Keçən
ilin son gecəsi
PƏRVİN
Vaqif Səmədoğlunun “Son gecədir bu gün yenə”
misrası ağlımdan çıxmır nədənsə. İstənilən
bir “son” düşüncəsi bu misranı nə isə
ayrı bir yöndən, başqa bir tərəfdən
işıqlandırır.
Axı, doğrudan da qəribə bir işıq var bu
fikrin özəyində. Adamın gözünü qamaşdıran
işıq deyil, ancaq nə isə lap o müəmmalı
tunelin sonundakı kimi də olsa işartıdı. Əslində, “son” ümumiyyətlə varmı,
yoxmu, bilmirəm?! Bitirmi, sona yetirmi nələrsə, onu
da demək çətindir... Çünki dinin özü də
ölümdən sonrakı həyata inandırırsa, ən
müxtəlif fəlsəfələr daimi bir mübadilə,
yenilənmə, nə bilim “bumeranq” ideyasını təbliğ
edirsə, deməli, SON ümumiyyətlə, şərti məsələdir.
Amma yenə də “son”
ovqatı insanda bir hesabat arzusu yaradır... Necə başladın, nələrdən keçdin
və hansı nöqtəyə gəlib çatdın?!
Fərqi yoxdu, bütöv bir ömrün hesabatından
söhbət gedir, ya kiçik bir hadisənin...
TƏLƏBƏLƏRİN
ARZUSU...
Bir çox əlamətdar hadisələrin kökünə,
dərininə gedəndə əslində, hər şeyin sadə
bir arzudan başladığını görürsən.
Hə, elə mən də günlərin birində
şəhərin tıxaclarından sıyrılıb, yuxusuz
gecənin yorğunluğunu kənara qoyub universitet pillələri
ilə auditoriyaya tələsəndə belə arzulardan biri
yaxaladı məni. Pedaqoji Universitetin müəllimi kimi hər gün yüzlərlə arzu,
sualla qarşılaşıram. “Tələbə
eyforiyası” adı verdiyim hüdudsuz ideyalar, təşəbbüslər
burulğanından çıxmaq olmur. “Karyeramı necə
qurum?”, “İndidən harda işləyə bilərəm?”,
“Ailə, yoxsa iş”, “Şeir yaza bilərəmmi?”, “Hansı
kitabları oxuyum?” kimi suallar burda gündəlik işlərdir.
Bu dəfə məsələ daha ciddi
qoyulmuşdu. Tələbələr yeni il
ərəfəsində Anarın “Keçən ilin son gecəsi”
əsərini səhnələşdirmək istəyirdilər.
Və nədənsə bütün yollar lap Roma kimi mənə
gətirib çıxarmışdı onları; bir yandan Gənc
Tamaşaçılar Teatrında
çalışmağım, digər tərəfdən də
Anar yaradıcılığı ilə
bağlılığım...
İnsanın bütün varlığı ilə nəyisə
arzulaması məsələnin ilkin həllidir artıq. Filologiya
fakültəsinin tələbələri böyük səhnədə
tamaşada oynamaq, populyar, sevilən əsəri öz bildikləri
şəkildə təqdim etmək istəyirdilər tamaşaçıya
və buna ömürlərinin ən böyük işi, hadisəsi
kimi yanaşırdılar. Amma sadəcə arzulamaq
işin birinci hissəsidir, həyata keçirmək
üçün isə az qala ətrafımızda
olan hər kəs, hamı səfərbər olmalı idi. Oldu
da... Gənc Tamaşaçılar Teatrı səhnəsini,
Pedaqoji Universitetin rəhbərliyi əlindən gələn dəstəyi
əsirgəmədi...
RAMİZ
HƏSƏNOĞLU
“Keçən ilin son gecəsi” Anarın ilk mətbu
hekayəsidir.
Bu hekayə əsasında yazdığı pyesə ilk dəfə Gənc
Tamaşaçılar Teatrında 1968-ci ildə rejissor Ulduz
Əliyeva-Rəfili quruluş verib. Həmidə
xala rolunu Firəngiz Şərifova canlandırıb.
Bundan başqa,
Moskvanın Mərkəzi televiziyası həmin
hekayəni səhnələşdirərək iki dəfə
müxtəlif quruluşlarda Birinci proqramla nümayiş
etdirib. Birinci quruluşda (8 yanvar 1967-də efirə
getmişdir, rejissor B.Talmazov) Həmidə xala rolunda SSRİ
xalq artisti L.Dobrjanskaya, ikinci quruluşda (5 yanvar 1968-də efirə
getmişdir, rejissor Rıjov) həmin rolda RSFSR Xalq artisti
Fadeyeva çıxış edib. Həmçinin,
əsərə Azəbaycan televiziyasında Ramiz Həsənoğlu
quruluş verib. Həmidə xala rolunu Zərnigar
Ağakişiyeva ifa edib. “Azərbaycanfilm”
kinostudiyasında isə Anarın ssenarisi əsasında
“Ötən ilin son gecəsi” filmi çəkilib. Quruluşçu rejissorlar Gülbəniz Əzimzadə
və Şahmar Ələkbərov, Həmidə xala rolunu isə
Elmira Şabanova ifa edib.
Əsərin
keçdiyi bütün bu uğurlu ekran, səhnə həyatını
sadalayırıq, amma nədənsə məhz Ramiz Həsənoğlunun
tamaşası “Keçən ilin son gecəsi”nin
pasportu kimi qavranır. Zərnigar Atakişiyevanın bir az mülayim, bir az həzin, amma həm də
ötkəm ana obrazı Azərbaycan
tamaşaçısı üçün yeni ilin simvoluna
çevrilib sanki. Televizorla dərdləşən,
yaxud məlumat bürosuna zəng vurub tanımadığı
adamı təbrik etmək istəyən qadın insanda kədərli
hisslərdən daha çox, işıqlı, ümidli bir
ovqat yaradır. Məncə, bu işıq,
ümid Ramiz Həsənoğlu
yaradıcılığının əsasını təşkil
edir. Tələbələrlə işləmək,
onlarla tamaşa qurmağa razılıq vermək isə onun
uzun böyük maarifçilik yolunun davamıdır əslində.
“Kitabi - Dədə Qorqud” dastanını, Mirzə Cəlili,
Mirzə Fətəli Axundzadəni, Əbdürəhim bəy
Haqverdiyevi, Hüseyn Cavidi, Anarı, Vaqif Səmədoğlunu
televiziya ekranından daha geniş kütləyə
çatdıran sənətkar bu dəfə heç vaxt səhnəyə
çıxmayan, səhnədə ən adi hərəkətləri
belə bilməyən gənclərlə işləməli
idi... Və bunun özü də elə Azərbaycan gəncliyi
üçün sənətkar jesti idi!
HƏMİDƏ
XALA...
Anarı oxumağa başladığım günü dəqiq
xatırlayıram və bu haqda “Anar dünyası”
kitabımın müqəddiməsində yazmışam. Bu illər ərzində
onun yaradıcılığı ilə, əsərləri ilə
münasibətim xeyli dərinləşib. Sayını
itirdiyim ön sözlər, kitab, dissertasiya,
çıxışlar və s. bu münasibətləri qəribə
bir məqama yetişdirib. Amma səmimi etiraf etməliyəm
ki, məhz “Keçən ilin son gecəsi” əsərinə
bu cür yanaşma, Ramiz Həsənoğlunun hər
sözün, hər dialoqun “hərəkətini”
tapmasını müşahidə etməyim yeni baxış
bucaqlarını ortaya çıxardı. Ancaq
gecənin bir aləmində kitabları, dəftərləri,
yazıları qabağına qoyub klaviatura taqqıldatmağa
nə var ki?! Gördüyünü,
duyduğunu gur işıq altında, səhnədən de
görüm, deyə bilirsənmi?!
Bax bu yerdə mənim nitqim tutuldu. Ramiz Həsənoğlu
“Tamaşa tələbələrinlə qurulursa, elə Həmidəni
də özün ifa elə” - deyəndə sadəcə
quruyub qaldım. Məsələ bu işi necə bacarmaqda
deyildi, məsələ o sehrli-sirli bildiyim səhnəyə
çıxmaqda və ordan başqa adam
kimi danışmaqda idi... Və o gündən Həmidəni
ardıcıl düşünməyə başladım.
Anladım ki, Həmidə Anar
yaradıcılığındakı tənhalığın əsasıdır.
Həmidənin tənhalığı ilə
başlayır Anarın tənhalıq fəlsəfəsi.
21 yaşlı Anar bayram axşamı tək
qalmış bir qadını, ananı xoşbəxt göstərməyə
çalışır. Yəni əgər səsi qeyd
edən cihaz varsa, illərin o tayında qalmış səs bu
günə aid nə isə təsəlli verə bilirsə,
“qocalanda adama televizor qalırsa”, hələ o biri otaqda
yatmış “gələcək” - balaca Vaqif də varsa, deməli,
həyat davam edir və övladların öz “ərazilərində”
yaşamaq arzusu təbiidir. Tənhalıq xəstəlik
deyil, insanın təbii halıdır. Hər uşaq
getdikcə Həmidə bir az daha təklənir,
amma yenə də “təki canları sağ olsun” arzusu ilə
təsəlli tapır. İndi bunlar haqqında
danışmaq asandı, əlbəttə, amma səhnədən
demək, daha doğrusu, o vəziyyəti ifa etmək sadə deyildi.
Ramiz müəllim fasiləsiz olaraq - qanın
qaralsın, amma uşaqlardan gizlət bunu - deyirdi.
Bütün varlığımla gizlədirdim... Oğlum gəlirdi
- gedirik Vasifgildə qarşılayaq yeni ili,
qızım gəlirdi - tədbirdə mahnı ifa etməlidi,
o biri qızım uşağını qoyub gedirdi, bu biri
oğlum nişanlısının yanına tələsirdi və
mən bunları bir-bir yola saldıqca Həmidəni
düşünürdüm... Bir azdan Qəzənfərin
səsinə qulas asacaq və hər şey bitəcək.
Qəzənfər isə dedi ki:
“Dünyada heç nə itmir, batmır, heç kəs
ölmür.
Yaxşı da, pis də keçir, nəsil-nəsil
keçir... Biz mən biləni yaxşı
yaşamışıq, öz zəhmətimizlə
çörək qazanmışıq. Qoy, bizim həyatımızda
yaxşı nə olubsa, uşaqlarımız özləri ilə
təzə həyatlarına,
təzə nəsillərə aparsınlar. Həyat
da elə budur da”.
Bəli,
həyat da elə budur... O biri otaqda balaca ağlayır,
gözünün yaşını sil və yanına
qaç... “Nə yaxşı var gül balalar!”
NƏTİCƏ
Gərgin və qəliz bir ilin sonuna doğru
yeni nəslin uşaqları ilə, tələbələrimlə
işlədikcə, hər gün ünsiyyətdə olduqca Qəzənfərin
ideyasının dəqiqliyinə heyrət etdim. Başa
düşdüm ki, bu yeni nəsil uşaqların içərisində
istedadlı, ağıllı, məsuliyyətliləri daha
çoxdur. Sadəcə onlara zaman ayırmaq,
onlarla məşğul olmaq lazımdı. Bu dəfə Gənc
Tamaşaçılar Teatrının, Pedaqoji Universitetin birgə
əməyi nəticəsində bu istedadlı gənclərdən
bir neçəsi tanındı, göründü, arzusunu həyata
keçirə bildi. Əlbəttə, ilk dəfə səhnəyə
çıxan, ilk dəfə rol oynayan gənclərə
böyük tələbkarlıqla yanaşmaq olmaz, amma hər
anda bacardıqlarını maksimum etməyə
çalışmalarını görmək hədsiz qürurverici
idi. Kim bilir, bəlkə onların arasında gələcəyin
aktyorları da var... Ona görə istəyirəm ki, bu
adları yaddaşımızda saxlayaq... Samir Canızadə,
Eltun Süleymanov, Həmid Yolçiyev, Qərib Əliyev,
Əkbər Novruzov, Süleyman Süleymanov, Asiman Quliyeva,
Günay Veysəlova, Lamiyə Rzayeva, Miradə Axundova, Aişə
Bayramlı, İlahə Rüstəmova, Günel Mahmudova,
Gülnar Şərifli, yeni iliniz mübarək! Təki
canınız, sağ olsun... İmza: Sizin Həmidə!
525-ci qəzet 2018.- 29 dekabr.- S.15.