P.S: Yubiley elmi məqaləsi əvəzinə
hekayə
1. Təhlil
edilməyən cümlə
İllər sürətlə ötüb keçdi. İndi-indi tələbəlik
illərində qrup yoldaşlarımızın bəslədikləri
arzulardan hansının həyata keçib-keçmədiyi
barədə, yaxud səbəblər və nəticələr
haqqında fikir yürütmək, müəyyən qənaətə
gəlmək olur. Yarım əsr bundan əvvəlki
illərin qanadlı xəyallarından, xoş niyyətlərindən
itib-batanı da oldu, həyata vəsiqə alanı da. Hətta səmtini dəyişəni də. 1971-ci ildə Azərbaycan Dövlət Pedaqoji
İnstitutunun Naxçıvan filialını bitirəndə
Akif İmanovun arzularından biri yerinə yetirildi. O,
Şərur rayonunun Şəhriyar kənd orta məktəbində
müəllim kimi Azərbaycan dili və ədəbiyyatı dərslərini
tədris etməyə başladı. Xüsusən
Azərbaycan dili dərslərini böyük həvəslə
öyrətməyə səy göstərdi.
Tələbəlik illərində Akif İmanov Azərbaycan
dili dərslərinə böyük maraq göstərirdi. Əvvəllər
qrammatik tərifləri əzbərləyir, nəzəri
biliyini artırmağa üstünlük verirdi. Yuxarı kurslarda isə oxuyub öyrəndiklərini
tətbiq etməyi ön plana çəkdi. Akifin əsas
fikri belə idi: cümlə təhlili Azərbaycan dilinin
bütün sahələrinin tətbiq olunduğu sınaq
meydanıdır. Bu meydanda sübut olunmayan
qrammatik məlumat, nəzəri bilik havadan asılı qalar,
özünün doğruluğunu sübuta çatdıra
bilməz. Odur ki, Akif İmanov dərsdə
də, yataqxanada da cümlə təhlilinə baş
sındırar, ən mürəkkəb, çətin, müəmmalı
budaq cümlələri həvəslə elmi təhlilin
süzgəcindən keçirərdi. Yataqxanadakı
otağından asdığı yazı lövhəsi, üzərində
"Cümlə təhlili" yazılmış dəftərləri
sadə və mürəkkəb cümlələrin
aramsız təhlilinə xidmət edirdi. Ara-sıra
müxtəlif qəzetlərdə dərc etdirdiyi
"Dostlar", "Kal qarpız", "Acı xatirə"
kimi kiçik hekayələrində də maraqlı süjet
qurmaqla yanaşı, cümlədə sözlərin
sırasına və yerinə, üslubi məqamların
mütənasibliyinə xüsusi diqqət yetirirdi.
1977-ci ildən
akademik Yusif Məmmədəliyev adına
Naxçıvan Dövlət Pedaqoji İnstitutunun
"Pedaqogika və psixologiya" kafedrasında müəllim
kimi çalışdığı illərdə sevimli məşğuliyyətindən
bir qədər uzaqlaşmalı oldu. Çünki
tədris etdiyi pedaqogika tarixi dərslərində cümlə
təhlili etmək tələbələrə qəribə
görünərdi. Sonra bunun da yolunu
tapdı. Görkəmli alim və
pedaqoqların maarifçi görüşlərindən
danışarkən onların ana dili haqqındakı
mülahizələrini ön plana çəkdi, arabir fikirlərini
əyaniləşdirmək üçün cümlə təhlilinə
də müraciət etdi. Azərbaycan Dövlət
Pedaqoji İnstitutunun "Ümumi pedaqogika"
kafedrasının qiyabiçi aspirantı kimi "Məhəmməd
ağa Şahtaxtlının pedaqoji görüşləri"
mövzusunda axtarışlar aparanda da məşhur publisist və
pedaqoqun ana dilinə, əlifba islahatlarına dair
baxışlarının öyrənilməsini müasir
qrammatika ilə, cümlə təhlili ilə əlaqələndirməyə
çalışırdı. Lakin bütün
bunlar içindəki cümlə təhlili ilə
bağlı dərin ehtiyacı tam ödəmək
imkanına malik deyildi. Ona görə də
Akif İmanov o vaxt hamı üçün gözlənilməz
olan qəti bir addım atmışdı. Aspiranturanı
tərk etmiş, aspiranturanı yarımçıq
qoymuşdu. O, çalışdığı
kafedranı dəyişdi, "Azərbaycan dili və onun tədrisi
metodikası" kafedrasında fəaliyyətini davam etdirməyə
başladı. Bakıda, Azərbaycan Elmi Tədqiqat
Pedaqoji İnstitutunda pedaqoji elmlər doktoru, professor Əziz
Əfəndizadənin rəhbərliyi ilə "Azərbaycan
dili sintaksisinin ibtidai kursunun öyrədilməsində
sintaktik bacarıq və vərdişlərin
formalaşdırılması" mövzusunda yeni
axtarışlara başladı. Dissertantın
budəfəki elmi mövzusu nəinki Azərbaycan dilinə,
Akif İmanovun öz sözləri ilə desək, birbaşa
"dilçiliyin sınaq meydanı" olan cümlə təhlilinə
aid idi. Bu vaxtadək praktik olaraq cümlə
təhlili ilə məşğul olan Akif İmanov artıq bu
işin nəzəri və təcrübi xüsusiyyətlərini
vəhdətdə öyrənməyə başladı.
Mövzusu ürəyincə olduğu
üçün tədqiqat işi sürətlə
aparıldı. Bu, arada itirilən illərin
əvəzini çıxmaqdan daha çox dissertantın elmdə
öz yerini tapmasından, çoxillik arzusuna
çatmasından irəli gəlirdi. Akif İmanov cəmisi
4 il müddətində yenidən namizədlik
minimumlarını da verdi. Əlavə zəruri
nəzəri və metodiki ədəbiyyatları da oxudu,
eksperiment də qoyub nəticəsini ümumiləşdirdi.
1984-1987-ci illərdə 4 dəfə müxtəlif
elmi konfranslarda məruzələrlə çıxış
etdi, mövzuya dair 9 məqalə və tezisi çap olundu.
Az vaxtda Azərbaycan dilinin tədrisi
metodikası ilə məşğul olan tədqiqatçılar
arasında tanındı.
Nəhayət, Akif İmanov 27 iyun 1988-ci ildə Azərbaycan
Dövlət Pedaqoji İnstitutunun
ixtisaslaşdırılmış müdafiə
şurasının iclasında nüfuzlu dilçi-alim və
metodistlər qarşısında axtarışlarının nəticələrini
bir-bir şərh etdi. Azərbaycan dilinin başlanğıc
kursunda cümlə təhlilinin ən çətin növlərindən
olan sintaktik təhlil bacarıqlarının öyrədilməsinin
incəliklərini nəzəri və təcrübi cəhətdən
aydınlaşdırdı və dəqiqləşdirdi. Neçə-neçə müxtəlif xarakterli
tabeli və tabesiz mürəkkəb cümlələri təhlildən
keçirdi, nəticə çıxardı. Bu vacib işin daha səmərəli təşkili
üçün faydalı təkliflər irəli
sürdü. Elmi rəhbəri, professor Əziz Əfəndizadənin,
rəsmi opponentləri pedaqoji elmlər doktoru, professor Bəşir
Əhmədovun, filologiya elmləri doktoru Qəzənfər
Kazımovun, professor Həsən Balıyevin, pedaqoji elmlər
namizədi Sevindik Vəliyevin çıxış və rəylərində
nəinki araşdırmaları müsbət qiymətə
layiq görüldü (S.Vəliyev sonralar dilçilik üzrə
müdafiə edib, filologiya elmləri doktoru elmi dərəcəsi
qazanmışdı). Eyni zamanda, onun
dissertasiyası respublikamızda cümlə təhlili vərdişlərinə
həsr olunmuş ilk əhəmiyyətli tədqiqatlardan biri
kimi diqqət mərkəzinə çəkildi. Akif müəllimin sintaktik təhlil vərdişlərinə
dair müəyyən edib, uğurla sınaqdan
çıxardığı üsul və vasitələrin
yeniliyi və səmərəliyi xüsusi qeyd olundu.
SSRİ
Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasından tədqiqatçı
müəllimin ünvanına gələn
"otkrıtka"da cəmi bir cümlə yazılmışdır:
"Akif Kazım oğlu İmanov "Azərbaycan dili
sintaksisinin ibtidai kursunun öyrədilməsində sintaktik
bacarıq və vərdişlərin
formalaşdırılması" mövzusunda
dissertasiyasına görə pedaqoji elmlər namizədi alimlik
dərəcəsinə layiq görülür".
Bizcə, bu cümləni əlavə təhlil etməyə
ehtiyac yox idi.
2.
"Kal qarpız"ın hekayəsi
Akif İmanlı ilə ilk dəfə hələ
1965-ci ildə, orta məktəb illərində tanış
olmuşam. Doğrudur, biz ayrı-ayrı orta məktəblərdə
təhsil almışıq. Lakin mən Şərur
rayonundakı Ulya-Noraşen (indiki Oğlanqala) kənd orta məktəbinin
sonuncu sinfində oxuduğum zaman Axura kəndindən olan
şagird yoldaşlarım rayon məktəbində təhsil alan bu gənc həmkəndliləri ilə məni
tanış etmişdilər. İlk
tanışlıqdan Akifin səliqəli geyimi və sadəliyi
diqqətimi cəlb etmişdi.
Sonralar,
1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan
filialında elə
ilk dərs günü görüşdük və tələbə yataqxanasında ikimiz bir otaqda
qalmağa qərar verdik. Tələbəlik illərimin
bütün xatirələrinin, sonrakı həyatımın
da əsas iştirakçısı, canlı şahidi Akif
İmanlıdır. Bir qrupda ("B"
qrupunda) təhsil almağımız, eyni otaqda yataqxana həyatı
keçirməyimiz bizi nəinki yaxınlaşdırdı, hətta
doğma qardaşlara çevirdi. Hər ikimizin ucqar
dağ kəndindən olmağımız, müəllim ailəsində
formalaşmağımız, çoxuşaqlı ailəni təmsil
etməyimiz, təhsilə, elmə, cəmiyyət həyatına
münasibətlərimizdəki yaxınlıq ali
məktəb illərində birgə
addımlamağımızı şərtləndirdi. Mən
Akif İmanlının elmi qabilliyyətini də, bədii
istedadını da o unudulmaz illərdə yaxından hiss
etdim...
İş
elə gətirdi kii, Akif İmanlı ali məktəbi
bitirdikdən sonra elmi fəaliyyəti ön plana çəkməli
oldu. O, Azərbaycan dilinin metodikası üzrə aktual bir
mövzuda dissertasiya yazıb, uğurla müdafiə edərək
pedaqoji elmlər namizədi alimlik dərəcəsi qazandı.
İnamla deyə bilərəm ki, Akif İmanlı
Naxçıvanın ali məktəblərində
çalışan ən kamil ana dili müəllimlərindən
biridir. O, bəlkə elə azsaylı Azərbaycan dili müəllimlərindən
biridir ki, dilin tarixini də, qrammatikasını da,
metodikasını da eyni səviyyədə dərindən mənimsəmişdir.
Buna görədir ki, əslində, metodist-alim olan Akif
İmanlının nəzəri dilçiliyin
problemlərinə, qrammatika məsələlərinə,
onomastikaya, toponimikaya həsr olunmuş əsərləri də
eyni dərəcə profesionallığı ilə diqqəti
çəkir.
Ana dilinə sevgi, həssas və qayğıkeş
münasibət Akif İmanlının tədqiqatçılığı
ilə hekayəçiliyini doğmalaşdırır. Ana dili onun
elmi əsərlərinin də, pedaqoji fəaliyyətinin də,
hətta bədii yaradıcılığının da
cövhərini təşkil edir.
Bədii yaradıcılıqda Akif İmanlı Azərbaycan
Dövlət Pedaqoji İnstitutunun Naxçıvan
filialında təhsil aldığı illərdə, hələ
tələbə ikən başlamışdır. O, 1967-1971-ci illərdə
Naxçıvan filialında fəaliyyət göstərmiş
"Gənc qələmlər" dərnəyində ilk
hekayələrini müzakirəyə təqdim etmiş,
özü də digər tələbə
yoldaşlarının şeir və hekayələrinin
müzakirələrində fəal iştirak etmişdir. Akif
İmanlının "Dostlar" adlı ilk hekayəsi
"Şərq qapısı" qəzetinin 18 may 1968-ci il tarixli sayında Naxçıvan Filialı tələbələrinin
yaradıcılığına həsr edilmiş "Ədəbiyyat
səhifəsi"ndə çap olunmuşdur. Tələbəlik
illərində Akif İmanlı ara-sıra lirik miniatür
hekayələr yazsa da, əsasən yumoristik hekayələri
ilə tanınmışdır. Ali məktəbi bitirəndə
artıq Akif İmanlının bir neçə yumoristik hekayəsi
ədəbi mühitdə səsə-sorağa
çevrilmişdi...
Akif İmanlı hekayələrində
rastlaşdığı, müşahidə etdiyi hadisələri,
yaxından tanıdığı, ünsiyyətdə
olduğu insanları, yaşadığı hissləri,
düşüncələri qələmə alır. Buna görədir
ki, onun hekayələrinin əksəriyyəti baş
vermiş əhvalatlar təsiri bağışlayır. Adama elə gəlir ki, Akif İmanlı sanki
iştirakçısı olduğu hadisələri eynilə
kağıza köçürməmişdir. Halbuki müşahidə edilən adamlar və əhvalatlar
bədii təxəyyülün süzgəcindən
keçirildikdən sonra yazıya alınmışdır.
Amma bütün bunlar müəllifin hadisələri
yaşayaraq yazdığı üçün canlı və
təsirli çıxır, düşündürücü
və oxunaqlı olur.
Azərbaycanda
kiçik hekayənin özünəməxsus ənənəsi
olsa da, müxtəlif səbəblərdən bu janra nisbətən
az müraciət edilir. Mən Akif
İmanlının kiçik hekayələrini həmin janrda
qiymətli nümunələr yaratmış görkəmli
yazıçıların əsərləri ilə müqayisə
etmək fikrində
deyiləm. Ancaq onu qeyd etməyi lazım bilirəm
ki, son 50 ildə Akif İmanlı kiçik hekayə
janrına həmişə sadiq qalmışdır. Az
yazmasına baxmayaraq, Akif heç zaman janrını dəyişməmişdir.
Bu janr sahəsində Akif İmanlıya məxsus
yeniliklər sırasında onun qələmindən
çıxmış bədii nümunələrin lap
kiçik hekayələr olmasını məxsusi qeyd etməyi
vacib sayıram. Adətən, çox
kiçik həcmdə olan nəsr nümunələri janr
etibarilə miniatür adlandırılır. Akif İmanlının da bəzi kiçik hekayələrini
- "Dostlar", "İlmələr" və sair kimi
lirik hekayələrini miniatür kimi dəyərləndirmək
mümkündür. Lakin onun əksər
kiçik hekayələrində miniatürlərdən fərqli
olaraq yalnız lirik-psixoloji ovqat yox, yığcam süjet və
yaddaqalan bədii obrazlar vardır. Buna
görə də əsərlərinin bədii-sənətkarlıq
səviyyəsindən asılı olmayaraq, Akif
İmanlını müasir mərhələdə kiçik
hekayə janrına ardıcıl maraq göstərən
"nəsr əhli" kimi dəyərləndirmək
mümkündür. Akif İmanlı yeni
dövr Azərbaycan miniatür yumoristik hekayəsini
yaradanlardan biridir.
Kiçik
hekayələrinin ifadə vasitələrinə görə
Akif İmanlının hekayələri əsasən iki istiqamətə
ayrılır: lirik hekayələr və satirik-yumoristik hekayələr.
Müəllif seçdiyi hər iki istiqamət üzrə
bacarıqla irəli getmiş, uğurlu, təsirli, yaddaqalan bədii
nümunələr yaratmağı bacarmışdır. Bununla belə, onun yaradıcılığında
satirik-yumoristik hekayə ağırlıq
qazanmışdır.
Lirik hekayələrində Akif İmanlı
yığcam həcm daxilində nasiranə düşüncələrini
və təəssüratlarını sadə və obrazlı
bədii dillə mənalandırmışdır. Hətta Akif
İmanlının lirik ovqatda yazılmış
"Adamlar" adlı kiçik hekayəsi ciddi mini lirik-fəlsəfi
əsər kimi
yaddaşlarda dərin iz salmaq imkanlarını nəzərə
çarpdırır. Bununla belə, geniş
ictimaiyyət onu daha çox satirik-yumoristik hekayələrinə
görə tanıyır. Akif
İmanlının satirik qələmi daha işlək və
sərrastdır. Əvvəla, Akif
İmanlı satirik hekayə üçün mövzu
seçməyi bacarır. Diqqəti
çəkən cəhətlərdən biri bundan ibarətdir
ki, müəllif satirada da lirik hekayələrində
olduğu kimi, cəmiyyət həyatından çox insan mənəviyyatındakı,
davranış və münasibətlərdəki kəsirləri,
eybəcərlikləri ön mövqeyə çəkir.
Akif İmanlı cəmiyyətşünas
yazıçıdan çox insanşünas hekayəçidir.
Bununla belə, Akif İmanlının insan mənəviyyatı
haqqındakı düşüncələri də nəticə
etibarilə mühitinə, cəmiyyət həyatının sağlamlaşdırılmasına
xidmət edir. "Xırda kişi ilə
Böyük padşahın nağılı" hekayəsində
məhz insan mənəviyyatından keçən cəmiyyət
hadisələri bacarıqla təsvir edilmişdir. Bu kiçik hekayədə Akif İmanlı
üstüörtülü şəkildə sovet rejimi kimi
böyük quruluşun nöqsanlarına yumşaq şəkildə
olsa da, tənqidi münasibətini ifadə etmişdir.
Bütövlükdə "Xırda kişi ilə
Böyük padşahın nağılı" hekayəsi
Akif İmanlının çoxillik satirik hekayə
yaradıcılığının qanunauyğun məntiqi nəticəsi,
ən kamil nümunəsidir. Bu hekayə ilə
o, daha geniş yaradıcılıq imkanlarına malik olan ciddi
bir yazıçı olduğunu isbata çatdırır.
Akif İmanlının satirk hekayə kimi təqdim etdiyi
bədii nümunələrin böyük əksəriyyətində
yumor hissi üstünlük qazanır. Onun hekayələrində
cəmiyyət hadislərinə kəskin tənqidi münasibət
bəsləmir, ifşa yolunu tutmur. Akif
İmanlı həyat hadisələrini qələmə alarkən
əsasən islahedici mövqe tutur və bu yolla mühitin
sağlamlaşdırılacağına inanır. Ona görə də onun hekayə
yaradıcılığında yumor satiranı üstələyir.
Akif İmanlı Azərbaycan yumoristik hekayəsinin
istedadlı yaradıcılarından biridir. Bundan başqa, yumor Akif İmanlının satirik
hekayələri ilə lirik hekayələri arasında
maraqlı, əhəmiyyətli bir körpü, münasib bir əlaqələndiricidir.
Onun lirik hekayələrində zərif bir yumor
müşahidə olunur.
"Kal qarpız" hekayəsini Akif İmanlı tələbə
ikən bədii yaradıcılığa
başladığı ilk illərdə yazmışdır. Bununla belə,
"Kal qarpız" hekayəsi Akif İmanlının bədii
istedadının güzgüsüdür. Bu kiçik
hekayə özünəməxsus təhkiyəsi və
üslubu ilə, fərdi cizgiləri ilə onun istedadlı
bir qələm sahibi olduğunu nəzərə
çarpdırmışdır. Akif
İmanlı məhz "Kal qarpız" adlı kiçik
hekayəsi ilə satirik hekayə yazmaq imkanlarının
üstünlüyünü bəyan etmişdir. Bu kiçik hekayə Akif İmanlını
böyük ədəbiyyata gətirmişdir. Qələm əhli kimi də o, ədəbi
mühitdə bu düşündürücü ibrətamiz
hekayəsi ilə tanınmışdır. Bu hekayədəki bədii obraz Azərbaycan hekayəçiliyinin
banisi, ustad Mirzə Cəlil Məmmədquluzadənin məşhur
"Zırrama" hekayəsindəki Qurbanqulunun yeni şəraitdəki
davamçısıdır. Ümumiyyətlə,
Akif İmanlının kiçik satirik-yumoristik hekayələrində
hekayənin böyük ustadı Mirzə Cəlil təlimindən
"bir duz" vardır. Lakin Akif
İmanlının təsvir etdiyi mühit, qələmə
aldığı hadisə və adamlar tamamilə
başqadır. O, klassik satirik hekayə ənənəsini
yumoristik məcrada davam etdirməsi ilə də fərdi
yaradıcılıq üslubunu meydana qoymuşdur. "Kal qarpız" hekayəsi Akif
İmanlının hekayəçilik üslubunun modelidir.
Akif İmanlının
"Naxoşluq", "Axır ki, şair oldum",
"Gorunda çatlar" hekayələrində də
"Kal qarpız"dan bir duz, bir ilmə müşahidə
olunur. Əlli il bundan əvvəl tələbəlik
illərində yazılmasına baxmayaraq, "Kal
qarpız" hekayəsi indi də aktual səslənir, təzə
hekayə kimi maraqla oxunur.
Göründüyü
kimi, Akif
İmanlı sözün gerçək mənasında yazıçıdır. "Kal qarpız" hekayələr toplusu
oxunaqlı, cəlbedici, maraqlı bir yazıçı ilə
tanışlıq üçün etbarlı bələdçidir.
Eyni zamanda, bu kitab 40 ildən çox bədii
yaradıcılıqla məşğul olan Akif İmanlının əsərlərinin
"külliyatı" kimi onun haqqında tanınmış
dilçi alim və bacarıqlı pedaqoqdan başqa həm də
orijinal bir yazıçı kimi də söz deməyə,
fikir söyləməyə imkan yaradır.
"Kal qarpız" hekayələr toplusu gecikmiş
kitab kimi meydana çıxsa da, diqqətli, tələbkar
oxucuya ünvanlanmış dəyərli kitabdır. Bütövlükdə isə,
Akif İmanlının "Kal qarpız" hekayəsindən
başlayaraq davam edən yaradıcılıq təkamülü
yetkin bir yazıçının
ərsəyə gəlməsi ilə nəticələnmişdir.
"Kal qarpız" adlı ilk hekayələr toplusu
Akif İmanlının yaradıcılıq
debütüdür. "Müharibə başlandı"
hekayələr kitabı isə onun böyük ədəbiyyatdakı
özünütəsdiqinin ifadəsidir.
Sənətin çətin və şərəfli
yollarında inamla çalışmaqda davam edən Akif
İmanlıdan yeni-yeni elmi və bədii əsərlər
gözləməyimizə səbəblər çoxdur.
3. P.S:
Yubiley elmi məqaləsi əvəzinə hekayə
Akif
İmanlı Əməkdar elm xadimi, filologiya elmləri doktoru,
professor Yusif Seyidovun elmi rəhbərliyi ilə 2010-cu ildə
"Şərur və İğdır oykonimlərinin
linqvistik xüsusiyyətləri" mövzusunda doktorluq
dissertasiyası müdafiə etmişdir. Filologiya
üzrə elmlər doktoru, professordur. Uzun
illər Naxçıvan Müəllimlər İnstitutunun tədris
işləri üzrə prorektoru vəzifəsində
çalışmışdır. Naxçıvan
Muxtar Respublikasının Əməkdar müəllimidir.
6 monoqrafik əsərin, 5 metodik vəsaitin, 2 tərtib
kitabının, 2 hekayələr kitabının, 100-dən
çox elmi məqalənin müəllifidir.
Ən maraqlı cəhətlərdən biri ondan ibarətdir
ki, Akif İmanlı dilçilik elminin hansı problemindən
yazırsa-yazsın, orada mütləq ədəbiyyat faktoru da
iştirak edir.
Akif İmanlının "Şərur və
İğdır oykonimlərinin linqvistik xüsusiyyətləri"
mövzusunda yazdığı doktorluq dissertasiyası
dilçiliyə dair müddəaları isbat etmək məqsədilə
bədii əsərlərdən gətirilən
seçilmiş sitatlardan başqa, həm də yer və
şəxs adlarının mənşəyi izah olunarkən
mütləq Naxçıvan Muxtar Respublikasının Şərur
rayonu ərazisindən və
Türkiyə Cümhuriyyətinin İğdır-Sürməli
bölgəsindən toplanılmış əfsanə və
rəvayətlərə istinad olunmuşdur. Bir
çox hallarda Akif İmanlı dil tarixinə aid faktları
olduğu kimi, yer və şəxs adları ilə səsləşən
faktlar materiallarını da özü toplamışdır.
Doktorluq dissertasiyası üçün Azərbaycan
və Türkiyə yazılı ədəbiyyatından
seçib yerli-yerində işlətdiyi bədii nümunələr
də onun bədii ədəbiyyata bələdliyini və
ondan yaradıcı şəkildə istifadə
bacarığını nümayiş etdirir.
Akif
müəllim dünyaya gəldiyi Şərur rayonundakı axura
kəndinin adı haqqında dəqiq elmi təyinat vermək
üçün Türkiyə tərəfindəki
Ağrı dağının ətrafında yerləşən
eyniadlı kəndə dair Nuh əyyamından qalmış əfsanə
və rəvayətləri, bu kəndin adını çəkmiş
Mirzə Fətəli Axundzadənin dram əsərlərini
diqqətlə oxuyub öyrənmiş, araşdırıb nəticə
çıxarmışdır. Akif
İmanlının arabir ədəbi tənqidlə də məşğul
olması onun müasirlərinin bədii yaradıcılıq
sahəsindəki fəaliyyətinə dəstək vermək
niyyətindən irəli gəlir. Bu qeyd
edilənlər Akif İmanlının sanballı dilçilik
tədqiqatlarının onun ədəbiyyat biliklərinin
qovşağında yarandığını və müəllifin
hər iki sahə ilə həmişə paralel şəkildə
məşğul olduğunu nümayiş etdirir. Üstəgəl, Akif İmanlının çox fəal
bədii ədəbiyyat mütaliəçisi olduğunu da nəzərə
alsaq, onda tanınmış dilçi alimin ədəbiyyat
dünyagörüşünün hansı miqyasda olduğunu
təsəvvür etmək mümkün olar. Buna görədir ki, Akif müəllimlə
dilçilik sahəsində olduğu kimi, ədəbiyyat
istiqamətində də istənilən mövzuda fikir
mübadiləsi etmək, ədəbiyyat söhbəti aparmaq
və müəyyən nəticəyə gəlmək olar.
Sözün əsl mənasında o, ədəbiyyat
meylli dilçi alim olmağın nümunəsini göstərir.
Mənim üçün filologiya elmləri doktoru, professor Akif İmanlının anadan olmasının 70 illiyi ilə əlaqədar "Ədəbiyyat qəzeti"ndə çap edilmiş AzərbaycanYazıçılar Birliyinin təbrikindən sonra ənənəyə uyğun olaraq yaxın dostlardan birinin onun haqqında yazdığı yubiley elmi məqaləsinin əvəzinə yubilyarın özünün "Bazar gününün qonağı" adlı maraqlı kiçik hekayəsini təqdim etməsi mənalı və düşündürücü göründü. Eyni zamanda, "525-ci qəzet"də professor Akif İmanlının 70 illiyini onun həyatı və yaradıcılıq yoluna həsr edilmiş elmi yazı ilə yox, alim-yazıçının "Gerçəkləşən istəklərim və..." adlı hekayəsi ilə qeyd etmişdir. Bu faktlar tanınmış dilçi alim və yazıçı Akif İmanlının özünəməxsus təvazökarlığını, tərifdən-təntənədən uzaq mənəvi dünyasını çox aydın şəkildə ifadə edir. Bu, həm də dilçi alimin bu yaşında da hekayəçi kimi nəinki qələmi yerə qoymadığını, hətta hekayəçilikdə yeni səhifələr açmaq imkanlarına malik nasir olduğunu bir daha diqqət mərkəzinə çəkir və isbat edir. Akif İmanlının "Bazar gününün qonağı" hekayəsində "satiralı-yumorlu", "duzlu-məzəli hekayələr" yazmaq azarına düşmüş yeni dövrün "şeir bülbülü"nün yaddaqalan obrazı yaradılmışdır. "Gerçəkləşən istəklərim və..." hekayəsində də "şeir bülbülü" motivi əsasında əri təqaüd yaşına çatmış Xədicənin "Gülsevər" təxəllüsünü qəbul etməsi, şeir yazmağın qaydalarını öyrənmək və yaradıcılığa başlamaq arzusuna düşməsi gülüş obyektivinə çevrilmişdir. Əri Rüstəmin qabiliyyəti çatmadığı halda arvadının şairliyə meyl salmasından istifadə edərək ev-eşiyi gül-çiçəklə bəzətdirməsi, əyin-başını düzəltməsi də hekayənin sujetini gülüş dolu cəlbedici əhvalatların təqdim edilməsinə yönəltmişdir. Bu hekayələrdəki həqiqətən duzlu-məzəli təsvirlər, sadə və obrazlı düşüncə tərzi kamil bir yazıçının yetkin sənətkarlıq səviyyəsi haqqında düşünməyə əsas verir. Hər iki hekayədə Akif İmanlının ədəbiyyat təəssübkeşliyi də diqqət mərkəzində dayanır. Hekayələrindən çıxan bu məntiqi yekun Akif İmanlının elmə və ədəbiyyata münasibətinin nüvəsini təşkil edir. Tərəddüd etmədən demək olar ki, filologiya elmləri doktoru, professor Akif İmanlının elmi əsərləri də, hekayələri də daxili tələbatdan, böyük zəhmətdən və təbii bir istedaddan yaranmış səviyyəli, gərəkli, faydalı bədii örnəklərdir. Mətbuat vasitəsilə oxuculara təqdim olunan hekayələr Akif İmanlının elmi və bədii yaradıcılıq potensialının "aşıb-daşan" imkanlarından xəbər verir. Mövzusundan, gülüş hədəflərindən asılı olmayaraq, istedadsız, qabiliyyətsiz adamların yaradıcılıqla məşğul olmaq niyyətlərini tənqid edən bu hekayələr istedadla, böyük zəhmətlə yazıb-yaratmağa mənalı bir çağırışın ifadəsidir. Alim-yazıçı Akif İmanlı artıq yarım əsrdir ki, elm sahəsində də, ədəbiyyat sahəsində də istedadla, vicdanla yazılmış əsərləri ilə elmə də, ədəbiyyata da şərəflə və məsuliyyətlə xidmət etməkdə davam edir.
Mətbuatda özü haqqında yubiley elmi məqaləsi "yazdırmaq" əvəzinə istedadla yazılmış hekayələrini çap etdirməsi Akif İmanlının hər iki cəbhədə bitib-tükənməyən yaradıcılıq imkanlarının real göstəricisidir. Hekayələri oxuyanda elə bildim ki, Akif İmanlı 50 il qabaq ali məktəbimizin tələbə yataqxanasında ayaq üstə dayanıb izah edə-edə hekayəsini təqdim edir. Həmin pak mənəviyyat, həmin duzlu-məzəli yumor və ən başlıcası heç dəyişməyən etibarlı dostluq! Bu səhnənin o biri başında dayanan insanın onun üçün zəruri olan münasibətinin ifadəsi. Təqdim etdiyim bu yazı da yubiley məqaləsi olmaqdan başqa, mənim də çox dərindən ehtiyac hiss etdiyim əziz dostum Akif İmanlı ilə hekayələri bəhanəsi ilə yenidən görüşmək və bölüşmək ehtiyacımın ifadəsidir.
Qədim və həmişəcavan dostumu, görkəmli dilçi alimi, tanınmış yazıçını, böyük mənəviyyat və etibar sahibi olan əziz İnsanı - sadəcə hər şeyi ifadə edən, Akif İmanlını 70 yaş münasibəti ilə ürəkdən təbrik edirəm. Professor Akif İmanlı 70 ili şərəflə və zəhmətlə yaşamışdır. Akif İmanlıya möhkəm cansağlığı və daha böyük uğurlar arzulayıram.
Qəlbində yaşamaq eşqi və yaratmaq həvəsi
varsa, 70 yaş nədir ki...
İsa
HƏBİBBƏYLİ
Azərbaycan
Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin
Elm və Təhsil Komitəsinin sədri, akademik
525-ci
qəzet.- 2018.- 27 dekabr.- S.7.