Tariximizə Həsən Həsənov
baxışı: fərqli və maraqlı
Həsən Həsənov - bu adı, yəqin ki, Azərbaycanda
siyasətlə, tarixlə maraqlanan hər kəs
tanıyır.
Onu bir çox şəkildə təqdim etmək
olar. Çünki uzunmüddətli fəaliyyət
yolunun Azərbaycan SSR Nazirlər Sovetinin sədri, Xarici
İşlər naziri, Fövqəladə və Səlahiyyətli
Səfir kimi önəmli dayanacaqları var. Amma ictimai xadim,
tarixçi alim kimi də Həsən Həsənov imzası
seçilir.
Dekabrın
19-da Bakı Kitab Mərkəzində “Tarixlə üz-üzə”
layihəsi çərçivəsində Həsən Həsənovla
görüş, eləcə də onun “Makedoniyalı İsgəndər
və Atropat” adlı kitabının təqdimatı
keçirildi. Təqdimat 19:00-da başlamalıydı. Maraqla gözlədiyim bu görüşə
qatılmaq üçün redaksiyada işlərimi bitirib
çıxdım. “Sahil” metrosunun lap
yaxınlığında yerləşən Bakı Kitab Mərkəzinin
qapısından girən kimi məni cəlbedici, ahəngdar
bir nitq qarşıladı: “Roma tarixçisi Ammian Marsellinin
yazdıqlarına görə, Assuriya İmperiyasının
dağılması nəticəsində həmin torpaqlarda
Atropatena adlı yeni dövlət yarandı. Bu
fakt 1600 ildir, elmi cameəyə məlumdur. Marsellinin əsərləri təxminən 150 ildir
ki, rus dilinə tərcümə olunub. Amma
bir nəfər də olsun, azərbaycanlı alim ona istinad etməyib,
araşdırmayıb. İqrar Əliyev
adlı alimimiz isə araşdırma mövzusu olan Atropatena
tarixində romalı tarixçidən 3 sitat gətirir. Daha dərinə gedilməyib. Ya
etibar edilməyib, ya da Azərbaycan tarixinin daha qədim
olmasının sübut edilməməsində maraqlı
qüvvələr olub”.
Hamıdan
arxada, bir az kənarda dayanıb dinləyirəm.
Oturmağa yer qalmayıb, ayaq üstə dinləyənlərin
sayı əyləşənlərdən daha çoxdur.
Zala göz gəzdirirəm.
Yazıçılar Birliyinin sədri, Xalq
yazıçısı Anar, Azərbaycanın
Macarıstandakı səfiri, ədəbiyyatşünas Vilayət
Quliyev, Bəstəkarlar İttifaqının sədri, Xalq
artisti Firəngiz Əlizadə, Heydər Əliyev Fondunun
icraçı direktoru Anar Ələkbərov, kinorejissor, Xalq
artisti Oqtay Mirqasımov, Bakı Dövlət Universiteti Tarix
fakültəsinin dekanı, dosent Azad Rzayev, fakültənin tələbələri,
media və ictimaiyyət nümayəndələri var.
Tarixçi alimin nitqinə, maraqlı mətləblərə
toxunduğu söhbətinə getdikcə daha çox aludə
olmağa başlayıram. Bir də baxıram ki,
gəlib hamıdan öndə dayanmışam. Həsən Həsənovsa davam edir. Alim
bildirir ki, Azərbaycan dövlətinin daha qədim
olmasıyla bağlı təkcə bir mənbəyə əsaslanmır:
“Karki de Bet Selox xronikaları”, eramızdan əvvəl VII əsrə
dair Suriya mənbəsində də bu barədə geniş məlumat
var. Yeri gəlmişkən, Karki Kərkükün qədim
adıdır. Mənbədə deyilir ki, Assuriya
İmperiyası dağılma ərəfəsində -
eramızdan əvvəl 612-ci ildə Maday çarı (titulu
Orbəydir) yeni dövlətin, Adorbayqanın əsasını
qoyur. Dövlət də elə onun
adıyla adlanmağa başlayır. Bu dövlət cəmi
27 il müstəqilliyini qoruyub saxlaya bilir. Midiya İmperiyası Adorbayqanın müstəqilliyinə
son qoyur. Daha sonra - eramızdan əvvəl
550-ci ildə Əhəmənilər İmperiyası
İkinci Kirin başçılığı altında Midiyanı
öz ərazilərinə qatır. Beləcə
Adorbayqan da bu dövlətin tərkibinə qatılır.
“Azərbaycan” sözünün kökü ilə
bağlı saysız-hesabsız araşdırmalar var. Qədim
dövrün araşdırmaçılarından elə bir
alimimiz yoxdur ki, bu barədə maraqlanmasın. Araşdıranların 99 faizi
də deyir ki, bu, fars sözüdür. Suriya mənbəsinə əsasən isə, bu
dövlət yarananda farsların izi-tozu da yox idi”.
Həsən Həsənovu dinlədikcə maraqlı bir
nüansı müşahidə etməmək
mümkünsüzdür. Alim sanki oxucularla
görüşdə yox, mühazirə
auditoriyasındadır. Onu dinləyənlərin
hər birinin danışdığı mövzunu əxz etməsi,
dərindən mənimsəməsi, dinləyiciyə
qaranlıq məqamlar qalmaması üçün əlindən
gələni edir. Əsl pedaqoq kimi,
faktları, önəmli məqamları xüsusi intonasiya,
vurğu ilə deyir, təkrar-təkrar əsas məqamlara
qayıdır, suallar verir, cümlələri
yarımçıq saxlayıb onları dinləyicilərin
bitirməsinə şərait yaradır.
Tarixçi
alimin sözlərinə görə, Roma, Suriya mənbələrində
göstərilən Atropatena və Adorbayqan eyni dövlətdir:
“Alman tədqiqatçısı Nagel Volframın 1982-ci ildə
Berlində çap etdirdiyi kitabında maraqlı bir xəritə
verilib. Xəritəyə əsasən, Midiya və
Persiyanın qonşuluğunda Atarpatena adlı dövlət
var. Nagelin yazdıqları da əvvəl
danışdığım iki mənbədə göstərilən
faktlarla eynilik təşkil edir”.
Həsən Həsənov bildirir ki, bu mənbələrdə
göstərilən faktlar Azərbaycan elmində yenidir. İndiyə qədər bu
faktlardan istifadə olunmayıb: “Dünyaca məşhur
dörd alim bu Atropatenanın eramızdan əvvəl yeddinci əsrdə
mövcudluğunu təsdiqləyir. Düzdür,
əslində alimlərin sayı kifayət qədər
çoxdur. Amma ən məşhurları
alman alimləri Şpigel, Nagel, çex alimi Praşek,
fransız alimi Kovanyakdır. Onların
yazdıqlarına görə, Atropatena dövləti əslində
Makedoniyalı İsgəndərə qədər mövcud
olub”.
Həsən
Həsənov Azərbaycan tarix elmində bu mövzuda
yazılanların əslində yanlış olduğunu deyir:
“Tarix kitablarımızda Atropatenanın İsgəndərin
ölümündən sonra yaradıldığı
yazılır. Mən isə bu kitabda faktlarla
sübut edirəm ki, nəinki İsgəndərdən sonra
yaranmayıb, hətta ondan iki yüz əvvəl mövcud
olub. Sadəcə olaraq İsgəndərin
ölümündən sonra müstəqilliyini yenidən bərpa
etdi.
Qədim Roma tarixçisi Kurti Rufun yazdığına
görə, İsgəndər Qavqamel döyüşündə
Daranı məğlub etdikdən sonra Babil şəhərinə
yola düşür. Orada qısa müddət qaldıqdan sonra
isə Satrapena vilayətinə gəlir. Qədim
yunanlar onlara məlum olmayan sözlərin əvvəlinə
“s” hərfi artırırdılar. Deməli,
Satrapena əslində Atrapenadır. Tarixçi
yazır ki, İsgəndər Satrapenaya gələnə qədər
yunanlar bayrağın nə olduğunu bilmirdilər. Qoşunu toplamaq üçün fitdən istifadə
edirdilər. Yerli əhalidən öyrənəndən
sonra artıq bunu bayraq vasitəsilə etməyə
başladılar. Ümumiyyətlə, Roma
tarixçiləri iddia edirlər ki, ilk bayraq türk
xalqlarında olub. Buradan aydın olur ki,
Satrapenada yaşayanlar türkəsilli xalq olub”.
Görkəmli alim “Azərbaycan” sözünün
etimologiyasına da aydınlıq gətirib. Onun sözlərinə
görə, bir çoxları hesab edirlər ki, bu söz fars mənşəlidir, “od”, “alov” mənalarını
verir: “Əslində bu fərziyyələr kökündən
yanlışdır. Çünki “Azərbaycan”
sözünün 40-a yaxın forması var. Onları diqqətlə
araşdırmışam. Hamısı da
farsların hegemonluğundan əvvəl yaranıb. Bayaq da dedik ki, Atropatena dövləti çar
Madayın adıyla adlandırılıb. Amma bu
formaların heç biri onun adına
uyğun gəlmir. Araşdırmalardan sonra məlum
olur ki, dövlət çarın adıyla yox, onun valilik
rütbəsiylə adlandırılıb. Madayın valilik rütbəsi də arbay, orbay, orbat,
yaxud urbat olub. Türk xalqlarında saitlər müxtəlif
cür səsləndiyindən bu formalar fərqli ola bilər, amma mahiyyətcə eynidir.
Yaxşı, bəs “Arbat” və “Atropatena” sözləri necə
eyni ola bilər? “Atropatena”
sözü “Atarpatena” sözü ilə eynilik təşkil
edir. Sadəcə linqivistik terminlə izah
etməli olsaq, metateza, yəni səsdəyişmə, ya da hərfdəyişmə
baş verib. “R” ilə “a” yerini dəyişib.
“Atropatena” variantını yunanlar işlədirlər.
I əsr Roma xəritəsində isə dövlətimizin
adı “Atrapatena” kimi göstərilir. “R” ilə “a”nın yeri dəyişəndə olur
“At-arbat-ena”. Əslində bu söz üç
sözdən yaranıb. Maday çarı
orbay/orbat/arbat olub. Necə ki, Mustafa Kamal
Paşaya Atatürk deyilir, eləcə də çar çox
sevildiyindən dolayı hörmət əlaməti olaraq el
arasında Ata Arpat kimi adlandırılıb. İki “a” hərfi yanaşı olduğundan biri zamanla
ixtisar olunub, “Atarpat” formasına düşüb. Həmin
sözə yunanların toponim ifadə edən hissəcikləri
“ena”nı artıranda isə “Atarpatena” əmələ
gəlir. Dediyim odur ki, “Azərbaycan” sözünün
etimologiyasını fars lüğətlərində,
“Avesta”da və digər mənbələrdə axtarmaq
yanlışdır. Qədim mənbələr
konkret göstərir ki, sözün kökü əsl
türk sözlərinə söykənir”.
H.Həsənov bu sözün toponim adlarında qorunub qorunmamasına da aydınlıq gətirib: “Arbat” sözü hazırkı qırğız dilində “ulu babalar” deməkdir. Krım xanlığında vali rütbəsidir. “Orbay” müasir Türkiyədə soyadıdır. “Arbat” türkəsilli tuvalılarda, “Urbat” monqol əsilli xalqlarda şəxs adıdır. Azərbaycana gəldikdə isə İrəvan Xanlığında “Arbat” adlı yaşayış məntəqəsi olub. Eyni adlı kəndin xarabalığı Cavad qəzasında olub. Abşerondakı Pirəkəşkül kəndinin qədim adı Arbatdır. Avropa xəritələrində Pirəkəşkülün adı “Arbat” kimi göstərilir. Yaxşı, bəs, axı, bizim dövlətin adı “Adarbadan”dır. Səlyanda “Arbatan” adlı kənd, Naxçıvanda qəsəbə vardı. “Arbatan” sözünün əvvəlinə “ata” sözünü əlavə etsək, “Atarbatan” alınır. “Orbay/ərbat” sözünün etimologiyasına nəzər salsaq, “Or” qədim türk dilində “ur” kimi işlənir. “Vur” sözünə adekvatdır. Rusların “ura” sözü də türkəsillidir. “Vurmaq” mənasında işlənir. “Ər”, “bay” sözlərini izaha ehtiyac yoxdur. “Bat” sözü də “batur” sözünün qədim versiyasıdır. “Qəhrəman”, “igid”, mənasını verir”.
Alim Atropatenanın yenidən dövlət kimi müstəqillik qazanmasına belə aydınlıq gətirdi: “İsgəndər eramızdan əvvəl 323-cü ildə vəfat etdi. Onun yerinə Perdikka gəldi. Perdikka bizim Arbatın kürəkəni idi. Sual oluna bilər ki, Atropatenanın o boyda imperiyanın tərkibindən ayrılıb müstəqil olmasına niyə icazə verdilər? Bu sualın cavabı əslində çox sadədir. İsgəndərin sağlığında Atropatın düşmənləri çox idi. Çalışırdılar ki, onu imperatorun gözündən salsınlar. Sərkərdəsə daha uzaqgörən davranıb satraplığın ərazisindəki bütün üsyanları təkbaşına, Makedoniya qoşununun köməyi olmadan yatırır. Beləcə, İsgəndərin etibarını qazanır. Satraplıq ərazisində Makedoniya qoşunu saxlanılmır. İsgəndər öləndəsə Atropatena ərazisində bircə nəfər də olsun, Makedoniya əsgəri yox idi. İmperiyanın başı taxt çəkişmələrinə qarışdığından Atropat çəkinmədən satraplığı müstəqil elan edir”.
İştirakçıların
böyük marağına səbəb olan
görüşün sonunda Həsən Həsənov bır
sıra sualları da cavablandırdı. Sonda oxucular
üçün kitab imzalayan Həsən Həsənov ən
yaxşı sualların müəlliflərinə öz
kitablarını hədiyyə etdi. Hədiyyə
kitabların biri də mənim payıma düşdü. Və
kitabxanamda ən dəyərli kitablar arasında yerini aldı.
Cavid
QƏDİR
525-ci qəzet.-
2018.- 22 dekabr.- S.14.