Beynəlxalq Muğam
Mərkəzinin 10 illiyi qeyd
edildi
Dekabrın 27-də Beynəlxalq Muğam Mərkəzinin fəaliyyətə başlamasının 10 illiyi münasibətilə
tədbir keçirilib.
Trend-in
məlumatına görə, qonaqlar əvvəlcə mərkəzin
foyesində qədim musiqi alətləri ekspozisiyası və
muğam sənəti ilə bağlı kitab sərgisi ilə
tanış olub, “Əsrlərin sədası”
ansamblının çıxışını dinləyiblər.
Yubiley tədbirində mədəniyyət
naziri Əbülfəs
Qarayev çıxış
edərək bildirib ki, 10 il
bundan əvvəl məhz bu gün
Prezident İlham Əliyev və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın iştirakı
ilə Beynəlxalq Muğam Mərkəzinin açılışı olub.
“Heydər Əliyev
Fondunun möhtəşəm
layihələri sırasında
xüsusi əhəmiyyəti
olan bu mərkəzin
inşası Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
həyata keçirilib.
Mərkəzin bu qısa müddət ərzində
fəaliyyətinə nəzər
saldıqda görürük
ki, nə qədər uğurlu yol keçib. Muğam keçmişlə
bu gün arasında, Azərbaycan ilə dünya xalqlarının mədəniyyəti
arasında mənəvi
körpüdür”, - deyə
nazir qeyd edib.
Son illər muğamın ölkəmizin hüdudlarından
kənarda da şöhrət tapdığını
deyən nazir muğam sənətinin
UNESCO-nun Qeyri-Maddi Mədəni
İrs Siyahısına
daxil edilməsində
Azərbaycanın Birinci
vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük
zəhməti olduğunu
vurğulayıb. Muğam ifaçılığı,
tar və kamança sənəti bir daha təsdiq etdi ki, Azərbaycan
xalqının yaratdığı
incəsənət nümunələri
bütün bəşəriyyətə
məxsusdur.
Binanın formasının Azərbaycanın
qədim musiqi alətlərindən olan tarı xatırladığını
deyən nazir bildirib ki, Muğam
Mərkəzi paytaxtın
ən gözəl memarlıq abidələrindən
biridir.
Nazir, həmçinin
qeyd edib ki, mərkəzdə xalq arasında çox sevilən görkəmli muğam ustadlarının büstləri
qoyulub.
Heydər
Əliyev Fondunun təşəbbüsü və
bilavasitə rəhbərliyi
altında Beynəlxalq
Muğam Mərkəzində
ənənəvi olaraq
keçirilən Beynəlxalq
Muğam festivalları
və Muğam Televiziya müsabiqələri
barədə danışan
nazir qeyd edib ki, bu
tədbirlər dünya
miqyasında muğam ifaçılarının, muğamsevərlərin
və xüsusilə də bu musiqiyə
həyatını həsr
etmiş elm adamlarının,
ekspertlərin şəbəkəsini
formalaşdıra bilib:
“Bu layihələrinin özünəməxsusluğu
onların sırf muğam aləminə, muğam fenomeninə həsr olunması ilə bağlıdır,
onlar Azərbaycan muğam sənətinin qorunub saxlanılaraq, gələcək nəsillərə
ötürülməsinə, hərtərəfli öyrənilməsinə
və təbliğinə
xidmət edir”.
Diqqətə çatdırılıb ki,
Beynəlxalq Muğam Mərkəzində görkəmli
sənət ustalarının
xatirə gecələri,
yubileyləri və yaradıcılıq axşamları
da təşkil edilir.
Başa çatmaqda
olan 2018-ci ilin
uğurlarından söz açan
Əbülfəs Qarayev deyib:
“Bu il
ölkəmizin mədəni həyatında da
mühüm hadisələrlə yadda qalıb, o cümlədən
xalqımızın yaratdığı mədəniyyət
abidələrinin, milli irs
nümunələrinin UNESCO-nun müvafiq siyahılarında yer
alması prosesi davam edib. UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası
Komitəsinin Mavriki Respublikasında
keçirilən 13-cü sessiyasında Azərbaycanın təqdim
etdiyi “Yallı (Köçəri, Tənzərə),
Naxçıvanın ənənəvi qrup
rəqsləri” Təcili qorunmaya
ehtiyacı olan qeyri-maddi
mədəni irs siyahısına, Azərbaycanın
Türkiyə və Qazaxıstanla birgə təqdim etdiyi “Dədə Qorqud irsi. Dastan mədəniyyəti,
xalq nağılları və musiqisi” nominasiya faylı
isə çoxmillətli mədəniyyət nümunəsi kimi təşkilatın Qeyri-maddi
mədəni irs siyahısına daxil edilib”.
Tədbir muğam konserti ilə davam edib.
Konsert proqramında
Babək Niftəliyev,
Səbuhi İbayev, Ehtiram Hüseynov, Kamilə Nəbiyeva, Səbinə Ərəbli
çıxış ediblər.
525-ci qəzet 2018.- 29 dekabr.- S.12.