"Sahibsiz
kölgələr": insan bədii
düşüncənin ilkin ünvanı
kimi
Yaradılmışların ən alisi və şərəflisi olan, bir çox mətləbləri özündə sirr kimi saxlayan və bununla da bir-birindən kəskin fərqlənən insan qurur, yaradır, dəyişdirir.
O, həmişə axtarışda,
həqiqətin əldə
olunmasında bilik və bacarığını
səfərbər edir.
"Gilas ağacını ərik gətirməyə
məcbur edən"
insana fəaliyyətinin
uğurlu olması üçün düzgün
məqsəd müəyyənləşdirməyin,
müvafiq qərar qəbul etməyin son dərəcə vacib olması, cəmiyyətdə
baş verənlər
haqqında hərtərəfli
və düzgün təsəvvürlərə malik
olması böyük
əhəmiyyət kəsb
edir. Ümumiyyətlə, "insan elə
bir varlıqdır ki, onun hiss, düşüncə və
idrakının çevrəsinin
sərhəddini müəyyənləşdirmək,
hansısa düsturla,
qanunauyğunluqla ifadə
etmək müəyyən
deyil".
İnsan psixologiyasını öyrənən
elmlər şəxsiyyətin
sirlərini açmaqda
onu kəşf etməkdə hələ də aciz qalıb. Çünki hər bir insan
ayrı-ayrılıqda bir
möcüzədir. Hər bir
şəxsiyyətin mahiyyətini
formalaşdıran, dayanıqlı
edən, sonrakı dəyişmələrini proqnozlaşdıran
ümumi düsturun formulu" çox mürəkkəbdir. İnsanlar fərqlidir,
"eyni bir ağacın üzərində
mütləq oxşar
çiçək, yarpaq
olmadığı kimi"
insanlar da müxtəlifdir, müxtəlif
ideya, funksiya, əməl daşıyıcısıdırlar.
"Bəs belə
olan halda milyonlarla fərqliliyə eyni ad vermək sözün acizliyinin göstəricisi"dirmi sualı
bəzən beyinləri
silkələyir. "Biz
hadisələrin, gerçəkliklərin
həm zaman, həm də məkan baxımından yalnız bir hissəsini gördüyümüzdən
həqiqəti tam dərk
edə bilmirik. Həmçinin, böyük bir
ağacın kiçik
bir budağına baxmaqla onun nəhəng
kök sistemini və yerüstü hissəsini dərk etmək" çətinliyi
qarşısında çabalayırıq.
Son illərin ən yaxşı və oxunaqlı romanlarından, şedevr əsərlərindən olan
"Sahibsiz kölgələr"də
insanı düşündürən
bu kimi bir
sıra suallara cavab tapmaq mümkündür.
Əsərin mahiyyətinə endikcə
romandakı dərin fəlsəfi mühakimələr,
incə təfəkkür
tərzi, iti mülahizələr, dəmir
məntiq, konkretdən
abstrakta yüksəlmə,
yaradıcı təxəyyül,
geniş erudisiya, maraqlı mübaliğələr,
zəruri qarşılaşdırmalar,
praktik və nəzəri biliyin vəhdəti oxucunu səhifələri diqqətlə
oxumağa vadar edir, hadisə və proseslərin sonrakı inkişaf dinamikasını intizarla gözləməyə çağırır.
Yazar oxucusunu həqiqəti axtarmağa
dəvət edir, fəlsəfəni sevdirə
bilir, onlara öz fəlsəfi fikir və düşüncələrini
yüksək ustalıqla
və incəliklə
çatdırır, onları
haqsızlığa qarşı
mübarizə aparmağı
öyrədir, personajlarına
qayğı göstərərək
düzgün yola istiqamətləndirməyə çalışır,
çətinlikləri başa
salır, kreativ yanaşmaya üstünlük
verir, yenilikləri tətbiq etməyi sevir. Müəllifin incə və
məntiqi təfəkkürünün
məhsulu olan əsərdə bir-birindən
maraqlı fikir və ideyalar yer alır. Belə ki, təbiətdə və cəmiyyətdə
cərəyan edən
proseslərin son dərəcə
mürəkkəb olduğunu
təsvir edən yazar bu qənaətə
gəlir ki, müasir dövrdə elmlər onların mahiyyətini açmaqda heyrətamiz nailiyyətlər
əldə etməkdədir.
Belə şəraitdə insanların
çevik təfəkkürə
malik olması həmişəkindən daha
zəruridir. Bununla əlaqədar
təbiət, sosial həyat və insanın daxili dünyası kimi üç əsas sahənin sirlərinin dərindən mənimsənilməsində
dünyagörüşün rolu durmadan artır.
Həyat
inkişaf etdikcə cəmiyyətdəki problemlərə
münasibət yeniləşir
və zənginləşir.
Kitabdan əldə olunan qənaətə görə,
problemlərin həlli
onların keçmişinin
ümumiləşdirilməsinə, müasir vəziyyətinin
təhlil edilməsinə
və gələcəyinin
proqnozlaşdırılmasına əsaslanır.
Əsər boyunca müəllif insanın mahiyyəti, məqsədi və taleyi, həyatın ağıllı təşkili ilə bağlı məsələlərə dair maraqlı fikirlərini bölüşdürür, insanlara mesajını göndərir. Bu isə insanın fəaliyyətini stimullaşdırır, hərəkət, davranış trayektoriyasını müəyyənləşdirir. "Əqlinin çəmənliklərini şərabla suvaran, şeytan laboratoriyasında ideyalar kəşf edən, idrakından, soyuq məntiqdən uzaqlaşan, qürurunu cibində, namusunu quyruğunda gəzdirən, ömrə damcı-damcı zəhər yağdıran" insanların fəaliyyətinə güzgü tutur, onlara tənqidi münasibətini bildirir, yeni fikir və ideyalar qarşısında onları susmağa məcbur edir. Müəllif ustalıqla yeniliyə qarşı çıxanları gənc alimlərin yolundan kənarlaşdırır, düşmən dəyirmanına su tökən amal və məqsədlərini alt-üst edir, iflic vəziyyətinə salır. "Günəş özü gəlməzdən öncə süvariləri qaranlıqları qılınclayıb nur dünyasının sultanına yol açırlar. Bitkilər yarpaqlarını bacardıqları qədər həyat şüalarının gələcəyi istiqamətə çevirib, onun pişvazına çıxmağa hazırlaşırlar. Hər bir pişvazın, gözləntinin mahiyyətində mütləq şəkildə umacaq, təmənna elementləri də var. Bitkilər özlərinin və digər canlıların mövcudluğunu şərtləndirən mahiyyəti formalaşdırmaq üçün günəşdən nur istəməyə məhkumdurlar. Nur sultanın bir az gecikməsi bəzi problemlərin təzahürünü tezləşdirə bilər". Elm də belədir. Elmin inkişafı, cəmiyyətin inkişafı üçün əldə etdiyi nəticələri, faydaları bəşəriyyət daim böyük intizarla gözləyir, onun qarşısını almaq mümkün deyildir.
Öz "Orbitlər və Universal mövcudluq" nəzəriyyəsi ilə fərqləri hərəkət, potensial enerji kimi götürən müəllif, bərabərliyi sükut, ölüm adlandıraraq, dünyanı nizamda saxlayanın qeyri-bərabərlik enerjisi olduğu qənaətinə gəlir. Maraqlı və insanı bu ətrafda düşünməyə məcbur edən ideyalar, fikirlər irəli sürür. Əsərdə Azərbaycan xüsusi xidmət orqanlarının işi, düşmənə qarşı barışmazlıq əzmi, Azərbaycanın igid oğullarının cəsarəti və çevikliyi, kənd insanlarının zəhmətkeş həyatı, Azərbaycan insanının humanizmi, qayğıkeşliyi yüksək səviyyədə təsvir olunur, düşmənin insanlıq adına ləkə gətirən hərəkət və davranışları ifşa edilir. Əlbəttə ki, düşünmək yazmaqdan, yazmaq oxumaqdan, anlamaq isə hamısından çətindir. Bu dərin məzmunlu romanı ələ alarkən həm dərin düşünməli, həm bəzi qeydlərini etməli, həm də baş verən hadisə və prosesləri dərk etmək üçün bütün intellektini səfərbər etmək zərurəti ilə qarşılaşırsan.
Zeynəddin
ŞABANOV
Fəlsəfə
üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet 2018.- 26 dekabr.- S.7.