Pedaqoji Universitetin
tələbələri Xalq
yazıçısı Anarın pyesini səhnələşdiriblər
Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri
Anarın “Keçən
ilin son gecəsi” əsəri əsasında
eyniadlı tamaşa hazırlayıblar.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Ramiz
Həsənoğlu, quruluşçu
rəssamı Mustafa Mustafayev,
prodüseri Pərvin Nurəliyevadır.
Gənc
Tamaşaçılar Teatrının
dəstəyi ilə ərsəyə gələn
səhnə əsərində
universitetin tələbələri
- Samir Canızadə,
Eltun Süleymanov, Həmid Yolçiyev, Qərib Əliyev, Əkbər Novruzov, Süleyman Süleymanov, Asiman Quliyeva, Günay Veysəlova, Lamiyə Rzayeva, Miradə Axundova, Aişə Bayramlı, İlahə Rüstəmova,
Günel Mahmudova, Gülnar Şərifli rol alıblar. Tamaşanın premyerası
27 dekabr, saat 14:00-da Gənc Tamaşaçılar
Teatrında baş tutacaq.
Qeyd edək ki, Anarın
ilk mətbu hekayəsi
“Keçən ilin son
gecəsi” əsəri
əsasında yazmış
olduğu pyesə ilk dəfə Gənc Tamaşaçılar Teatrında
1968-ci ildə rejissor Ulduz Əliyeva-Rəfili quruluş verib. Həmidə
xala rolunu Firəngiz Şərifova canlandırıb.
Moskvanın Mərkəzi televiziyası
həmin hekayəni səhnələşdirərək iki dəfə iki müxtəlif quruluşda Birinci proqramla nümayiş etdirib. Birinci quruluşda (8 yanvar
1967-də efirə getmişdir,
rejissor B.Talmazov) Həmidə xala rolunda SSRİ xalq artisti L.Dobrjanskaya, ikinci quruluşda (5 yanvar 1968-də efirə getmişdir, rejissor Rıjov) həmin rolda RSFSR Xalq artisti Fadeyeva çıxış edib.
Həmçinin əsərə Azəbaycan
televiziyasında Ramiz Həsənoğlu quruluş
verib. Həmidə xala rolunu Zərnigar Ağakişiyeva
ifa edib. "Azərbaycanfilm" kinostudiyasında isə Anarın ssenarisi əsasında "Ötən
ilin son gecəsi" filmi çəkilib.
Quruluşçu rejissorlar Gülbəniz
Əzimzadə və Şahmar Ələkbərov,
Həmidə xala rolunu isə Elmira Şabanova ifa edib.
Beləliklə, son
dərəcə uğurlu səhnə və
ekran həyatı yaşayan
əsərə bu dəfə tələbələrin
yazıçının 80 illik yubileyi münasibətiylə müraciət
etməsinin, həm də Ramiz Həsənoğlunun
bu tamaşaya quruluş verməsinin xüsusi
əhəmiyyəti var. Tamaşada əsərin dərin fəlsəfi
mənası ilə yanaşı, həm də müasir dövrümüzlə səsləşəcək
ideyalar irəli sürülüb.
525-ci qəzet.- 2018.- 27 dekabr.- S.8.