Ağa Əminov - Cümhuriyyətin
ticarət və sənaye naziri
Nəsiman YAQUBLU
tarix elmləri doktoru
Azərbaycanın tanınmış dövlət xadimi
Ağakərim Məşədi Kərim oğlu Əminov
1888-ci ildə Bakıda anadan olmuşdu.
O, 1907-ci
ildə Bakıdakı Gimnaziyanı başa vurduqdan sonra
Rusiyanın Peterburq şəhərinə gedərək orada
Dağ-Mədən Mühəndisləri İnstitutunda təhsil
almışdı. A.Əminov Peterburqda oxuyarkən
azərbaycanlı tələbələrdən ibarət Həmyerlilər
Cəmiyyətinin üzvü kimi də fəallıq göstərmişdi.
O, 1911-ci
ildə təhsilini başa vurub Bakıya qayıtdıqdan
sonra Sabunçu-Suraxanı neft mədənlərində
mühəndis işində çalışmışdı.
Bu illərdə Bakıda yaradılmış və
getdikcə xalq arasında nüfuz qazanan Müsavat Partiyası
sıralarına daxil olmuşdu. 1917-ci ildə Rusiyada
baş verən Fevral-burjua inqilabından sonra A.Əminovun
siyasi fəaliyyəti genişlənmişdi. A.Əminov
1917-ci ilin aprelin 15-20-də Bakıda keçirilən Qafqaz
Müsəlmanları qurultayının iştirakçısı
olmuş, 1917-ci ilin oktyabrında isə Müsavat
Partiyasının birinci qurultayının keçirilməsində
fəal rol oynamışdı.
A.Əminov "Azərbaycan Milli Şurasının Məclisi-Məbusanı
haqqında qanun"a əsasən, Müsavat Partiyasından Azərbaycan
Xalq Cümhuriyyəti Parlamentinə üzv seçilmişdi.
A.Əminov N.Yusifbəylinin 1919-cu ilin martın 14-də
formalaşdırdığı və 1919-cu ilin dekabrın
22-nə qədər davam edən dördüncü Hökumət
kabinəsində Ticarət və Sənaye naziri vəzifəsini
icra etmişdi.
O, nazir
olduğu dövrdə iqtisadiyyatda liberallaşma xəttinə
təşəbbüs göstərmiş, neft və neft məhsullarının
mal mübadiləsi aparmadan Azərbaycandan kənara sərbəst
çıxarılması haqqında Hökumət qərarının
qəbuluna nail olmuşdu.
A.Əminov Azərbaycanda ilk dəfə olaraq məlumat
alıb-ötürmək imkanlarının genişlənməsi
üçün informasiya agentliyinin yaradılması ilə
bağlı parlamentdə çıxış etmişdir. Sonradan onun bu
çıxışı "Azərtac" İnformasiya
Agentliyinin yaradılmasında əsas olmuşdu.
A.Əminov 1918-1919-cu illərdə "Müsəlman
gecələri" təşkilinin əsas təşkilatçılarından
biri olmuş və 1919-cu ilin mayında Müsəlman Zəhmətkeş
Ziyalıları İttifaqının yaradılmasında fəal
rol oynamışdır.
Ağa Əminov 1918-ci ildə yaradılan Azərbaycan Parlamentinin
üzvü idi və onun burada çıxışlarına
rast gəlmək mümkündür.
Azərbaycan Parlamentinin 1920-ci ilin 19 fevralında
keçirilən 126-cı iclasında 12-yə qədər məsələ
müzakirəyə çıxarılmışdı. 4-cü məsələ,
yəni "Gəncə şəhərində hərbi zavod
açılması haqqında qanun layihəsi" barədə
məruzəçi olaraq A.Əminov çıxış
etdi. O bildirdi ki, Gəncədə bir emalatxana var və bu da ordunun
ehtiyacını təmin etmir, indi orada bir zavod tikmək nəzərdə
tutulmuşdu. Bundan ötrü oraya Bakıdan
müəyyən dəzgahlar və sairələr aparılacaqdı.
A.Əminovun
məruzəsindən sonra H.Ağayev, İsmayılzadə
(sosialist), S. Ağamalıoğlu, A.Aşurov, Hacı Molla
Əhməd, İ.Əbilov, Ə.Qarayev, M.S.Axundzadə,
A.Qardaşov çıxış etdilər.
Sonda A.Əminov çıxış edərək, təcili
hərbi hazırlıqlar lazım olduğunu,
istiqlalımızı müdafiə etməyin vacibliyini, hərbi
zavod açmağın əhəmiyyətini qeyd etdi.
Qanun layihəsinin ikinci oxunuşu səsə qoyularaq qəbul
olundu.
1920-ci ilin fevralın 23-də Parlamentin 127-ci iclası
keçirildi.
İclasa sədrliyi M.Y.Cəfərov, katibliyi isə
M.Hacınski edirdi. İclasda 8 məsələnin
müzakirəsi nəzərdə tutulmuşdu. Bu iclasda
A.Əminov 3 məsələ ilə bağlı məruzə
etdi: 1) Gəncə şəhərində hərbi zavod
açılması haqqında qanun layihəsinin 3-cü
oxunuşu; 2) Bakı Sahil Radiostansiyasının ştatı
haqqında; 3) Zaqatala şəhərini Tala çay nəhrinin
daşqınından saxlamaq üçün sədd çəkilməsi
haqqında.
A.Əminovun məruzə edəcəyi "Gəncədə
hərbi zavod açılması haqqında qanun layihəsi"
3-cü oxunuşda heç bir düzəliş, əlavə
olmadığından qəbul olundu.
Parlamentin 3-cü məsələsi olan "Bakı Sahil
Radiostansiyasının ştatı haqqında qanun layihəsi"
ilə bağlı A.Əminov məruzə etdi. O bildirdi ki, Bakıdakı
radiostansiya (simsiz teleqraf) üç aparatdan ibarətdir və
bu aparatlar bütün Avropanın üç böyük
stansiyalarından eyni vaxtda gələn xəbərləri qəbul
edə bilmir. A.Əminov təklif etdi ki, bu səbəbdən
stansiya böyüdülüb genişləndirilməlidir.
O qeyd etdi
ki, ölkədə olan 3 aparatdan 2-si alıcı,
3-cüsü isə həm alıcı, həm də
ötürücüdür. O, sonuncu aparatın ingilislərdən
alındığını və onun vasitəsi ilə
bütün Xəzər dənizi sahillərinə məlumatı
çatdırmağın mümkün olduğunu dedi. A.Əminov bildirdi ki, teleqrafda işləmək
çox çətindir və hər bir məmur qanuna görə
teleqrafda olarkən 6 saat qulaq asmalıdır. O məlumatlandırdı
ki, Maliyyə-büdcə komissiyası iş vaxtını
azaldıb 4 saat təyin etsə də, bu sahədə insanlar
işləməyə maraq göstərmir. O, parlament üzvlərindən
bunu nəzərə alıb radiostansiyanın ştatı ilə
bağlı qanun layihəsinin qəbul edilməsini vacib
saydı.
A.Əminov hazırda mövcud olan aparatın 24 saat ərzində
70 min sözdən artıq qəbul edə bilmədiyini və
bir teleqraf agentliyi də təsis etməyin vacibliyini qeyd etdi. O bildirir ki, mövcud layihəyə
baxılarkən xarici dil bilən məmurlara artıq maaş verilməsi nəzərdə
tutulmuşdur.
A.Əminov ştat cədvəlində 12 məmur əvəzinə
18-nin göstərildiyini, avqustun 20-dən yanvarın 1-dək
radiostansiyaya 528,803 manat pul xərcləndiyini söylədi. Sonra o, teleqraf məmurlarının
maaş cədvəllərinin rəqəmlərini
parlament üzvlərinə göstərdi və onlardan layihənin
qəbulunu xahiş etdi.
Bu məsələ ilə bağlı A.Əminovdan sonra
A.Aşurov, Ə.Əmircanov, H.Ağayev də
çıxış etdilər. Sonda katib qanun layihəsini
oxudu və qəbul edildi.
Parlament iclasında 6-cı məsələ olaraq
"Zaqatala şəhərini Tala çayı nəhrinin
daşqınından saxlamaq üçün sədd çəkilməsi
haqqında qanun layihəsi" müzakirə olundu.
A.Əminov
çıxış etdi və Zaqatala şəhərindən
axan Tala çayının iki yerə
bölündüyünü, sağ qolun şəhərin
içindən keçdiyini, daşqın olanda bağlara və
buradakı sənət məktəbinə çox zərər
dəydiyini bildirdi. O qeyd etdi ki, oraya Su İdarəsi mühəndislər
göndərib və onlar Tala çayı ayrılan yerdə
bir bənd və sədd hazırlanmasını təklif ediblər.
O qeyd etdi ki, belə olduqda daşan çayın zərərinin
qarşısını almaq mümkün olacaq. Bundan
ötrü smetaya görə 235 min 555 manat vəsait
lazımdır.
Parlament üzvləri qanunun ikinci oxunuşuna keçilməsinə
səs verdilər.
Parlamentin 1920-ci ilin martın 8-də keçirilən
131-ci iclasında 3-cü məsələnin müzakirəsi
ilə bağlı A.Əminov məruzə etdi. O, məruzəsində əhalinin
kasıb sinfinin və maaş alan məmurlarının
ağır vəziyyətini söylədi. O bildirdi ki, manatın kursunun
aşağı düşməsi məmurların
dolanışığına ciddi təsir göstərib.
A.Əminov bir faktı açıqladı ki, ilk olaraq Məmurlar
İttifaqı təşəbbüs göstərərək
Hökumətə layihə təqdim edib və maaşlara faiz
artırılması təklifini irəli sürüblər. A.Əminov Azərbaycanda ümumilikdə 40.000 məmurdan
60 faizinin ailəli olduğunu nəzərə alıb məsələnin
ciddiliyini də önə çəkdi.
Bu məsələ parlamentdə geniş müzakirəyə
səbəb oldu. Müzakirələrdə A. Qardaşov, A.Səfikürdski,
Ə.Qarayev, R.Kaplanov, Q.Qarabəyli, C.Məlikyeqanov,
A.Kazımzadə, İ.Əbilov çıxış etdilər.
Sonda məsələnin müzakirəsi növbəti
iclasa saxlanıldı.
1920-ci ilin aprelin 8-də Parlamentin 139-cu iclası M.Y.Cəfərovun
sədrliyi və R. Qaraşarovun katibliyi ilə keçirildi. Ə.Əmircanov
dəmiryol tariflərinin artırılması haqqında qanun
layihəsi ilə bağlı məruzə etdi. Məruzə ətrafında Q.Qarabəyov, nazir X.Məlikaslanov
çıxış etdilər. Sonra sədr bildirdi ki,
layihə ilə bağlı bir neçə fikir vardır. O bildirdi ki, bu
qanun layihəsi ilə bağlı fikir formasında olmasa da, təklif
olaraq səslənmişdi ki, dəmiryolu ilə neft başqa sahələrdir
və bu məsələlər bir- birindən
ayrılmalıdır.
A.Əminov
bu məsələdə Maliyyə-büdcə komissiyası
adından iclasa həmin təkliflə bağlı məlumatlar
verdi və o fikrin komissiya tərəfindən
irəli sürüldüyünü qeyd edərək dedi:
"Tacirlər və alış-verişçilər buradan
apardıqları nefti Batumda artıq qiymətə satırlar.
Maliyyə-büdcə komissiyası, məmləkət
daxilində həmişə vətənin mədaxilini
artırıb məxaricini azaltmaq ilə məşğuldur.
Bu komissiya ərzağın artırılması bahalığın
qarşısının alınması və xəzinəni
yaxşı bir hala gətirib qiymətləndirmək vəzifəsi
ilə məşğuldur. O qərar qoyub ki,
malımızı Batumda artıq satanların əlindən
xilas edək və həmin mənfəətdən xüsusi
şəxslər deyil, bəlkə məmləkətimiz mənfəətbərdar
olsun".
A.Əminovun belə mövqeyindən sonra nazir X.Məlikaslanov
çıxış etdi və bu məsələyə
Hökumətdə ayrıca baxılacağını bildirdi.
Parlamentin
1920-ci ilin 26 aprelində keçirilən 144-cü iclasında
müzakirə edilən məsələlərdən biri də
belə adlanırdı: "Orta təhsil məktəblərinin
hazırlıq siniflərində dərs deyən müəllimlərin
əmək haqqının artırılması haqqında
qanun layihəsinin 2-ci müzakirəsi". Bu məsələ
haqqında A.Əfəndizadə məruzə etdikdən sonra
M.Mahmudov, A.Əminov və R.Qaraşarov çıxış
etdilər. Qanun layihəsi maddə-maddə
müzakirə olunduqdan sonra, 2-ci oxunuşda qəbul edildi.
Bu, A.Əminovun Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində
son çıxışı oldu.
1920-ci
ilin aprelin 27-də Azərbaycan Rusiya bolşevikləri tərəfindən
işğal edildikdən sonra A.Əminov bir müddət
"Azərneft" sistemində işləmişdir
A.Əminov 1921-ci ildə Bakıda vəfat edib.
525-ci qəzet 2018.- 28 dekabr.- S.7.