“Millətçilikdən çox-çox
uzaq olsam da, mədəniyyət məsələsində millətçiyəm”
Müsahibəyə
ötən həftə qaldığımız yerdən davam
edək.
Həmsöhbətimiz,
bilirsiniz, Zülfü Livanelidir - musiqiçi, ssenarist, rejissor,
siyasətçi və yazıçı - hamısı birində
böyük bir insan...
...Söhbət
öz axarı ilə gedir. Birdən, “Gəl gör sənə
nə göstərəcəm” - deyir. Ayağa
qalxıb ardınca gedirəm. Böyük
bir futlyarı götürüb açır. Və içərisindən yaraşıqlı,
gözəl bir tar çıxarır. “Bu
tarı mənə Azərbaycandan göndəriblər”.
- deyir, - “Çox dəyərli və qiymətlidir.
Bunu mənə hədiyyə etməklə azərbaycanlılar
öz köklərinə nə qədər bağlı
olduqlarını göstərdilər. Azərbaycan
müharibə şəraitində olsa da, özünə,
keçmişinə bu qədər sahib çıxa bilir.
Xocalıda insanlara yaşadılan vəhşəti
bilirik. Ermənilərin oradakı
günahsız insanların başına gətirdikləri
müsibətlər çox ağırdır, acı hadisələrdir.
Tarix boyu çətin ki, unudula!”
Siyasətdən danışmaq fikrimiz yox idi - nə onun,
nə də mənim. Amma Xocalısız olmazdı...
İkimiz də ədəbiyyatdan danışmaq istəyirdik. Elə belə
də oldu. Söhbət əsnasında məndən
Telman İsmayılovu soruşdu. Dedi ki, onunla “Mardan
Palace”da, bir ziyafətdə tanış
olublar. Bir az xatirələrindən
danışdı, onu da əlavə etdi ki, Telman
İsmayılov maraqlı, eyni zamanda, qəribə insan idi. Söhbət əsnasında o da məlum oldu ki,
Livanelinin “Konstantiniyyə oteli”i Telman İsmayılovdan bəhs
edir. Dərhal obrazları
gözümün önünə gətirdim. Gülmək məni tutdu. Niyəsini
deməyəcəm. Bu, Livaneli ilə aramızda qalacaq...
“SEVGİ
KƏLMƏSİNİ SON VAXTLAR DƏYƏRDƏN ÇOX
SALDILAR”
-
Romanlarınızda sevgiyə fərqli pəncərədən
baxış var. Oxuduqca adama elə gəlir ki, zərər
görməsin deyə hər kəlmənin üzərində
əsə-əsə işləmisiniz.
-
Mübaliğəni sevmirəm. İnsanların
üstünə gedib onları təhrik etmirəm. Əski dildə, bizim Osmanlı ədəbiyyatında
buna “sehli mümteni” (ədəbiyyatda sadə görünən,
fəqət bənzəri asanlıqla yazılmayan beyitlərə
belə deyirlər) deyilirdi. Yəni bu, bir
üslubdur. Bilirsən, amma bildiyinin
yalnız bir qismini oxucuya verirsən,
üstüörtülü çatdırırsan. Oxucuya imkan yaradırsan ki, fantaziyasını işə
salıb qalanını öz beynində tamamlasın. Ümumiyyətlə, “eşq” kəlməsini
çox işlətməməyə
çalışıram. Çünki son
zamanlar bu söz dəyərini çox itirib. Yəqin qəzetlərdən, televiziyalardan bizdə
necə eybəcər hadisələr baş verməsindən
xəbərin var. Əslində, Anadoluda “eşq” sözü
yoxdur, “sevda” deyirlər. “Eşq” ərəbcə
“sarmaşığın bir yerə sarılması” deməkdir.
Bilirdin?
- Hə, ərəb
dilindən tərcümədə “eşq” sözü
“şiddətli, ifrat sevgi” mənası verir. “Sarmaşıq”
mənası verən “aşeqa” sözünün bu kökdən
olduğunu bilirəm. İzahı isə belədir:
Sarmaşıq ağaca dolanıb gövdəsinə, köklərinə
sarılır və onu məhv etməyincə əl çəkmir.
Eşq də belədir.
- Elədir.
Amma sevda çox ağırdır. Xüsusilə də “qara sevda”. Sizdə
“qara sevda” var?
- Hə,
var!
- Hə,
bax, ən dərin və faciəvi eşq budur.
- Sonu
torpağa bağlanır.
- Eynən.
Leyla ilə Məcnun, Əsli ilə Kərəm, Zöhrə ilə
Tahir kimi yandırıb-yaxan eşq!.. Azərbaycanda
hansı sözdən daha çox istifadə edirsiniz?
- “Sevgi”,
“eşq”, “məhəbbət”...
- Sevgi
ümumidir. Uşaqla, əziz bildiyin insanlarla
bağlı da istifadə olunur bu sözdən. Bizim XVII əsrdə yaşamış böyük
şairimiz var - Qaracaoğlan adında. Deyir ki:
Sevda sevda
derler behey yarenler,
Görmeyene bir acaip hal olur.
Yəni sevdanın dadını bilməyənlər
çoxdur, amma bilmədən buna yaxalananlar bir başqa
cür olurlar.
- Niyə
israrla eşqi məhv etməyə çalışırlar,
adamlar bu duyğu ilə qarşılaşanda xoflanırlar?
- Bu
gün eşqin aşınması gedir. Kapitalizm
hər şeyi surətlə ələ alır. Duyğuları məhsula çevirir və tükəndirir,
insani hissləri öldürür. Gənclərə
fikir verirəm, nə sevgi var, nə də sirr. Bizim Neşat Ertaş adlı böyük
musiqiçimiz var idi, dünyasını dəyişib. Dostum idi. O, bir türküsündə deyir ki,
“sevda sırnan olur”. Yəni insanlar arasında
sirr lazımdır, onları bir-birinə bağlayan hekayə
olmalıdır. İndi hər şey o qədər
ortadadır ki, hər kəs bir-biri ilə hər an, gecə-gündüz
bərabərdir. Bütün tabular aradan
qalxıb, qadağalar itib. Ona görə də
keçmişdəki dərin eşqlər artıq
yaşanmır. Sevdiyinin uğrunda həyatını
fəda etmək, onun xəyalını qurmaq, yuxularında
görmək daha yoxdur. Heç buna
fürsət də qalmır (gülür).
- Yəni
deyirsiniz ki, duyğular da “fastfood”a çevrildi? Telefonla,
mesajla istehlak edilir?
- “Fastfood” kimi bir şeydir. Bəzən telefona da
gərək qalmır. Yanyana olarkən də
sonlana bilir. Bir də adına eşq
deyirlər. Amma deyil.
-
Türkiyənin ən çətin dönəmlərində
yaşadınız, ağır günlərdən
keçdiniz. Heç nə sizi dayandıra bilmədi:
yazdınız, çəkdiniz, bəstələdiniz…
-
Türkiyə belədir. Qarışıq məmləkətdir.
Dostum, İsmet İnönünün damadı Metin Toker deyirdi
ki: “Burda türklər yaşar, onlar da böylə yaşar”. Bizim hər dönəmimiz problemlidir. Osmanlı tarixinə fikir verin, o zamandan belədir.
Biz elə bir torpaqdayıq ki, bütün mədəniyyətlərin
gəlib keçdiyi, çeynədiyi yerlərdir, Monqol
işğalları, Xaç yürüşləri -
bütün dünyada nə varsa, buralardan gəlib keçib
və buraları talan ediblər, öldürüblər,
asıb-kəsiblər… Səlcuqların
vaxtında da, Osmanlı dönəmində də belə
qarışıqlıq olub. Təsəvvür elə,
körpüdür: körpünün üstündə mədəniyyət
qura bilməzsən, ev tikmək
mümkün deyil, ağac əkmək olmaz. Sadəcə,
körpüdən keçib gedə bilərsən. Bura da elədir, gəliş-gediş yeri. Buna görə, bu qarmaqarışıqlıq bizdən
əskik olmur və bundan sonra da davam edəcək. Bunun acısını isə ən çox ölkəsini,
vətənini sevən, onun üçün qayğılanan,
həqiqətləri dilə gətirən insanlar çəkirlər.
Niyə edirik bunu? Çünki
istəyirik ki, ölkəmizin insanları daha xoş günlər
görsünlər, özlərini rahat hiss etsinlər,
demokratik cəmiyyətdə yaşasınlar, Atatürkün
yolunda olsunlar. Və bunları istədiyimiz zamanlar həmişə
sıxıntılar yaşamışıq...
“BÖYÜK
TOLSTOYUN TÜRK DİLİNİ MƏNİMSƏMƏKDƏ
ÇƏTİNLİK ÇƏKDİYİNƏ
GÖRƏ BİRİNCİ KURSU BİTİRƏ
BİLMƏDİYİNİ EŞİDƏNDƏ ÇOX
GÜLDÜM”
- Fyodor
Dostoyevski, Lev Tolstoy, Nikolay Qoqol... Adlarını
böyük sevgi və ehtirasla çəkirsiniz. Rusiya ədəbiyyatı deyəsən, sizi çox
həyəcanlandırır?
- Rusiya,
ümumiyyətlə, həyəcanlar ölkəsidir
(gülür). Rusiya mənim üçün ədəbiyyatın
beşiyidir. Orada olanda bunu daha da dərindən hiss etdim.
Moskvadan sonra Kazana getdik. Şəhərdən
çox təsirləndim. Olduqca maraqlı
yerdir. Kazan Universitetinin tələbələri
ilə görüşdük. Orada
olduğumuz müddətdə xeyli reportajlar, çəkilişlər,
müsahibələr oldu. Tolstoy da bu
universitetdə oxuyub. Onun dərs keçdiyi auditoruyada
oldum, oturduğu stulda oturdum, dedim, bəlkə
mənə də nəsə keçər (gülür). Universitetdə Tolstoyun qiymət cədvəlini
saxlamışdılar. Tərcüməçim
Polinadan orada nə yazıldığını soruşdum.
Dedi ki, şərq dilləri fakültəsində oxuyan Tolstoy
türk dilini mənimsəyə bilmədiyinə görə
birinci kursu bitirə bilmir və növbəti il
fakültəsini dəyişməyə məcbur olur. Təsəvvür edirsiniz, böyük Lev Tolstoy
türk dilini mənimsəməkdə çətinlik çəkib.
Bunu eşidəndə çox güldüm.
Yeri gəlmişkən, Lenin də orada oxuyub,
heykəli də var idi. Onu da deyim ki, Kazanda
Universitetində türkologiya çox yüksək səviyyədə
tədris olunur.
Sonra Sankt-Peterburqa getdik. Orada mənə
görüşlərin, ziyarətlərin, gediləcək
yerlərin proqramını verdilər. Götürdüm,
amma diqqətlə baxmadım. Axşam
oteldə ötəri göz gəzdirirdim, birdən
gözüm təqdimata qatılacağım “Book White” kitab
evinin yerləşdiyi Nevski küçəsinə
sataşdı. Gözüm heyrətdən genişləndi,
öz-özümə “Nevskimi?”,
Dostoyevskinin, Qoqolun danışdığı küçəmi?
Bu məni çox həyəcanlandırdı.
Biz rus ədəbiyyatı ilə
böyümüşük, bu ədəbiyyatın bizə
böyük təsiri olub. Təsəvvür
elə, Dostoyevskinin, Qoqolun təsvir etdiyi o yerlər gözlərin
önündədir. Bax onda
öz-özünə düşünürsən ki, hə,
bura ədəbiyyatdır.
Elə həmin səfər vaxtı üzləşdiyim
maraqlı bir hadisəni danışım sizə. Yerli
radioların birinə qonaq getmişdim. Peterburqun
mərkəzində yerləşən həmin radio qədim
tikilidə fəaliyyət göstərir. Dörd
tərəfi qapalı, amma ortası açıq bir məkan
idi, orada müsahibə verəcəkdim. Yağışlı
gün idi. Yanımdakılara dedim ki, bura mənə
“Cinayət və cəza”nı çox
xatırladır. Elə bil indicə Raskolnikov
hardansa çıxacaq. Gördüm, ətrafdakılar
təəccüblə üzümə baxırlar. Dedilər ki, Raskolnikov qarını qarşıda
yerləşən evdə öldürüb. Bax, necə hiss eləmişdim. Halbuki
Dostoyevski əsərdə bu yeri təsvir etmir, əsasən
insanlardan danışır. Evlərin
divarı sarı, nəmli idi. Görünür,
bu atmosfer məndə elə duyğular oyatdı ki, bunları
hiss eləyə bildim.
“HƏYATIN
İÇİNDƏ ÖLÜM DƏ VAR, ONU
GÖRMƏZDƏN GƏLMƏK OLMAZ”
-
Romanlarınızda adətən qəhrəmanlardan birini
mütləq öldürürsünüz. Əsərdə
insan öldürmək necə hissdir?
- “Hüzursuzluq”da Nərgizin özünü qayanın
üstündən atıb öldürməyinə çox
üzülmüşdüm. Amma bəzən buna məcbur
oluram. Həyatın içində
ölüm də var, onu görməzdən gəlmək
olmaz.
-
Öldürməyə qıymadıqlarınız olub
heç?
- “Mutluluq” romanımın qəhrəmanı Məryəm
qıya bilmədiklərimdəndir. Kitab “Allah
qadınları niyə sevmir” cümləsi ilə
başlayır, Məryəmin azadlığa qovuşub dəniz
kənarında “Artıq Allah da məni sevir” cümləsi ilə
bitir. Onda da oxucular gileyləndilər.
“Kitabın davamını yazın, o
insanların axırı nə oldu” deyə çox
soruşdular. Romanı qəti, birmənalı
sonluqla bitirməyi sevmirəm.
- Mənə
elə gəlir ki, Zülfü Livaneli ilə
görüşüb, Yaşar Kamaldan danışmamaq olmaz. Yəqin
o qədər xatirələriniz var ki... Amma
fikirləşdim ki, bunu növbəti
görüşümüzdə ayrıca danışarıq.
- Mütləq
danışarıq. Doğrudur, Yaşar Kamal ilə
bağlı xatirələrim çoxdur. Düzdür,
aramızda yaş, nəsil fərqi vardı. Amma bu, bizim dostluğumuza mane olmurdu. Demək olar, hər gün
görüşürdük. Görüşmədiyimiz
günlərdə isə mütləq zəngləşdirdik.
Düz 44 il iki yaxın dost kimi
yaşadıq. Bu, az müddət deyil.
“QADINLAR
DƏRİNDİR, SONU GÖRÜNMƏYƏN BİR
YARADILIŞDIR, LABİRİNTDİR”
- “O gözəl insanlar o gözəl atlara minib,
çıxıb getdilər”. Yaşar Kamalın dillər
əzbəri olan bu misraları adamı incidir. Doğrudanmı, o gözəl insanlardan bir daha
olmayacaq?
- Mütləq
olacaq. Mən dünyanın ancaq pis insanlardan
ibarət olduğuna inanmıram. “Serenad”da
bir yer var, nənəsi Mayaya deyir ki, qızım,
dünyanın pislərlə dolu olduğunu
düşünüb küsmə, hər kəsin
yaxşı olduğunu da düşünmə ki, xəyal
qırıqlığı yaşamayasan. İnsanlara
qarşı özünü qoru. Yəni,
pislər qədər yaxşılar da var.
- Maya
demişkən, oteldən çıxıb bura gələnə
qədər elə hey onun “bu yağış içimi
isladır” cümləsini düşündüm. Belə qənaətə
gəlmək olarmı ki, kişi
üçün yağış təbiət hadisəsi,
qadın üçün isə qucaqlamaq, darıxmaq, isinməkdir?
-
Duyğu çox vacibdir. Qadınlar qat-qat olur.
Hər qatın altından bir an əvvəlkinə
bənzəməyən tam başqa qadın qarşına
çıxır, fərqli ruh halına bürünür. Qadınlar dərindir, sonu görünməyən
bir yaradılışdır, labirintdir. Kişilər isə
yalın qatlı, səthi olurlar, gözlə görünənlərlə
daha çox maraqlanırlar - pul qazanmaq, idmanla məşğul
olmaq, oyun oynamaq və s. İstisnalar əlbəttə ki, var.
Amma ümumilikdə götürsək, həqiqət belədir.
Modern dünyada hər adam başqasını
düşünməyə, münasibətlərdə həssas
davranmağa vaxt ayırmır. İnsanlar daima hərəkətdədir,
çox kobud və sərt həyat yaşayırlar. Çexov bunu “Qağayı” pyesində “həyat
çox qəddardır” deyə ifadə etmişdi. Hələ Çexova o vaxt belə
görünüb, görün indi vəziyyət nə yerdədir?
Bu qəddarlıqdır qadınları incidən.
Qadınlar diqqət, qayğı gözləyirlər, dillə
demək istəmirlər, hiss etdirmək istəyirlər. Bir qadın “Yağış içimi isladır”
deyirsə, əslində, gəl məni qucaqla, isit deyir, sənə
ehtiyacı olduğunu bildirir. Kişi də
buna, “Yağış? Eybi yox, bir azdan kəsər”
deyib cavab verir. Bu zaman qadının qəlbi
qırılır. Bütün
böyük romanların ilham mənbəyi həmişə
qadınlar olub. Ən maraqlı kitablarda həmişə
qadınlardan bəhs edilib. Elə o
kitabları oxuyanlar da qadınlardır. Mənim
oxucularımın səksən faizini qadınlar təşkil
edir. Ümumən götürsək,
düşünürəm ki, bugünkü dünyada
qadın həssaslığı lazımi qədər
qarşılıq ala bilmir. Daha
böyük ölkələrə getsək, görərik ki,
orada vəziyyət daha kritikdir. Məsələn, Nyu-Yorkda
iş çoxdan cığırından
çıxmış vəziyyətdədir. Buna görə
də heç kim xoşbəxt ola bilmir.
- Deyəsən,
bir az ümidsizsiniz...
-
Dünyanın bütün sirri, sehri aradan qalxıb. İnsan isə mifsiz yaşaya bilməyən
varlıqdır, beynində mütləq bir əsatir yaratmaq məcburiyyətindədir,
fərqi yoxdur, istər yunan mifologiyası olsun, istərsə
də dini kitablar. Yəni insanlar dayanmadan
özünə nağıl danışır və buna
inanaraq yaşayır. Həmin
nağılların içərisində bir sehir var. Hələ
o vaxt mən uşaq idim, filmlər mənə fərqli təsir
bağışlayırdı. Gedib izləyirdim,
özümü başqa dünyadan mesaj almış kimi hiss
edirdim. Sonra filmlərin aktyorları həyatın
içinə qarışdılar. Rejissor
işi, işıq, geniş plan, rakurs
yanlışlığı deyib tənqid edilə-edilə bu
işin də sehri qalmadı. Film kimi ədəbiyyatın
da sehri qalmayıb. Elə münasibətlərdə
də vəziyyət eynidir. Hər şey
o qədər açıq yaşanır ki, üzr istəyirəm,
amma bunu deyəcəm, həyat pornoqrafiyaya dönüb.
“BÖYÜK RUS ƏDƏBİYYATINDAN SONRA AXI, BU
POSTMODERNİZM NƏDİR?”
- O
gün tədbirdə belə bir fikir işlətdiniz: “Çətin
kitab yoxdur, özünü oxuda bilməyən
yazıçı var”.
-
Doğrudur. Bu gün postmodern ədəbiyyat
modeli var və təəssüf ki, illərdir, dəbdən
düşmür. Bu haqda Rusiyada
danışdım. Böyük rus ədəbiyyatından
sonra axı, bu postmodernizm nədir? Həyat hekayəsi
olmayan, insanların qəlbinə toxunmayan bir sürü
söz yığını... Bunlar nəyə
yarayır ki? Kapitalizm hər şeyi
satdığı kimi kitabı da bu yollarla satır. Haruki Murakaminin kitabını aldım, düz 850 səhifə
yazıb. Yaxşı, bu 850 səhifə nə
üçün yazılıb, Allah eşqinə? Bu qədər təkrarçılıq,
aşağı-yuxarı gedib-gəlmək nəyə
lazımdır? Bu dünyada vaxtımız
azdır və həm keçmişdə, həm də
günümüzdə yazılan çox gözəl kitablar
var. Bax o kitabları oxuyaq. Görürsən,
“Mən bu kitabı niyə anlaya bilmirəm, görəsən,
çox dərindir, dərk etmirəm?” deyirlər. Belə deyil. Yazıçı
özünü oxuda bilmir, vəssalam. Yaxşı
ədəbiyyat həm də ən böyük bestsellerdir.
- Kimləri
oxusunlar?
-
Türkiyədəki oxucular bizim yerli ədəbiyyatı
oxumalıdırlar. Türkiyə Azərbaycandan
fərqlidir. Bura Avropanın təsirinə
daha çox məruz qalmış məmləkətdir. Volterə, Bernard Şouya, Marsel Prusta səhifə-səhifə
yazılar həsr edirlər. Bu torpaqların Yaşar
Kamalı, Orhan Kamalı, Nazim Hikməti var. Hansını
deyim, kürd ədəbiyyatı, “Min bir gecə” nağılları,
şərq ədəbiyyatı var. Bunların heç birini
oxumurlar, gedib Kafka haqqında qalaq-qalaq yazılar yazırlar. Onsuz da onların bu yazılara ehtiyacı yoxdur,
avropalılar özləri bunu ən yaxşı formada edirlər.
Sən bir az özünə dön. Əlbəttə, mən də Qərb, Latın
Amerikası ədəbiyyatının, dünya ədəbiyyatı
klassiklərinin oxunmasının tərəfdarıyam. Onlardan böyük yazıçılar
çıxıb. Məsələn, Markes
mənim ən sevdiyim yazıçıdır. Qərb, Latın Amerikası ədəbiyyatı,
Uliyam Folkner mütləq oxunmalıdır. Amma öz dilində oxumamaq, öz ədəbiyyatını
oxumamaq qəbahətdir. Bu sarıdan
Türkiyədən çox narahatam. Gənc
nəsil tamamilə Qərbə yönlənib. Amma deyək ki, İran ədəbiyyatından
heç kimin xəbəri yoxdur. Mənim
bütün kitablarım İranda çıxır, amma
onların burada kitabı çap edilmir. Əvvəllər
Sadiq Hidayətin, Səməd Behrənginin kitabları
çıxırdı. İndi modern İran ədəbiyyatında
kim nə yazır, bilinmir. Halbuki dilimizə
keçən sözlərin çoxu elə fars
sözləridir. Özünə bu qədər
arxa çevirmək olmaz, axı. İnsanlar
özləri üçün qəribə bir aura
yaradırlar, sonra da deyirlər ki, mən fransız, ingilis,
alman kimiyəm. Deyilsən, qardaşım! Neyləsən də, oralara gedəndə onlar sənə
özlərininki kimi yox, türk kimi baxırlar. Mən millətçilikdən çox-çox uzaq
adamam, amma mədəniyyət məsələsində millətçiyəm.
Qəti fikrim budur ki, hər kəs öz mədəniyyətinə
sahib çıxmalıdır. Buna görə
Azərbaycana heyranam. Öz mədəniyyətinə,
musiqisinə, muğamına, dəyərlərinə sahib
çıxır və bununla öyünür.
“BİZİM
ÖLKƏDƏKİ HADİSƏLƏRİN
ƏKSƏRİYYƏTİ EHTİRAS
CİNAYƏTİDİR”
- Sevginin
təhlükəyə yol açdığını
deyirsiniz.
- Xəbərlərə
baxın, törədilən cinayətlərin 80-90 faizi
qadınla, sevgi ilə əlaqəlidir. Təəssüf
ki, Türkiyədə öldürülən qadınların
sayı çoxdur. Hər il 400-500
qadının öldürülməsi adamı hürküdən
rəqəmdir, hələ yaralananları, canını salamat
qurtara bilənləri demirəm. Açın qəzeti,
bir polis işçisi silahını götürüb əvvəlcə
sevgilisini, sonra da özünü vurur. Yaxud
da gedib aşiq olur, qız bunu istəmir, sonra onu
başqası ilə görür, hər ikisini
öldürür. Bizim ölkədəki
hadisələrin əksəriyyəti ehtiras cinayətidir.
Bundan təhlükəli nə ola bilər?
Niyə təhlükəlidir? Çünki insanın ağlı başında
olmur. Sevgidə ağıl olmur ki. Ağıl ilə eşqin bir yerdə olması
mümkün deyil. Mənim bir yazım var,
hər şeyi bildiyinə görə, yəqin onu da oxumusan.
-
Xatırladın, lütfən!
-
Dünyada hər kəsin eqosu var və...
- ... hamını bu duyğu idarə edir, amma eqonu məğlub
edən tək hiss var, o da sevgidir.
- Eynən
(gülür). Az və çox, ölənə
qədər insanın içində eqo olmalıdır. Amma həqiqi eşq eqonu məhv edir. Başqasına təslim olmaqdan zövq alırsan.
Çox qəribə duyğudur.
- Yəqin
buna görə kitablarınıza sığınıram. Həssas olduğuma görə.
- Onsuz da
mənim kitablarımı həssas insanlar oxuyur. Çünki buna ehtiyacları var. Eşqin öz mənasını
itirdiyi zamanda yaşayırıq. Ona
görə də, həssas insanlar buna dözə bilmirlər,
kitablara sığınırlar. Son dönəmlərdə
Türkiyədə bu qədər kitabların satılması
və mənim kitablarımın tirajının milyonlara
çatmasının səbəbi də budur.
-
Qadınları anlamaq çətindirmi?
-
Bütün dünya ədəbiyyatında həmişə
belə yazılıb ki, qadın dəniz kimidir,
fırtınalıdır, anlamaq olmur və s. Həqiqət isə
budur ki, qadın daha dərindir. Onu dərk etmək
üçün çox əmək sərf etməlisən,
cəhd göstərməlisən. “Bu yağış
içimi isladır” deyəndə, onun nə istədiyini
anlayan bir kişi olsa, onda məsələ
kökündən dəyişər. Bu,
materialist dünyada “Qalx, mənim evimə gedək” deməkdən
fərqlidir. Qadın çox
qarışıqdır. Kişi dayaz su
kimidir, baxanda dibi görünür. Amma ,
təbii ki, həmişə istisnalar da var.
- Problem də
ondadır ki,
hamı hazıra nazir olmaq istəyir.
- Hə...
Keçmişdə qadına
qovuşmağın yolu nişanlanmaq, evlənmək idi.
Bir gün Aşıq Veysəldən
soruşurlar ki, eşq nədir? Cavab verib
ki, “sevərsən, qovuşmazsan, eşq olar”. İndi belə
deyil ki... Hamının hamıya dərhal əli
çatır. Aradakı pərdə
qalxıb.
“SƏN
MƏNİM ÜÇÜN YENİ ROMANSAN...”
- Roman
yazmaq üçün Tailanda qədər gedib
çıxmısınız...
-
Türkiyədəki hadisələrdən çox təsirləndim.
Millət vəkili olduğum üçün
siyasətin içində idim. Bütün
siyasətçilər hamısı tanıdığım
adamlardır. Ərdoğana,
Kılıçdaroğluna qədər hamısı ilə
dostuq. Buna görə də ölkədə
baş verən hadisələr məndən yan keçmirdi,
özümü roman yazmağa səfərbər edə
bilmirdim. Bunu üçün romanın
içində yaşamağım lazım idi. Avropaya getsəm olmazdı. Orada
da türklər yaşayır, həm Türkiyəyə də
maraq çoxdur, buna görə də müsahibə almaq,
söhbət etmək istəyirlər. Almaniyada
küçə ilə gedəndə tanıyırlar.
Oranın da az qala, yarısını
türklər təşkil edir. Ona görə,
Tailandı seçdim. İqlimi gözəldir.
İnsanları da olduqca kübardır. Qədim mədəniyyəti var. Yeməklərini
sevirəm. Ora gedirəm, ilk
üç-beş gün sonra yenə Türkiyədə
baş verənlərə internetdən baxıram. O nə
dedi, bu nə dedi, amma bir həftə sonra artıq Türkiyə
silinir. Çünki adını belə bilən
yoxdur Türkiyənin. Türkiyənin
adının da bilinmədiyi, məni heç kəsin
tanımadığı ölkələrə gedirəm.
İndi Tailandda da çıxır kitabım.
- Onda
artıq başqa yer axtarmalı olacaqsınız...
- Deyəsən,
elə olacaq. “Hüzursuzluq” çıxacaq.
Onunla bağlı təqdimata gedəcəm.
- Hər
şeyə roman kimi baxdığınızı deyirsiniz...
- Hə,
hər şeyə, hər kəsə, elə sənə də.
Sən mənim üçün yeni romansan
(gülür).
- Deməli,
yazılarınızda özümü də oxuyacam? Bunu heç gözləmirdim. Sürpriz
oldu.
-
Oxuyacaqsan, gözlə. Hər kəsin bir hekayəsi
var. Roman yazmağın sirri həm də insanları dinləmək
bacarığının olmasındadır. Adamlar bir-birini dinləmirlər. İnsanlar
qarşı-qarşıya gələn kimi hər kəs
özündən danışmağa başlayır. İnsan çox zəngin varlıqdır. Roman yazmağın əsas şərtləri
arasında dinləmək, müşahidə etmək, görməyi
bacarmaq qabiliyyəti də var. Bizim bu
görüşümüz də mənim romanlarıma təsir
edəcək.
- Nə
gözəl.
- Əlbəttə.
YENİ
ROMAN GƏLİR...
-
Hazırda hansısa əsər üzərində
çalışırsınız?
- İki ildir, bir kitab üzərində işləyirəm. Çətin
romandır. Hər halda 2019-cu ildə
işıq üzü görəcək. 1908-ci
ilə qədər Osmanlı sultanı olub - Əbdülhəmid.
Nikolay və Aleksandr dönəmlərində 33 il padşah olub. Sonra onu devirdilər,
ailəsi ilə birlikdə Selanikdə bomboş evə
aparıb atdılar. Olduqca maraqlı hadisədir.
33 il boyu Qafqazdan Şimal Afrikaya, Adriatikdən Basra körfəzinə
qədər içərisində 38 millət olan bir yerin
sahibi olasan, sonra bütün bu səltənət bitə və
səni götürüb atalar kənara. Roman
onun taxtdan salınmasından sonrakı dövrdən
başlayır. İqtidar, hakimiyyət həmişə
məni maraqlandıran mövzu olub. Həmin
dövr həm də Türkiyənin Əbdülhəmidçilər-Atatürkçülər
qarşıdurması yaşadığı bir dönəmdir.
Sanki ayrı millətlər olublar, mənasız
toqquşmalar baş verib. Əbüdlhəmid
dönəminin saray həyatını araşdırarkan
maraqlı faktlar tapdım. Leninin
Əbdülhəmid barədə məqalələrini
tapdım. Çevrilişdən əvvəl
yazılıb. Deyirlər ki, Əbdülhəmid
Nikolaydan daha yaxşıdır. İqtidardan
bəhs edən, amma insanı anladan romandır. Bir az sürrealist tərəfləri var.
-
Romanın adı məlumdurmu?
- Hə,
məlumdur. “Kaplanın sırtında” (“Pələngin
belində”). Bu nə deməkdir? Bir hekayə var, uşaq doğulanda onu pələngin
belinə qoyurlar, uşaq elə pələngin belində
böyüyür. Bir gün bezir, enmək
istəyir, enə bilmir. Çünki ensə,
pələng o saat onu parçalayacaq. Hakimiyyət də
pələng kimidir, nə qədər ki, hakimiyyətdəsən,
əlinin üstündə əl yoxdur, heç kim sənə heç nə edə bilmir. Amma bezib enmək istəsən, səni
parçalayarlar. Hakimiyyətdən gedim,
adi vətəndaş olum, insanlara qarışım - bu, olmaz.
Hakimiyyət məsələsi daima mənim
maraq dairəmdə olub. Hətta eşqdə
insanların bir-biri üzərindəki hakimiyyəti,
hökmranlığı da məni çox
maraqlandırıb. Hər romanımda buna
bənzər məqamlar var.
“AŞİQ
OLAN MÖHTACDIR, ƏLİ-QOLU BAĞLIDIR, QARŞIDAKINDAN
ASILIDIR”
- Amma
hakimiyyət deyəndə birinci növbədə siyasət
ağıla gəlir.
- Hakimiyyət
deyəndə yalnız siyasət anlamayaq. Ailə
içindəki hakimiyyət, ərin arvad, arvadın ər,
müdirin işçi üzərindəki hakimiyyətini
xatırlayın. Eşqdə də belədir.
Qüvvətli olan tərəf zəif tərəf
üzərində öz hakimiyyətini qurur və istədiyi
kimi idarə edir. Bertolt Brextin bir şeiri
var, deyir ki, “Bizim münasibətlərimizdə sən
güçlüsən, mən güçsüz -
çünki aşiq olan mənəm”. Aşiq
olan möhtacdır, əli-qolu bağlıdır,
qarşıdakından asılıdır. Atilla
İlhanın dili ilə desək, “Ben sana mecburum”.
- Onda izin
verin bəndi tamamlayım:
Ben sana mecburum bilemezsin
Adını
mıh gibi aklımda tutuyorum
Büyüdükçe
büyüyor gözlerin
Ben sana mecburum bilemezsin
İçimi seninle ısıtıyorum.
- Əla şairdir, elədir?
-
Çox.
- Biri də
məndən gəlsin?
- Gəlsin.
-
Gözlerin gözlerime değince
Felaketim
olurdu, ağlardım
Beni
sevmiyordun, bilirdim
Bir
sevdiğin vardı, duyardım
Ne vakit
karşımda görsem
Öldüreceğimden
korkardım
Felaketim olurdu, ağlardım.
“ÜÇÜNCÜ ŞƏXSİN
ŞEİRİ”DİR. HƏR İKİSİNİ ATİLLA
İLHAN YAZIB. MƏNALI VƏ DƏRİN
KƏLMƏLƏRİ VAR.
... Görüşümüz beş saata yaxın çəkdi. Özü də etiraf elədi, ilk dəfə idi, bu qədər geniş müsahibə verirdi. Sağollaşmaq vaxtı gələndə yadıma düşdü ki, nöqtəni qoymamışıq. Diktafonu yenidən işə saldım və müsahibəni belə yekunlaşdırdıq:
- Bu gün sevimli Türkan Turanla oturub həyatdan, ədəbiyyatdan, sevdadan - hər şeydən danışdıq. Bu söhbətimiz oxuculara “525-ci qəzet” vasitəsi ilə çatacaq. Bu qəzetin rəhbərliyinə, onun ərsəyə gəlməsində zəhməti olanlara və oxucularına salamlarımı, sevgilərimi çatdırıram. Bir gün yenidən görüşmək ümidi ilə...
Söhbət bitəndən sonra ayağa
qalxır, “Gözlə, gəlirəm” - deyib mətbəxə
üz tutur. Bir qədər sonra üzündə günəş
kimi təbəssüm, əllərində bir fincan qəhvə
və bir bardaq su ilə qayıdır, “Bacardım” deyir!
Gülüşürük. Şəkərsiz qəhvəni
içməyə başlayıram. Mənə elə gəlir
ki, bu günə qədər nə “Starbucks”da, nə “Gloria
Jeans”da, nə də qəhvəsi ilə məşhur olan digər
məkanlarda belə dadlı qəhvə içmişəm.
Yəqin ona görə ki, o qəhvəni hazırlayan
Zülfü Livaneli idi.
Özü də ikinci dəfə cəhd etdikdən sonra...
Türkan
TURAN
525-ci qəzet.-
2018.- 22 dekabr.- S.10-11-12.