleksey Paşiyev kimi artıq dünyada tanınan solistlər təkcə səslərinin gözəlliyi, ifaçılıq məharətləri ilə deyil, həm də enerjiləri, aktyorluq qabiliyyətləri ilə heyran qoyublar tamaşaçını... Proqrama təsadüfi daxil edilmiş bircə melodiya da yoxdur. Puççini, Verdi, Bize, Donisetti, Çaykovski kimi bəstəkarların elə adlarını eşitmək böyük zövqdən xəbər verir... Puççininin “Toska”sından, Verdinin “Traviata”sından, DonisettininSevgi şərbəti”ndən, Bizenin “Karmen”indən, ÇaykovskininSu pərisi”ndən ən təsirli parçalar bir-birini əvəz etdikcə sənətin, gerçək sənətin sərhədsizliyinə, dərinliyinə, insanı son hüceyrəsinə kimi ifadəsinə heyrət edirsən... Həm də ümumiyyətlə, “klassika” anlayışına münasibətini dəyişdirir bu əsərlər! Klassik musiqi ağırdan-ağır matəm melodiyası kimi qəbul olunur bəzən... Daha dəqiq desəm, bunu bixəbərlər belə yozurlar... Amma elə həmin axşamSankt Peterburq Opera”nın konsertində də, uzaqsoyuq uşaqlığı yada salanda da insanlıq  üçün zəngin xəzinə olan bu əsərlərin ən isti, xoş hisslər oyatdığını, daha doğrusu, bu duyğuları cilaladığını, dərinləşdirdiyini bir daha anladım! Sadəcə indiki zamanın adamı qorxur, qəliz hisslər yaşamaqdan da, dərin düşünməkdən də... Heyif!

P.S. Sevimli şairim Fikrət Qoca türk şairi Nazım Hikmətlə bağlı bir xatirəsini bölüşmüşdü. Daha doğrusu, tələbə vaxtı bir görüşdə Nazımın danışdığı maraqlı məqamı yada salmışdı. Nazım Hikmət operadan çıxandan sonra keçirdiyi hissləri belə ifadə edibmiş; adamların yerişi, harasa tələsməsi qəribə görünürdü mənə, sanki hamı atıla-atıla gedirdi... Nə qədər dəqiq deyirmiş şair... Rus Dram Teatrından çıxanda yadıma düşür Fikrət müəllimin danışdığı və düşünürəm bəlkə adamlar ciddi musiqiyə qulaq assalar, doğrudan da atıla-atıla gəzməz, dünyanın soyuğundan əndişələnməzlər, hə?!

 

 

PƏRVİN

 

 

525-ci qəzet.- 2018.- 22 dekabr.- S.15.