Alim və ictimai xadim
Soltan Əlizadənin 60 illik
yubileyi qeyd olundu
Buzovna
qəsəbəsində yerləşən Ruhulla Axundov
adına Mədəniyyət Evində Qafqaz Müsəlmanları
İdarəsinin Xəzər rayonu üzrə qazisi, İdarənin
nəzdində Elmi-Dini Şuranın üzvü, Azərbaycan
Yazıçılar və Jurnalistlər birliklərinin
üzvü Hacı Soltan Əlizadənin 60 illik yubileyi qeyd
edilib.
Bu barədə Azərbaycan Yazıçılar Birliyi (AYB) Xəzər bölməsindən Ülviyyə İsrafilova məlumat verib.
AYB Xəzər bölməsi və Mədəniyyət
Evinin birgə təşkilatçılığı
ilə gerçəkləşən tədbir yubilyarın ömür yolunu əks
etdirən qısa filmlə başlayıb.
Çıxışında S.Əlizadə
haqqında fikirlərini bölüşən Şeyxülislam
Hacı Allahşükür Paşazadə
ürək sözlərini, təbriklərini dilə gətirib.
Akademik Vasim
Məmmədəliyev Hacı Soltanın elmə, təhsilə
böyük qiymət verən biri olduğunu
vurğulayıb: "Buzovna qədim kənddir.
Buradan böyük insanlar, riyaziyyatçılar, tarixçilər,
alimlər çıxıb. Soltan
bunları özündə birləşdirən adamdır. O
elə bir insandır ki,
hansı sahəyə aid olduğunu
demək olmaz. İdman
haqqında belə kitabı var.
Haqqında deyilən bütün xoş sözlərə layiqdir".
"Soltan Əlizadə
işığı Azərbaycan boydadır" - deyən akademik Rafael Hüseynov bu günü bayram
adlandırıb: "İlk dəfədir
ki, qəlbən mənə yaxın olan Buzovna kəndində bu qədər buzovnalının
qarşısında dayanmışam. Bu gün əslində, bayram
günüdür və yalnız bura toplaşanların bayramı deyil. Bu gün
Azərbaycanın maarifpərvər insanının,
işıqlı bir ziyalısının
bayramıdır. Əslində, həm də kitabın
bayramıdır. Çünki o, Azərbaycana onlarla kitab bəxş
edib". Tədqiqatçı alimi mərifət dəryasında üzən
arifə bənzədən akademik:
"S.Əlizadə nadir üzgüçüdür
ki, dəryadan dürlər, sədəflər
çıxarır, insanlara hədiyyə
edir"- söyləyib.
Soltan Əlizadənin otuz kitabından iyirmi beşinin ilk oxucusu olduğunu vurğulayan filologiya elmləri
doktoru Asif Rüstəmli:
"Bu kitabların hər biri
oxucularının stolüstü
kitabıdır" - deyib. AYB Xəzər
Bölməsinin sədri Arif Buzovnalı
nitqində S.Əlizadənin bir tədqiqatçı,
ədəbiyyatçı, səyyah, şair,
həkim, idmançı, ilahiyyatçı olduğunu
söyləyib. Daha sonra
yubilyar AYB adından ədəbiyyatdakı
xidmətlərinə görə təşəkkürnamə
ilə təltif edilib.
S.Əlizadə
haqqında xoş düşüncələrini dilə gətirən
"Dədə Qorqud" Milli Fondunun rəhbəri, "Azərbaycan
dünyası" jurnalının baş redaktoru Eldar
İsmayılov, Əməkdar rəssam Rafael Muradov, tədqiqatçı
Firudin Qurbansoy, Xəzər RİH-nin İctimai-Siyasi və
Humanitar Məsələlər
şöbəsinin müdiri Gülbala Qurbanov, 125
saylı məktəbin direktoru Zeynəb Əliyeva və digərləri
S.Əlizadə ilə bağlı fikirlərini dilə gətiriblər.
Tədbir bədii hissə ilə davam edib, xanəndələr Aqil və Hüseyn Məlikovların, "Əhli-beyt" qrupunun ifaları dinləninlib.
Şahanə
MÜŞFİQ
525-ci qəzet
2018.- 25 dekabr.- S.7.