Şahmar
Əkbərzadənin bənzərsizliyi
UNUDULMAZ ŞAİRİMİZİN
XATİRƏSİNƏ DƏRİN EHTİRAMLA
İFTİXAR
Sənətşünaslıq üzrə
fəlsəfə doktoru, Əməkdar mədəniyyət
işçisi
iftihar-piriyev@mail.ru
14 may
2001-ci ildə yazdığım bu yazı, Azərbaycanın
görkəmli şairi, bənzərsiz insan Şahmar Əkbərzadə
ilə mənim ilk və son görüşümün,
dadı damaqda şirin-şirin göynəyən, ləzzətli
bir giziltiyə bənzəyən tarixcəsini yaşadır
yaddaşımda.
Bu görüş bir
an içində ildırım sürəti ilə parlayan,
sönən sevgi işığı kimi yandı və
söndü ömrümdə. Qaranlığa
qərq etdi ürəyimdən bu qeyri-adi insana, qeyri-adi
şairə, qeyri-adi dosta tuşlanan yolun bütün istiqamətlərini.
Bu görüş nə idi? Yuxu idimi? İlğım idimi?
Xəyal idimi? Gerçək
idimi, yoxsa gerçəkdən doğulub yoxluğa çevrilən
bir qəza idimi? Yoxsa gerçək
libasında görünən yoxluq idimi? Bəlkə
bu görüş mənim ürəyimi göynətmək
üçün yollanmış bir cəza idi. Axı mən heç vaxt, heç bir dostuma xəyanət
etməmişəm, nə üçün cəzalanmalı
idim? Əksinə, həmişə mən
xəyanətlə rastlaşmışam və xəyanətkarı
anlatmağa çalışmışam, ancaq heç vaxt cəzalandırmamışam.
Allaha ismarlamışam. Çünki
"alan da Allahdır, verən də Allah!" hikməti mənim
üçün alidir.
Axır
ki, bu görüş nə idisə, tək bircə onu bilirəm
ki, heç zaman unudulmayan, bir anlıq gələn və hər
an gözlərimin önündə
yanıb-sönən ulduz gözündən boylanan parlaq bir
baxış idi bu görüş.
Bu görüş, özümü tanıyandan bu
günə qədər hər gün bir yerdə olmuş
olduğum, ən çox sevdiyim insanı itirmək qədər
məni təsirləndirən bir sonluqla nəticələndi.
Bu görüş, mənim xatirimdə özünə əbədi,
həm də xüsusi rənglərlə boyanaraq yer
tutmuşdur.
Bu görüş, insanın həyatında ona ruhsal
rahatlıq verən ən dəyərli hadisə qədər
bir ovqat yaratmışdı könlümdə.
Bu
görüş, Nizami Gəncəvinin, Məhəmməd
Füzulinin, İmadəddin Nəsiminin, Molla Pənah Vaqifin,
Aşıq Ələsgərin, Hüseyn Cavidin, Mikayıl
Müşfiqin, Cəfər Cabbarlının, Məhəmməd
Hüseyn Şəhriyarın, Səməd Vurğunun, Rəsul
Rzanın, Vaqif Səmədoğlunun, Ramiz Rövşənin
şeirlərindən aldığım qida qədər
orijinal dəyərə malik bir tarixi anı idi
ömrümün.
Bu
görüşün ruhsal gücü ən qəddar
insanın belə ürəyinə mərhəmət salmaq
qüdrətinə qadir bir nüvə potensialına malik, ipək
kimi yumşaq bir əhval idi...
Az-çox şeirlərinə bələd
olmağıma baxmayaraq, ilk dəfə
görüşürdüm bu məlhəm insanla. "Bəli,
məlhəm!" - dedim. Onun bütün
varlığında bir rahatlıq ruhu yaşadığı
aydın görünürdü...
2001-ci ildə
yazdığım, lakin çap etdirmədiyim bu nisgil dolu
yazını oxuduqca həmin günlər ömrün ən dəyərli
anlarını xatırladan tablolar kimi gözlərimin
önündə dayanıb böynubükük xatirələrlə
mənə baxırdı...
Biz o
dövrdə Mədəniyyət naziri vəzifəsində
çalışan Polad Bülbüloğlunun rəhbərliyi
ilə 2000-ci ilin 5 fevralında Gəncə Teatrının təmirdən
sonrakı təntənəli açılışı və
Mingəçevir Teatrının yubileyi ilə bağlı səfər
zamanı tanış olduq. Cəmisi
iki günümüz bir yerdə keçdi. Lakin bu iki gün illərə bərabər bir tarix
kimi yapıldı ömrümə. Səfərdə az bir nümayəndə heyəti ilə təmsil
olunurduq. Biz səhər saat 8.00-da Hökumət
Evinin qarşısında səfər üçün bizə
ayrılmış minibusa əyləşdik. Nazir müavini, nazirliyin iki əməkdaşı,
rejissor, Xalq artisti Azərpaşa Nemətov, mərhum Şahmar
Əkbərzadə və mən. Təsadüfən
Şahmar müəllimlə mən yanaşı oturmuşduq.
Hər kəs öz gördüklərindən,
eşitdiklərindən, bildiklərindən və xatirələrindən
danışa-danışa yol gedirdik. Şahmar
müəllim çox məzəli, duzlu əhvalatları bənzərsiz
şirinliklə söyləyirdi. O, elə hadisələri
ləzzətlə nəql edirdi ki, adamı sanki tilsimə
salırdı. Ən qüdrətli aktyor belə
onun kimi həzz verici danışa bilməzdi. Biz hamımız onu heyranlıqla dinləyirdik.
Söhbətinin bitməsini istəmirdik...
Yol gedərkən eşitdik ki, iki gün əvvəl
Xalq artisti Mikayıl Mirzənin qardaşı
dünyasını dəyişib. Ağsuya çatarkən,
yolüstü, başsağlığı vermək
üçün onlara döndük. Bir qədər
sükutdan sonra mən, mərhumun oğlu, yəni
Mikayılın qardaşı oğlu Mahirlə (nə
yazıq ki, hazırda Mikayıla da, Mahirə də mərhum
demək məcburiyyətindəyəm! Ruhları
şad olsun!) uzun sükutdan sonra bir qədər
şirin xatirələri yada saldıq. Şahmar müəllim
bizə yaxın oturmuşdu deyə bizim gizli
zarafatlarımıza xeyli ləzzətlə güldü və
"mən birinci dəfədir ki, yas yerində bu qədər
gülürəm" - dedi. Əlbəttə,
mən bütün bu xatırlamaları Mahirə təskinlik
üçün və onu neçə günkü
ağırlıqdan çıxarmaq üçün yada
salırdım. Və bu xatirələr, Mahir
üçün təsəlli təsirli yumşaq bir əhval
yaradırdı...
Yolumuza davam etdik. Şahmar müəllim dönə-dönə mənim
haqqımda xoş sözlər söylədi: - "Çox təəssüf
ki, mən İftixarı bu vaxta qədər
tanımamışam. Bu nə maraqlı adam
imiş. Ümumiyyətlə, düz deyiblər ki, adamı
yolda tanımaq lazımdır..."
Əlbəttə,
Şahmar müəllimin dilindən deyilən bu xoş
sözlərin mənim üçün böyük dəyəri
var idi...
Özünün
bütün insani keyfiyyətləri, böyük şair
ürəyi ilə əhatəsində olan insanların ürəyində
isti yer tuta bilən Azərbaycanın
böyük oğlu, gözəl şairi Şahmar Əkbərzadədən
aldığım təəssürat məndə belə bir
fikir formalaşdırırdı ki, bu maraqlı insan mütləq
oturduğu bütün məclislərin sövq-təbii
yaraşığına çevrilə bilir. Və
bizim bu tarixə çevrilən unudulmaz səfərimizdə
də Şahmar müəllim duzlu-məzəli, maraqlı
söhbətləri və şirin danışığı
ilə hər zaman diqqət mərkəzində oldu.
Şahmar müəllim Bəxtiyar Vahabzadəni çox
sevirdi. Əlbəttə, bu sevgi qarşılıqlı
idi. O, Bəxtiyar müəllim haqqında xeyli maraqlı
əhvalatlar danışdı. Böyük
qırğız yazıçısı Çingiz Aytmatovla
dostluğundan, maraqlı görüşlərindən
söhbət açdı. Beləcə,
yolun kələyini kəsdik. Gəncədə
bizi xüsusi nümayəndələr qarşıladı.
Öncə nahar süfrəsinə dəvət aldıq, sonra
Gəncə Teatrının binasına getdik. Gözəl
təmir olunmuşdu. Teatrşünas-alim
professor İlham Rəhimli də qarşılayanlar arasında
idi. O, bir gün əvvəldən getmişdi. Teatrın bədii rəhbəri və direktoru Rafiq
Atakişiyev (təəssüf ki, mərhum!) təntənəli
görüşü açıq elan etdi. Gəncə Şəhər İcra Hakimiyyətinin
başçısı Rasim Daşdəmirov və Mədəniyyət
naziri Polad Bülbüloğlu səhnəyə dəvət
olundular. Onların lakonik
çıxışlarından sonra Teatr Xadimləri
İttifaqının o zamankı katibi Azərpaşa Nemətov
İttifaqın adından rəsmi məktubla kollektivi təbrik
etdi. Sonra söz mənə verildi. Mən Tiflis Dövlət Azərbaycan Dram
Teatrının bərpa rəhbəri kimi Tiflis teatrı
adından binanın təmirdən sonrakı
açılışı və Rafiq Atakişiyevin 60 illik
yubileyi münasibəti ilə rəsmi təbrik məktublarımı
oxudum (Maraqlıydı ki, icra başçısı və
nazirdən sonra heyət arasından yalnız iki nəfərə
çıxış imkanı verilmişdi). Rəsmi hissədən sonra biz, teatrın
hazırladığı bədii proqramı izlədik. Tədbirdən sonra nümayəndələrin şərəfinə
açılmış ziyafətə qatıldıq. Teatr salonunda da, ziyafətdə də biz Şahmar
müəllimlə yanaşı oturmuşduq. Hərəkət zamanı biz nə qədər də
ayrı düşsəydik, demək olar ki, artıq sövqi-təbii
olaraq, dərhal bir-birimizi tapırdıq.
Rasim
Daşdəmirov ev sahibi olaraq ziyafət məclisini
açıq elan etdi. Bir gün əvvəl Polad müəllimin
Bakıda Heydər Əliyev adına
Respublika Sarayında solo konserti olmuşdu. O konsertin təəssüratları
bölüşüldü. Həmin konsertdə
mən də iştirak etmişdim. Hətta
Gürcüstanın Mədəniyyət naziri Valeri Asatiani də
konsertə təşrif buyurmuşdu və konsert müddətində
Tiflis Azərbaycan Teatrının bərpa rəhbəri olaraq
mötəbər qonağı mən müşayiət
edirdim. İndi konsert barədə söhbət
düşərkən nədənsə Polad müəllim
Asatianini xatırladı və üzünü mənə
çevirib, "İftixar, Asatiani üçün
bugünkü tədbir də maraqlı olardı, elə
deyilmi?.. Gərək dəvət edəydik
və buradan da aparıb sərhəddən yola
salardıq..." - dedi. "Bu tədbir
doğrudan da onun üçün çox maraqlı olardı..."
- deyə, mən, ayağa qalxaraq, Polad müəllimin fikrini təsdiqlədim.
Polad müəllim, "Mənim başım
qarışmışdı, gərək siz yada
salaydınız..." - deyə, təəssüflə
başını buladı. Azərbaycan İncəsənətinin
şərəfinə badə qaldırılandan sonra Tiflis
Dövlət Azərbaycan Dram Teatrının bərpa rəhbəri
kimi, Gürcüstandan gələn nümayəndə qismində
iştirak etdiyim üçün, Azərbaycanın
Gürcüstanda teatr təmsilçisi olaraq mənimlə
bağlı sağlıq deyildi. Polad müəllim
ayağa durdu (Bu hadisə, heç vaxt unutmayacağım,
görkəmli Polad Bülbüloğlunun mənə olan
sayğısı, sevgisi kimi, Şahmar Əkbərzadə ilə
ilk görüşümün enerjisi qədər tutumlu
yükə malik bir tarixdir!). Təvazökarlıqdan
nə qədər kənar da olsa, bu yazımda, bu hadisəni də
məmnunluqla xatırlamağı özümə borc hesab
edirəm. Bu faktın o zaman üçün də, elə
indi də, məndən ötrü çox böyük dəyəri
var. Polad müəllimin dediyi: "İftixar həqiqətən
də bizim başımızı Tiflisdə göylərə
qaldırıb! O, Tiflis Teatrının bərpasında
gürcü dostlarımızın oynadığı oyunlara
qarşı çox cəsarətli və sərrast iş aparır
və mən inanıram ki, Tiflis Teatrı bərpa olunacaq! İftixar, sənin şərəfinə, möhkəm
ol!" - sözləri bu gün hörmətlə yada
salmağın yeri var. Əlbəttə, Polad
Bülbüloğlunun buna ehtiyacı olmasa da, Tanrı həqiqətinin
bütün yüsəkliklərdən ucada olduğunu dərk
etdiyim üçün, hesab edirəm ki, olan həqiqətlər,
haqq naminə mütləq xatırlanmalıdır.
Mən, nazirin - Polad Bülbüloğlu kimi görkəmli
şəxsiyyətin, haqqımda dediklərinə biganə
qala bilməzdim deyə, cavab nitqi söyləmək qərarına
gəldim. Əl qaldırıb söz aldım. Öncə Polad müəllimi həm dünənki
möhtəşəm konserti, həm də yenicə, növbəti
dəfə Türksoy kimi mötəbər bir qurumun rəhbəri
seçilməsi münasibəti ilə təbrik etdim. Və onun, TÜRKSOY-a növbəti dəfə rəhbər
seçilməsindən doğan yüksək
duyğularımı paylaşdım. Əslində,
bu hadisənin Tiflis şəhərində, yad millət
arasında məndə yaratdığı təəssüratlarımı
məktub şəklində Polad müəllimə,
seçimdən dərhal sonra ünvanlamışdım.
Nitqimin sonunda mən, haqqımda deyilən
yüksək fikirlərə görə minnətdarlıq
bildirdim və əlimdəki badəni simvolik şəkildə
yuxarı qaldırıb, içmədən masaya qoydum. Nitqimin bitdiyini görən Şahmar müəllim
yavaşca qolumdan sıxdı. Mən
gözucu ona baxarkən, o, ehmalca, baxışları ilə mənə
çıxışımı bəyəndiyini bildirdi.
Polad müəllimin TÜRKSOY-a rəhbər
seçilməsi ətrafında olan söhbətdə
maraqlı fikirlər söylənildi. Şahmar
müəllim də özünəməxsus amiranə
danışığı ilə məclisin diqqətini uzun
müddət özündə saxladı. Onun
danışığından doymaq olmurdu. İllah
da öz şeirlərini əzbərdən söylədikcə,
həm gözəl diksiyası, məlahətli səsi, həm
də özünəməxsus şirin ləhcəsi ilə ətrafındakıları
heyran qoyurdu.
Biz səfər zamanı Şahmar müəllimlə bir
otağa düşmüşdük. Bütün
bunların hamısı - minibusda yanaşı
oturmağımızdan başlamış, ta sona qədər
bərabər olmağımız, qəribə və
maraqlı bir təsadüf olsa da, sanki bir qanunauyğunluq,
mistik hökm idi. Şahmar müəllimin
çox gözəl əhvalı vardı. Biz demək olar ki, səhərə qədər
yatmadıq, maraqlı söhbətlər etdik. Daha doğrusu, mən Şahmar müəllimin
maraqlı söhbətlərini dinlədim. Yaddaşımda olan bir neçə şeirimi ona əzbər
söylədim. Şeirlər ona xeyli
maraqlı gəldi deyə, Bakıya döndükdən sonra
bir neçəsini rəhbəri olduğu "Mədəniyyət"
qəzetində çap etdi.
Səhərisi Mingəçevirə yollandıq. Yenə də
Şahmar müəllimlə, o ipək insanla yanaşı
oturmuşduq. Deyə-gülə yol gedirdik.
Mingəçevirə çatar-çatmaz, birdən-birə
Şahmar müəllimi bircə anın içində tər
basdı. Suya batdı. O, üst
köynəyinin yaxasını açdı. Dərindən
nəfəs almağa başladı. Biz nə
baş verdiyini anlaya bilmədik. Mən
gördüm ki, onun üst köynəyi də, alt köynəyi
də qan-tər içindədir. "İşə
bax, əlavə alt köynəyi götürməmişəm"
- dedi. Doğrusu, mən də götürməmişdim.
Lakin tez əynimi soyundum və alt köynəyimi
çıxarıb ona verdim. Götürmürdü,
məcbur etdim. Sonra da çantamdan dəsmal
çıxartdım. O, əynini qurulayıb, mənim
alt köynəyimi və öz çantasından
çıxardığı üst köynəyini geyindi.
"Nə yaxşı rahatlandım, ayə" - dedi. Mənə
təşəkkür bildirdi... "Köynəyini
də əlindən aldım, bəs sən nağayrassan?"
- deyib,
gülümsədi...
... Və
sən demə, bu köynək bizim əbədi ayrılıq
nişanəmiz imiş... Tədbir zamanı yenə
də həmin tərkibdə təbriklər Mingəçevir
teatrının 30 illik yubileyinə və teatrın baş
rejissoru Zülfüqar Abbasovun 60 illik yubileyinə həsr
olundu. Mən yenə də Tiflis Azərbaycan
Teatrının adından rəsmi təbrik məktublarımı
oxudum...
Şərəfimizə
açılmış ziyafətdə Mingəçevir Şəhər
İcra Hakimiyyətinin başçısı, eloğlum,
dostumuz Məhəbbət Qarabağlı (təəssüf
ki, mərhum!) tədbirin davamı kimi öz ürək
sözlərini söylədi. Hamının
şərəfinə gözəl sözlər deyildi. Şahmar Əkbərzadənin
çıxışı bambaşqa idi. Hamı
ürəkdən alqışladı. Polad
müəllim onun bu duzlu, şirin nitqindən sonra Şahmar
müəllimə olan dərin hörmətinin təzahürü
kimi ürək sözlərini söylədi. Sonra yenə də növbəti sağlıqlardan
biri, Tiflis Azərbaycan Teatrının bərpa rəhbəri
kimi mənə həsr olundu. Buradakı
hadisə mənim bütün ruhuma hakim kəsildi. Məhəbbət
Qarabağlı "İftixar bizim qardaşımızdı!..." - deyə, sözünə başlayan
kimi, Polad müəllim onun sözünü, üzr istəyərək,
kəsdi və "Iftixar bizim hamımızın
qardaşıdı!" - deyərək, mənim
Tiflisdəki fəaliyyətim barədə ağız dolusu
danışdı. Nitqinin sonunu belə yekunlaşdırdı:
"İftixar, qoçaq ol, Tiflis Teatrının taleyi səndən
asılıdı. Biz sənə güvənirik!"
Dünənki
hadisənin bugünkü davamı və xoş nəticə,
mənə, mənim üzərimdə nə qədər
böyük etimadın olduğunu diqtə edirdi... üstəgəl,
Şahmar müəllimin incə təbəssümlə
qulağıma pıçıldadığı "Nazirin sənə
belə isti münasibətinin dəyərini bil" - sözləri
məni daha da məsuliyyətli olmağa
çağırırdı. Sevindirici olan əsas
məqam isə budur ki, Tiflis Dövlət Azərbaycan Dram
Teatrı bu gün uğurla fəaliyyət göstərir və
ulu öndər Heydər Əliyevin adını
daşıyır.
Ancaq mənə ən çox xoş təsir
bağışlayan o idi ki, Şahmar müəllim
bütün bunlara yalnız sevinirdi, özü də ürəkdən,
səmimi olaraq sevinirdi. Sevincini həm də açıqca izhar edirdi... Məni öz yüksək alicənablığı
ilə sözün əsl mənasında heyrətləndirən,
valeh edən və bir daha özünə böyük hörmətlə,
məhəbbətlə bağlayan o ipək insan - Şahmar
müəllim həmin anda məni bağrına basdı və
bütün məclisə ürək dolusu həyəcanla səsləndi:
"İftixarı mən vur-tut bircə gündü ki,
tanıyıram, amma mənə elə gəlir ki, çoxdan
tanıyıram. Ona çox qanım qaynadı... Sənə bu şərəfli
işində uğurlar arzulayıram, qardaş!.."
- dedi. Belə ürək dolusu sevgi və sevinc hissi ilə səslənmək
qüdrətinə yalnız Şahmar ürəkli, Şahmar
xislətli və Şahmar mənlikli istedadlı, müdrik,
qayğıkeş və düz əməlsahibi olan insanlar
malik ola bilirlər... Həyatımın
bir anının geri qaytarılma qüdrətini mənə nəsib
edən qüvvə olsaydı və seçim etmək
fürsəti verilsəydi, yalnız Şahmar Əkbərzadənin
bu xalis insani rəftarının canlanmasını
üstün tutardım. İnsan insanın
xoş anına bu qədər ürəkdən və
varlığı ilə sevinirsə, əsl insan və
insanlıq budur. Şahmar müəllim əsl insan idi!..
... Biz Bakıya gecə çatdıq. Elə bil bu gecənin üzündə qaranlıq deyil,
bir nur var idi. Ay öz səxavətini ulduzlarla birgə
gecəyə ərməğan etdiyi kimi, bizim də
içimizdə iki günlük səfərin bəxş
etdiyi ürək dolousu xoş əhval yaradan hisslər
cövlan edirdi. Yorğunluqdan gileylənənlər,
susqun oturanlar da var idı. Hər halda Şahmar
müəllim də mən də xoş ovqatda idik. Gecənin nuru ilə bizim daxili dünyamızda
parlayan nur bir-birini cəzb edirdi. Şahmar müəllimin:
"Ayə, bu nə gözəl gecədi... Elə
bil gecənin üzündən nur yağır..." kəlmələri
mənim də keçirdiyim hisslərin təcəssümü
idi. Və gecənin nurunu da məz
Şahmar müəllim ifadə etdi. Amma eyni zamanda, sanki
bir qəriblik də yağırdı gecənin ruhundan...
Bir neçə gündən sonra mən Şahmar müəllimi
ziyarətə getdim. Biz onun baş redaktoru olduğu "Mədəniyyət"
qəzetindəki kabinetində görüşdük. Xeyli söhbət etdik. Səfərdəki
xoş anları xatırladıq. Mən ona, səfər
boyu mənə bəxş etdiyi bütün xoş münasibətə,
unudulmaz təssüratlara görə təşəkkürlərimi
bildirdim... Şahmar müəllimin mənim
üçün əvəzi olmayan, yüksək əyarlı
dəyərə malik bir insan olduğunu bildirdim. Şeirlərimi gətirəcəyimi söz
vermişdim, iki şerimi təqdim etdim. O zamanlar "Mədəniyyət"
qəzetində çox az halda şeir
çap olunmasına baxmayaraq, şeirin ikisini də qəzetin
ayrı-ayrı saylarında çap etdi.
Bir
neçə gündən sonra, 2000-ci iln 30 avqusunda tufan qopdu,
sanki yayın oğlan çağında qalın bir qar
yağdı ruhuma... Təzəcə öyrəşmək
istədiyim, bənzərsizliyi ilə məni özünə
möhkəm bağlamış, hələ uzun illər
dostluq etməyə hazırlaşdığım bu qüdrətli
İNSANI, boyük şairi Şahmarı qəfl ürək
tutmasından itirdim... İtirdik!.. Elə
bil başıma bir qucaq daş ələndi... nə qədər
ağır, çətin idi bu itki ilə barışmaq... Bəlkə də, səfər zamanı onu basan o tər,
Şahmarın ömründə baş verəcək gələcək
zəlzələni əvvəlcədən xəbər verən
təkan kimi, onun ürəyinin ağrılarını bildirən
vəlvələ imiş. Bəlkə də, elə o
anda Şahmar müəllim gizli infarkt keçirmişdi, nə
bilim... Amma heç hiss etdirmədi. Bəlkə də
azacıq hiss etdirsəydi, anlamaq, qarşısını almaq
olardı. Özünü tox tutdu... Kaş hiss etdirəydi...
Yeri hələ
də ürəyimdə pırıl-pırıl titrəyən
görüşümüzün, dadı damağımda
şirin-şirin göynəyən, ləzzətli giziltiyə
bənzəyən, heç zaman unudulmayan və hər an
gözlərimin önündə yanıb-sönən bir
baxışa bənzəyən əziz dostum, qardaşım,
xalqımızın dəyərli oğlu, qüdrətli
şairi Şahmara "Ruhun şad olsun, ipək adam, həlim
insan, nurlu kişi!!!" deyirəm. Və içimdə
göynəyən bir yarpaq şeirimi ifadə edirəm:
Nur
üstünə yağan nur kimi
qar
üstünə yağan
yağışa bənzəyir bu bənzərsizlik...
Bu bənzərsizlik
içində
ümidlərim çilik-çilik...
... Bu ümidlər, bir işıqdır,
olsa belə birgecəlik...
Bir əbədi həqiqətdir
Şahmar adlı,
ziya dolu,
şeir dolu bu gerçəklik!..
525-ci qəzet.-2018.-25 dekabr.-S.7.