Tarixi köklərin
sorağı, ulu əcdadların izi ilə
YAXUD ISIK GÖL
MƏNİ NƏDƏN KÖVRƏLTDİ
Əli ŞAMİL
ali-shamil@yahoo.com
(Əvvəli ötən
sayımızda)
Isık gölün gizlinləri
Gölün suyu duzlu olsa da, olduqca təmiz və şəffafdır. Mütəxəssislər
deyirlər ki, gölün 60 metr dərinliyində üzən
balığı görmək olur.
Xəzər dənizi neçə ildən bir gah
qabarıb sahillərini su altında qoyub, gah da geri çəkildiyi
kimi, Isık gölündə də belə qabarma və
çəkilmələr olub. Amma Xəzərlə
Isıkın eyni vaxtdamı, yoxsa fərqli zamanlardamı
qabarıb çəkildiyi haqqında bilgimiz yoxdur.
Arxeoloqlar Isık gölün sularının 5-10 metr dərinliyində
2500 il öncələrin tikinti
qalıqlarını aşkara çıxarmışlar. Günümüzədək gəlib
çatmış sualtı tikililər burada böyük və
zəngin bir şəhər olduğunu göstərir.
Su altındakı 500 metr uzunluğundakı divar
qalıqlarının çevrəsindən arxeoloqlar
çoxlu ox ucları, pullar, qulplu bürünc qablar, xəncərlər,
baltalar və başqa əşyalar tapmışlar. Onlar Əmir
Teymurun bir zaman Isık gölün sahilində olan
sarayının qalıqlarını da su altında
tapdıqlarını yazırlar.
Ornekdən
Almatıya gedən yol
Ornek qəsəbəsini
keçəndə TİKA-nın Qırğızıstan
ofisinin əməkdaşı Ağılbay sağa -
dağlara doğru ayrılan asfalt yolu göstərərək:
"Bu yol düz Qırğızıstan sərhəddinə
kimi gedir. Dağlara dirənib durur. Oradan 5-6 kilometrlik bir tunel vurulsa, Almatıya
maşınla 35-40 dəqiqəyə getmək olar. Yayda adamlar atla, dəvə ilə dağları
aşıb Almatıya gedirmişlər. Elə ki
payız gəldi, qar yağdı, may ayına kimi o yolla getmək
mümkün olmur.
Ornek qəsəbəsindən Çolpon-Ata şəhərinə
o qədər də uzaq deyil. 15-20 dəqiqə sonra
vilayətin ikinci inkişaf etmiş şəhərinə
çatırıq. Bişkekdən buraya
240 kilometdir. Gedəcəyimiz Karakol şəhərinə
isə 135 kilometr qalır. Burada fasilə verəcək,
yeyib-içəcək, açıq havadakı muzeylə tanış olacaq, sonra yolumuzu davam etdirəcəyik.
Çolpan-Ata şəhəri qoyunçuluq əyəsi-mələyi,
yəni qoyun sürülərinin qoruyucusunun adını
daşıyır. Biz çoban deyirik və çobanın əski
inanclarımızda qoyunçuluq əyəsi-mələyi
olduğunu da çoxdan unutmuşuq. Türküstanda,
hətta Türkiyədə də bu günün özündə
göydəki ən işıqlı ulduzlardan birinə - bizim
Zöhrə, Dan ulduzu kimi tanıdığımız ulduza
Çolpan ulduzu deyirlər.
Ruh Orda
muzey kompleksində
Çolpon-Ata şəhəri Sovetlərin turizm mərkəzlərindən
biri olmuşdu.
Dediyimiz kimi, Isık gölünün sahillərindəki
istirahət yerlərinin çoxluğunu nəzərə
alıb buranı SSRİ-nin Antalyası da adlandırıblar.
Şəhərin göllə birləşdiyi yerdə
kiçik bir körfəz var. Onun sahillərini
abadlaşdırıblar. Körfəzdə kiçik qayıq və
katerlər var ki, buraya gələn turistləri gəzdirsin.
Sahildə Çingiz Aytmatovun xatirəsinə
yığcam və çoxçalarlı bir açıq
muzey düzəldiblər. Bu muzey Ruh Orda-Ruh Mərkəzi
adlanır. Burada, demək olar ki, hər
şey Çingiz Aytmatovun adı ilə bağlıdır.
Çəmənliklərə onun əsərlərinə
həsr edilmiş heykəllər qoyulub. Tez-tez
yazıçının əsərləri əsasında
hazırlanmış heykəllərin müsabiqəsi
keçirilir. Müsabiqədə bəyənilən
heykəlləri burada görmək olar.
Yazıçının "Cəmilə"dən
başlamış, "Ana tarla", "Əlvida
Gülsarı", "Dəniz kənarı ilə
qaçan alabaş", "Əsrə bərabər
gün", "Qətl kötüyü" və başqa əsərlərindən
ayrı-ayrı parçalar burada heykəlləşib.
Qırğız xalqının inanc tarixini əks etdirməyi
də unutmayıblar. Burada kiçik ölçülü də
olsa məscid də var, kilsə də, sinaqoq da, budda məbədi
də. Tanrıçılığı
da unutmayıblar, onun üçün də bir bina
ayırıblar. Amma məscidə girsən,
arxasında namaz qılacağın pişnamaz (imam) görməyəcəksən,
kilsəyə girsən, günahlarının
bağışlanmasını Allahdan rica edəcək
keşiş yoxdur. Tanrıçılıq
məbədində isə şaman yoxdur ki, ondan sənin
taleyindən xəbər verməyi, müalicə etməyi
xahiş edəsən, Budda mədənində də rahib
yoxdur. Yəni hamısının içi boşdur
Burada
çoxlu müxtəlif ölçülü heykəllər
də var. Onların arasında Viktor Hüqonun da, ABŞ
prezidenti T.Ceffersonun da, A.Nobelin də, Aristotelin də,
Buddanın və başqalarının da heykəlləri var.
Hamısı oturmuş haldadır. Yeganə ayaq
üstə Mustafa Kamal Atatürkün heykəlidir. Necə deyərlər, ciddi bir prinsip gözləmədən,
hətta bir-birinə zidd düşüncəli insanlara da heykəl
qoyublar. Əsl turizm yeridir. Necə deyərlər, buraya gələnlərin
xatirinə dəymək istəməyiblər.
Tanınmış filosofları da, yazıçı-şairləri
də, dövlət adamlarını da, din xadimlərini də
yaddan çıxarmadıqlarını tamaşaçıya
xatırlatmağı bacarıblar. Kiçik bir
örtülü muzey də yaradıblar. Orada
Qırğızıstanın tarixini özündə əks
etdirən eksponatlar var.
Karakola
doğru
Isık gölün kənarı ilə irəlilədikcə
sürülərə, naxırlara, ilxılara tez-tez rast gəlirik. Sürülərin
yanında çoban gözə dəysə də,
naxırın yanında sığırçı, atların
yanında ilxıçı gözə dəymir. Muxtar müəllim deyir ki, ilxını adətən
kinolarda, televizorda görmüşəm, birinci dəfədir
təbiətin qoynunda otlayan ilxısı ilə
rastlaşıram. Mən isə
uşaqlıqda və yeniyetməliyimdə dəfələrlə
ilxı görmüşdüm. İlxının
yanındakı ayğır bərkdən fınxıraraq
atların ətrafında gəzinir, onların hər bir hərəkatınə
ciddi nəzarət edir, ilxıdan uzaqlaşmaqda olan atı,
daylağı qovaraq geri qaytarırdı. Qayıtmaq
istəməyən, müqavimət göstərəni isə
dişləməklə cəzalandırırdı.
Ayğırın qorxusundan ilxıya yaxın düşmək,
at tutmaq olmur.
Canavar, ayı da ayğır olan ilxıya
yaxın düşə bilmir. Məni heyrətləndirən
o idi ki, olduqca güclü və sağlam olan ayğır daim
ilxını diqqətdə saxlayır. Bəs
özü nə vaxt otlayır ki, belə güclü olur?
Qoyun sürüsünün önündə, adətən,
dıbır görməyə alışmışıq. Yol boyu
gördüyümüz sürülərdə isə
dıbır gözə dəymirdi. Qoyunlar
da merenos cinsindən idi.
Isık göl görünməz olduqdan sonra 10-15 kilometr
də gedib vilayət mərkəzi olan Karakola
çatırıq. Sanki Göyçə gölünü
keçib Basarkeçərə gedirsən. Bizim üçün Qarağat otelində yer
ayırmışdılar. Uzun
yolçuluqdan sonra, deyəsən, heç kimin şəhərin
axşamını seyr etməyə həvəsi
qalmamışdı.
Karakol
şəhəri
Şəhərin əhalisi 75 min nəfəri
keçib. Xalq etimologiyasına görə, buraya gələn
ilk türklər əllərini torpağa vuranda əllərinin
(qollarının) qara olduğunu görüb buraya Qara qol
adını veriblər. Bu o qədər də
inandırıcı görünmür. Çünki
Isık gölün güney ətrafı, bütövlükdə,
qara torpaqdır. Onda gərək sahil
boyundakı şəhər və kəndlərin çoxunun
adında qara sözü olaydı.
1886-cı ildə buradakı yaşayış məskəninə
rus səyyahı, coğrafiyaçısı, bölgənin
çar Rusiyası tərəfində işğal olunması
üçün sənədlər hazırlamış Nikolay
Prjevalskinin şərəfinə Prjevalski, 1926-cı ildə
Lenin adı verilmişdi. 1991-ci ildə Qırğızıstan
müstəqilliyini qazanandan sonra şəhərin
keçmiş Karakol adı qaytarılmışdı.
Şəhərdən Çin Xalq Respublikasının sərhəddinə
o qədər də uzaq deyil. Əslində, Karakol
şəhəri də Doğu Türküstanın bir
parçasıdır.
Doğu Türküstanın Aksu (Ağsu) şəhərinə
gedən karvan yolu burada keçir. Sovetlər Birliyi
zamanı sərhədlər möhkəmləndirildiyindən
karvan yolu da öz əhəmiyyətini itirib.
Şəhər köhnə Sovet qəsəbələrini
xatırladır. Son illər yeni binalar tikilməyə
başlayıb. Onların sayı da o qədər
çox deyil. Tarixi abidə adına
diqqətimi çəkən 1910-cu ildə dunganların
(Çin dilinin bir dialektində danışan dunqanların
dindarları müsəlmandır) tikdiyi məscid oldu. Ağacdan, bir mıx belə vurmadan, Çin məbədləri
üslubunda tikilmiş bina son illər təmir edildiyindən
gözəl görünür.
Türk
xalqlarının türkcə ilk yazılı əsərləri
simpoziumu
Oktyabrın
2-də Kasım Tınıstanov adına
Isık göl Unversitetinin toplantı salonunda simpoziumun
açılışı oldu. Mərasimdə
Isık göl Universitetinin rektoru, Prof.Dr. Kurmanbek
Abdıldayev, Hacı Bektaş Veli Kültür Dərnəyi
Başqanı Mustafa Özcivan, Muğladakı Sıtkı
Koçman Universitetinin dosenti Kenan Koç, Dünya Söz
Akademiyası başkanı Hayrett İvgin, AMEA Folklor
İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu İmanov,
TİKA Bişkek Proqram koordinatoru Ali Muslu və b.
çıxış etdilər. Onlar simpoziumun məqsəd və
vəzifələrindən, görüləcək işlərdən,
yeni yaradılmış universitetin gələcək
planlarından, bölgənin iqtisadi durumudan danışdılar.
Bu elmi məclisdə
TİKA tərəfindən bir neçə elm adamı ilə
yanaşı, AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar
Kazımoğlu da Türk Dünyasının
Kültürünə Xidmət ödülü təqdim
edildi.
Sovet
dövründə Moskvadan gələnlərin rəsmi toplantılarda rusca
danışmasını qanunu bir hal sayırdıq. Hətta onlar azərbaycanlı olsalar da, adətən,
rusca danışmağa üstünlük verirdilər. İstər simpoziumun açılışında və
bağlanışında, istər bölmə iclasında,
istərsə də protokol bağlanarkən Muğladakı
Sıtkı Koçman Universitetinin dosenti Kenan Koç
qırğız dilində danışırdı. Onun qırğızca şirin və səlis
danışmasını qazaxlar da, qırğızlar da
heyranlıqla dinləyirdilər. Açılış
iclasında Kenan Koç danışanda arxamda oturmuş
xanımlardan biri o birinə deyir: "Türklər gəlib
burada qırğızca danışırsa, bizim rusca məruzə
etməmiz ayıb olar. Gərək axşam məruzəmi
qırğızcaya çevirəm".
Kenan Koç təkcə dolğun, səmimi və
inandırıcı çıxışları ilə deyil,
təşkilatçılıq qabiliyyəti ilə də
hamının diqqətini özünə çəkə
bilmişdi. Açıq-aydın görünürdü ki, bu
simpoziumun hazırlanmasında və keçirilməsində
onun əməyi olduqca böyükdür. Simpozium
üçün yerin seçilməsindən tutmuş,
qırğızlarla danışıqları və
yazışmaları da o aparmışdır.
Simpoziuma
Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan
və Azərbaycandan "Qutadqu bilig",
"Divani-luğat-it-türk", "Ətabətül-həqayiq",
"Dədə Qorqud" kimi ədəbi abidələri dil,
etnoqrafiya, folklor, mətnşünaslıq, ədəbiyyatşünaslıq
və digər istiqamətlərdə araşdıran 40 məruzəçi
qatılmışdı. Açılış
toplantısından sonra məruzələr 11 bölmədə
dinlənildi.
Azərbaycandan
AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar
Kazımoğlu-İmanov "Dədə Qorqud"
boylarında iki motivin ritual-mifoloji kökləri", AMEA
Folklor İnstitutu xarici əlaqələr bölməsinin
müdiri kimi mən "Qutadqu-bilig"in Azərbaycanda
tanıdılmasında və Avropa metodları ilə
araşdırılmasında Əmin Abidin rolu", hazırda
Türkiyədə işləyən professor Məqbulə Səbziyeva
"Azərbaycan incəsənətində "Kitabi-Dədə
Qorqud" mövzusunda məruzə oxuduq.
İki gün davam edən simpoziumun
araşdırıcılarına bölgəni yaxından
tanımağa, əlaqələr yaratmağa imkan
yaradıldı. Axşam isə bizi hippodroma apardılar.
Orada 53 beynəlxalq yarışdan 50-i birinci
başa vurmuş Kosmos adlandırılan at hamının diqqətini
çəkdi.
Simpoziumda diqqətimi çəkən bir də o oldu ki,
Türkiyədən gələnlərlə
yarıqırğız, yarıtürk dilində
danışmağa çalışan alimlər bizi, yəni
azərbaycanlıları görən kimi rusca
danışmağa başlayırdılar. Həm də
xahiş edirdilər ki, onların dediklərini Türkiyədən
gələnlərə tərcümə edək. Bir neçə dəfə belə bir durum yarananda mən
heç nə demədən oradan uzaqlaşırdım.
İstəyirdim çətinlik çəksələr
də, bir-birinin dediklərini başa düşsünlər.
Hamımız eyni sahədə
çalışdığımızdan, terminlər eyni
olduğundan qırğızla, qazaxla, özbəklə tərcüməçisiz
danışmaq, fikir mübadiləsi aparmaq o qədər də
çətin olmurdu. Çətinlik ana dilinin
bilməyənlərlə söhbət zamanı
yaranırdı. Adamlar rus dilində
danışmayanda onların qıcıqlandığı
açıq-aşkar duyulurdu. Bəzən də içərilərindən
keçənləri dilinə gətirərək: "Bu
simpozium nəyə lazımdır! Bu türklər
niyə belə geridə qalıblar, rusca bilmirlər!"
deyirdilər.
Onların
fikrincə, rus dilini bilməyən bir adam
neçə dil bilsə də, ciddi alim ola bilməz.
Sayılı
daş - səma altında açıq muzey
Axşamları Karakol şəhərindəki
"Qarağat" otelinin foyesində qara çay içərək
şirin söhbətlər edən araşdırıcılar
oktyabrın 4-də gəldikləri yolla da geri
qayıtdılar. Çolpon-Ataya çatanda bizi şəhərin
qüzeyində çay yatağını xatırladan bir yerə
gətirdilər. Ərazi yüngül dəmir
barmaqlıqlarla hasara alınmışdı. Burakı Isık göl Tarixi Mədəni Muzeyi
qayaüstü petroqlifləri ilə məşhurdur. Qobustana bənzəsə də,
qayaüstü rəsmləri az olduğu
kimi, ərazisi də kiçikdir. Muzeyi tanıdanların
fikrincə, bu rəsmlər, təxminən, iki min il əvvəl cızılmışdı. Onları cızanlar isə Günəşə
sitayiş edənlər olduğundan rəsmlərin
hamısı daşların güney tərəfindədir.
Alətlərin ibtidai dövründə
cızılıb rənglənsə də, rəsmlər hələ
də təravətini itirməyib. Rəsmlərdə dağ
keçisi, maral, bəbir, ovçu şəkilləri təsvir
edilib. Araşdırıcılara görə, bu
rəsmlər İskit mədəniyyətinin
daşıyıcısıdır.
Geri
dönüş
Isık gölün sahilindəki Balıkçı qəsəbəsindən
keçəndə yol kənarında hisə verilmiş
balıq satılırdı. Gedəndə
almadım ki, özümə yük etməyim. Planlaşdırmışdım ki, geri dönərkən
alar, Isık göl balığının dadına baxaram.
Həmin yerə çatanda avtobusun beş
dəqiqə saxlanmasını xahiş etdim. Simpoziumda tanış olduğum qırğız
araşdırıcılar mənim fikrimi başa
düşüb gülüşdülər. Dedilər
ki, orada satılan hisə verilmiş balıq
gördüyün gölün balığı deyil. Okeanlardan tutulub buza qoyulmuş balıqdır. Bir zamanlar qəsəbədə yaşayanlar
balıqçılıqla dolanırdılar. Sonra göldə balıq azaldı. Balıq ovu və satışı məhdudlaşdırıldı.
Keçmiş balıqçılar və
övladları da indi kənardan balıq gətirib hisə
verib satmaqla ata-baba peşələrini davam etdirirlər.
Bunu eşidəndə hisə verilmiş
balıq almaq fikrindən daşındım.
Axşamı Bişkekdə oteldə keçirdik. Yol
hamımızı deyəsən, bərk yormuşdu. Səhər simpozium iştirakçılarından bəziləri
şəhərdən xeyli aralıdakı Oş bazarına
getdi ki, Çindən, Pakistandan gətirilmiş mallardan hədiyyələr
alsınlar. Mən isə
Qırğızıstandakı Axısqa Dərnəyinin sədr
müavini Zəkəriyyə Tahiri gözlədim.
Zəkəriyyə bəy vəd verdiyi vaxtda gəldi. Mən
axısqalılarla bağlı yazdığım kitabları
dərnəyə bağışladım. Qırğızıstandakı
axısqalıların və Azərbaycandan, Ermənistandan,
Gürcüstandan buraya sürgün olunanların toplu
yaşadıqları yerləri xəbər aldım. Məqsədim o idi ki, özüm gələ bilməsəm
də, institutumuzun əməkdaşlarının
sürgünə gördərilmiş
soydaşlarımızın nəvə-nəticələrindən
folklor toplamağa gəlmələrini təşkil edə
bildim.
Fikrimi Zəkəriyyə bəy də
alqışladı. Araşdırıcılara əllərindən
gələn köməklik edəcəyini vəd etdi. Axısqanın bugünkü durumundan söz
düşəndə kövrəldi. O,
Qırğızıstanda doğulub. Sovetlər
Birliyi dağılandan sonra ata-babasının
yaşamış olduğu kəndə gedib. Oranın şəklini çəkərək,
böyüdüb evinin foyesinə vurub.
Mənim
aşıqlar, onların nəslindən olanlar haqqında daha
çox bilgi toplamaq istədiyimi gördükdə:
"Onların adlarını və yaşadıqları kəndləri
yazıb mənə verin. İşim elədir
ki, həmyerlilərimizlə tez-tez görüşürəm.
Onlardan soruşaram. İpucu tapsam, sizə
xəbər verərəm" - dedi. Avtobus bizi hava limanına
aparmaq üçün gələndə Zəkəriyyə
Tahirlə sağollaşıb ayrıldıq...
... Qırğızıstana səkkiz
günlük səfərimizdə gördüklərim və
müşahidə etdiklərim əsasən bunlar oldu.
525-ci qəzet 2018.- 26 dekabr.- S.6.