Gerçəkləşən istəklərim və...

 

 

Tanınmış alim-pedaqoq, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, professor Akif İmanlının bugünlərdə 70 yaşı tamam olacaq.

 

Çox sayda elmi və publisistik əsərin müəllifi olan Akif İmanlının 20-yə yaxın kitabı çıxıb. Nəsr yaradıcılığı müxtəlif illərdə dövri mətbuatda işıqlandırılıb, ayrıca hekayələr kitabları nəşr edilib.

Akif  İmanlını 70 illik yubileyi münasibətilə təbrik edir, ona xoş arzularımızı ünvanlayır və bir hekayəsini oxucuların diqqətinə çatdırırıq.

Akif İMANLI                                                  

O boyda iki binada mətbuatı davamlı izləyən yalnız Əmrah idi, mən də ondan “qoltuğundakı qəzetlərdən bir-ikisini ver, axşam oxuyum, sabah qaytararam”, - deyib götürdüyüm qəzetlərdən birini yenicə əlimə almışdım ki, divanda oturub corab yamamaq, düymə tikməklə məşğul olan Xədicə qəfildən qışqırdı:

- Boy, Rüstəm, ora bax, bu ki, mənnən oxuyan Nazpəridir, - deyə yerindən dik atılıb, televizora tərəf cumdu, onun səsini qaldırdı.

Xədicə evli olduğumuz bu otuz ilə yaxın müddətdə heç vaxt mənim vəziyyətimi nəzərə almayıb, nə iş gördüyümün fərqinə varmayıb, her-hes bilmədən ağlı nə kəsibsə, onu deyib, onu eləyib, həmişə mənim işlərimə mane olub, ona görə də mən bir oba qulağında özümə əməlli-başlı yer edə bilməmişəm. Qərəz, başımı qaldırdım. Gördüm ki, bir yekəpər, lopabığ, yanaqlarından qan daman, lap Sultan Süleymanın aşpazına bənzər bir kişi əyləşib ortada, sağında və solunda da iki qadın, onlardan da biri, Mirzə Cəlil demişkən, ibarət olsun Nazpəridən.

Nazpərini mən də tanıyırdım. İnsanın özünü-sözünü bilmədiyi bir vaxtları olur. Uşağın ilanboğan vaxtı olduğu, əlini hara gəldi, xüsusilə parlaq əşyaya uzadıb, onu tutduğu kimi (bu ilan da ola bilər, qaynar su  ilə dolu çaydan da), cavanın da ilk qarşısına çıxan qıza vurulduğu elə laübalı halları olur. Mən də Xədicədən yapışmışdım. Həmən Nazpəri də bir neçə məktubumu ona çatdırmış, bir növ, aradüzəldənlik etmişdi.

Qəzeti bir kənara atıb, mən də diqqət kəsildim. “Sultan Süleymanın aşpazı” əyalətdəki ədəbi mühitdən danışdı, son dövrlərdəki xeyli istedadlı şairlər və onların kitabları haqqında ümumi məlumatdan sonra “Söz mülkü” televiziya verilişinin bugünkü qonaqlarını əziz və hörmətli televiziya seyrçilərinə təqdim etdi:

Güləndam Xoşgün, Nazpəri Güldərən.

“Aşpaz” xeyli danışdı, çox tərif dedi, həm də məlum oldu ki, hər iki şairin seçilmiş əsərlərinin birinci cildi işıq üzü görüb, özü də ön sözü, fəxarətlə elan etdi ki, hörmətli akademiklərimizdən ən şöhrətlisi yazıb.

Zəriflikdən, incəlikdən çox uzaq düşmüş bu qadınlara, “aşpaz”ın qeyd etdiyi kimi, “istedadlı şairlərə” söz veriləndə onlardan biri - G.Xoşgün “Mənə misraları qeybdən pıçıldayırlar, mən də yazıram”, digəri - N.Güldərən “İlhamım gələndə, - bu, xörək bişirəndə də baş verir, yatmaq istəyəndə də, - misralar öz-özünə vərəqlərə düzülür”, - deyə əttökən-əttökən səviyyədə danışdılar. Hər ikisinin oxuduğu şeirdə (əgər bunlara şeir demək mümkünsə) “Gülüm, sənin həsrətin” motivi açıq-aşkar qulağı deşəndə olan-qalan ətim də töküldü. Ən azı altmış yaşını haqlamış bu arvadların - “Sultan Süleymanın aşpazının” təqdim etdiyi şairlərin stulda yayxanıb oturuşlarından aşkar göründüyü kimi, bu yekəlikdə bədənə malik olan qadınları ədəbiyyat tariximizin hazırkı mərhələsində ədiblərdən kimsə paraxoda bənzədib. Yeri gəlmişkən, bizim Qəzənfər müəllimin köhnə bir “Jiquli”si var. Həmişə deyər ki, arxada neçə kişi oturursa otursun, təki iki zənən tayfası əyləşməsin, onlar yayxanıb oturanda maşının arxası yerə dəyir. İndi durub bu “paraxodlardan” soruşasan ki, başqa mövzunuz yoxdur? Bu yaşda eşq-məhəbbət sizin haranıza yaraşar? Bəlkə də qadınlar ilk məhəbbətlərini heç vaxt unuda bilmirlər, ondandır? Yaxud bəlkə arada kiməsə aşiq olurlar, bundandır? Qərəz ki, mən qadın qismini heç vaxt anlaya bilməmişəm.

Həmin axşam Xədicənin ilk sualı bu oldu:

- Şeiri necə yazırlar?

Ağlıma bu gəldi:

- Sabaha bir yaxşı süfrə açarsan, izah edərəm, - dedim.

Qadınlar arasında güclü rəqabət, paxıllıq hissinin olduğu çoxumuza məlumdur. Onlarda səmimi dostluqdan söhbət gedə bilməz. Qadınlar ən yaxın bacılıqlarını da özündən aşağı səviyyədə görməyi sevirlər. Odur ki, Xədicənin sualı mənə qadın xislətindən yaranan təbii həsəd təsiri bağışladı.

Ertəsi gün qapıdan içəri girəndə xörəyin xoş ətiri məni məst elədi. Çoxdandı bu cür xoş ətirə həsrət idim. Yuyunub gəlincə gördüm Xədicə bir əl-ayaq edir ki, gəl görəsən (Uca Tanrı cəmi evli kişilərə belə ovqatı tez-tez qismət eləsin). Hətta, qaçıb bu yaxınlarda qaynım Tapdığın gətirdiyi konyak şüşəsini götürüb, dibində qalan konyakdan da süzdü. Qayın deyilən bu məxluqlar həmişə mənə yük olmuş, hər zaman bizə əlləri ətəklərindən uzun gəlib-getmiş, imkan düşdükcə məndən qoparmışlar. Təkcə Tapdıq hərdən əlində araqdan, konyakdan gətirirdi. Özü içkiyə meylli idi, çoxu da ona görə. Həmişə bizə gələndə ora-bura burnunu soxar, əlinə içki keçəndə axırına çıxmamış getməzdi. İçki də bizim evdə yalnız qonaq-filan gələndə olardı.

Konyakı vurandan sonra kefim lap duruldu. Başladım arvadı dolamağa:

- Xədicə, görürəm, şeir yazmaq eşqinə düşübsən. Yaxşı eləyirsən. Sənin tayların çoxdan şair olublar.

Xədicə ağzını açdı ki, tez ol şeir yazmağın qaydasını öyrət. Macal vermədim:

- Şeir yazmaq çox asan bir işdir. Ən çətini təxəllüs tapmaqdır.

- Təxəllüs nədir? -  deyə Xədicə tez-tələsik soruşdu.

-  Təxəllüs, necə deyim, adamın öz adına əlavə olunan addır. Əgər bunu camaat verirsə, bu, ayama adlanır. Məsələn, bizim kənddə iki Səftər var. Onların birinə Fındıq Səftər, digərinə Tülkü Səftər deyirlər. Niyə fındıq ayaması qoyublar, dəqiq bilmirəm, amma Tülkü Səftərin ayaması özünə layiqdir. Onu az-çox sən də tanıyırsan, Xədicə.

Son dərəcə bic və paxıl bir adam olan Tülkü Səftər, tərs kimi, mənim öz qohumumdur. Hətta onun tülküdən də betər bic adam olduğunu Xədicə də, illər keçəndən sonra duymuş, bizim paxıllığımızı çəkdiyini, heç bir qohum-əqrabanın inkişafını gözü götürmədiyini dəfələrlə hiss etmişdi.

- Ayamanı başa düşdük, bəs təxəllüs?

- Yazıçı və şairlər özlərinə təxəllüs götürürlər, məsələn, Səməd Vurğun, Mikayıl Müşfiq,  Hüseyn  Cavid.

- Süleyman Rüstəm, bəs bunun təxəllüsü hansıdır?- deyə Xədicə maraqla soruşdu.

-   Hə, Xədicə, bu, ayrı məsələdir. Bəzi ədiblər soyadlarındakı ov, yev, zadə-ni atıb, olublar, məsələn, Mehdi Hüseyn, Əhməd Cavad, Süleyman Rüstəm və başqaları. Sənin soyadın Mollayevadır, istəyirsən Xədicə Molla, ya da ən yaxşısı, Molla Xədicə ol, - deyə güldüm.

Xədicə qaş-qabağını turşudub:

- Öz familiyamdan əvvəldən zəhləm gedir, - dedi.

- Heç elə demə, Molla Xədicə daha uyğun görünür, deynən niyə? Ona görə ki, elə şair də molla kimidir. Mollaların bir çoxu nə dediklərini bilmədikləri kimi, bəzi şairlər də nə yazdıqlarının fərqinə varmırlar; o da ağzına gələni deyir, bu da ağlına gələni yazır. Bir də ki, Xədicə, nə bilmək olar, bəlkə nə vaxtsa elə molla oldun, ha, ha, ha.

-  Bura bax, Rüstəm, məni dolama ha, bildin...

- Yaxşı, yaxşı, hirslənmə, gəl sənə bir qəşəng təxəllüs tapaq; deyək ki, Elsevər, Obasevən, Ülfətli, Duyğulu, Gülgün, Qəmgin...

- Onların hamısı xoşuma gəlir, - Xədicə tələsik dedi, tez də soruşdu: - Sən hansını bəyənirsən?

- Yox, - dedim, - bunları  yəqin ki, götürüblər.

 Mənim hərdən iş yoldaşım Orucəli müəllimgilə yolum düşəndə onların eyvanındakı gülkarlıq diqqətimi çəkirdi, onun həyat yoldaşı Heyran xanımın (anam, bacım olsun) gülə, çiçəyə olan bu həvəsi məndə qibtə hissi oyadırdı və Xədicəni gözüm önünə gətirib bir ah çəkməklə, mənə yad olan qibtə və paxıllıq hissimi boğurdum.

- Tapdım, sənə əntiqə təxəllüs tapdım, Gülsevər. Bu təxəllüsü heç kim götürməyib. Elə ki, şair oldun, jurnalistlər tökülüb gələcəklər səndən müsahibə almağa...

Mən belə deyəndə Xədicənin gözləri alacalandı, sifətində təkəbbürmü deyim, lovğalıqmı deyim, nə isə qeyri-adi əlamətlər sezdim. Gülə-gülə sözümün dalını gətirdim:

- Elə ki,  jurnalistlər gəldilər, səndən soruşacaqlar, Xədicə xanım, necə oldu ki, özünüzə belə bir qəşəng təxəllüs - Gülsevər təxəllüsünü götürdünüz? Sən də əvvəlcə qaş-gözünü oynadacaqsan, sonra üzündə süni təbəssüm yaradıb əzilə-əzilə cavab verəcəksən ki, hələ səkkizillik məktəbdə oxuyanda həyətimizdə gül əkmək, evdə dibçəklərdə gül bəsləmək arzusundaydım, bu işə sonsuz həvəsim vardı. Atam həyətimizin hər tərəfini əkib-becərdiyindən gülkarlıq yaratmaq fikrim elə arzu olaraq qaldı. Gücüm ona çatdı ki, başladım qardaşımın əkdiyi yasəmən və arxın qırağında bitən itburnu kollarına qulluq etməyə. Sonra tibb texnikumunda oxuyanda kirayə qaldığım evdə, ailə qurandan da gördüyünüz kimi burada, öz evimdə arzumu gerçəkləşdirmişəm. Görürsünüzmü, evimizin hər tərəfi gül-çiçəkdir.

Xədicə təəccüb və heyrətlə mənə baxanda qayıtdım ki:

- Nədi, tezliklə evimizi güllərlə bəzərsən, qurtarar gedər, həm də təxəllüsün özünü doğruldar.

Xədicəni gül-çiçəyə həvəsləndirmək üçün yenə yumşaq damarından tutdum:

- Jurnalistlər müsahibələrinin birində soruşacaqlar ki, Xədicə Gülsevər, ilk şeirinizi nə vaxt yazmışsınız? Sən də cavab verəcəksən ki, dəqiq yadımda deyil, dördüncü sinifdə, ya beşincidə oxuyanda, yaz vaxtı arxın qırağındakı itburnu kolu çiçəkləmişdi, mən həddən artıq çiçəkləri sevdiyimdən vəcdə gəlib onda şeir yazmışdım.

Həmin axşam Xədicə ilə etdiyim zarafat əhvalımı əməlli-başlı yüksəltdi. Uzun müddət idi ki, deyib-gülmək çoxları kimi mənə də yad idi. Bir sözlə, həmin gecə çox rahat yatdım.

Sonrakı gün evə gələndə gözlərimə inanmadım. Pəncərənin qabağında iki ev gülü hazır idi; düzdür biri köhnə vedrədə, digəri isə “Vita” qabında idi, hər halda bizim evə də artıq çoxdan həsrətində olduğum gül-çiçək gəlmişdi və Xədicənin davranışından tam yəqinləşdirdim ki, bu problem tezliklə və tamamilə həll olunacaq.

Xədicə həmişəkindən fərqli olaraq məni gülərüz qarşıladı; paltarımı dəyişəndə pencək-şalvarımı özü yerbəyer elədi; yemək-içməyimi çox tez verdi; lap, təzə ailə qurduğumuz vaxtları xatırlatdı.

Təzəcə əlimi qəzetə atmışdım ki, Xədicə əlində qələm-kağız başımın üstünü kəsdirdi; əlimdəki qəzeti, simasında “Madonna”nın hələ də mübhəm qalan təbəssümünə bənzər bir məsumluqla, yüngülvari dartıb aldı, qatlayıb o biri qəzetlərin üstünə qoydu, qolumdan tutub: - Di gəl, şeir yazmağı mənə öyrət, -deyərək məni masaya doğru dartdı.

Əlacsız qalıb başladım şeirin qayda-qanunları, nə bilim, ölçüsü, bölgüsü, qafiyə sistemi və sair haqqında bildiklərimdən danışmağa, izah etməyə. Xədicəni əyani başa salmaq üçün nəvəmiz Sevilin doğum gününü yadıma salıb misralar uydurmağa, qafiyələr düzəltməyə başladım, xeyli əlləşib-vuruşandan sonra aşağıdakı şeirə oxşar söz yığını yarandı.

Bizim balaca Sevil,

Ad günündə oynadı.

Ona baxıb mənim də

Qanım coşdu, qaynadı.

Durdum birdən ayağa,

Qol götürüb oynadım.

Mızıldandım, oxudum,

Heç kimi də saymadım.

Gülsevərin sözü var:

Xoşbəxt olun, uşaqlar,

Müstəqil ölkəmizdə!

Alqış olsun, alqışlar!

Şeir tamama yetəndə Xədicə bir göz qırpımında sıçrayıb mənim başımı qamarladı, qulaq qarışıq üz-gözümdən öpdü, vərəqi qapıb, mətbəxə götürüldü. Mən gülümsəyib əlimi atdım qəzetlərə...

Səhəri gün qapını açıb dəhlizə daxil olanda qulağıma ilk çatan Xədicənin səsi oldu:

- Az,  sən Bərdə tərəfə getməmişdin? Nə? Allah rəhmət eləsin. Yaxşı eləyib qayıdıb gəlibsən. Bə gəlibsən məni niyə soraqlaşmayıbsan, biz bacı kimi olmuşuq axı. Hə, neynək. Sənin telefonunu indicə öyrənmişəm. Soruşmadığım adam qalmışdı ki?! Axırda Sənəmdən öyrəndim. Sənin, az, Nazpəri, şairliyini o gün televizorda çıxış edəndə bilmişəm. Az, sənin ayaman, nə? Hə, hə, ləqəb nədi, az, təxəllüsün necəydi? Güldərən? Qəşəng addır, hə, təxəllüsdür. Mənimki də Gülsevərdir. Hə da bə. Bilmirəm dörddə oxuyurdum, ya beşdə, həyətimizdəki güllərə, çiçəklərə baxıb bir şeir yazmışdım. Bilirsən də, oxumaq, ailə həyatı, bir müddət başım qarışdı, şeirdən uzaqlaşdım. İndi uşaqları yerbəyer eləmişik, pensiyaçıyam. Rüstəm işə gedir, mənim də evdə qulağım batır. Ona görə bekarçılıqdan yazıram. Kitab, qəzet? Yox hələ...

Qəzet sözü eşidəndə bağrım yarıldı. Bildim ki, Xədicə indi də şeirin çapının dəmini tutacaq. Bu vurhavurda, tərs kimi, səbir gətirdim, özü də tək səbir. Asqırağımı eşidən Xədicə:

- Az, deyəsən, Rüstəm gəldi. Durum çay-çörəyini verim, sonra danışarıq, onun da sənə salamı var.

Təzə evlənəndə mən böyük səhvə yol vermişdim. İlk maaşımı gətirib Xədicənin qarşısına qoymuşdum. Nədi, nədi, “Qabusnamə”də oxumuşdum ki, kişi sel, arvad isə onun qarşısını kəsən bənddir. Belə anlamışdım ki, kişi qismi dağıdandır, qadın xeylağı isə yığandır, yəni dirrikcildir. O vaxtdan pul üzünə həsrət qalmışam. Xədicə, insafən, evi yaxşı idarə edir, mənim geyim-keçimimə lazımi qədər diqqət yetirirdi. Sonralar qızlarımız böyüdükcə onların əyin-başları çiçəklənməyə, mənimki isə get-gedə solmağa başladı. Paltomu, pencəyimi  tanış dərziyə çevirtdirdim, iş o yerə çatdı ki, köynəyimin də boyunluğunu çevirtdirəsi oldum. Nə isə, fikrimdən keçdi ki, Xədicənin şairlik sevdasından bu barədə də yararlanım.

- Bu əyin-başla adam içinə çıxa bilərəm? - dedim, - o da ola qəzet redaksiyası, ziyalı və ədiblərin arası.

Bir neçə günün içində Xədicə mənim üst-başımı əməllicə təzələdi. Düzdür, pencək-şalvar dəsti gözümə ucuz dəydi, hər halda ayaqqabıdan qalstuka qədər geyimim təzələndi.

Vaxtilə kənddə mənimlə birlikdə işləyən fizika müəllimi Qafil Hümbətov (onun Q. Dərələyəzli imzası ilə şeirlərinə hərdən mətbuat səhifələrində rast gəlirdim) ara qarışandan sonra müəllimliyi atıb, yerli qəzetdə işə girmişdi. Ara-sıra xeyirdə-şərdə görüşüb hal-əhval tuturduq. Xədicənin adına quraşdırdığım cızmaqaranı götürdüm, qonşu binada  araq düzəldən Qurbandan da yarım litrlik alıb (əksər şairlərə xas bu cəhəti yaxşı bilirəm, onlar nə gəldi içirlər, hətta araq yerinə su da versən içər, hələ bir keflənərlər də), özümü saldım Qafilin yanına. Görüşdük, öpüşdük, nə var, nə yoxdan sonra “Bu cızmaqaraya baxarsan”, - deyib, vərəqi stolun üstünə qoydum.

Bu hesabla, Xədicədən yaxamı qurtaracağımı düşünür, belə güman edirdim ki, elə söz yığını heç cür çap edilə bilməz. “Daha neyləyə bilərəm, ay Xədicə, yəqin şeiri bəyənmədilər ki, çap etmədilər”, - deyə Xədicəyə verəcəyim cavabı ürəyimdə götür-qoy edirdim. Bu mən saydığım idi, görək Qafil Dərələyəzli nə sayırmış? Sən demə, iyunun biri beynəlxalq uşaq günüymüş. Qafil ikinci bəndi ixtisar etmiş, sonuncu misradakı “Alqış olsun, alqışlar” sözlərini dəyişib “Alqış sizə, balalar” şəklinə salmış və uşaqlara həsr olunan səhifədə vermişdi.

Adını və şeiri qəzetdə görəndə Xədicənin çiçəyi çırtladı, bilmədi sevincini necə ifadə etsin, hətta, mənə elə gəldi ki, şadlığından şitlik etdi. Gecə yarıya qədər telefonun dəstəyini yerə qoymadı. Məni görəndə də əli ilə telefon dəstəyinin ağzını qapayıb “Xörək qazın üstündədir, qızdır ye”, - buyruğunu verdi və laqqırtısını davam etdirdi.

Bu işin axırı necə oldu? - deyə maraqlananların diqqətinə ərz edim ki, Xədicə başladı özünə artist, bağışlayın, şair görkəmi verməyə; gənclik illərindən saxladığı hörüklərini kəsdirdi, qaşlarını döydürdü, dodaqlarını boyadı, bir sözlə, üz-gözünə yaxşıca əl gəzdirdi. Tökülüb gedən Xədicə birdən-birə qəşəngləşdi. Xədicənin son görkəmini xalqımızın artistlərindən birinə bənzətsəm də, özünü səliqə-səhmana saldığına görə dinmədim.

O ki qaldı hadisələrin sonrasına... görək necə inkişaf edir. Qorxuram sonrasını özüm söznən çatdıra bilməyəm; bir aşıq tapıb gətirəm, o da sizə “Yanıq Kərəmi”  də olmasa, ən azından “Paşa köçdü” havası üstündə saznan söyləyə...

 

Akif İmanlı

 

525-ci qəzet.- 2018.- 22 dekabr.- S.23-24.