Həyat və sənət yollarında

1958-ci ilin isti avqust ayı idi. Yasif Nəsirli də, mən də Bakı Dövlət Universitetini ilk dəfə görürdük.

O, Cəbrayılın Kavdar kəndindən, mən Qubanın Qonaqkənd qəsəbəsindən gəlmişdim. O, Böyük Vətən Müharibəsində qəhrəmanlıqla həlak olmuş Mirzə kişinin beş övladından biri idi. Məni oxumağa məcbur edən anam kimi, balaca Yasifi də təhsilli görmək sinəsi yanıqlı bayatılarla dolu anasının ən böyük arzularından olmuşdur. Kavdar kəndində məktub oxuya bilən bir nəfərin də olmadığı Böyük Vətən Müharibəsi illərində Dilbər ana oğlunun başını sığallayıb demişdi: "Oxu, mənim kimi savadsız olma. Gələcəyin adamı olmaq istəyirsənsə, kitablardan bərk yapış!"

O, anasının müdrik tövsiyəsinə əməl edərək birinci sinifdə oxuduğu vaxtdan orta təhsilini başa vurana qədər aldığı "beş"lərin köməyi ilə qarşısına çıxan maddi və mənəvi çətinliklər hasarını aşıb işıqlı bir yola çıxmışdı. Bu, ali təhsil yolu idi. Bu arzu anasının tövsiyəsindən çıxan doğru nəticənin mahiyyətində əksini tapmışdı:

 

Faydalı bir insan olmaq istəsən,

Aldığın təhsildən kömək istə sən!

 

Bu düşüncə ilə ali təhsil yoluna çıxana qədər Yasif Nəsirli özünə kiçik bir cığır açmışdı. Qarşıda onu yola çevirmək vəzifəsi dururdu. Bu, yaradıcılıq yolu idi. Orta məktəb illərində rayon qəzetində çıxan yazıları həmvətənləri arasında belə bir inam yaratmışdı ki, bu gənc oğlan yaxın gələcəyin tanınmış qələm sahiblərindən və Azərbaycanın ədəbi-mədəni, ictimai-siyasi həyatının fəal iştirakçılarından biri, qədim tarixə malik Cəbrayılın Kavdar kəndindən çıxmış ilk ziyalısı olacaq. O zaman təmiz vicdanının və yumşaq ürəyinin hökmü ilə ləyaqətli adamları qanadının al-tına alacaq, hər birini həyatın müxtəlif ucalıqlarına qanadlandıracaq...

Belə düşünənlərin heç biri yanılmamışdı. Bunu Yasif Nəsirlinin Bakı ədəbi-mədəni mühitinə düşdüyü gündən atdığı ilk ad-dımlar da aydın göstərir. O, birinci kursdan başlayaraq Universitet TEC-nin (Tələbə Elmi Cəmiyyətinin) aparıcı simasına çevrildi. TEC-də oxunan elmi məruzələrin "Tezisləri" məcmuəsini çapa hazırlayan heyətin fəal üzvlərindən biri kimi tanındı. Beş il oxuduğumuz qrupun sinifkomu və əlaçılıq təqaüdü alan ən nüfuzlu tələbəsi oldu. Universitetin çoxtirajlı "Lenin tərbiyəsi uğrunda" və respublika qəzetlərində vaxtaşırı yazıları çıxanda, Azərbaycan radiosu ilə çıxış edəndə tələbələr də, müəllimlər də onun qələm təcrübələrindəki ümid qığılcımları ilə yeni-yeni fikir məşəlləri alışdırmağın mümkün olacağı günün lap yaxında olduğunu görüb sevinmişdilər.

Müəllifin "Zirvə" kitabında vurğulandığı kimi, birinci kursun sonuna qədər Bakının mərkəzində "Novbahar" restoranının ikinci mərtəbəsindəki yataqxanada 17 nəfər tələbə ilə bir otaqda qalırdıq. Burada tələbələrin mütaliəsi üçün oxu zalı yox idi. Restorandakı yeməklərin (piti, dolma, plov və s.) ətri ağzımızı sulandırsa da, nəfsimizi boğub dərslərə hazırlaşmağa üstünlük verərdik.

İkinci təhsil ilində M.F.Axundzadə bağının yaxınlığındakı yataqxanada Y.Nəsirli ilə eyni otaqda qalırdıq. Yataqxananın axşamdan sübhə qədər işləyən geniş mütaliə zalı vardı. Tez-tez Yasif Nəsirli ilə yanaşı oturub sabahkı dərsin seminarına hazır-laşardıq. Zalda ağcaqanad, milçək vızıltısı eşidilməsə də, 2-3 sıra bizdən irəlidə oturmuş bir qızla bir oğlanın söhbəti sakitliyi pozduğuna görə hamının diqqətini yayındırırdı. Lakin heç kəs onların pıçıltılı söhbətinə irad bildirmirdi. Yasif Nəsirlinin özünü toparlayıb sakit səslə mənə dediyi sözlər indiyə qədər yadda-şımdan silinməmişdir: "Bugünkü mənzərəni bəlkə bir satirik şeirlə qələmə alasan". Aldım. Yazdığım məqalənin və şeirin adını "Pıçıltılar" qoydum. Üç gündən sonra Universitetin çoxtirajlı qəzetində çıxdı. Yasif Nəsirlinin bu yazdırdığı yazıdan sonra yataqxananın oxu zalında pıçıltılara son qoyuldu. Orada belə misralar vardı:

 

Pıçıltılar, pıçıltılar,

Dinmədikcə çoxaldılar.

Bu axşam da vaxtımızı

Dünənkindən çox aldılar...

 

Bundan bir neçə gün sonra Universietin təşkil etdiyi mötəbər tədbirlərin birində Yasif Nəsirli "Humanist qanunlar" adlı sanballı məruzə ilə kürsüyə çıxanda tələbələrin və müəllimlərin gözlənilməz alqışları onun özünü də heyrətə salmışdı. O, bəlkə də ilk dəfə idi ki, alqış tufanı görürdü. Siyasi səriştə və məsuliyyət tələb edən belə bir ağırçəkili məruzənin tələbəyə tapşırılması Universitet həyatında həm nadir hadisə, həm də gənc bir yazıçının, alimin yetişməsindən soraq verən etibarlı zə-manət idi.

Belə unudulmaz maraqlı xatirələrdən biri ustad müəllimimiz professor Mir Cəlal Paşayevlə bağlıdır. Dərslərin birində Yasif Nəsirli professora belə bir sual vermişdi: - Mir Cəlal müəllim! "Bir gəncin manifesti" yaradıcılığınızın şah əsəri kimi oxunur və sevilir. Siz bu əsəri necə yazmısınız?

Mir Cəlal müəllimin nurani bir təbəssümlə dedikləri nə qədər maraqlıdırsa, o qədər də düşündürücüdür:

 

- Bu əsəri gənclik illərimdə yazmaq istəmişəm. Bir neçə gün çalışsam da, bir şey alınmadı. Bir qədər fasilə verib yenidən həmin mövzuya qayıtdım. Dəfələrlə yazı masasının arxasına keçsəm də, əsər hasilə gəlmədi. Məcbur olub bu mövzudan birdəfəlik əl çəkdim. 15 il keçəndən sonra səhərə yaxın yuxuda gördüm ki, üz döndərdiyim mövzu dilə gəlib mənə deyir: - Mir Cəlal, mən gəlib girmişəm beyninə. Tez ol, dur, qələm-kağız götür, məni yaz. Durub yazmasan, gedib girəcəyəm başqasının beyninə. - Səksəkəli halda yuxudan durub əl-üzümü yumadan, çay-çörək yemədən yazı masasının arxasına keçdim. Bu minvalla günlər bir-birinə calandı, yazılı vərəqlər üst-üstə qalandı. Əsər birnəfəsə hasilə gəldi. Əvvəlki pərişanlıqdan əsər-əlamət qalmadı.

Tələbəlik illərində Yasif Nəsirlinin başqa dərslərdə də belə maraqlı sualları çox olub. Sualların cavabları yaxşı əks-səda doğurmasaydı, yaddaşlardan silinib gedərdi. Nə yaxşı ki, unudulmayanlar unudulanlardan çoxdur...

"Zirvə"də qeyd olunduğu kimi, ikinci kursun yay tətilində Yasif Nəsirli məni doğulduğu ana kəndə - Kavdara aparmışdı. Evinin arxa-dayağını müharibədə itirmiş və beş övladı ilə baş-başa qalmış Dilbər ana, böyük oğlu İslam və ailəsi bizi sevinclə qarşıladılar. Süfrə açıb bizi Kavdarın dadlı nemətləri ilə doyuzdurdular. Gecə yatıb dincimizi aldıq. Universitet yataqxanasında hər səhər şirin çayla çörək, yağ, pendir (çox vaxt biri olurdu, biri yox) yeyib dərsə gedərdik. Kavdarda isə isti yay səhəri əlamətdar bir süfrə hazırlığı ilə yaddaşımıza həkk olundu... Axşama qədər Kavdarın günəşli, mənzərəli yerlərini gəzib, Günəş yer üzündən ətəyini yığanda evə döndük. Dostum məni ana kəndinə aparmasaydı və "Kavdarın ilk günü sənə necə təsir bağışladı?" sualını verməsəydi, yəqin ki, o günlərin yadigarı kimi "Günəş" şeiri də yaranmayacaqdı.

 

Səhər-səhər

Yatağımdan

Gülə-gülə

Çıxır Günəş.

Axşam çağı

Yer üzündən

Ətəyini

Yığır Günəş.

 

O yatır ki,

Baxıb ona

Şirin-şirin

Hamı yatsın.

Tez yatır ki,

Səhər yenə

Yatanları

Tez oyatsın.

Kavdarda qaldığımız iki həftə ərzində yüksək mədəniyyət sahibi olan bir neçə Cəbrayıl sakini Yasif Nəsirlinin görüşünə gəlmişdi. Rayon qəzetinin redaktoru Sirac Rüstəmov gəzdiyimiz yerlərdə tez-tez bizimlə olardı.

Kavdarda olduğu kimi, Bakıya dönəndən sonra da bir əlimizlə kitabdan, digər əlimizlə qələmdən bərk yapışmışdıq. Aramızda mütaliə və qələm yarışmasından Universitet qəzetinin redaktoru Eldar Əliyev də yaxşı xəbərdar idi. Hər ikimizlə (və bir çox istedadlı gənclərlə) yaxşı münasibət qurmuşdu. Böyük şairimiz M.Müşfiqin ikicildlik "Seçilmiş əsərləri"nə avtoqraf yazıb imzası və redaksiyanın möhürü ilə təsdiqlədiyi kitablarla mükafatlandırdığı fəal gənclər-dən biri də Yasif  Nəsirli idi.

Universitet qəzetinin bir neçə nömrəsinin çapa hazırlanmasını ikimizə etibar etməsində də Yasif  Nəsirlinin redaktorluq məharəti öz təsdiqini tapmışdı. Qəzetin bir nömrəsinin baş məqaləsini Yasif pedaqoqika müəllimimiz professor Əliheydər Həşimova yazdırmışdı (o, Xalq yazıçısı Süleyman Rəhimovun qaynı idi. Sonralar Gəncədə rektor işləmişdi). Dörd səhifəlik qəzetin materiallarını hazırlayıb redaktə edənlərin adlarının (Y.Nəsirli, İ.Zəkiyev) sonuncu səhifədə göstərilməsi Universitetin rektoru, akademik Şəfaət Mehdiyevin də diqqətini cəlb etmişdi...

Yasif Nəsirli redaktə etdiyi mətni rəndələyib yonqarını çıxarandan sonra hər sözü yerində elə oturdurdu ki, məharətinə heyran qalmamaq olmurdu. Onda müşahidə etdiyim redaktorluq bacarığı bəlkə də yaxın gələcəkdə ədəbi-bədii, ictimai-siyasi "Ulduz" jurnalının ilk baş redaktoru olacağından xəbər verən Tanrı mesajı idi. Belə olmasaydı, "Zirvə"də Yasif Nəsirlinin "Ulduz"lu günləri haqqında maraqlı açıqlamaları əksini tapmazdı.

Dördüncü kursda oxuyanda Yasif Nəsirli yazıları, məruzələri və təşkilatçılıq bacarığı ilə təkcə Universitet kollektivi arasında yox, respublikada tanınan istedadlı gənclərdən biri idi. O dövrdə onun kitab mü-əllifi kimi tanınması, 60-cı illərdə bir neçə kitabının ("Araz daşan yerdə", "Bolluq yaradanlar", "Qırmızı qərənfil", "İnsanlar, görüşlər" və s.) yüksək tirajla çapdan çıxması ədəbi-elmi ictimaiyyət arasında ona böyük nüfuz qazandırmışdı. Bu, Yasif Nəsirli üçün təkcə gənclik uğuru deyildi, həm də tezliklə Azərbaycan Yazıçılar Birliyinin üzvü olacağından soraq verən əlamətdar göstərici idi.

Dördüncü kursu bitirən kimi Yasif Nəsirlinin gözlənilmədən Respublika Gənclər Təşkilatına (ÜİLKGİ MK-ya) məsul vəzifəyə işə cəlb edilməsi və yüksək əməkhaqqı alması, beşinci kursda il boyu ikinci növbənin yalnız sonuncu dərslərində iştirak edə biləcəyinin rektor akademik Şəfaət Mehdiyevlə razılaşdırılması da onun həyatında və Universitet tarixində nadir hadisə idi. Tələbə ikən şəkli "Şərəf lövhəsi"ndən düşməyən əlaçı, təşkilatçı və yaradıcı gənc kimi bir neçə Fəxri Fərman, kitab və xeyli məqalə sahibi olmaq Universitetin həm ən istedadlı və şanslı tələbəsi demək idi, həm də cibi köməyinə gəlmədiyinə görə orta məktəbdə ala bilmədiyi Qızıl medalı ondan əsirgəyənlərə sərrast bir işarə idi.

O, ədəbi yaradıcılığa orta məktəb illərində başlasa da, imzası geniş oxucu kütləsinə 1960-cı illərdən tanışdır. Bakı ədəbi-elmi mühitində onun əlindən tutan, yaradıcılığına düzgün istiqamət verən ustad qələm sahibləri sırasında Nəsir İmanquliyev, Mir Cəlal Paşayev, Ağamusa Axundov, Cəmil Əlibəyov və başqalarının adı xüsusi qeyd edilməlidir. O, bu korifeylərin hər birindən çox şey öyrənmiş və aldığı düzgün istiqamətin məziyyətlərini yazılarına hopdurmuşdur. Məqalə, oçerk, xatirə və kitablarında (o cümlədən "Zirvə"də) bu parlaq simaların adlarını hörmət və ehtiramla çəkərək onları nəcib məqsədlər adamı kimi xarakterizə etmişdir. Ziyalılığın fövqündə duran bu cəsarətli düşüncə sahiblərinin özünə və sözünə Yasif Nəsirlinin verdiyi doğru qiymət onu bir gün də tərk etməmişdir. Ustadlarının etimadını əməli fəaliyyəti ilə doğrultsa da, - mən ədəbiyyata da, elmə də, ustad müəllimlərimə də hələ çox borcluyam - deməsi onun daxili aləminin zənginliyindən irəli gələn böyük etirafdır.

Universiteti bitirənə qədər o, Kavdar kəndindən çıxan ilk yazıçı, publisist, tənqidçi, tərcüməçi, təşkilatçı kimi tanınırdı. Universiteti fərqlənmə diplomu ilə bitirən ilk gənc yazıçını Kavdar tanıda bilməsə də, oradan pərvazlanan Yasif Nəsirli onu ildən-ilə tanıdıb şöhrətləndirdi.

Dövlətçilik, təşkilatçılıq işləri onun yaradıcılıq imkanlarını məhdudlaşdırsa da, fəaliyyət sahələrinin heç biri bir-birinə mane olmamışdır. Əksinə, yaradıcılığı və təşkilatçılığı qoşa qanad kimi bir-birinə təkan verərək kiçik kəndin böyük oğlunun ildən-ilə püxtələşməsinə kömək etmişdir. Vaxt da, baxt da onun xeyrinə işləmişdir.

Anasının müqəddəs arzusunu ləyaqətlə doğrultmaq istəyi yazıçını ömür boyu düşündürməsəydi, o, təkcə anasına yox, anamız Azərbaycana baş ucalığı qazandıra bilməzdi. Kaş, hər bir övlad valideyn tövsiyəsini belə yerinə yetirəydi!

Yasif Nəsirlinin xoşbəxtliyidir ki, o, anasının məsləhəti ilə nəinki kitablardan bərk yapışdı, özü də kitablar yazıb anasını öz sağlığında sevindirdi, hər yeni kitabı ilə bir ana abidəsi ucaltdı. Əsərləri oxucuları belə bir işıqlı ideyaya kökləyir ki;

 

Əlimiz kitabdan üzülsə əgər,

Beynimiz illərlə əziyyət çəkər.

Bizi pərt eləyər ağıl gözümüz,

Ayaqlar altına düşər sözümüz...

 

Yasif Nəsirli orta və ali məktəb illərindən başlayaraq ağıla batmayan, ürəyə yatmayan sözü nə dilinə yaxın buraxıb, nə qələminə. Buna görə onun çoxsaylı məqalə və kitablarında, o cümlədən, 80 yaşında oxucuların mühakiməsinə verdiyi "Zirvə" romanında yalan sözə, yaltaqlığa, cılız düşüncəyə, namərdliyə, söz yonqarına yer yoxdur. Qələmini dəryaz kimi ovxarlayıb qarşılaşdığı eybəcərliklər zəmisini ot kimi biçməyə ardıcıl səy göstərməsi onun yaradıcılığına oxuduğu kitablardan və Universitet müəllimlərindən aldığı ustad dərslərindən heç də az təsir göstərməmişdir. 80 yaşına çatana qədər o, dövlətçilik və yaradıcılıq yolunda çox əziyyətlərə qatlaşmışdır. Çünki əziyyət olmasa, məziyyət də olmaz!

O, heç kəsin kölgəsinə sığınmasa da, 60 illik dostluğumuz ərzində onun kölgəsinə sığınanları çox görmüşəm. Ömrünün səkkizinci onilliyinə qədər görkəmli yazıçı və ictimai xadimin 20-dən çox xarici ölkədə (Türkiyə, Bolqarıstan, Rusiya, Almaniya, İngiltərə, ABŞ, Yaponiya, İtaliya, Fransa, Malta, Çexoslovakiya, Rumıniya, İraq, Kuba, Çin Xalq Respublikası...) Azərbaycanı ləyaqətlə təmsil etməsi onun ömür kitabının yazılmamış maraqlı səhifələrindəndir. O, 1990-cı ildən general-mayor rütbəsi daşısa da, Vətənə, xalqa, elmə, ədəbiyyata xidmət naminə ürəyini çiyinlərində əzəmətlə daşıdığı paqonların zəhminə yox, paqonlarını ürəyinin və vicdanının hökmünə tabe etmişdir. Hekayə, povest, pyes, elmi-tənqidi əsərləri ("İnsanlar və görüşlər", "Adsız təpə", "İntizar", "Bolluq yaradanlar", "Çinar vüqarı", "Liftdə hadisə", "Təyyarə geri dönür", "Qan qardaşları"...) və 2006-2008-ci illərdə işıq üzü görmüş üçcildlik kitabları ("Ömür", "Dünya", "Zaman") dediyimiz ideya-əqidə xəttinin "Zirvə"yə qədərki parlaq nümunələridir. Səhifədən-səhifəyə addadıqca təzə bir nüansla rastlaşdığımız "Zirvə" avtobioqrafik romanı öz müsahiblərinə çox şey vəd edir...

Heydər Əliyev Məktəbinin görkəmli yetirməsi olan müəllifin "Zirvə" romanında cəmiyyətdə əsərləri, vəzifələri və əqidələri ilə mövqe qazanmış iki bir-birinə əks qütbün təmsilçiləri - ziyalılar və ziyanlılar qarşı-qarşıya qoyulmuşdur. Hər iki istiqamət əsərin ana xəttini təşkil etsə də, birincilərin ikincilər üzərində mənəvi qələbəsi daha qabarıq görünür. Bəlkə də buna görədir ki, əsərdə tənqidi fikrin gücü bədii fikrin gücündən üstündür.

Gəncliyindən bəri sakit, mərhəmətli görünən Yasif Nəsirli yazılarında ədalətli tənqidçi, qeyrətli vətənpərvər, ürəkli və xalqa gərəkli qələm sahibi kimi görünür. Mərkəzi Komitədə, DTK-da, nazirliklərdə, Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqə Cəmiyyətində, idarə və müəssisələrdə bəzi rəhbər işçilərin pərdəarxası "sirlərini" bər-bəzəksiz açıqlayan "Zirvə" romanının əksər səhifələrini yazıçının oxuculara "Açıq məktub"u adlandırmaq olar. "Məktub"larda həqiqətin çılpaqlığı ilə qələmə alınması təəccüblü görünməkdən daha çox, yazıçı cəsarəti kimi yadda qalır və kitab müsahiblərini ibrətli nəticə çıxarmağa sövq edir.

Ulularımızın, - "Bu dünyada dərdsiz-qəmsiz adam yoxdur. Əgər varsa, o, insan deyildir" - qənaəti ilə razılaşan Yasif Nəsirli dərdlərini dən kimi üyüdən, sevincini böyüdən təşəxxüssüz və təkəbbürsüz adamdır. Tələbəlik illərindən bəri həmsöhbət olduğu adamlarla sözü çəp gələndə münasiblərin çat yerlərini şən zarafatları ilə elə qaynaqlayır ki, qarşı tərəf ona borclu qalır. Hətta acığı gəldiyi adama dediyi acı sözünə zarafat şərbəti qatıb fikrini yumorla elə ifadə edir ki, həmsöhbətinin üz-gözündən nur saçılır və yatmış duyğuları tumurcuq kimi açılır. Bu gülən, güldürən Əməkdar incəsənət xadiminin duzlu komplimentlərində və söhbətlərində insanı maqnit kimi cəzb etmək qüvvəsi olduğuna görə, o, küsülülük və inciklik toxumunu səpməkdən uzaqdır. Sadəlik onun gözəçarpan və təqdir edilən xüsusiy-yətlərindəndir. Sözü kimi gözlərinin gülüşü, üzünün təbəssümü, dilinin şirinliyi insanı valeh edir. Bu çoxsaylı təltiflər sahibi 80 yaşına qədər vəzifə və şan-şöhrət ardınca qaçmasa da, istedad da, vəzifə də, halal şöhrət də özü gəlib onu tapmışdır. Haqq-ədalət prizmasından baxdıqda 80 illik bir ömrün mənzərəsi belə bir fikir söyləməyə əsas verir: Kolxozun quzularını otarmaqda ad-san qazanmış və üç yaşlı Yasifi anasının himayəsində qoyub müharibəyə getmiş Mirzə kişinin oğlunun elm, ədəbiyyat, mədəniyyət, çekistlik kimi mühüm istiqamətlərdə çox uğurlara imza atması heyrət doğurmurmu?!

O, yaşadığı dövrün həqiqətlərini yazıb. Dünənin həqiqətləri sabahın tarixidir. Tarix həqiqəti saxtalaşdırmağı sevmir. Digər əsərləri kimi, "Zirvə" də göstərir ki, Yasif Nəsirli nədən yazırsa, düz yazır, oxucunun ağzını dalana dirəmir. Qələm səhv edərsə, əsər yazanda əsər də gözdən düşər, əsər yazan da.

Müdriklər deyiblər: "Dostun yüzdürsə azdır, düşmənin birdirsə, çoxdur". Yasif Nəsirli 80 yaşına çatana qədər bu "normativi" də ötüb keçib. O, yüz yox, yüzlərlə dostu olan yazıçı, publisist, tənqidçi, dramaturq, tərcüməçi, çekist, ictimai-siyasi xadim və general-mayordur. Onun dostları arasında sadə insanlar da, görkəmli elm, ədəbiyyat, incəsənət, mədəniyyət xadimləri, müəllimlər, həkimlər, diplomatlar, çekistlər, siyasətçilər, hərbçilər, jurnalistlər, naşirlər və başqa sənət və peşə adamları da var. "Zirvə" romanında onun dost haqqında mövqeyi polemikaya yol açmağa şans da verə bilər. Bu amil onun və müasirlərinin dost haqqında baxışlarını alt-üst etməyə yox, sağlam məcraya yönəldən reallıqdır.

Birinci kursda oxuyanda aramızdakı səmimi münasibətləri nəzərə alıb ona həsr etdiyim "İki cür dost" şeirində bütün dostlara arzuladığım xeyirxahlıq, sadəlik, sadiqlik telləri Yasif Nəsirlinin 80 yaşına qədər qırılmayıbsa, bundan sonra necə qırıla bilər?! Həmin şeirin bir sözünü də dəyişdirmədən hörmətli oxuculara təqdim edirəm:

 

İki cür dost tanıyıram əzəldən,

Birincinin adı ürək dostudur.

İkincisi - çərən-pərən düzəldən,

Əsil adı onun çörək dostudur.

 

Yetirməsən dodaq büzər, sərt olar,

Qeybət qırar səndən o hər saatda.

Yanında mərd, arxanda namərd olar,

İstəməz ki, yüksələsən həyatda.          

 

Çörək dostu çörək qədri bilərmi?

Kim istər ki, belə dostu olaydı?!

Kaş ki, hər dost yaddaşlarda həmişə,

Saf, ləkəsiz insan kimi qalaydı!

 

60 ildir  ki, Yasif Nəsirli bu saflığı qoruyub saxlayır. O, sevdiyi sənət və dövlətçilik yolunda yenə də inamla irəliləyir. Ömrünün səkkizinci onilliyi ilə sağollaşdığı bu yol onu doqquzuncu onilliyin zirvələrinə doğru aparır. Ən sadiq dostları - istedadı, əqidəsi, qələmi və mütaliə etdiyi kitablardır. Yasif Nəsirli bu dostları ilə hər gün yol yoldaşlığı edir, onların heç birini gözdən qoymur. Gəncliyindən bəri mənəvi dostlarının etibarına və birliyinə söykəndiyinə görə həyat və sənət yollarında büdrəmək ona yaddır. Allahın verdiyi ömür payının sonuna qədər də bu tempi qoruyub saxlayacağına və yaradıcılıq bulağının ildən-ilə çağlayacağına əminəm.

Bu yazını burda tamamlamaq olardı. Lakin "Zirvə" romanındakı bir tutarlı fikir məni rahat buraxmadı. Bu, türkçülüklə bağlı önəmli məsələdir. Roman müəllifi yazır ki, mən SSRİ dönəmində DTK-da işləyəndə Sabir Əhmədli, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Fikrət Qoca, Nizaməddin Şəmsizadə, Sabir Rüstəmxanlı, Abbas Abdulla, Nüsrət Kəsəmənli və başqa tanınmış qələm sahibləri DTK-nın nəzarətində saxlandığına görə, eləcə də Anar və başqa yazıçılarımız, alimlərimiz Türkiyə ilə bağlılığına görə incidiləndə mən onların müdafiəsi üçün çalışmışam.

O zaman zərərli ideya dayaqlarını getdikcə möhkəmləndirilən qanı qarışıq DTK-çıların əhatəsində riskli addım atmağın və Azərbaycan ədəbiyyatına saysız töhfələr verən istedad sahiblərinin müdafiəsinə qalxmağın nə qədər çətin fədakarlıq işi olduğunu indiki gənclər bəlkə də çətin başa düşərlər...

Açığını deyim ki, Yasif Nəsirli özü də ayağı yer, dili söz, əli kitab tutandan görkəmli yazıçı, ictimai xadim və dövlət adamı mərtəbəsinə yüksələnə qədər elmə, ədəbiyyata, Azərbaycan-Türk dünyasına və bütün sülhsevər xalqlara bəslədiyi sonsuz məhəbbətinin öz övladları tərəfindən də ləyaqətlə davam və inkişaf etdiriləcəyinə əmin olmasaydı, poliqlot alim zirvəsinə qədər ucalmış oğluna Yalçın adını yaraşdırardımı?! Yaradan və yarıdan yazıçı ömür nərdivanının pillələrini qalxdıqca Azərbaycan-Türk dünyasına könüldən bağlanmasaydı, neçə-neçə kitabın müəllifi olan alim qızının adını Könül qoyardımı?! Sözü ilə əməli üst-üstə düşüb gül ətri verməsəydi, yüzlərlə adın içindən üçüncü övladına Rahiyyə adını seçərdimi?! Dünya Azərbaycanlıları və Türklərinə sonsuz məhəbbətini Vətənə, elmə, ədəbiyyata xidmətin qürur və şöhrət zirvəsinə çatdırmasaydı, nəvələrinin adını Erkin, Erkan, Aybek, Aytac, Atilla qoyardımı?! Bu həqiqət Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının əbədiliyinə və sarsılmaz-lığına dərin inamın parlaq nümunəsi deyilmi?!

Kimin haqqı var ki, düz sözü dansın?

Danan, vicdanına baxıb, utansın!

 

İmaməddin ZƏKİYEV

Filologiya elmləri doktoru, professor

525-ci qəzet 2018.- 28 dekabr.- S.7.