Şairlərin ruh dostu

"Ulduzlar göylərin poeziyasıdır" - deyirdi Lord Byron. Göylərin poeziyasını görmək olur onun şeirlərində... Sanki ulduzlar səpələnir misralara, ayın nuru qarışır sənin gözlərinin nuruna, günəş zər telləri ilə çevirir vərəqləri...

sən oxuyursan. Oxuduqca gözlərinin önünə üzü nurlu, abırlı, həyalı, sakit, istedadlı bir şair gəlir. Bu şair Əbülfət Mədətoğludur...

 

Pəncərəmlə öpüşür

Sübhün bəyaz işığı.

Bu işıq pəncərəmin

- Sevgilisi, aşiqi...

Sarılıb bir-birinə

Danışırlar sevgidən.

Gecəsə pəncərəmi

Aydı narahat edən.

Olub sevgi dəlisi

Yoldan yığmır gözünü...

Tükənsə təsəllisi

Çatladacaq özünü -

Pəncərəm!

 

Bu, Əbülfət Mədətoğlunun çox sevdiyim şeirlərindən biri olan "Pəncərəm"dir.

 

"Bir qadına... hamıya" yazdığı şeirləri oxuyuram. Şeirlər adamı çəkdikcə çəkir... Uzaqlara aparır. Bu uzaqlarda öz ruhunla yenidən görüşürsən...

 

O görüşdə görürsən bir şairin yaşadıqlarını, çəkdiklərini...

Bu zaman bir səs gəlir qulağına: "Gəlirəm!"

Yazılıb qismətim sınıq qələmlə

Süslənib hər sözü qəmlə, ələmlə...

Boyuma biçilmiş ağır şələmlə -

Gəlirəm...

Kirpikdə tumurcuq cücərən umud

Dizim yer şumlayır, baxışım bulud...

Yanında olmağım səcdəmə sübut -

Gəlirəm!

Dilimi dişimdən xilas etmişəm,

Bütün hisslərimi cinas etmişəm...

Elə düşünmə ki iflas etmişəm -

Gəlirəm...

Min illik yol gələn Nuh kitabımı

Sevgimi vəsf edən Ruh kitabımı ...

Götürüb mən sənə son xitabımı -

Gəlirəm!

 

Əbülfət Mədətoğlunun görkəmindən şeir yağır. Bu şeir leysana dönüb səni söz palçığına batırmır, hərf-hərf səpələnir, həzin-həzin çisələyir...

Mən onun şeirlərini birnəfəsə, tez-bazar oxumadım heç vaxt. Asta-asta, misra-misra... "Pəncərəm"i oxuduğum kimi... Plutarx şəkil çəkməyi səssiz poeziyaya, poeziyanı isə danışan şəkilə bənzədirdi. Əbülfət Mədətoğlunun şeirləri sanki danışacaq, şairin nisgilini anladacaq, sənin dərdinə şərik çıxıb mayaka dönəcək... Mənim dərd ortağımdır o şeirlər...

 

Səndən ayrılıb getmək -

ağrıtmır! - məni dedin...

mənisə yola salmaq -

ağrıdır! - səni dedin...

Sözlər güllə tək yağdı

yaralarım tağ-tağdı...

dərənin başı dağdı -

dağıdır çəni dedin...

Bitdi olan gücüm

bu dəyirman içimdə...

çat yeri var küncündə -

axıdır, dəni dedin...

Yubileyidir Əbülfət Mədətoğlunun. Təbrik edirəm bütün şairlərin ruh dostunu.

Dünyaya xoş gəlmisiniz, şair! Sizə cansağlığı, uzun ömür, arzularınızın həyata keçməsini arzulayıram!

Xuraman HÜSEYNZADƏ   

525-ci qəzet.-2018.-25 dekabr.-S.8.