Miniatür Kitab Muzeyində Elmira
Əliyevanın kitabının təqdimatı oldu
Miniatür Kitab Muzeyində Azərbaycanın Əməkdar jurnalisti, "Şöhrət" ordenli Elmira Əliyevanın kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, muzeyin
təsisçisi və
yaradıcısı, Əməkdar
mədəniyyət işçisi
Zərifə Salahova mərasimdə çıxış
edərək təqdimatı
keçirilən nəşrin
tanınmış jurnalistin
dördüncü kitabı
olduğunu bildirib. O deyib:
"Biz Elmira Əliyeva ilə
artıq uzun illərdir ki, əməkdaşlıq edirik.
Elmira Əliyevanın məqalələrindən ibarət
növbəti topluda Vətəninə şöhrət
qazandıran Azərbaycan
xalqının görkəmli
nümayəndələri haqqında
parlaq məqalələr
təqdim edilib.
O, həmin insanların
hər biri haqqında çox maraqlı əhvalatlar danışa bilər".
İkicildlik topluda təqdim edilən məqalələrində
jurnalist öz xatirələrini və düşüncələrini də
bölüşüb.
Elmira xanımın yazılarının
əsas qayəsini insan, onun gördüyü
işlər, üzləşdiyi
problemlər, iştirak
etdiyi hadisələr,
yaşadığı zaman
təşkil edib.
Milli Məclisin
deputatı, Azərbaycanın
Xalq yazıçısı
Elmira Axundova qeyd edib ki, Elmira xanımın kitablarını
Azərbaycan mədəniyyətinin
ensiklopediyası adlandırmaq
olar.
Yazıçı Natiq Rəsulzadə,
Əməkdar jurnalist
Qalina Mikeladze, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova,
Xalq artisti Xuraman Qasımova, rejissor Ziya Şıxlinski,
Əməkdar mədəniyyət
işçisi, professor Röya
Tağıyeva və digərləri çıxışlarında
Elmira Əliyevanın böyük
istedadından, ölkənin
müstəqillik illərində
salnaməyə çevrilən
məqalələri və
kitablarından danışıblar.
Artıq yarım əsrdən çoxdur ki, o, mədəniyyətdən, elmdən,
Azərbaycan ziyalılarından
yazır. Onun məqalələrindən ibarət böyükhəcmli
cildlərdə Azərbaycanın
tarixi əks olunub. Elmira Əliyeva
öz materiallarında
mövzu ilə bağlı dərin biliklər nümayiş etdirib və son dərəcə dəqiq təhlillər aparıb.
Məhz onun sayəsində məqalələrin qəhrəmanları
daim yaddaşlarda qalacaq.
Birinci kitab "Şəxsiyyətlər"
fəsli və Azərbaycan xalqının
ümummilli lideri, böyük vətənpərvər
və siyasi xadim Heydər Əliyevin anadan olmasının 95 illiyinə
həsr edilmiş
"Onun ən böyük irsi müstəqil Azərbaycandır"
sərlövhəli məqalə
ilə açılır.
Müəllif Ulu Öndərin siyasi uzaqgörənliyi barədə
təəssüratlarını dəfələrlə bölüşüb
və onun quruculuq fəaliyyətində
hər dəfə yeni nə isə
kəşf edib: müasir Azərbaycanın
çiçəklənməsinin əsasını qoymuş
neft müqavilələri,
ölkədə bərqərar
edilmiş sabitlik, Ermənistanla müharibədə
atəşkəs əldə
edilməsi, Azərbaycan
diplomatiyasının nailiyyətləri,
ardıcıl həyata
keçirilən iqtisadi
islahatlar, mədəniyyətin
inkişafı.
E.Əliyeva həmişə mətbuat
nümayəndələri ilə
ünsiyyət saxlamağa
hazır olan Heydər Əliyevlə görüşləri barədə
də xatirələrini
bölüşüb.
Elə həmin
bölmədə "Hər
birimizin Prezidenti. İlham Əliyev:
o, əsası böyük
sələfi tərəfindən
qoyulmuş yaxşı
nə varsa, hamısını dərinləşdirib
və inkişaf etdirib" sərlövhəli
məqalə yer alıb. Müəllif məqalənin sərlövhəsinə
aydınlıq gətirərək
deyir ki, bununla o, Prezidentin çoxşaxəli fəaliyyətini,
onun beynəlxalq miqyasda, iqtisadi, sosial və mədəniyyət sahələrində
fəaliyyətini vurğulamaq
istəyib. Axı, Azərbaycan
vətəndaşı kimi
hər birimizin taleyi onun fəaliyyətindən
çox asılıdır.
"Nur və şəfqət bəxş
edən" adlı oçerk Azərbaycanın
birinci xanımı Mehriban Əliyevaya, onun bütün dünyada təqdir edilən nəcib işlərinə, mədəniyyət,
təhsil, səhiyyə
məsələlərinə xüsusi diqqət yetirən Heydər Əliyev Fondunun fəaliyyətinə həsr
olunub.
"Yüksək insani
keyfiyyətlər carçısı"
sərlövhəli məqalə
görkəmli oftalmoloq-alim,
akademik Zərifə Əliyevanın ad gününə
həsr edilib. Müəllif Zərifə xanımın
maraqlı hadisələrlə
zəngin həyatından
söz açır.
Səkkiz fəsildən ibarət bu kitablar mövzu
və janr rəngarəngliyi ilə seçilir. "Şəxsiyyətlər",
"Vətəni şöhrətləndirən
azərbaycanlılar", "Maraq doğuran nəşrlər", "Miniatür
kitablar və onların qəhrəmanları",
"İncəsənət", "Dostlar, həmkarlar, həmfikirlər", "Özlərindən
sonra xeyirxah iz qoyub getdilər",
"Xatirələr...Düşüncələr"
bölmələrində yer
alan məqalələr
istedadlı jurnalistin yaradıcılığı haqqında
dolğun təsəvvür
yaradır.
AZƏRTAC-ın müxbiri Ətrabə Rzayeva qeyd edib ki,
Elmira xanım Əliyeva
özünün jurnalist
yaradıcılığının son 23 ili məhz
bu qurumla bağlıdır: "O, hansı
vəzifəni tutmasından
asılı olmayaraq, ömrünü sərf etdiyi yaradıcılıqdan
heç vaxt, hətta təqaüdə
çıxdıqdan sonra
da ayırmayıb. Bizə də bu istedadlı
söz ustası və gözəl müəllimlə yanaşı
işləmək xoşbəxtliyi
nəsib olub. Biz ondan çox
şey öyrənmişik.
Çətin jurnalist peşəsində
arxanda müəlliminin
olması, onun vaxtlı-vaxtında məsləhət
verməsi, özünün
nümunəsi ilə
məsuliyyətli, diqqətli
olmağa, müşahidəçiliyə
və doğruluğa
öyrətməsi çox
mühümdür. AZƏRTAC-ın kollektivi Elmira xanımı daima xatırlayır və sevir, ona uzun
ömür və böyük yaradıcılıq
uğurları arzu edirik".
Sonda Elmira
xanım tədbirin təşkilatçılarına və
iştirakçılarına minnətdarlığını bildirib.
525-ci qəzet.-2018.-25 dekabr.-S.7.