Durul, arın,
təzələn!
Türkan Turan
İlahi,
necə bir il idi?!
2018-ə təyyarə ilə uzun məsafəli
səfərə çıxmış
kimi başladıq.
Gah pambıq kimi buludların üstünə
qalxıb özümüzü
xoşbəxt hiss etdik,
gah mühərrikdə
baş verən kiçicik qığılcımla
yerə çırpılaraq
yox olmağın kandarından geri döndük. Qorxu, təlaş, həyəcandan
ürəyimiz qulağımızda
döyündü. Hikkə canımızdan
əl çəkmədi,
hirs yaxamızdan düşmədi, dişlərimizi
bir-birinə qıcaya-qıcaya,
partlamağa hazır bomba kimi gəzdik.
Başlanğıcda həyatımızın Şaxta
babanın xizək üzərində qırmızı
lentlərlə bağladığı
hədiyyə qutuları
kimi bəzəkli-düzəkli
olacağına inandıq. Üstündən bir neçə gün keçməmiş
xəyal qırıqlıqları
başladı. Gözümüz harada tutqun, boz rənglər varsa, ora zilləndi.
Ucaltdığımız qalaların altında
qaldıq, tikdiyimiz damlar başımıza uçuldu. Riyakarlıqla
daha yaxından tanış olduq, xəyanətlər irişə-irişə qarşımıza
dikildi. Yalanlar əl-ələ verib ətrafımızda dövrə vurdu. Ümidlər öləzidi, inam
tükəndi, hər
şeyin sonlandığını
qəbul etdik. İtirdik, itirdik, itirdik! Özümüzü bundan sonra heç nəyin düzəlməyəcəyinə inandıraraq davam etdik. Təqvimlər bir-birini əvəzlədi,
bir gün oturduğumuz bataqlığın
içindən, qaralmış
göy üzünə
baxanda, buludların arasından görünən
şəfəqin üfüqdə
qızardığını gördük. Elə həmin
an ayağa qalxmağa
qərar verdik. Hə də, aydınlıq belə başlayır axı: öncə zülmət, sonra şəfəqlə.
İnsanın həmişə yenilənməyə
ehtiyacı var. Di gəl,
bir az
tənbəllik edirik.
Arınmaqdan, təmizlənməkdən, alışdığımız narahat rahatlıqlardan qurtulmağa ərinirik.
Köhnə-kürüş duyğulardan, sınıq-salxaq
münasibətlərdən, kələ-kötür insanlardan
elə möhkəm yapışırıq ki,
elə bil dünyadakı son şansımız
elə onlardır.
Əmək verməyə, enerji
sərf etməyə,
istəklərimizi, duyğularımızı
cilalamağa can çəkirik.
Günü aya, ayı ilə calayırıq.
Təqvimlər dəyişir, zehnimiz
dəyişmir ki, dəyişmir.
Bəzən adama elə gəlir ki, yeni il bütün bunlardan xilas olmaq üçün
qurtuluşdur. Vurulan zərbələri,
edilən yanlışları
elə bu ərəfələrdə silib
atmaq lazımdır.
Yenilənmək üçün əla fürsətdir.
Neçə yaşda oluruqsa
olaq, nə yaşayırıqsa yaşayaq,
yenidən başlamaq heç vaxt gec deyil. İlan öz dərisindən necə soyulursa, ağaclar saralan, quruyan yarpaqlarını necə tökürsə, ən dərin yaralar qaysaqlayaraq necə qopub düşürsə,
insan ruhunun da qabıqdan çıxmağa, ölü
hüceyrələrdən qurtulmağa
o cür ehtiyacı
var. Bəlkə də,
buna görədir, özümüzü il sonuna ölümdən qaçıb canımızı
qurtarırmışcasına çatdırmağımız. Bircə o biri ilə keçə
bilsək, bütün
lənətlərin geridə
qalacağını fikirləşirik.
Etdiyimiz xətaların, qırdığımız
qəlblərin, qurşandığımız
pis vərdişlərin
buxarlanıb gedəcəyinə
inanırıq. Hədəflərimizi böyük, ümidlərimizi
bol, xəyallarımızı
sərhədsiz tuturuq.
Yeni bir “mən” axtarışına başlayırıq.
Fəqət, çox vaxt
bunları yaşaya bilmədən, dərk etmədən, zövq almadan bir ilə
vida edirik. Hər şeyi o qədər ölçüb-biçir, kəsib
doğrayırıq ki,
dadını duymağa
fürsətimiz qalmır.
Kimiləri üçün işıq
surəti ilə keçən, bəziləri
üçün isə
boynundan daş asılmış kimi yerində donub qalan ilin bitməyinə
iki sutka qalır. Qapının arxasında
rənginə, qoxusuna,
ədalətinə, mərhəmətinə,
gözəl və ya eybəcər olduğuna bələd olmadığımız il bizi gözləyir.
Necə başlasaq, elə davam edir deməyəcəm,
mən buna inanmıram. Nə versək,
eynisini geri alacağımıza əmin
olanlardanam. İlin əvvəlinə
nəzər salsaq, beynimizdəki rəflərə
necə böyük hədəflər, məqsədlər
sıraladığımızı görərik. Yaxşı, onlardan neçəsini yerindən tərpədə
bildik, bəs, nə qədərini toz basdı? Bax, düşündürücü
məqam budur!
2018-ci ilin 12 ay davam
edəcək yoluna başqa planlarla çıxdım. Mənə lazım olmayan kim və
nə varsa həyatıma doldurmuşdum.
Hamı ildən-ilə təkcə
canını götürüb
adladığı halda,
mən bir ton “yük”lə qapısından
əyilə-əyilə, nəfəsim
kəsilə-kəsilə, sağa-sola ilişə-ilişə
keçirdim. Özümlə gətirdiklərimi ora-bura
yerləşdirməklə məşğul olduğum
üçün özümü
qoymağa yer tapmırdım. Təbii ki,
bu qədər qarışıqlıqda nə
ağız deyəni qulaq eşidirdi, nə də addımımı atmağa
yer olurdu. Ayağımı tərpədən kimi hansısa duyğunun qalığına,
hansısa hissin qırığına, kiməsə
ilişib yıxılırdım.
Yox, hər şey belə davam eləmədi! Duruldum, arındım, silkinib üst başımı, süpürüb həyatımı
təmizlədim. Tör-töküntüləri yığışdırdım.
Geniş,
fərah, səliqəli
yer açdım.
Ağlıma gəlməyən insanlar başıma gəldi. Layiqli yerlərə onları
əyləşdirdim. Gözəl adamlar qazandım. Var olan dostluqlarımı möhkəmləndirdim, torpağımda
heç cürə kök ata bilməyənləri
çıxardıb tulladım.
İlin əvvəlindəki planların
təyinatı dəyişdi.
O qədər yenilik baş verdi
ki, bu ilə
sığmadı. Bir də
onda ayıldım ki, 2018-ci ilin son yazısını yazıram.
Yeni
ildə hər birimizə daha çox empatiya, daha az didişmək
diləyirəm. Bir-birimizə qılıncdan kəskin
sözlərlə hücum çəkib, hər şeyi bir
göz qırpımında yox etmədiyimiz sağlam ruh
halı arzulayıram.
İlan
öz dərisindən necə soyulursa, ağaclar saralan, quruyan
yarpaqlarını necə tökürsə, ən dərin
yaralar qaysaqlayaraq necə qopub tökülürsə, biz də
ruhumuzu eləcə təzələyək, soyulaq, arınaq! 2019-cu
ildə, elə burdaca görüşək!
525-ci qəzet 2018.- 29 dekabr.- S.24.