Tarixi köklərin
sorağı, ulu əcdadların izi ilə
Əli Şamil
YAXUD ISIK GÖL
MƏNİ NƏDƏN KÖVRƏLTDİ
ali-shamil@yahoo.com
(Əvvəli ötən sayımızda)
Balasaqun
xarabalıqlarını və Burana minarəsini ziyarət
Oktyabrın 1-də rahat bir avtobusla Bişkekdən
simpozium keçiriləcək Karakol şəhərinə
yola çıxdıq. Çuy çayının vadisilə
Isık gölə doğru irəliləyirik.
Çayın biz getdiyimiz sol sahili Qırğızıstan,
sağ sahili isə Qazaxıstandır. Nə
tikanlı məftil gözə dəyir, nə də sərhədçi
postları. Qazaxıstan tərəfdə
yol-iz də yoxdur. Çılpaq
qaramtıl dağlardır.
Təxminən, 85 kilometr gedəndən sonra Çuy
vilayətinin mərkəzi Tokmok şəhərinə
çatırıq. Sovetlər Birliyi çökdükdən
sonra Qırğızıstanın inzibati-ərazi
bölgüsündə bəzi dəyişikliklər
aparılıb. Ölkə 8 vilayətə,
vilayətlərin hər biri də bir neçə rayona
bölünüb.
Avtobusumuz Tokmok şəhərindən sağa
dönür.
O qədər də hamar olmayan yolla 10-15 kilometr getdikdən
sonra Burana minarə-qülləsinin yanında avtobusdan enirik. Yaxınlıqda yaşayış məskəni
görünmür. Diqqəti cəlb edən
bircə Burana minarə-qülləsidir. Göylərə
baş çəkən, "baxanda papağın yerə
düşən" bu möhtəşəm abidəni ucaldan
insanların bacarığına heyran qalmamaq olmur. Arxada, uzaqlarda görünən başıqarlı
dağlar isə minarəni daha da əzəmətli edir.
Qırmızı
kərpicdən tikilmiş abidənin hündürlüyü
24,6 metrdir. İçərisindəki
vintvari pilləkanla başına qalxmaq olur. Pilləkənlərin girişi isə yerdən 3
metrə yaxın ucalıqdadır. Turistlərin
oraya çıxması üçün dəmirdən məhəccərli
vintvari pilləkən düzəldiblər. Qaynaqların verdiyi bilgiyə görə, minarə-qüllənin
ucalığı 40 metrdən çox olub. Buradakı əzəmətli məscid, mədrəsədən,
Qaraxani dövlətinin paytaxtlarından olan şəhərdən
çox yazıb, çox deyiblər. İndi
o əzəmətdən, o möhtəşəmlikdən, o
gurluqdan tək-tənha bir minarə-qüllə qalıb.
Dünya
mədəniyyətinə və ədəbiyyatına
"Qutadqu bilig" kimi əzəmətli bir əsər
bağışlamış Yusif Has Hacibin doğulduğu
Balasaqun şəhərinin adı qaynaqlarda Qarabalasaqun, Koz
Ordu, Koz Uluş, Kuz Uluş kimi də yazılır. Qaraxanilər dövlətinin ən möhtəşəm
şəhərlərindən olan, ipək yolunun üzərində
yerləşən Balasaqunun xarabalıqları belə
görünmür. Hər yeri ot
basıb. Olduqca məhsuldar torpaqda hər yer
çəmənə, yaşıllığa çevrilib.
943-cü
ildə islam dinini qəbul edən
Qaraxanlı dövlətinin başçısı Satuk
Buğra Qaraxanın hakimiyyəti dövründə Balasaqunda
böyük mədəni və iqtisadi
sıçrayış yaranıb. Şəhər
memarların, sənətkarların, şair və
filosofların mərkəzinə çevrilib. Kərpic istehsalı durmadan artıb. Bişmiş kərpicdən tikilən binalar şəhərə
xüsusi gözəllik verib.
Burana adlandırılan əzəmətli tikilidən həm
azan verilən minarə, həm də gözətçi
qülləsi kimi istifadə edilib. Babalarımızın
yüksək mədəniyyətindən və gücündən
xəbər verən qülləni görəndə nə qədər
qürur duyuramsa, şəhərin xarabalığını
örtmüş çəməni görəndə
halımıza ağlamaq istəyirəm. Bilmədim,
dünyasını dəyişmiş babalarımız
üçün göz yaşı axıdım, yoxsa qüdrətli
babaların yerində qalmış əfəl
övladların gününə ağlayım.
Muzeyin direktoru Jıldız Bakaşova deyir ki, bu qüllənin
başında qaranlıq gecələrdə məşəl
yandırırmışlar ki, çöllə gələn
karvan yolu azmasın, uzaqdan şəhərin harada olduğunu
bilsin.
Abidə nə qədər möhtəşəm və əzəmətli
olsa da, ətrafına düzülmüş balballar ona xələl
gətirir. Müxtəlif yerlərdən yığıb buraya
gətirdikləri balballarla, guya açıq səma
altında muzey yaradıblar. Lakin bu balballar
turistlərin diqqətini o qədər də cəlb etmir.
İstər yerli, istərsə də xarici
turistlər təkəmseyrəkdir.
Muzeyin direktoru Jıldız Bakaşova bir neçə dəfə
Bakıda olub, paytaxtımızdan heyranlıqla
danışırdı. O, qonaqlara bilgi verdikdən sonra bizim yanımıza gəldi.
Azərbaycana və azərbaycanlılara
böyük sayğısını bildirdi. Öyrəndik ki, minarətin
yaxınlığına düzülmüş balballar
invertarlaşdırılıb və haradan gətirildiyi kitabda
qeyd edilib. Amma bunu turistlər bilmir. Məsləhət gördüm ki, balballar öncə
haradaymışsa, orada onların şəklini çəkəydiniz,
onları buradakı qapalı muzeydə göstərəydiniz.
Mən Kaşkarda Yusif Has Hacib Balasaqunlunun məzarını
ziyarət etdiyimi söylədim. Bildirdim ki, bu gün
istəyənlərin çoxu Kaşkara gedə bilmir. Çin hökuməti müxtəlif əngəllər
yaradır. Yaxşı olar ki, Balasaqun
şəhərinin xarabalığının bir tərəfində,
yəni minarənin görüntüsünə xələl gəlməyən
bir yerdə yüngül və ucuz materialdan Yusif Has Balasaqunun
türbəsinin surəti eyni ölçüdə qurula.
Xarici ölkələrdən, xüsusən, Türkiyədən
bu yöndə öyrəniləsi çox şey var. Turistlərin
avtobusdan endiyi yerdə kiçik emalatxanalar yaradıla bilər. Orada
Qırğızıstanın yazılı daşları,
Isık göl, Ata-Beyt və başqa yerlərin təsviri olan
hədiyyəlik əşyalar hazırlanıb satılar.
Yaxında kiçik meyvə-tərəvəz
bazarı olsa, gələnlər yerli məhsullardan alarlar.
Muzeyin daha məzmunlu qurulmasından söhbət
getdiyinə görə direktor da həvəslə dinləyir,
qeydlər edirdi. Ona Türkiyədə yaşayan
araşdırıcı dostumuz, YUNESKO-dakı komissiyaların fəallarından
olan Ocal M.Oğuzun telefonunu verdim və onunla əlaqə
yaratmasını məsləhət gördüm.
Burana muzeyindən ayrılarkən qaça-qaça gələn
bir gənc avtobusa çıxdı və mənim
adımı soyadımı çəkərək salona
göz gəzdirdi. Mən əlimi qaldıranda yaxınlaşıb vizit
kartı verdi. Dedi ki, direktorumuz xahiş
edir, ona məktub yazasınız. Sizinlə məsləhətləşməli
bəzi məsələlər var.
Isık
göl vilayəti
Buranadan ayrılıb Karakola doğru yola
çıxırıq. Karakol həm Isık göl vilayətinin,
həm də onun tərkibindəki Ak-Suu rayonunun mərkəzidir.
Vilayət Isık göl hövzəsini əhatə
edir. Sahəsi 43,1 min kvadratkilometr, əhalisi
500 min nəfərə yaxındır. Bu o deməkdir
ki, vilayətin ərazisi Ermənistan Respublikasının ərazisindən
13,357 min kv.km. çoxdur.
Əhalisinin sayına görə Qırğızıstanın
Oş və Calalabad vilayətlərindən geri qalsa da, ərazisi
Narin vilayətindən sonra ikinci yeri tutur. Vilayətə
Isık göl, Tüp, Tong, Yedi-Öküz və Ak-Suu
rayonları daxildir. Ölkənin dəmiryolu
isə Isık gölün sahilindəki Balıqçı qəsəbəsinədək
uzanır.
Qırğızıstanla Qazaxıstanın sərhəddini
müəyyənləşdirən Çuy
çayının kənarı ilə üzüyoxuşa
gedirik.
Dağlar bol sulu çayı sıxaraq dar
bir yataqla axmağa məcbur edib. Isık gölə
5-6 kilometr qalmış Çuy çayı görünməz
olur. Çuy çayı
başlanğıcını Tərs Ala Too (too dağ
anlamındadır. Biz həmin sözü
rus dilindən aldığımızdan tau şəkilində
yazırıq) dağlarındakı buzlaqlardan alır. Suyu nə qədər bol olsa da, suvarmada istifadə
edildiyindən və Mumqum səhrasının qumluqlarında
batdığından keçmişlərdə olduğu kimi,
duzlu Akjaykın gölünə çata bilmir.
Bizim yolumuz çay yuxarı deyil, sola, gölün kənarındakı
Balıkçı qəsəbəsinə doğrudur. Qəsəbədə
yol ikiyə ayrılır. Biri gölün
güneyi, o biri isə gölün quzeyi ilə gedir. Gölün qüzeyindəki yol dağların
güneyində olduğundan daha işləkdir. Göyçə gölünün sahilindəki
yollar da belədir. Yəni qışda nə
qədər qar-boran olsa da, hava sakitləşən kimi gün
vurub əridir, yollar açılır. Qüzey
yolu isə qışda həmişə donuşluq olur. Gərək oranı tez-tez qardan-buzdan təmizləyəsən.
Qüneydən
Küngöy Ala Too, qüzeydən Təskey Ala Too
dağları ilə əhatələnən Isık
gölü Güney Amerikadakı Titikaka gölündən
sonra dünyanın ən böyük dağ gölü
sayılır. Tektonik çuxurda yerləşən
gölün uzunluğu 182, eni 60 kilometr, sahil boyu isə 988
kilometrə yaxındır. Gölün
orta dərinliyi 278 metr, ən dərin yeri isə 668 metrdir.
Mahmud Kaşğarlı "Divan-i lüğət-i it
türk" əsərində Barsgan (gölün güney sahilində
Barskon qəsəbəsi var) gölünün uzunluğunun 30
fərsəx, eninin 10 fərsəx olduğunu yazır. Ölçmə cihazlarının
olmadığı bir zamanda onun yazdığının
günümüzün ölçüləri ilə
üst-üstə düşməsinə heyrətlənməmək
olmur.
Göyçə gölü ilə Isık göl
bir-birinə oxşasa da, aralarındakı dəniz səviyyəsindən
300 metr fərq ətraf təbiətə, bitki
örtüyünə də təsir göstərir. Hər iki gölün ətrafındakı
çəmənlər stadionların yaşıl
örtüyünü xatırlatsa da, Isık gölün
sahili boyu uzanan yolun kənarında qovaq, qarağac, başqa
ağac və kollar var. Onların arxasındakı alma, armud, gavalı bağları gölün
beş-on metrliyindən dağların yamacınadək
uzanıb gedir. Burada qara gavalı oktyabrda
yetişir. Məhsul o qədər boldur ki, salxım kimi
sallanır və az qalır ki,
ağacların budaqlarını sındırsın.
Gölün güney sahilləri dərin, qüzey sahilləri
isə dayazdır. Ona görə də istirahət yerlərinin,
sanatoriyaların, çimərliklərin əksəriyyəti
qüzey sahillərdədir. Buranı, adətən,
keçmiş SSRİ-nin Antalyası adlandırırlar.
Amma Antalyadakı otellər, xidmət hara,
buradakılar hara. Sovetlər Birliyi
dağıldıqdan buradakı istirahət mərkəzləri,
sanatoriyalar da baxımsız qalıb. Xarici
ölkələrə gedib oradakı xidməti görən
adamlar qiymətləri ucuz olsa belə, buraya gəlmək istəmirlər.
Məcbur qalıb yeni, müasir tələblərə
cavab verən binalar tikməyə başlayıblar. Xaricdən
yatırımcılar, iş adamları dəvət
ediblər. Beləcə Isık gölü
sahillərindəki dincəlmə yerlərində,
sanatoriyalarda bir canlanma yaranmağa başlayıb.
Isık
göl əfsanəsi
Qırğızlar Isık gölü
"Kırğızıstan bermeti (incisi)"
adlandırır və müqəddəs sayırlar. Ruslar gələnə
kimi qırğız, qazax, uyğur və başqa xalqlar burada
çimmirmişlər. Xalq arasında
Isık gölün müqəddəs olması haqqında əfsanələr
dolaşır. Həmin əfsanələrin birində
deyilir: "Bir zamanlar başıqarlı dağlarda su
sonası kimi gözəl bir qız yaşayırmış.
O, həm gözəl, həm də
ağıllıymış. Dünyanın
dörd bir yanından ona elçilər gəlirmiş.
Günlərin bir günü Doğudan Ulan, Batıdan isə
San Taş adlı iki oğlan qıza elçi gəlir. Görənlər, tanıyanlar bu oğlanların
ağlına, bacarığına, igidliyinə heyran
qalırlar. Qız onlardan birini o birindən
seçə bilmir. Çıxış
yolu tapa bilmədiyindən ağlamağa başlayır.
Göz yaşları o qədər axır ki,
dağların arasında göl yaranır. Qız özü isə göz yaşından yaranan
göldə boğulur.
Qızı sevən, ona qovuşmağa gələn
oğlanlar bu xəbəri eşidib evlərinə
dönürlər. Lakin qızın ölümündə
günahı Ulan San Taşda, o isə Ulanda görür.
Qızın ayrılığına tab gətirməyib onlar
da küləyə çevrilirlər. Hərdən
aşiq olduqları qızın yaşadığı yerə
gəlirlər. Onlar gölün üzərində
qarşılaşanda tufan qopur, ətrafı qar-boran
bürüyür. Qırğızlar həmin
vaxtdan Doğudan əsən yelə Ulan, Batı küləyinə
isə San Taş deyirlər.
Ümumdünya tufanından bəhs edənlərin
bir çoxu Nuhun gəmisinin Ağrıdağda quruya
çıxdığını yazır. Buna əsaslanıb
Nuhun oğlu Yafesin də Ağrıdağ ətrafında
dövlət qurduğu fikrini söyləyirlər. Rus alimi
V.Bartold isə hicri 520-ci (miladi 1126) ildə yazılmış
"Mucmil al-tavarix via al-kişaş" əsərini nəşrə
hazırlayarkən ona yazdığı izahlarda qeyd edir ki,
Isık göl kənarında bir dağ var... Türk (Yafesin
oğlu) orada yaşadı... Bir gecə dağın
başında bir od gördü... O dağa Anduk Art
adını verdi..
(Ardı var)
525-ci qəzet.-2018.-25 dekabr.-S.6.