Obrazlar axtarmağa
dəyməz
Rəvan Cavid
Həyat özü mətndi. Və biz bu
mətnin həm obrazları, həm də müəllifləriyik.
Bilirəm, müəllif
mövzusunda bir az fikirlərimiz
haçalana bilər.
Siz göyə çəkərsiniz, mən
yerə... Amma bununla mövzumuzun
məğzi dəyişmir.
Vacib olan da budur.
Ayaqlarınızı binanın damından
aşağı sallayıb
meqapolisin işıqlı
gecələrindən əla
bir şeir yazmaq olar.
Ay dənizlə keçmişdən
danışacaq, işıqforlar
maşınlara “dayan-keç”
təlimatı verəcək,
mağazalarda sabah üçün rəfləri
səliqəyə salan
satıcılar “günün
icmalı”ndan söhbət
edəcək, külək
uzaqdan öz şəhərini sevəcək.
Yanınızdan sürətlə keçib gedən adamlar da sizin
hekayənizin bir parçasıdı. Onlara qarşı
biganə olmağı
tərgidin. Metronun
önündə gül
satan qoca
evə aparacağınız
bir dəstə gül və təbəssümü sizə
vermək üçün
orada dayanıb, yolun sağındakı taksi sizi evə
aparacaq, şəhər
özü sizə xatırlamaq üçün
kömək edəcək.
Tanımadığımız bir yazıçının
qeyd dəftərində
artıq sözə çevrilmişik. Bizim masamızdakı
güldan üçün
aldığımız çiçəkləri
o, sevgilimiz üçün,
ya da xəstə
anamız üçün
aldığımızı yazıb artıq. Eynilə biz də. Metroda yanımızda əyləşən
qaraqabaq adamın əhvalını yozmaq üçün ağlımızdan
min cür ssenari keçiririk (yaxşı-pis).
Əhvalat qurmaq üçün, hekayə
yazmaq üçün
dünyada yeddi milyard fərqli səbəb var. Zəngin,
kasıb, bohem, yaradıcı, sadə, ağ, qara, şərqli, qərbli, mədəni, barbar və minlərlə bu cür xarakter.
İnsan bütün obrazların cəmidir. Bir də bu var, hə. Biz nə qədər
bir-birimizdən fərqlənsək
də, oynadığımız
səhnə eyni olduğu üçün
oxşar anları, təkrar hadisələri zaman-zaman yaşayırıq.
Hər birimiz səhər işə getməmək üçün səbəb
axtarırıq. Bezirik küçəyə
çıxmaqdan. Bu, hər birimizdə olur. Hamımızda baş verir.
Gələn telefon zənginə cavab verməmək həvəsi,
kitabı kənara qoymaq istəyi, kompüteri söndürüb
şəhərə baxdığımız
an. Həyatın yuxu olmasına inanmaq o qədər gözəldir
ki... Ancaq gözlərimizin yalnız qapalı halında yuxu görəcəyimizə inandırdıqları
üçün bu xoşbəxtlik uzun çəkmir. Yuxu olsa
nə olardı ki?! Bir az həyəcanlı
olardı, ən azı. Tarixə səyahət edərdik.
Uzaq adamların yanında olardıq. İnsanları üzən səbəbləri
yuxumuzdan çıxarardıq.
Yuxu idarə olunanda gözəldir, deməli.
Əslində, həyatın özü
də belədir.
Yəni hər şey müəllifin əlində
- qələmində deyil.
Başlayanda da dedik ki, obraz olmaqla
yanaşı, həm də müəllifik biz.
Bir səhifə sonrakı mətni dəyişə bilərik. İşdən məzuniyyət götürüb
şimal rayonlarından
birində təbiətlə
baş-başa qalmaq olar, məsələn.
Ya da şəhərin mərkəzindəki sənət
atelyesində yeni rəsmlərə baxmaq olar. Məşhur bəstəkarın konsertinə bilet almaq ya da.
Biz daha səliqəli
görünərik həyatın
mətnində. Baxın, insanın
niyə yaşadığını
da kəşf etdik. Daha yaxşı obraz
olmaq üçün.
Daha maraqlı səhnə oynamaq üçün.
Bu mətnin içində
bizi dəyişən
səbəblər var,
bir də bizi məhv edən. Bircə abzaslıq
ömrümüz ola bilər, əsərin sonuna qədər yaşaya da, gizli kod
kimi hər əlli səhifədən
bir görünüb,
sonra yenə yoxa çıxa da bilərik. Redaktor, bizi incitmədən, kəsib çıxara da bilər. Bilmirəm, hər halda bu səbəbləri biz özümüz yaradırıq.
Bəlkə də arzularımız
üçündür dünyanı
tanımağımız. Gördüyümüz hər şey,
tanıdığımız hər kəs bizə arzularımız üçün kömək
edir. Heç nə artıq,
ya əksik deyil. Necə var elə.
Duyğusallığı, şıltaqlığı, dəliliyi, xoşbəxtliyi,
susqunluğu ilə bütöv olaraq gözəldir. Dəyər vermək,
dəyərləndirmək, dəyərli olmaq lazımdır.
Hələ də ayaqlarınızı
binadan sallayıb şəhərə baxırsınızsa,
başınızı yuxarı
qaldırıb ulduzlara
da baxın. Səmaya baxanda
gördüyümüz ulduzların
üzərində dayananda
biz də elə görünürük yəqin.
İşıltılı, kiçik. Hər ulduzun öz taleyi var. Bizə öyrətmişdilər ki,
əslində, ulduzlar
gördüyümüz qədər
kiçik deyil. Onlar Yerdən də böyük olur. Ulduzların üzərində dayanan adamlara da bizim
haqqımızda elə
deyirlər. “O adamlar
balaca görünür,
amma çox böyükdürlər!” Biz ulduzların böyük olduğu həqiqətini böyüdükcə öyrəndik.
Deməli, orada (ulduzlarda
- səmada) bizim haqqımızda deyilənlər
də həqiqətdir.
İçimizdəki ulduz boyda həyatı kəşf etmək, kəşf edəcəyimiz anı gözləmək lazımdır.
Həm gözləmək, həm
də onun varlığına inanmaq.
Bir Kor kitabxana müdiri deyirdi ki, mətn
idarə olunan yuxudur. Onun obrazlarını istədiyimiz yerlərə
apara, istədiyimiz adamlarla görüşdürə
bilərik. Yetər ki,
öncədən o obraz
üçün qurduğumuz
taleyin finalı eyni olsun. Bizim müəllif də elədir. Bəlli bir ssenari üzərindən bizimlə
bərabər çox
əla bir hekayə qurur. Həm də milyardlarla hekayəni eyni vaxtda yaza
bilmək bacarığı
da var. Gəlin, müəllifdən danışmayaq
(çünki bir az da müəmma məsələsidir
bu). Əsas obrazlardır - yəni
bizik. Bir az da rəssam olan müəllifimiz hekayələrin
sonunda qürubu çəkir. Yeni hekayə başlayanda
günəş rəsmi
ilə başlayır.
Biz özümüz isə öz hekayəmizi günəşli,
ya günəşsiz fəsillərə bölmürük.
Binanın dalanında dayanan
qoca üçün hekayə gecələr başlayır. Evində tok-şouya
baxan xanım üçün isə hekayə eynidir. Onun üçün fərqi yoxdu gecədir, ya gündüz.
Çox tez-tez eşidirik, nəyi yazmaq yox, necə yazmaq önəmlidir. İnanmayın. Vacib olan fərqli nəsə tapmaqdı.
Dediyimiz kimi (bildiyimiz kimi), yeddi milyarddan
çox hadisə var.
Biz hekayəmiz üçün
maraqlı süjet tapmalıyıq, maraqlı
adamları (obrazları)
yığmalıyıq o süjetin
içinə. Fərqli məkanlarda
fərqli söhbətlər
edib, beynimizi həmişə fərqli
nələrləsə dolduranda,
onsuz da “necə yazmaq” özü alınacaq.
Şərqli bir qoca deyirdi ki, mən
adamları pritçalara
bölürəm və
hələ təkrar pritça oxumamışam.
Bax bizim də dediyimiz bu idi.
Hələ də binanın damındasınızsa, hələ də şəhərə baxırsınızsa, təcili yardım siqnalına hürküb fikirdən ayıldınızsa, şəhəri hələ də işıqlı görə bilirsinizsə, evə dönüb masanızın önünə keçin. Yeni hekayə yazmaq üçün çox yaxşı fikirləriniz var. Elə birinci bu şəhərdən və özünüzdən başlaya bilərsiniz. Obrazlar axtarmağa dəyməz. Mətn düşünmək isə vaxtınızı alacaq. Yaşamaq sizə kifayət edər. Gözəgörünməz müəllifinizlə bərabər bundan sonrakı günlər üçün yaxşı bir əhvalat quracağınıza əminəm. Axtarışınızı dayandırın. Həyat mətndir, biz özümüz obrazıq.
525-ci qəzet 2018.-
29 dekabr.- S.24.