“Adları əbədi yaşayacaqdır” və ya “Yalnız Tanrı bilir”

Şahin Musaoğlu

Onun vasitəsilə Tanrı bir əsgərin həyatını bağışladı. Kiminə adı sıradan, kiminə qurbanlıq, kiminə isə müqəddəs olan bir həyatı!!!

Bundan böyük hədiyyə, bundan şərəfli ödül varmı?

Atatürk deyərdi: “Savaş zəruri və həyati olmalı. Millətin həyatı təhlükəyə məruz qalmadıqca, savaş bir cinayətdir”.

Əfsuslar olsun ki, bu cinayətə şərik olan nə çox ölkə və dövlət başçıları, sərkərdələr yetişdirdi bu tarix. Bir yanda qan-qada, yağmalanmış yurdlar, odu-alovu sönmüş ocaqlar, boğazlanmış insan cəsədləri... ölüm-barıt qoxusu, digər tərəfdə yarımçıq ömürlər, nakam talelər, dağılmış ailələr, gözü yaşlı valideynlər, yarası sağalmayan könüllər, nələr, nələr... Bir sözlə, harada savaş varsa, orada ağrılı-acılı xatirələrlə, qəmli-qüssəli nəğmələrlə və bir də... kədərli, amma təsəlli hekayələrlə açılar səhərlər. “Söz uçar, yazı qalar” deyərlər. Bu səbəbdən mən də bu örnək əhvalata əl qoyub insanlıq naminə yazdım bu hekayəni...

“Əgər insan niyə yaşadığını bilirsə, onun üçün necə yaşamağın əhəmiyyəti yoxdur”

F. Nitsşe

... Tanrı bir əsgərin sağ qalmasına vəsilə oldu. Neçə taleləri yenidən yazıb, neçə ömürlərə yeni nəfəs verib O uca Haqq!

Kimini gəncliyinə, cavanlığına, kimini ana Vətəninə - anasına, kimini körpələrinə bağışlayıb... Onu da bağışladı.

Ölkəsinin azadlığı və müstəqilliyi uğrunda hər şeyindən keçib də, öz şirin canını belə fəda etməyə hazır olan bir gənci, bir igidi, bir əsgəri öz rəhmilə bağışladı.

“Qurban arandımı, hər kəsin gözü Qoçları arar” deyib o böyük kişilər.

Əslində, bu həyat da elə “qurbanlıq” bir həyat idi. Vətəninə, millətinə “qurban” deyə doğmalarıyla ayrılıb vidalaşırkən bu qərarı vermiş bir qəhrəmanın, Vətən sevgisi dolu ləyaqətli bir həyatıydı  bu həyat!

O uca Haq, o ulu Yaradan bu “qurban”ı qəbul etmədi.

Ürəyinə tuşlanan o kirli güllənin hədəfdən yayınmasına səbəb olan bir vasitə də tapıldı.

- KİTAB!

O kitab ki, “kitabsızları” çox olan bu dünyada kitaba sayğı və ehtiramı özünə qaytaracaqdı.

O, kitab ki, xalqına, dövlətinə və ümumən bütün bəşəriyyətə, insanlığa yönəlik xidmətləri olan bir yazarın, bir fikir adamının 12 yaşlı oğluna yazdığı bir şeirlə milyonların sevgisini qazanacaq və 30-a yaxın dilə çevriləcəkdi. Məktəblərdə şagirdlərə əzbərlədiləcək, universitetlərdə tədris olunacaq, döyüşə gedən əsgərlərə yüksək səslə oxudulacaqdı. Sadə yazılan və hər kəsin dilinə yatan, axıcılığıyla bərabər milyonlarla gəncə, cavana öyüd, nəsihət, davranış qaydaları öyrədəcəkdi...

“Adam kimi adam ol, oğul!”

Redyard Kiplinq

1897-ci ilin yay günlərinin birində 32 yaşlı (gələcəyin Nobel mükafatçısı) gənc ingilis yazıçısı Cozef Redyard hamilə xanımı Qarri ilə birlikdə doğum evinə gəldilər. Hər ikisi səbirsizliklə bir neçə saatdan sonra dünyaya gələcək körpənin yolunu gözləyirdi.

 

Əslində, onların oxşayıb, əzizlədiyi və hər gün əllərindən, saçlarından öpdüyü Jozefina və Eliza adlı iki qız övladları vardı. Tanrıdan bir oğul da istəmişdilər. Və ürəklərinə dammışdı ki, üçüncü uşaqları məhz elə, oğlan olacaq.

Həyəcanlı dəqiqələr bir-birini əvəz etdikcə Cozef bir anlığa keçmişi - öz körpəliyini, o qayğısız uşaqlıq illərini yada saldı. Çocuqluğundan bu yana beynində canlandırdığı aydın bir gələcəyin qüruru bürüdü içini.

... Sonra hər şey yuxularındakı kimi baş verdi. Ayların intizarından yorulmuş ruhu növbətçi həkimdən: “Oğlunuz oldu, mister Kiplinq” - xəbərini alınca elə bil özünə gəldi, canlandı, dirçəldi...

Əvvəlcə əsnəyən və sonra da bir nəfəsə çığıra-çığıra ağlayan körpəsini qucağına aldı. Bir xeyli tamaşa etdi. Sanki indiyə qədər tanış olmadığı, qəribə hisslər və duyğuların cazibəsinə düşmüşdü.

Tanrıya şükürlər edə-edə dodaqlarını hörümçək ayaqları  kimi açılıb-yumulan körpəsinin əllərinə toxundurdu. Dilinin ucunda kiminsə eşitməyəcəyi bir tərzdə: “Xoş gəldin Con, mənim balam!” deyib nəvazişlə bağrına basdı onu...

Oğulları Con Kiplinq ağıllı, şən və problemsiz bir uşaq oldu...

İllərdən 1910. Mövsümlərdən ayazlı şaxtalı qış günlərindən biri.

Artıq üç il idi ki, Cozef Redyard Kiplinq ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş ilk ingilis yazıçısı olaraq Paris, Strasburq, Afina və Toronto Universitetlərinin mükafatlarını almışdı.

İşləmək, yazmaq, yaratmaq eşqiylə Redyard qələmə elə sarılmışdı ki, illərin necə tez və sürətlə keçməsindən xəbər belə tutmamışdı.

Uğurlarının ardı-arası davam etdikcə o, Oksford, Kembric, Edinburq və Darem universitetlərinin mükafatlarına da layiq görüldü.

“Müşahidə etmək, bacarığına, parlaq fantaziyasına, ideya bitkinliyinə və rəvayətçilik istedadına görə” aldığı Nobel mükafatının şöhrəti hələ soyumamış, əlinin tutduğu, gözünün gördüyü qədər çalışmağa, işləməyə, yazıb yaratmağa qərar vermişdi.

Elə həmin əhval və həmin istəklə günlərin bir günü 12 yaşlı oğlu üçün düşüncələrini yazmağa başladı.

Bayırda sərt bir qış, içində yamyaşıl bir bahar ruhiyyəsi ilə yazı masasının önündən küçəyə açılan pəncərəyə yaxınlaşdı. Bayıra boylandı. Küçə fanarlarının rəqs edən işığında uçuşan qar dənəciklərini seyr etməyə başladı. Pəncərəni açıb sərt bu qış küləyinin şaxta dolu havası ilə ciyərdolusu nəfəs aldı, bir müddət səssiz və hərəkətsiz halda dayandı.

Sonra bu qış gecəsinin səssizliyində mışıl-mışıl uyuyan oğlunun qayğısız və məsum çöhrəsinə nəzər saldı.

Artıq bir müddət idi ki, oğlu Cona ünvanlandığı hələ mürəkkəbi qurumamış şeirinin son misralarını təkrarladı:

“Adam kimi adam ol, oğul!”

Amma bu məşhur şeirin taleyindən nə özü, nə də oğlu xəbərdar idi.

Redyard şeiri elə həmin il uşaqlar üçün nəşrini nəzərdə tutduğu kitabına daxil etdi.

İlk əvvəllər kitabın yaradıcı heyəti də bu şeiri onun ən gözəl əsərlərindən biri kimi görmədilər. Ancaq bir-iki il sonra dörd bəndlik bu şeir, bir dünya səyyarəsi oldu və 30-a yaxın müxtəlif dilə çevrildi.

“Qeyrət və şərəf bahalı mülkdür. Pulla alınmaz və ucuz insanlarda olmaz”.

Hz.Əli

...Qapının zəngi çalındı.

“Görəsən, kim olar bu vaxtsız-vədəsiz qonaq?” - deyə Cozef özü qapıya yaxınlaşdı.

“Poçtalyondu” - dedi qapının o üzündəki adam. Salamlaşdılar. Cozef onu evə dəvət etdi.

Poçtalyon tələsirdi. Elə dəhlizdəcə bir kağız parçası uzadıb imza istədi ondan və üzərində “Müsyö Kiplinq” yazısı olan  əzik-üzük, qəhvəyi rəngli kağıza bükülmüş bir bağlamanı təslim edib, iti addımlarla şəhərin gur izdihamında gözdən itdi.

Bağlamanın üzərindəki cızma qaradan marağını gizləyə bilməyib onu açdı. Qırmızı rəngli bir qutu idi. Qutunun içində bir kitab vardı. Baxdı: öz kitabıydı. Fransız dilinə tərcümə olunmuş “Kim” adlı bu kitabın üzərində son iyirmi səhifəsinə qədər dəlik açan bir güllə yeri vardı.

O güllənin kitabda açdığı bu dəlmə-deşik səhifələrdən keçən ip diqqətini çəkdi.

İpdən bir orden asılırdı. Ordeni diqqətlə incələdi. “Croix de Guerre” adlı Fransa qəhrəmanlıq ordeni idi.

Sahibi ilə maraqlandı. Mourice Hamanneau adlı gənc bir fransız əsgərinin adı keçirdi... bir də ona ünvanlanmış məktubu gördü. Həmən məktubu oxumağa başladı. Xeyli təsirləndi. Üç-dörd cümlədən ibarət bu qısa və səmimi məktubda sanki bir dünyanı bağışladılar ona. Bu anlar Redyardın ən unudulmaz və bəlkə də bundan sonra ömrünün bir daha yaşaya bilməyəcəyi ən şərəfli və ən qürürlu anları idi...

Gənc əsgər əgər döyüşə girəndə onun “Kim” adlı bu kitabını özü ilə götürməsəydi sağ qalmayacağını yazırdı. Buna görə o Redyarddan öz təşəkkür və şükran borcunun rəmzi olaraq bu kitabı və ordeni qəbul etməsini istəmişdi. Kiplinqi indiyə qədər aldığı mükafatlardan çox bu mükafat duyğulandırdı. Onun vastəsi ilə Tanrı bir əsgərin həyatını bağışlamışdı. Çünki bir nəfərin həyatını xilas edə bilmək ona verilə biləcək bütün ordenlərdən ən dəyərlisi və ən şərəflisi idi.

... Təəsüf ki, müharibənin ağrılı-acılı, qanlı-qadalı fəlakətləri elə Kiplinqdən də yan ötüşmədi. O, gözünün ağı-qarası hərbi müxbir kimi döyüşən orduda xidmət edən bircəcik oğlu Conu “Loos savaşı”ında itirdi. Daha doğrusu, itkin düşdüyü xəbərini aldı...

Ömrünün bundan sonrakı 18 ilini oğlu Conun sorağıyla Böyük Britaniya Krallığı Hərbi Komissiyasının Dəfn və Məzarlıq bölümündə əsir və itkin düşənlərin sayğı törənlərinin təşkili ilə keçirdi.

1936-cı ilin 18 yanvarında oğul həsrəti ilə 70 yaşında gözlərini əbədi olaraq yumdu.

P.S: Böyük Britaniya Krallığının bütün əsgəri məzarlıqlarının girişində “Adları sonsuzadək yaşayacaqdır” və məchul əsgərlərin məzar daşlarına “Yalnız Tanrı bilir” sözlərinin yazılması fikri məşhur ingilis yazıçısı Redyard Kiplinqə məxsusdur.

525-ci qəzet  2018.- 29 dekabr.- S.19.