Sən ürəyimizdəsən...
Mustafa ÇƏMƏNLİ
Bu dünyada hamının
doğması olmaq hər kəsə nəsib olası xoşbəxtlik deyildir. Gərək nə
qədər nəcib,
xeyirxah, səbirli olasan ki, hamı
sənə ərklə,
doğması kimi yanaşa.
Allah bilir, bu 20-25 il ərzində
Əbülfət Mədətoğluna
nə qədər telefon açmışam,
ismarış yollamışam.
Cavabından, davranışından könül rahatlığı
tapmışam. Bu kişinin dilindən "yox!" kəlməsini
nadir hallarda eşitmək
olar.
Qəribədir, hər dəfə
Əbülfətə telefon
açanda elə sanmışam "Ədalət"
qəzetinə, orada çalışan həmkarıma
yox, Qarabağa, Tuğda yaşayan, düşmənlə üz-üzə,
göz-gözə yaşayan,
ondan hər cür nadürüstlüyü,
namərdliyi gözləyən incə
ruhlu şair dostumuza zəng etmişəm. Bu assosiasiya
haradan doğur, bilmirəm...
Bəlkə də Qarabağ itkisi bizim ən
həssas, ən ağrılı yerimizdi, buna görə. Bu mənada, Əbülfət
bizim dərd ortağımızdı. O, bütün kədəriylə,
sevinciylə, hiss-həyəcanıyla
mənə doğmadır.
Neçə vaxtdır onun haqqında düşünürəm. Əlbəttə, səbəbsiz deyildir.
2019-cu ilin ilk günü, yanvarın 1-də
Əbülfət Mədətoğlunun
60 yaşı tamam olur. Hər gün bir yerdə olmasaq da, bu altmış
illik ömrünün
tən yarısını
bir yerdə keçirmişik. Çünki
onun varlığını
hər gün hiss etmişəm. Telefonda sakit səsini
eşitmək mənim
üçün bahar
mehi tək xoş olub.
Bu hisslərlə yerimdən
qalxıram, Əbülfətin
2009-cu ildə çap
etdirdiyi və avtoqrafla mənə bağışladığı "Ürəyimdəki sənsən"
şeirlər kitabını
götürüb vərəqləyirəm. Baxmayaraq, dönə-dönə
oxumuşam şeirlərini,
amma həmişə mənə təzə-tər
gəlir. Kədər
yüklü misralarının
ovqatı ruhumla həmahəng səslənir:
Ötən günlərimə təəssüf
etmə,
Ağır oturmuşam, batman gəlmişəm.
Elə günlər olub alıb belimə
Çaparaq gəlmişəm, atnan gəlmişəm.
Bu misralar məni
1988-ci ilin o təlatümlü
günlərinə qaytarır. Əlimiz
ürəyimizin üstündə
olan günlərə!
Səksəkə, nigarançılıq
dolu illərə! O zaman Ermənistandan, Dağlıq Qarabağdan Bakıya üz tutan hər bir qələm əhli hökmən "Yazıçı" nəşriyyatına
baş çəkərdi
(Qəlbi sözlə,
kədərlə, ələmlə
dolu insanlar başqa hara getməliydi ki...). Bax, Əbülfəti mən
o ağır günlərdən,
"Yazıçı" nəşriyyatının nəsr
şöbəsinə gəldiyi
çağdan tanıyıram.
İndi onun başına toplaşdığımız, sorğu-suala
tutduğumuz anlar xəyalımda canlanır.
Əbülfət Qarabağ ermənilərinin
şeytana uymağından,
kəmfürsət əməllərə
əl atmalarından yana-yana danışardı.
İçərişəhər (onda Bakı Soveti adlanırdı) metro stansiyasından
çıxıb üzüaşağı,
Natəvan meydanına,
"Yazıçı" nəşriyyatına gəldiyi
vaxt nələr düşündüyünü isə onun yuxarıda
adını çəkdiyim
kitabından oxuyuram:
Metro girişində
Bir parça
Karton üstündə
əyləşib
qucağında
əl boyda
körpəsi
bir qadın
çörəkpulu
dilənir.
Budur həssas
qəlbli şair ürəyi. Onun gözləri ilə
o qadını mən
də gördüm.
Qəribədir, bu sətirləri yazanda da, sanki, Əbülfətin
pıçıltısını eşidirəm:
Gəl oturaq dirimizi ağlayaq
İkimizdən birimizi ağlayaq.
Görünəcək yerimizi ağlayaq
Görək, ölüm hansımıza
yaraşır.
Doğrusu, Əbülfətin belə
bir-birindən dəyərli,
bir-birindən zərif
şeirlər yazmağı
məni təəccübləndirmir. Məni təəccübləndirən
odur ki, Əbülfətin publisistika
ilə məşğul
olmadığı gün,
demək olar ki, yoxdur. Həftədə beş gün işıq üzü görən "Ədalət"
qəzetinin hər nömrəsində onun məqaləsi, oçerki,
resenziyası dərc olunur.
Mənim düşüncəmə görə,
mütəmadi publisistika
ilə məşğulolma
onun poetik istedadına mənfi təsir etməli idi. Amma onun vaxtaşırı
mətbuatda, kitablarında
çap olunan şeirlərini oxuyanda bunun tam əksini görürəm və doğrusu, ondakı bu müsbət keyfiyyətə heyran oluram. Onun şeirlərindəki həssaslığa,
duyğularının zənginliyinə,
dilinin şəhd-şirəsinə
vuruluram:
Nə kəndim var, nə evim
Hansı qapını döyüm?!
Neçə günlük qonağam
-
Nə bilim, necə deyim?!
Əbülfətin bu son 26 ildə
haqqında yazmadığı
şair çox az olar
(hərdən nasirləri
də yad edir). Vaxt tapıb ədəbi
jurnallarda dərc olunan materiallardan da söz açır.
Bəli, şair, jurnalist Əbülfət Mədətoğlunun gündəlik
həyatı belə keçir - sözün içində... Hərdən məqalələrində özü ilə də söhbət edir. Poetik söhbət. Axı o, adicə məqalələrində,
esselərində də
şairdi.
Gözlərim yol yüklüdü
Gəlmirsən yüngülləşsin...
Dərin
bağrını dələn
-
Kirpiklər süngüləşsin...
İçimdə lövbər salıb
Oturuşmuş qoca dərd...
Bir həmsöhbət də yoxdu -
Alım
təzə - borca dərd...
Göz yüküm sözə hopur -
Misralar ağırlaşır...
Ömürdən günlər qopur.
Həsrətim ahıllaşır...
Əbülfət Mədətoğlunun qəlb çırpıntılarının bəhrəsi olan şeirlərindən istənilən qədər misal gətirmək olar.
Yubiley günü
yaxınlaşdıqca mətbuatda haqqında demək olar, hər gün məqalələr,
esselər dərc olunur.
Göstərilən bütün
bu sayğılar Əbülfət Mədətoğlunun
halal haqqıdır. Hörmət-izzəti
əmrlə, fərmanla qazanmırlar, insanlıqla,
adamlıqla, doğru-dürüst əməllə
qazanırlar. Əbülfət bu günəcən
nə qazanıbsa, öz zəhməti,
istedadı, ən başlıcası, insanlığı ilə
qazanıb. 2019-cu ilin ilk
günü onun 60
yaşı tamam olur.
Yubileyi münasibəti ilə
Əbülfət bəyi təbrik edir, ona uzun ömür,
yaradıcılıq uğurları arzulayıram. Haqqında
yazdığım bu yubiley
yazısını elə onun öz kitabının adına uyğun
qoydum: Sən ürəyimizdəsən!
525-ci qəzet 2018.- 28 dekabr.- S.8.