“Yazmaq üçün təcrid əsasdır, amma başqa şərtlər də var...”

KAMAL ABDULLA “YAZIÇI İLƏ DİALOQ”DA YARADICILIĞIN TƏBİƏTİ, MÜƏLLİF-MƏTN MÜNASİBƏTLƏRİ, MİFOLOGİYA VƏ DİL MƏSƏLƏLƏRİ BARƏDƏ DÜŞÜNCƏLƏRİNİ BÖLÜŞDÜ

Cavid QƏDİR

Dekabrın 19-da Bakı Kitab Mərkəzində “Yazıçı ilə dialoq” layihəsi çərçivəsində daha bir tədbir keçirildi.  Bu dəfə Mərkəzin qonağı yazıçı, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla oldu.

Həmişəki kimi bir az kənarda dayanıb iştirakçıların sırasına  göz gəzdirirəm. Ön sırada Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, teatrşünas Məryəm Əlizadə, Azərbaycanın Misirdəki səfiri Tural Rzayev əyləşiblər. Folklor İnstitutunun direktoru Muxtar İmanov, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, “Türkologiya” jurnalının məsul katibi Elçin İbrahimov da iştirakçılar arasındadır.

Müşahidəmi yekunlaşdırdığım ərəfədə Mərkəzin direktoru Günel Rzayeva tədbiri açıq elan etdi. Qonaq haqqında qısa arayış verən direktor onu yazıçı və insan kimi məziyyətlərindən söz açdı.

Daha sonra söz Kamal Abdullaya verildi.  Qonaq əvvəlcə dəvət üçün Bakı Kitab Mərkəzinə təşəkkürünü bildirdi. Paytaxtda bu cür müasir, geniş, rahat, oxucuların bütün növ ehtiyaclarını nəzərə almaqla dizayn edilmiş mərkəzin fəaliyyətə başlamasını kitabın bayramı kimi qiymətləndirdi.

Ardınca Kamal Abdulla ənənəvi mühazirə üslubundan qaçmaq üçün interaktiv yanaşma təklif etdi. Görüşün dialoq formatında daha maraqlı keçəcəyini dilə gətirdi. Çoxsaylı sualları səbrlə, ətraflı, bütün xırdalıqları nəzərə almaqla, üstəlik, zarafatından qalmadan cavablandırdı. Fasilə verəndəsə şeir oxudu. Ən çox sevilən, təqdir olunan şeirlərindən “Unutmağa kimsə yox...” haqqında da danışdı: “Yaratdığım əsərlərdə çalışıram, hər şeydən təcrid olum, bu şeirin adısa son dörd misradan gəlir:

 

Yollar getdi üzü dağa, 

Yoxuşlar enişlərdən çox,

Kimsə yox xatırlamağa,

Unutmağa da kimsə yox.

 

- ümumiyyətlə, özümü poeziyada ciddi mövqeyilə seçilən bir adam hesab etmirəm...” - dedi.

Kamal Abdulla sözügedən şeirin sintaktik strukturundan da söz açdı, bildirdi ki, bu, ikiqatlı mətndir: “Üst qatı ayrıdır, alt qatı ayrı. Bir qatı odur ki, unutmağa kimsə yoxdur, yəni heç kimi xatırlamıram. Digərisə pozitiv yanaşmadır: hamı yadımdadır, ətrafımda unudulmalı adamlar yoxdur”.

Yaradıcılıq prosesi barədə suala cavab verən K.Abdullanın sözlərinə görə, yazmaq üçün başlıca şərt təcriddir: “Beynindəki ideyanı sözə, cümləyə çevirmək, kağıza köçürmək üçün yazıçı özünü ətrafdan təcrid etməlidir. Məncə, təcrid əsasdır, amma başqa şərtlər də var, hər halda... Sözün açığı, yaradıcı proses üçün dəqiq nə lazımdır, bunu tam mənada bilmirəm”.

Məşhur tənqidçi, ədəbiyyatşünas Mixail Baxtinin “insan yalnız yaradıcılıq prosesində özüdür” sözünə münasibət bildirən yazıçı qeyd etdi ki, bu fikirlə müəyyən dərəcədə razıdır: “Çünki insan yaşadığı həyatda o qədər müxtəlif səhnələrin, fərqli situasiyaların içində olur, hesab edir ki, özlüyündə dəyişməzdir. Həmişə deyirəm, dostlar cürbəcür olur, dəyişən dostlar, dəyişməz dostlar. Maraqlı dostlar dəyişən dostlardır, digərlərisə maraqsız... Dinamika dəyişməkdədir. Bu o demək deyil ki, dəyişməyənlər pis adamlardır, yox. Sadəcə dinamika insanın diqqətini, marağını özünə cəlb edir. Yaradıcı insan da dinamikdir, dəyişkəndir. Davidin çılpaq təsvir olunduğu məşhur heykəl var.  Heç kim o heykəlin çılpaqlığına fikir vermir. Amma boğazına qalstuk taxsan, çılpaqlığı o dəqiqə gözə batacaq... İzah etmək qəlizdir. Bir az çətin sualdır çünki”.

Müasir dilimizdə bədii mifologiyamızın, xalq yaradıcılığının ilk izləri barədə suala yazıçı özünəməxsus, maraqlı cavab verdi: “Mifologiya yalnız qədimdə olmayıb. Elə indi də var. Məsələn, “Günəş çıxır”, yaxud “Günəş batır” nə deməkdir? Dilimiz mifoloji məngənədədir. Bəzi alimlər buna dilin xəstəliyi də deyirlər. Bütün metaforalar mifologiyaya aparır. “Günəş çıxdı”, “Günəş batdı”, “Qarşı yatan qara dağlar”... Bu cür misallar çoxdur. Dağ məgər yatır? Fərq ondan ibarətdir ki, biz indi ona yatmış kimi baxmırıq. Qədim insanlara görə, o dağlar yatıb, nə vaxtsa oyanacaq. İnsana aid xüsusiyyətləri təbiətə aid etməyə çalışıblar. Bütün bunlar mifoloji təsəvvürdür. Özümüzdən xəbərsiz onlarla danışırıq. Bir misal var, Ptolemey kimi danışırıq, Kopernik kimi düşünürük. Kopernik deyirdi, Yer Günəş ətrafında fırlanır,  Ptolemey deyirdi, Günəş Yer ətrafında fırlanır. Bu mənada, mifologizmlər bu gün də bizimlədir.

Kamal Abdulla sevmədiyi mətnlərindən də danışdı: “Pozmağa əlim gəlməsə də, unutmağa çalışdığım yazılar olur. Çalışıram, üzə çıxarmayım. Bir məsələ də var ki, çox sürətli yazıram. Bəzən buna görə məni dil pintiliyində günahlandırırlar. Yazdığımla təsvir etdiyim arasında sərhəd olmamasına çalışıram. Dil sərhəddir, maneədir. Bunu mənfi mənada qəbul etməyin. Dil ətraf mühitlə insan arasında maneədir. Amma mən çalışıram ki, o sərhədi aşım. Sonradan yazdığımı redaktə edirəm. Bu prosesi çox sevirəm. Mənə elə gəlir, əvvəlki həyatımda redaktor olmuşam...”

Yazıçı hesab edir ki, hər yazı əhlinin bir istiqaməti var: “Məsələn yazdığım hansısa şeiri, bir də gördün, hekayəyə, romana çevirdim. Mənim mətnim mənim laboratoriyamdır. “Yarımçıq əlyazma” romanım “Beyrəyin taleyi” və “Casus” pyeslərimdən yaranıb. “Sehrbazlar dərəsi” adlı şeirim vardı. Bütün bunlar bir-birini əvəzləyir. Açığı, qarşıma məqsəd qoymuram ki, indi şeir, hekayə, yaxud  roman yazacam. Misra gəlirsə, şeir olur, cümlə gəlirsə, nəsr...”

Kamal Abdulla danışdıqca uzun, ağır, bir az qəliz cümlələr kələf kimi açılır, açıldıqca, içində itib-batıram. Sonra yavaş-yavaş kələfin ucunu tapır, natiqin arxasınca yola düşürəm. Dinləyirəm, Kamal Abdulla rəvan ahənglə şeir oxuyur:

 

Pərdə açılır, bu, bir səhnədir...

Tamaşaçılar, nə qədər çiçək...

Kimsə əl çalır, kimsə əl edir,

Hər şey tanışdır köhnə nağıl tək.

Səhnədə bizik - sənsən və mənəm,

Bir də sevgimiz - tükənməyəcək...

 

... Müəllif kitabı örtür. Tamaşaçılar şeirin sehrindən silkinib əl çalırlar. Və növbəti sual burulğanı başlayır...

Kamal Abdulla deyir ki, qəhrəmanı ədəbiyyat adamı, şair olan çox əsərlər yazılıb və yazılır: “Mənsə qarşıma belə əsər yazmaq məqsədi qoymamışam. Amma düşünürəm ki, şair ömrünü təsvir etsəm, son dərəcə nikbin bir xarakter ortaya çıxardı. Füzuli haqqında bir hekayə yazmışam. Orda Füzuli tanıdığımız kimi deyil. Mənimçün maraqlıdır, şeir yazmayanda, həyatda necə olub, kimi sevib, kimə nifrət edib. Gerçək Füzulini, Nizamini tanımırıq. Nizaminin həyatı ilə bağlı çox əfsanələr gəzir. Amma həqiqət nədir, xəbərsizik. Nəsimi həyatda necə olub? Yaradıcılıq bir şeydir, xarakter başqa şey. Şəxsiyyətlə yaradıcılığı birləşdirməyə çalışanlar göylə yeri birləşdirməyə çalışanlar kimidirlər. Şəxsiyyətin öz yolu olur, yaradıcılığın öz yolu. Bu da təbiidir. Məsələn, yazıçı əsərində mənfi obraz da, xoşagəlməz obrazı da yaradır. Amma özü şəxsiyətcə böyük insan ola bilər. Çünki yaradıcılığı ilə müəllifi eyniləşdirmək yanlışdır”.

 

Kamal Abdulla “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı da geniş danışdı. Bildirdi ki, “Yarımçıq əlyazma” əsərində dastanda olmayan hər hansı nüans yoxdur: “Düzdür, mən xeyli mətləbi açmışam, müəyyən improvizələr etmişəm. Amma bu o demək deyil ki, dastanın kontekstinə xələl gətirmişəm, yaxud ondan kənara çıxmışam. Sadəcə olaraq qaranlıq məqamlara işıq tutmağa çalışmışam. Hətta bir professor “Yarımçıq əlyazma”m haqqında yazmışdı ki, Kamal Abdulla “Kitabi-Dədə Qorqud”un on üçüncü boyunu tapıb, “Yarımçıq əlyazma”da elə bu boydur. Bir məsələni də vurğulamalıyam ki, mənim bu əsərləri yazmağımda Xalq yazıçısı Anarın, onun dastan haqqında araşdırmalarının, improvizələrinin böyük rolu olub. Onlar olmasaydı, bu əsərlər də ortaya çıxmayacaqdı”.

Yazıçı ədəbi mükafatlar barədə, eləcə də adının Nobel mükafatı ilə hallanmasından, görkəmli İtaliya yazıçısı Umberto Eko ilə onun evində baş tutan görüşündən də söz açdı: “Bir məsələni də açıqlığa qovuşdurum ki, mən heç vaxt hansısa mükafata namizədlik üçün müraciət etməmişəm, o cümlədən, Nobel mükafatına. İsveç Akademiyasının müxtəlif ölkələrdə nümayəndələri olur. Bu ekspertlər kimlərin namizəd göstərilə biləcəyi barədə rəy verirlər. Mən bilən, heç Yazıçılar Birliyi də kimisə Nobelə namizəd kimi göstərə bilməz. Məndə üç məktub var. Hər üçünü də akademiyanın ölkəmizdəki nümayəndəsi verib. Birinci məktubda ekspertdən namizəd göstərməsi barədə xahiş var. İkinci məktubda nümayəndə “Yarımçıq əlyazma” romanımı namizəd kimi göstərib. Sonuncuda isə namizədliyin qeydə alınması barədə rəy var. Vəssalam. Mənim bu məsələ barədə başqa məlumatım yoxdur. Eko ilə görüşümdən də bir az danışım. Görüş yazıçının evində baş tutdu. Əvvəlcə yarım saatlıq nəzərdə tutulan görüş iki saat çəkdi. Müxtəlif mövzulardan danışdıq. O mənim yaradıcılığım barədə rəy verdi, müəyyən məsləhətlərini mənə çatdırdı. Dedi ki, bir qədər qəliz yazıram. Hətta zarafatyana əlavə etdi ki, sənin romanını çimərlikdə oxumaq olmaz. Məni kitabxanasıyla tanış edərkən Coysun “Uliss” romanını göstərib güldü ki, bu səndən də qəliz yazır”.

Xalq yazıçısı Anar Kamal Abdullanın yaradıcılığı haqqında fikirlərini bölüşdü. Onun həm yazıçı, həm akademik, həm də dilçi alim kimi Azərbaycan dilinə, ədəbiyyatına, ictimai düşüncəsinə təsirindən danışdı. Teatrşünas Məryəm Əlizadə də Xalq yazıçısının sözlərinə qüvvət verdi. Kamal Abdullanın şair, yazıçı kimi qüdrətindən söz açan teatrşünas onun dramaturji yaradıcılığına da diqqət çəkdi.

Sonda iştirakçılara dərin təşəkkürünü bildirən Kamal Abdulla oxucular üçün kitab imzaladı.

525-ci qəzet  2018.- 29 dekabr.- S.11.