Böyük müəlliflərin korladıqları yaxşı süjetlər

 

 Seyfəddin Hüseynlinin tərcüməsində

 

 

Gilbert Kiyt Çesterton (1874-1936) görkəmli ingilis ədibi və mütəfəkkiridir. Nasir, şair, dramaturq kimi şöhrət qazanıb, dini-fəlsəfi görüşlərilə də ciddi nüfuz və yüksək titul sahibi olub.

Dövrünün və ümumən ingilis ədəbiyyatı tarixinin ən böyük simaları ilə yanaşı qoyulan G.K.Çesterton səksənə yaxın kitabın - bir neçə roman və pyesin, təxminən iki yüz hekayənin, dörd minəcən essenin, yüzlərlə şeirin, çox sayda məqalənin müəllifidir. Əsas personajları Keşiş Braun və Horn Fişer olan detektiv hekayələri, xristianlığın tarixinə dair məqalələri xüsusilə məşhurdur. 

Təqdim olunan bu iki esse Çestertonun yaradıcılığının ana dilimizə tərcüməsi yönündə ilk cəhdlərdəndir.

Seyfəddin Hüseynli ruscadan tərcümə edib

Gilbert Kiyt Çesterton

Fransız və ingilis

Özgə xalqı sevmək başqadır, yamsılamaq bir başqa - ümidvaram ki, bu, hər kəsə aydındır. Bütün yaxşı adamlar digər xalqları sevirlər; bir çox naqis adam isə öz xalqına dönük çıxır. Beynəlmiləlçi olmaq üçün əvvəlcə millətsevər olmaq lazımdır. Yaxşı avropalı üçün Qızıl Dövr hamının bir-birini sevdiyi xristian cənnətidir, heç də hamının bir-birinə çevrildiyi buddist cənnəti yox. İnsan yad ölkəyə nə qədər heyranlıq duyarsa, oradakılara oxşamağı bir o qədər az arzulayar, axı bilir ki, oranın yadelli üçün keçilməz olan özünəməxsus dərinlikləri var. Əgər ingilis Fransaya ifrat heyranlıq duyarsa, fransızlaşmağa can atar; əgər o, Fransanı sevərsə, elə ingilis olaraq da qalar.

Söhbət Fransadan gedirsə, burası xüsusən vacibdir.

Fransızların qəribə xasiyyəti var: onların bütün qüsurları göz qabağında, nəcib cəhətləri isə örtük altındadır. Belə də demək olar: onların qüsurları çiçəkdir, nəcib cəhətləri isə çiçəyin kökləri. Fransızlar yüngülməzacdırlar, çünki hər işdə aşkarlığı, açıq-saçıqlığı yaman xoşlayırlar. Kəndliləri xəsisdirlər, çünki başlarının üstündə ağaları yoxdur. Şəhərliləri bir elə nəzakətli deyillər, çünki bərabərhüquqlu insanlardır. Qadınları yorğun və hikkəlidirlər, çünki ev-ailə qayğılarına ciddi yanaşırlar. Kişiləri sərtdirlər, çünki dava-dalaşda kimsə onlarla bacarmaz.

Fransa səfeh, dayaz adamlardan ötrü dünyanın ən təhlükəli ölkəsidir. Axmaqların Fransadan zəhləsi getsə yaxşıdır, çünki axmaq adam bu ölkəni sevsə, tezliklə əclafın birinə çevriləcək. Ən naqis cəhətinə görə qürur duyacaq, üstəlik də, olmayan cəhətilə öyünəcək. Dünyanın ən sağlamfikirli, təvazökar xalqından sərsəriliyə, əhlikefliyə yoluxacaq. O, fransızları başa düşməyəcək, ən pisi budur ki, heç özünü də anlamayacaq.

Əgər ingilis düşünürsə ki, fransız realistlərini sevir, fransız dramaturgiyasını həqiqətən anlayıb, fransız karikaturalarından əsla qorxmur, deməli, o, bilmədiklərinə heyranlıq duyur, yəni əkmədiyi zəmini biçməkdədir, fransız alicənablığının sərt, yağlı torpağını belləmədən fransız sinizminin lətif bəhrəsinin dadına baxır.

Bu məqama, daha aydın olsun deyə, əks tərəfdən də yanaşaq. Təsəvvürümüzə gətirək ki, bir fransız İngiltərəyə - indinin özündə də bütünlüklə adlı-sanlı nəsillərin kölgəsində qalan, azadlığı da zadəganların gətirdiyi ölkəyə gəlib. Əgər fransız bizdəki təkəbbürü görüb bəyənsə, bizdəki yekəxanalığı xoşlasa və özünü bizə oxşatmağa başlasa, bilirsiniz də, onun haqqında nələr düşünərik. Düşünərik ki, bu fransız düşük cırtqozun, anlamadığı ingilis şakərini yamsılayan səviyyəsiz yekəxananın biridir.

O, ingilislərin nəcib keyfiyyətlərinə - bizdəki lovğalığı içəridən körükləyən comərdliyə, qonaqpərvərliyə, fitri şairanəliyə, əsilzadələrin nağılvarı həyatına qarşı sadəlövh riqqət hissinə bələd deyil. Fransız görür ki, biz kralımıza ehtiram göstərir, onu sevirik. Qüdrətli krala ehtiram göstərmək rəzillik, zəifə ehtiram isə az qala qəhrəmanlıqdır. Hannover sülaləsinin zəifliyi ingilis kralsevərinə kədərli yakobit cəngavərliyi bəxş edir.

Fransız görür ki, bizim xidmətçilər itaətkardır, zəkada ağalarından geri qalmayan, sadiq, zarafatcıl ingilis xidmətçilər - Kaleb Balderston, Sem Ueller haqqında hekayətləri isə bilmir.

Fransız görür ki, biz əsilzadələrə təzim edirik, amma bilmir ki, hər şeydən öncə onların sadəliyini, mehribanlığını, səxavətini qiymətləndiririk; təbəələr yersiz qılıqlana bilərlər, gərək ağa bundan qürura qapılmasın.

İngilis üçün lordluq “əsl həyat”ın rəmzidir, bu həyatın məğzi və gözəlliyi isə azadlıq, sərbəstlik, zərərsiz kefcillik, ağayana bədxərclikdir. Bax elə buna görə də əgər siz taksiçiyə hesabı düppədüz ödəsəniz də, o, sizi centlmen saymayacaq. Siz onun haqqını kəsmirsiniz, ancaq ən gözəl duyğularını zədələyir, ideallarına kölgə salır, qüsursuz əsilzadəlik təsəvvürünü puça çıxarırsınız.

Bu kimi mətləblər çox qəliz, hətta əlçatmazdır: ingilislərin lorda təzimində nəcibliyə təmənnasız sevgini yaltaqlıqdan ayırmaq müşküldür. Fransızın bunu anlaması asan deyil. O, xoş münasibət anını görəcək və əgər bunu bəyənərsə, özü də əyilib-bükülüb yaltaqlanmağa başlayacaq. Eləcə də ingilis fransızlara məxsus sadəliyi adi sırtıqlıq kimi qəbul edib bundan xoşlansa, kobudluğa meyllənəcək.

Başqa millətin xüsusiyyətlərini dərhal, əlüstü mənimsəmək olmaz. Uzun illər keçib, bağlar yavaş-yavaş boy atıb, palıd tirləri qurum basıb, zirzəmilərdə, meyxanalarda tünd şərab özünü tutub, ingilissayağı həyat aram, rahat axarıyla davam edib: bizdəki məsum təkəbbür bu minvalla çiçəklənib. Atışmalar, barrikadalar, küçə nəğmələri, amalları uğrunda ölən başıpozuq camaat - fransız ərkyanalığının alovlu qızılgülünu bunlar yetirib bəsləyiblər.

Bu yaxınlarda Parisdə olanda dostumla bərabər çox qısa - iyirmicə dəqiqəlik - bir neçə pyesə baxdıq. Onların hamısında inandırıcılıq vardı, hətta biri o qədər inandırıcı gəldi ki, teatrdan çıxanda biz az qala dalaşacaqdıq. Həmin pyesin müəllifi gəmi qəzaya uğrayanda oradakı insanların özlərini necə aparmalarını - necə çırpınıb çığırışmalarını, basabas salmalarını, sağ qalmaq üçün əbəs yerə dirəşmələrini göstərmək istəyib. Lap axırda isə o, voltersayağı dözülməz kinayəyə əl atır: səhnədə dövlət xadimi peyda olub onların guya özlərini necə ləyaqətlə aparmalarından, şərəflə ölmələrindən dəm vurur. Dostum uzun zaman Parisdə yaşamışdı, odur ki, biz bayıra çıxanda olap əsl fransız kimi danışdı: “Möhtəşəm idi, eləmi?”

Mən isə mümkün qədər klassik “Con Bull görkəmi” almağa çalışıb: “Yox, - dedim, - heç də möhtəşəm deyildi. Əgər müəllif sadəcə məzələnirdisə, buna sözüm yoxdur. Ancaq bununla hansısa mətləbi çatdırırdısa, qətiyyən razılaşmıram. Bəlkə də o. bizə göstərmək istəyir ki, həya pərdəsinin altında insanlar nəinki vəhşidirlər, hətta hürkmüş yırtıcıdırlar. Mən insanlara elə də bələd deyiləm. Ancaq yenə də bilirəm ki, ruh yüksəkliyi yaradan pyeslər də var, qol-qanad sındıranlar da. “Sirano”ya (ondakı aktyorlar daha sürətli danışsalar belə) baxanda adamın əhvalı yaxşılaşır, bunda isə korlanır.

Həmsöhbətim: “İncəsənətə mənəvi yöndən, sentimental bucaqdan necə bax...” - demişdi ki, onun sözünü kəsdim, çünki söhbəti tutmuşdum. Həyəcanla dilləndim: “Mən sizə Joresin Libknextə dediyini xatırladıram: “Siz ki barrikadalarda can verməmisiniz”. Axı siz də mənim kimi ingilissiniz və mənim qədər də sentimental olmalısınız. Fransızların qəddar sənət tərzinə haqqı çatır, onlar döyüşdə qəddarlığı üstələyə bilirlər. İnsan ruhuna əzab verməyə onların cürəti var, çünki zindanlarda işgəncələrə tablaşıblar. Onlar yoxsullardan ötrü qanlarını töküblər. İnancları uğrunda qanlarını axıdıblar onlar. Mən ingilisəm, rahatlığı sevirəm, xoş əyləncələr axtarıram. Onlarsa buraya rahatlıq ardınca gəlmirlər, burada əylənmirlər, ruhlarını didikləyirlər. Bəlkə də, insanın miskinliyi haqqında düşüncə onları - o üsyankarları mübarizəyə ruhlandırır. Amma bu düşüncənin iki boş-bekar ingilisə xoş gəlməsini Allah heç göstərməsin!”

Böyük müəlliflərin korladıqları yaxşı süjetlər

Bu adda bir məqalə yazmaq olar. Mən də onu bax elə indi onu yazıram...

Əgər hansısa süjet sənətkar əlindən keçibsə, bu heç də o demək deyil ki, daha da yaxşılaşıb. Adətən, düşünürlər ki, ümumbəşəri süjetləri qardaş malı bilib götürən kimsə bunun haqqını ödəməsə də olar. Əksərən, belə bilirlər ki, Şekspir Kral Lir haqqında, Göte Faust barədə, Vaqner isə Tanheyzerlə bağlı əfsanəni götürməklə düz iş görüblər, əfsanələr bunun üçün onlara minnətdar olmalıdır. Mən isə bu fikirdəyəm ki, düz iş görməyiblər və əfsanələr uğradıqları təhrifə görə onlara qarşı iddia qaldırsa, yeri var. Belə bir düşüncə qəbul edilib ki, kiminsə düzüb-qoşduğu poema qalanlarının birgə yaratdıqları rəvayətdən xeyli üstündür. Mənsə belə düşünmürəm. Çoxluğun söhbətini seçkinlərin qeybətindən üstün bilirəm mən. İcma hissiyyatına daha çox güvənirəm, nəinki peşəkarın fərdi duyğularına. Məncə, xalqın zəkası şair dühasından üstündür.

Bir haşiyə çıxırmış kimi deyim ki, Şekspir bu nəzəriyyəyə sığmır. Mən bilən, o, süjetləri yaxşılaşdırıb; belə anlayıram ki, Şekspir onları pis şəkilə sala bilməzdi. Belə görünür ki, o, pis əhvalatları yaxşı pyeslərə çevirməyi xoşlayırmış. İndi sağ olsaydı, o, idman xəbərlərini xoş komediyaya, ucuz hekayəni ali faciəyə çevirərdi. Bir sözlə, mənim nəzəriyyəm üçün nümunə ola bilməz deyə, Şekspiri rahat buraxıram.

Milton isə misal ola bilər, ancaq götürdüyü süjet Bibliyadan gəlir və onunla bağlı mühakimə yürütmək xatalıdır. Müəyyən mənada, Milton cənnətə heç də ilandan az ziyan verməyib. O, möhtəşəm poema yazıb, amma süjetin özəyini, məğzini əldən verib. Yanılmıramsa, Milton yasaq meyvəyə olan adi meyli ağılla, həssaslıqla, incəliklə açıqlayır. Onun yozumunda Adəm meyvəni bilərəkdən dişləyir. Yəni aldanmır, sadəcə, Həvvanın acı aqibətini bölüşmək istəyir. Başqa sözlə, insani günah comərdlik, ya da ən pis halda, tamamilə məsum və romantik davranış səviyyəsinə yüksəldilir. Əslində isə bizim rəzilliyimiz comərdlikdən gəlmir; əgər biz alçaq və səviyyəsiziksə, bunun səbəbi ilk əcdadımızın özünü yaxşı ər və əsl kişi kimi aparması deyil.

Bibliya variantı qat-qat ülvi və dərindir. Orada ümumən dünyəvi şər heç bir qadağanı, hətta ən mülayim şərtləri belə, qəbul etməyən kor-koranə sırtıqlıq, hər cür çərçivəni rədd edən çirkin qanunsuzluq mərtəbəsindədir. Heç yerdə deyilmir ki, meyvə öz görünüşü, dadı ilə cəlbediciydi; yalnız yasaqlandığı üçün cazibədar gəlirdi.

Cənnətdə ən böyük azadlığa qarşı ən xırda yasaq vardı; axı yasaqsız, azadlıqdan həzz almaq olmur. Çəmənliyə aid ən gözəgəlimli cəhət onu çevrələyən çəpərdir. Çəpəri yığışdırdınsa, ora gərəksiz bir çölləmə olacaq. Cənnət də o yeganə məhdudiyyət aradan qalxanda məhz bu günə düşdü. Bibliyadakı məna - bütün hüzn və günahların, zəfər çalmayınca aram tapmayan azğın qürurdan doğulması Miltonun yozumundakından, yəni comərd bir kişinin öz xanımına cəngavəryana sədaqətindən qat-qat dərin və dəqiqdir.

Götenin yazdığı “Faust” da mənim nəzəriyyəmi təsdiqləyir. Əlbəttə, mən onun sənətkarlığından yox - burası hər cür tənqiddən yuxarıdadır - ümumən “Faust”un özündən, daha dəqiqi, əsərin birinci hissəsindən danışıram, çünki ikinci hissənin konturları bilinmir: lap cənab Mantaliniyə yaxşı tanış olan qrafinyalar kimi. Faust, Mefistofel və Marqarita haqqında bu yeni əhvalat ülviyyət və gözəllik baxımından mənə Faust, Mefistofel və Yelena barədə köhnə rəvayətdən son dərəcə zəif görünür.

Bəxtim gətirib, Yorkşirdəki kukla teatrında “Doktor Faust” pyesinə baxmışam. Sonralar mən ona Londonda da baxdım, amma Yorkşirdəki kuklalar londonlu aktyorlardan daha canlı gəlirdi. Kuklalar adam kimi oynamağa çalışırdılar, adamlar isə, təəssüf, kuklasayağı davranırdılar. Ancaq sözüm onda deyil. Məsələ burasındadır ki, orta əsrlərin Faustu dəhşətli günaha batdığına, dünyanın ən gözəl qızını almaq üçün əbədi şərə sədaqət andı içdiyinə görə həlak olur. O, böyük günahı üzündən damğalanır, yeni Faust isə xırda və miskin günahı sayəsində qurtulur.

Götedə Faust vurulduğu, başqa bir aləmə mənsub xanımın qeyri-adi gözəlliyindən məst olmayıb. Gəncliyində o, əclafın biriymiş, ötəri eşq macərası yaşayıb: mən buna qarşılıqlı münasibət demirəm, çünki, adətən, belə hallarda yalnız qadının bağlılığından söhbət gedir. Burada, bu tovlayıb-yayınma həftəbecərində almanların ən naqis cəhəti - mərhəmətdən xali sentimentallıq da özünü göstərir.

Kişi qadını məhv edir, buna görə də qadın kişinin xilaskarı olur: budur əxlaq və dasewigeWeibliche (almanca: əbədiyaşar qadınlıq)! Kef çəkən tərəf həm də paklaşır, çünki qurbanı ondan ötrü iztirab çəkib artıq. Belə çıxır ki, zalım və ya xeyirxah olmağın heç fərqi yoxdur. Kukla tamaşasındakı süjet isə mənə daha xoş gəlir: orada qara-qara şeytanlar Faustu cəhənnəmə sürükləyirlər. Nəsə, bu, daha əyləncəlidir.

Eyni prinsipi Vaqnerdə, onun yozumunda təhrifə uğrayan Tanheyzer əfsanəsində də görürük. Möhtəşəm orta əsrlər süjeti sadə, saf halında həqiqətən heyrətamizdir. Tanheyzer - nəcib cəngavər onu adi “günah qardaşlığı”ndan ayıran dəhşətli bir günaha batır. O, bütpərəst həssaslığının təcəssümü olan Veneranın məşuquna çevrilir. Günah mağarasını tərk edib Gün işığına çıxandan sonra Romaya yollanır ki, Papadan soruşsun: görəsən, onun kimi birisi tövbə edib nicat tapa bilərmi? Papa cavab verir ki, hər şeyin bir həddi var. Deyir ki, xeyirxah xristianları özündən bunca qorxunc ikraha sövq edən kimsə islah oluna bilməz: axı kəsik budaq yarpaqlamaz... Tanheyzer hüzn içində əbədilik ölüm mağarasına çəkilir, Papa isə öz əsasına baxanda görür ki, çubuq yarpaqlayıb.

Vaqnerdə, xatırladığım qədər, cəngavər Romaya qayıdıb yenidən tövbə edir. Əgər bu, süjeti korlamaq deyilsə, onda, deməli, mən “korlamaq” sözünün mənasını bilmirəm.

Nəhayət, nisbətən xırda misala üz tutaq. Bütün Avropada müzakirə gedir ki, Uayldın fransızca yazdığı “Salomeya” əxlaqa uyğundurmu... Bu pyesdə həm qaramat, həm də təmtəraq var, ancaq mən onda xüsusi qeyri-əxlaqilik görmürəm. Mənə pis təsir edən başqa cəhətdir: müəllif son dərəcə gözəl süjetlə necə də yöndəmsiz davranıb, onu korlayıb. Əhvalatın bütün ehtişamı və yanıqlı təsiri böyüklərin çəkişmələrinə qətiyyən qarışmayan Salomeyanın qüsursuz məsumluğundadır. Hiyləgər hökmdar, xalis siyasətçi kimi, mərhəmət göstərməyi qərara alır, bir o qədər məkrli olan çariça isə amansız intiqam arzusundadır. Qisas hərisi İrodiadanın qızı (onu həmişə məsum qızcığaz bilmişəm) hökmdarın qarşısında rəqs edir, o isə heyrətdən büsbütün yumşalaraq qıza deyir ki, dilə məndən, nə dilərsən... Bu inanılmaz səxavətdən qorxuya düşən qızcığaz məsləhət üçün anasının üstünə qaçır, gözlədiyi məqamın yetişdiyini görən qəddar çariça da öz düşməninin qətlini tələb edir.

Eşşəkarısına çevrildiyini bilməyən kəpənək haqqında hekayət təsirlidir, hüznlə, kinayə ilə doludur. Uayld isə bizə peyğəmbərə aşiq olmuş rəqqasə qız haqqında acınacaqlı və bayağı əhvalat danışır. Demirəm ki, bu, qeyri-əxlaqidir; burada onun başqalarına necə təsir göstərəcəyini nəzərə almaq lazımdır. Mən ancaq bunu deyə bilərəm ki, süjet zəif işlənib, çünki bu məsələdə özduyumuna əsasən hökm vermək mümkündür.

 

525-ci qəzet.- 2018.- 22 dekabr.- S.18-19.