Şairin maarif
yanğısı
Dutubdu ərseyi-afaqı cümlə hikməti-elm,
Çıxır səmayə xəlayiq
bu gün fərasətdən...
Yəqin ki, 19-cu əsrin ortalarında yazılmış
bu şeirdəki ərəb-fars sözləri
qulağınıza xoş
gəlməsə də,
onu oxuduqca mahiyyətini anlamaq çətin deyil. Millətinin maariflənməsi
üçün yanğısını
şeirə çevirən,
digər xalqların maarifləndiyini görüb,
üzünü dindaşlarına,
soydaşlarına tutaraq
haray çəkən
müəllifin öz
dövründə bunlara
görə hansı əziyyətlərə qatlandığını
təsəvvür etmək
də mümkündür.
O zamanlar cəhalətin
girdabında can çəkişənlərə
haqqın yolunu, həqiqətin burunlarının
ucunda olduğunu göstərənlər "Mənə
bir hərf öyrədənin qulu olaram" deyənlərin
davamçıları kimi
ömürlərini öz
xalqına bağışlayıb
onu aydın sabahlara çıxarmaq üçün özlərini
fəda etdilər. Onların bu qayğısını, narahatlığını
haqqında söz açacağım şair
vaxtilə aşağıdakı
misralarla ifadə etmişdi:
Dolubdu millətimiz zülməti-cəhalətdən,
Oyanmayır, nədi bais bu xabi-qəflətdən?
Bu şeirin müəllifi
haqqında vikipediyada bircə cümlə verilib. O da belədir:
"Züi Mirzə
Mahmud - XIX əsr Şamaxı
şairlərindən biri,
"Beyt üs-Səfa"
şeir məclisinin üzvü".
Şairin doğum və ölüm tarixi də düzgün göstərilməyib (1843-1913). Mərhum filologiya
elmlər doktoru Əhməd Cəfərzadənin
Zui haqqında yazdığı məqaləni
oxuduqdan sonra bir çox mətləblərə aydınlıq
gətirməyi özümüzə
borc bildik. Yazımızda hörmətli alimimizdən
də sitatlar verəcəyik.
Yeri gəlmişkən, 19-cu əsrin
bu adsız-sansız maarifpərvər ziyalısı,
istedadlı şairi haqqında həm də onun nəticəsi,
Əməkdar jurnalist
Cavid Xaspoladovdan maraqlı faktlar əldə etdik.
Əhməd Cəfərzadə yazır:
"Mirzə Mahmud Zui
1815-ci ildə Şamaxı
şəhərində dünyaya
göz açmışdır.
Xəttatlıqla məşğul olmuş, ömrünün
50 ilini müəllimliyə
həsr etmişdir.
Zui təxminən 1842-43-cü illərdə
Şamaxının İmamlı
məhəlləsində məktəb
açmış, 40 ilə
yaxın burada dərs demişdir. Onun məktəbində ədəbiyyat, tarix, riyaziyyat, nəğmə,
xəttatlıq və
ilahiyyət fənləri
tədris olunmuş, ərəb, fars,
sonradan rus dili də öyrənilmişdir.
XIX əsrin axırlarında
Zui Sabirabad rayonunun Cavad kəndinə köçmüş
və 12 il
burada müəllimlik
etmişdir. 1910-cu ildə
95 yaşında vəfat
etmiş və kəndin qədim qəbirstanlığında dəfn
edilmişdir"...
Zui Seyid Əzim Şirvani, Molla Ağa Bixud, Məhəmməd Səfa, Qafar Rəğib və başqa şairlərlə dostluq etmişdir. Haqqında ilk məlumat və
onun 13 şeiri Seyid Əzim Şirvanının təzkirəsində
verilmişdir. "Qori
Müəllimlər Seminariyası"nın
yaradıcısı Firudun
bəy Köçərli XX əsrin əvvəllərində
şairlə şəxsən
görüşmüş və
onun bütün əlyazmalarını aparmışdır.
Hətta
Zuinin öz məktəbi üçün
tərtib etdiyi dərsliyin Firudun bəy Köçərli
tərəfindən aparıldığını
da ədibin yaxın qohumları bildiriblər.
Zui qızların
məktəbə getməsinin
tərəfdarı idi. Düz,
170 il bundan
əvvəl Şamaxıda
açdığı məktəbdə
qız uşaqlarının
təhsilə cəlb
edilməsi üçün
bütün imkanlarını
səfərbər etmişdi.
Və əbəs yerə yazmırdı:
Əgər qızın oxusa,
yoxdu zərrə nöqsani...
"Dəyişən zamandı, insan dəyişməyib" ifadəsini
tez-tez eşitsək də, çevrəmizdə
baş verənləri
izlədikcə ürəyimizdə
"kaş, bir az da təfəkkürümüz
dəyişəydi, yanaşmamız
dəyişəydi", deyirik. Niyə? Ona görə ki, göz görə-görə
bu gün övladının yetkinlik
yaşına çatmasını
gözləməyib onu
ərə verən nə qədər "Oxutmuram, əl çəkin" deyənlər
var. Hələ 19-cu əsrdə
görün Mahmud əfəndi
nə deyirdi, nə yazırdı:
Olmasa validənin tərbiyəsi,
Edəməz tərbiyə ol
bircə kəsi...
Elə yeri gəlmişkən, bu gün dövlətin bütün qurumları tərəfindən erkən
nikaha "yox" deyirik mövzusunda mütəmadi tədbirlər
keçirilir. Gələcəyimizi düşünərək atılan bu addımları xalq dəstəkləyir və
təqdir edir.
Zuidən sonra bu gözəl
ənənəni böyük
mesenat Hacı Zeynalabdin Tağıyev davam etdirdi. Onun təşəbbüsü
ilə Bakıda, müsəlman Şərqində
ilk dünyəvi qızlar
məktəbi təşkil
olundu.
Və qayıdaq
yazının əvvəlində
təqdim etdiyimiz şeirə. Həm də burda bir paralelləşmə, dövrləşmə aparaq.
Bütün müqayisələr
qüsurludur, amma Zuinin həmin şeirindəki yanğı
dolu misralar Mirzə Ələkbər
Sabirin məşhur şeirini xatırlatsa da, ondan (1862-1911) bəlkə
də 40-50 il əvvəl yazılıb.
Sabir isə belə deyirdi:
Dindirir əsr bizi, dinməyiriz,
Açılan toplara diksinməyiriz.
Əcnəbi seyrə balonlarla
çıxır,
Biz hələ aftomobil minməyiriz...
Əsl maarifçilik də
elə budur. Səndən kimsə görsün, götürsün
və gələcək nəsillərə ötürüb
onları qəflət yuxusundan
oyandırsın.
Hafiz TƏMİROV
polis mayoru
525-ci qəzet.- 2018.- 27 dekabr.- S.8.