Sabir Rüstəmxanlı yeni kitablarını imzaladı
Dekabrın 21-də “Azərkitab”da Xalq şairi Sabir Rüstəmxanlının yeni nəşr olunmuş “Astar”, “Milli taleyimiz və biz” kitablarının təqdimat və imza mərasimi keçirilib.
Mərasimdə millət vəkilləri, tanınmış ziyalılar, ictimai xadimlər, ədəbiyyatşünaslar, müxtəlif universitetlərin tələbələri, oxucular və medai nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan “Azərkitab” layihəsinin ideya müəllifi Sabir Həsənov bu günü kitab bayramı adlandırıb. O, paytaxtın ən böyük kitab mərkəzlərindən biri kimi hər zaman ədəbiyyatımızın, mədəniyyətimizin, kitabın təbliği yolunda çalışdıqlarını qeyd edib.
Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid çıxışında deyib ki, Sabir Rüstəmxanlı hələ onillər öncədən bir neçə nəslin milli təfəkkürünün formalaşmasında müstəsna rol oynayıb: “Onun yaradıcılığının yüksəliş nöqtələrindən biri “Ömür kitabı” idi. Bizim düşüncəmizin formalaşmasında bu kitabın rolu əvəzsizdir. 80-ci illərdə, demək olar ki, bütün azərbaycanlı ailələrin evində bu kitabdan vardı. Bu gün təqdim olunan kitablardan “Milli taleyimiz və biz” kitabı məni uzun müddətdən bəri maraqlandıran bir mövzunu əhatə edir. Neçə vaxtdır, Sabir müəllimin sosial şəbəkədə və qəzetdə Güntay Gəncalpla polemik məktublaşmalarını oxuyuram. Bir müddət öncə Sabir müəllimin özünə də bunun kitab kimi çap olunmasının əhəmiyyətli olacağını demişdim. Nəhayət, bu kitab çap olundu və düşünürəm ki, buradakı həqiqətlər, milli kimliyimiz, soykökümüzlə bağlı Sabir müəllimin irəli sürdüyü faktlar xüsusən, gənc nəslin milli ruhda tərbiyəsində mühüm rol oynayacaq”.
S.Rüstəmxanlı bu kitabları uzun illər idealları uğrunda apardığı mübarizənin davamı kimi xarakterizə edib: “Bu gün nəşriyyatlar da, kitab yazanlar da çoxdur, senzura isə yoxdur. Sosial şəbəkələr bunun daha da artmasına gətirib çıxarır. Belə biz zamanda bəzi kitabların təqdimata ehtiyacı olur ki, oxucu yaxşını pisdən ayıra bilsin. “Milli taleyimiz və biz” kitabını mən tariximizə, xalqın keçmişinə, kökümüzə sahib çıxmaq üçün nəşr etdirdim. Elə bu təqdimatın da məqsədi odur. Çünki burada cavab məktubları yazdığım dostlarımız nədənsə keçmişimizi qaralamaqla, inkar etməklə məşğuldurlar. Millət öz tarixinə, mənəviyyatına sahib çıxmalıdır. Yazıçının işi bir ideala xidmət etməkdir. Kitab da bu idealın daşıyıcısıdır. Bu kitablar da mənim idealımı əks etdirir”.
Millət vəkili Fəzail İbrahimli deyib ki, bütün yaradıcılığı ilə milli ruhun daşıyıcısı olan Sabir Rüstəmxanlı hər zaman kitablarına fərqli adlar qoyaraq cəmiyyətin diqqətini cəlb edir: “Bu adların hər birində özündən, düşüncələrindən, gələcəyə baxışından nələrsə var”. “Astar” kitabından söz açan millət vəkili oradakı “Uşaqlığa atılan güllə” romanı haqqında danışıb, onun mövzu və məziyyətlərindən geniş bəhs edib.
Filologiya elmləri doktoru, professor Rəhim Əliyev S.Rüstəmxanlı ilə ünsiyyətindən söz açıb, onun gənclik ideallarına bütün ömrü boyu sadiq qaldığını deyib: “Sabir Rüstəmxanlı haqqında yeni söz demək çətindir. XX əsrin sonlarından poeziyamızda milli ruh, milli düşüncə xəttini yüksək şəkildə davam etdirən Sabir Rüstəmxanlıdır. O, bu ideyasını təkcə sözdə saxlamadı, ictimai fəaliyyətində də hər zaman əks etdirdi”.
“Astar” kitabının redaktoru, yazıçı Kəramət Böyükçöl kitabı bir oxucu kimi də oxuyaraq çox sevdiyini vurğulayıb: “Sabir müəllim milli düşüncə şairindən daha çox, dünya yazıçısıdır. “Astar” kitabında sanki onun keçdiyi bütün yol, mənəvi ağrıları, iztirabları, yaşantıları toplanıb. Az adam var ki, yaradıcılığı ilə şəxsiyyəti üst-üstə düşsün. Sabir müəllim hər ikisində yüksək pillədə dayanan sənətkardır”.
Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma müşaviri İrfan Çifçi Sabir Rüstəmxanlını milli kökü olan bəşəri şair adlandırıb, onun “Ömür kitabı”nın necə Azərbaycan xalqının böyük bir dövrünü əks etdiribsə, yeni kitablarının da bütün tarixdə qalacağına inandığını vurğulayıb.
Akademik Möhsün Nağısoylu Sabir Rüstəmxanlı ilə tələbəlik xatirələrini bölüşüb, onun yaradıcılığını dil aspektindən təhlil edib: “Milliliyi şərtləndirən əsas amil ana dili məsələsidir. Bu da Sabir Rüstəmxanlı yaradıcılığında, onun bütün əsərlərində qırmızı xətlə keçir. Sabir Rüstəmxanlı kimi yazıçısı, vətəndaşı olan xalq xoşbəxtdir”.
Gülabbas Qəhrəmanlı, Vaqif Bəhmənli, Nərgiz Cabbarlı, Azər Abdulla, Arif Hüseynov, Yusif Nəğməkar da Sabir Rüstəmxanlı yaradıcılığı haqqında öz yüksək fikirlərini bölüşüb, onu yeni kitabları münasibətilə təbrik ediblər.
Sonda təşkilatçılara və çıxışçılara təşəkkürünü bildirən Sabir Rüstəmxanlı kitablarını tədbir iştirakçıları üçün imzalayıb.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2018.- 22 dekabr.- S.17.