Cümhuriyyət dövrü Azərbaycan ədəbiyyatında
milli istiqlal və dövlətçilik ideyaları
Azərbaycan ideologiyasının rəsmi tarixi son iki əsrlə
xarakterizə edilsə də, tarixi zəmini daha dərin, ideya
qaynaqları daha qədimdir.
Xalqımız
dünyaya Zərdüştü və "Avesta"
kitabını, "Kitabi-Dədə Qorqud" və
qorqudçuluq məfkurəsini, "Koroğlu"nun
azadlıq və birlik ideologiyasını bəxş
etmişdir ki, bunlar da bir tərəfdən ümumazərbaycançılıq
məfkurəsinin, birgə dəyərlərin, ümumi
düşüncə, ictimai davranış tərzinin
formalaşması, adət-ənənə sisteminin bərqərar
olmasına təkan vermiş, digər tərəfdən isə
Şərqin oxşar mənəvi dünyasının əsaslarının
qoyulmasında həlledici rol oynamışdır.
Azərbaycançılıq ruhu klassik şərq ədəbiyyatı
kontekstində də varlığını qoruyub saxlaya
bilmiş, dahi sənətkarlarımız tərəfindən
təbliğ və tərənnüm edilmişdir. Ulu öndər Heydər
Əliyevin dediyi kimi: "Tarixin bir-birinə qovuşduğu əsrlər
bir çox xalqların oğul və qızlarını
qızğın məhəbbətlə tərənnüm edən
Nizami dühasının ölməz əsərlərini,
Füzulinin insanpərvərlik və xeyirxahlıq dolu
misralarını, Nəsiminin fəlsəfi fikirlə zəngin
lirikasını, Xaqaninin məhəbbət və iztirab tərənnüm
edən poemalarını, Vidadi və Vaqifin xalq
yaradıcılığı çeşməsindən
qidalanan ölməz şeirlərini bizə gətirib
çatdırmışdır. Tarix tələbkar
imtahançıdır. Hökmdarlar, saray əyanları,
zülmkarlar unudulub getmişlər. Azərbaycanın
böyük mütəfəkkir və humanist şairləri təravətdən
düşməyən misraları ilə bu gün də
öz hikməti və insanpərvərlik ruhu ilə
dünyanı heyran qoyur. Onlar xalqın
azadlığı və səadəti haqqında öz dərin
fikirlərini və sönməz arzularını əsrlərdən,
nadanlıq, dini fanatizm, milli əsarət və ictimai ədalətsizlik
zülmətindən keçirərək, nəsillərə
bəxş etmişlər".
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti rəsmən
elan edilməsi ilə azərbaycançılıq
ideologiyası öz inkişafının keyfiyyətcə yeni
bir mərhələsinə qədəm qoyur. Professor Yaşar Qarayevin qeyd
etdiyi kimi, "Azərbaycan xalqı öz müdrik təlimi,
klassik Şərq və dünya fəlsəfi ənənəsi
üzərində yüksələn ədəbi-ideoloji irsi
ilə bir daha sübut etdi: AXC ona görə qalib gəldi ki,
o, belə təməl üzərində milli dövlətin
bünövrəsini ideyaca hazırlayan kamil ədəbi-bədii-fəlsəfi
proqram zəminində bayraq qaldırdı".
Cümhuriyyət dövrünün ədəbiyyatı,
cəmiyyətin siyasi-ideoloji əsaslarının yeni zəmində
formalaşmasında, onun mədəni-mənəvi
inkişafında həyatın digər sahələrində
görülmüş işlərin məcmusundan daha artıq
nüfuzedici qüvvəyə malik idi. Müsavatın lideri Məhəmməd
Əmin Rəsulzadə istiqlal ideyasının kütlələr
arasında daha geniş yayılması baxımından ədəbiyyatın
xüsusi yeri olduğunu vurğulayaraq yazmışdır:
"Mətbuatın, ədəbiyyatın millətin qəlbinə
milliyyət və istiqlal toxumu saçan bir əməl
olduğu məlumdur. Ey millətin
lisanül-qeybi olan şairlər, ədiblər. Millətin əməllərini, ülvi niyyət və
məqsədlərini oxşayınız, xalqa millət
sevgisi, vətən məhəbbəti, hürriyyət
eşqi təlqin ediniz".
Tarix bizə
sübut edir ki, xalq başqa imperiyaların işğalı
altında qaldıqda, başqa əqidələrin rəsmi təsir
dairəsinə düşdükdə milli ruhu öz şəxsi həyatı
bahasına, diri-diri yandırılması, dərisinin
soyulması hesabına da olsa yaşayan və bir əmanət
kimi yeni nəsillərə ötürən həqiqi
böyük ziyalılar estafeti öz əllərinə
almalı olurlar.
Maraqlı
bir faktdır ki, Azərbaycan Xalq Cümhuriyyəti rəhbərlərinin
demək olar ki, hamısı - başda Məhəmməd
Əmin Rəsulzadə, parlamentin sədri Əlimərdan bəy
Topçubaşov, sədr müavini Həsən bəy
Ağayev, Fətəli Xan Xoyski, Mirzəbala Məmmədzadə,
Nəriman Nərimanov, Əli bəy Hüseynzadə, Ceyhun
Hacıbəyli və b. AXC ədəbiyatını və mədəniyyətini
yaradanların özləri idilər.
Məhəmməd
Hadi, Hüseyn Cavid, Hacı Kərim Sanılı, Əhməd
Cavad, Abdulla Şaiq, Əmin
Abid, Cəlil Məmmədquluzadə, Nəcəf bəy Vəzirov,
Üzeyir Hacıbəyli, Cəfər Cabbarlı, Yusif Vəzir
Çəmənzəminli, Firudin bəy Köçərli
bilavasitə Azərbaycan istiqlalına, milli dövlətə,
bayrağa, gerbə, türklük idealına və ümumbəşəri
islami dəyərlərə həsr etdikləri ən
yaxşı ədəbi-bədii, elmi-publisistik, fəlsəfi-tarixi
əsərlərini məhz bu illərdə qələmə
almışlar.
Məhəmməd
Hadi bir tərəfdən "Şühədayi-hürriyyətimizin
əhvalinə-ithaf" şeirlərində ürək
yanğısı ilə
"Sizin
məzarınız iştə qülubi-millətdir,
Bu
sözlərim ürəyimdən gələn həqiqətdir"
deyərək 1918-ci ildə erməni daşnaklarının törətdikləri
qanlı cinayətlərdən, erməni-müsəlman faciəsindən
ürək yanğısı ilə bəhs edirdisə, digər
bir tərəfdən
"Əsgərlərimizə, könüllülərimizə"
şeirində müstəqillik uğrunda mübarizədə
igid vətən oğullarına üz tutur, onları vətənpərvər
olmağa, torpağı, milləti, dövləti qorumağa
çağırırdı.
Vətənpərvərlik
ideyaları ilə köklənmiş Abdulla Şaiqin
yaradıcılığında "Yeni Ay doğarkən",
"Marş", "Vətənin yanıq səsi",
"Arazdan Turana" şeirlərində vətəndaş
şairin Xalq Cümhuriyyətinə bəslədiyi hörmət
və ehtiramın nəfəsi duyulur.
"Müsavata
ithaf" şeirində (əslində, marş da
adlandırılır) yazırdı:
İldırımlar
gurlasın,
Bulutlarım
hazırlansın tufana!
Dağım,
daşım boyansın həp al qana,
Şimşəklərim
parlasın...
"Ölüm" deyə, "Vətən" deyə
qoşarız.
Bu
torpaqlar qanımızla boyansa,
Nəfəsimiz qalınca öc alarız.
Milli ədəbiyyat
tarixində "istiqlal şairi" kimi tanınan Əhməd
Cavadın "Can, can Azərbaycan", "Azərbaycan
ordusuna", "Azərbaycan, Azərbaycan" himnində
yüksək vətənpərvərlik hissi, vətəndaş
qayəsi, vətəndaş amalı ifadə olunmuşdu.
Bunlarla yanaşı, "Türk ordusuna", "Şəhidlərə",
"Azərbaycan bayrağına", "Elin
bayrağı", "Bakı deyir ki" və s. şeirlərində
ölkədə milli azadlıq uğrunda gedən mübarizələr
tərənnüm olunur, bu yolda canını qurban verənlərə
hörmət və ehtiram göstərilir. Bu şeirlərdə
"Bir kərə yüksələn" və bir daha enməyən,
onu endirməyə çalışanlara qarşı
xalqın apardığı mübarizə, bu mübarizədə
"müvəqqəti məğlubiyyət", beşiyində
boğulmuş müstəqil Azərbaycan dövlətinin
bayrağının uzun illərdən sonra yenə
başımız üstündə dalğalanması həqiqəti
yaşayır, xalqın mübarizə dolu həyatı,
qanı-canı bahasına əldə etdiyi müstəqilliyə
yenidən qovuşması, milli duyğular yaşayır. Bu
gün də şairin "Azərbaycan bayrağına"
şeiri, buradakı milli qürur, milli dövlətçiliyimiz
atributlarından biri kimi öyülən bayraq, şeirdəki
hər vaxt, hər zaman özünü qoruyub saxlayan
müasirlik hissi - qan bahasına əldə edilmiş dövlətə,
onun bayrağına hörmət və ehtiramdan
yoğrulmuş misralar hafizələrdən silinmir.
Türküstan
yelləri öpüb alnını,
Söylüyor
dərdini sana, bayrağım!
Üç
rəngin əksini Quzğun dənizdən,
Ərmağan
yollasın yara, bayrağım!
Cəfər
Cabbarlının "Azərbaycan bayrağına",
"Sevdiyim", "Sevimli ölkəm", "Salam" və
s. şeirlərində Xalq Cümhuriyyətinin şirin
dadını duya bilirik.
"Azərbaycan
bayrağına" şeirində o, üç rəngi - Azərbaycan
bayrağının rəmzlərini bədii şəkildə
verir:
Bu göy
boya Göy Moğoldan qalmış
bir
türk nişanı,
Bir
türk oğlu olmalı!
Yaşıl
boya İslamlığın sarsılmayan imanı,
Ürəklərə
dolmalı!
Şu al
boya azadlığın, təcəddüdün fərmanı,
Mədəniyyət
bulmalı!
Səkkiz
uclu şu yıldız da səkkiz hərfi od
yurdu,
Əsarətin
gecəsindən fürsət bulmuş quş kibi
Səhərlərə uçmuşdur.
Repressiya
qurbanı olmuş, həbsxanalara salınmış
Umgülsüm Sadıqzadənin (Məhəmməd Əmin Rəsulzadənin
əmisi qızı) "Əsgər anasına",
"Çəkil, dəf ol", "Bir mayıs
günündə", "Yolunu bəklərdim" şeirlərində
azadlığını, müstəqilliyini əldə
etmiş Azərbaycan xalqına, onun yenicə qurduğu azad,
müstəqil, suveren dövlətinə məhəbbət,
qanı bir türk-Azərbaycan xalqının hiss və
duyğuları, bu tarixi həqiqətlərin xalqın ruhunda,
yaddaşında buraxdığı dərin izlər
yaşayır.
... Turan
balasıyam, türkün özündən,
Soyuq su içdim mən pınar gözündən.
Yeni nur
aldım o günəş üzündən,
Şərəfli bir dilək yaşadır məni.
Xalq
Cümhuriyyətinin yaşadığı dövrün
ümumi mənzərəsi poeziyada olduğu kimi, bu illərdə
bədii nəsr yaradıcılığı ilə məşğul
olan Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy
Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Abdulla
Şaiq, Seyid Hüseyn, Tağı Şahbazi kimi
tanınmış ədiblərin
yaradıcılıqlarında da əks olunmuşdur.
Azərbaycanlılığın təkcə millət
olaraq deyil, həm də milli ideya, konseptual ideologiya və bir
ictimai hərəkat proqramı olaraq müəyyənləşməsi
görkəmli ədib Cəlil Məmmədquluzadənin
adı ilə bağlıdır. Bildiyimiz kimi, XIX əsrin sonu XX əsrin
əvvəlləri Azərbaycanın bədii-estetik və
ictimai fikrində milli oyanış, özünüdərk,
istiqlal düşüncələrinin cücərməsi
proseslərinin renessans dövrü hesab olunur və Mirzə Cəlilin həmin dövrdə
ədəbi-ictimai mühitə gəlişi ilə bu proses
daha da sürətlənmiş və milli ideya getdikcə
kütləviləşərək minlərlə insanın
fikir dünyasına hakim kəsilmişdir. Görkəmli
ədib Cəlil Məmmədquluzadənin bütün
yaradıcılığı Azərbaycançılıq
ideologiyasının ideya mənbəyi olduğu kimi, istiqlal
düşüncəsi və Cümhuriyyət
ideyasının da ən etibarlı, mükəmməl və
bitkin proqramıdır. Bütün bunlara
görədir ki, bu görkəmli Azərbaycan ədibi və
ictimai xadimi milli oyanış dövrü ədəbiyyatının
"məfkurə və ideya atası, sərkərdəsi"
kimi təqdir olunur. Ümumiyyətlə,
bu böyük ideoloq və ədibin adı ilə
bağlı olan "Mollanəsrəddinçilik" təliminin
də əsas məğzi, məqsədi, məramı və
ideya-məfkurəsini məhz azərbaycançılıq,
milli istiqlal və cümhuriyyət təşkil edirdi.
Cümhuriyyət dövründə Seyid Hüseyn
"Yaşıl qələm" ədəbi-elmi cəmiyyət
yaradır. Bu
cəmiyyət Məmməd Əmin Rəsulzadə, Hüseyn
Cavid, Seyid Hüseyn, Nəcəf bəy Vəzirov, Üzeyir
Hacıbəyov, Abdulla Şaiq, Əhməd Cavad, Cəfər
Cabbarlı, Salman Mümtaz, Əli Yusif və digər
ziyalıları, sənətkarları özündə birləşdirirdi.
Seyid Hüseynin Cümhuriyyət illərində
qələmə aldığı "İsmailliyyə"
hekayəsində xalqın istiqlal və azadlıq hərəkatı
ilə bağlı duyğularını yüksək sənətkarlıq
hissi ilə ifadə edə bilmişdi. Mütəxəssislərin
də qeyd etdiyi kimi, bu əsərdə, əslində,
İsmailliyyənin simasında yazıçının
bütün ruhu ilə bağlı olduğu doğma Azərbaycan
obrazı yaradılmışdır. "Bilirmisiniz
İsmailliyyənin yandırıla bilmədiyini aləmə
isbat edən bir həqiqət hankısıdır? Azərbaycan parlamanı üzərindəki
üç rəngli və səkkiz guşə
yıldızlı təmuc üçün Azərbaycan
Bayrağı". İsmailliyyənin
qorunub saxlanılması ilə nəticələnən həmin
əsər bədii sözün düşmən üzərindəki
qələbəsi idi. Bu qələbə milli
özünüdərkdən, milli istiqlaliyyət, milli
azadlıq duyğusundan qüvvət alan vətənpərvər
yazıçıların, bədii söz sənətimizin təntənəsi
idi.
Cümhuriyyətin
Azərbaycan tarixində oynadığı böyük rola ən
yüksək qiyməti Ümummilli lider Heydər Əliyev bu
sözlərlə ifadə etmişdir: "Azərbaycan Xalq
Cümhuriyyəti gərgin və mürəkkəb ictimai
şəraitdə 23 ay fəaliyyət göstərsə də,
sonrakı nəsillərin yaddaşında
xalqımızın tarixinin ən parlaq səhifələrindən
biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət
quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə,
hərbi quruculuq sahələrində atdığı
mühüm addımları başa çatdıra bilməsə
də, qısa müddətdə həyata keçirdiyi tədbirlər
xalqımızın tarixində silinməz izlər buraxmış,
milli dövlətçilik ənənələrinin bərpası
işində böyük rol oynamışdır. Ən əsası da odur ki, Azərbaycan Xalq
Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq,
müstəqillik fikirlərini gücləndirmiş oldu".
Qəribədir ki, qədim tarixə və zəngin mədəniyyətə
malik xalqımızın keşməkeşli taleyində XX əsr
fərqli məziyyətləri ilə yadda
qalmışdır. Milli şüurumuzda, canımızda,
qanımızda qaynayan hürriyyətimizi məhz bu əsrdə
iki dəfə dada bilmişik. Biz qürurla deyə bilərik
ki, Şərqin ilk Cümhuriyyəti - Müstəqil Azərbaycan
bugünkü Azərbaycanın təməl
daşıdırsa, müasir Azərbaycan da ulu öndər
Heydər Əliyevin şah əsəridir.
Xalq Cümhuriyyətinin hüquqi və mənəvi varisi olan Azərbaycan Respublikası 1918-1920-ci illərdə toplanmış böyük tarixi təcrübəyə söykənərək, demokratik dövlət quruculuğunu dönmədən həyata keçirir və inkişaf etdirir. Bu gün Ulu Öndərin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda həyatın bütün sahələrində gerçəkləşdirilən möhtəşəm islahatların bəhrələrini gördükcə tam əsasla demək olar ki, Azərbaycanın müstəqilliyi dönməz və əbədidir.
Aynur SABİTOVA
ADU-nun Xarici
ölkələr ədəbiyyatı kafedrasının
müdiri, filologiya elmləri doktoru, AMEA-nın professoru
525-ci qəzet.- 2018.- 27 dekabr.- S.6.