Şabranda ədəbi
həyat
İsa Həbibbəyli
Azərbaycan
Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin
Elm və Təhsil Komitəsinin sədri, akademik
Azərbaycanda
ədəbi-ictimai fikir əsrlər boyu həmişə
paytaxtla yanaşı, ayrı-ayrı regionlarda da yaranıb
inkişaf etmiş, biri digərini tamamlamışdır.
Obrazlı şəkildə desək, ictimai-siyasi
ideyaların və ədəbiyyatın inkişafında
paytaxt dəniz, ümman missiyasını
daşımış, regionlar isə dənizə axan
çayların funksiyasını yerinə yetirmişdir. Regionlardan axan
çaylar dənizi təmiz və coşqun bulaq suları ilə
zənginləşdirmişdir. Bu mənada
regionlar arteriya damarları kimi ümmanları hərəkətə
gətirmək vəzifəsini həyata keçirmişdir.
Regionlarsız yalnız paytaxt ədəbi mühiti
qurumaq təhlükəsi qarşısında qalan dəniz
kimi olar. Eyni zamanda, paytaxt ədəbi-ictimai mühitində
gedən proseslər, formalaşan ümumi məktəblər,
səslənən çağırışlar
regionlardakı ədəbi gedişatı da istiqamətləndirməlidir.
Yalnız paytaxtla regiondakı yaradıcı
qüvvələr arasında sıx və
qarşılıqlı əlaqələrin formalaşması
ədəbi prosesin normal inkişafını təmin edə
bilər. Bu mənada Azərbaycan ədəbiyyatının
inkişafında müxtəlif əsrlərdə paytaxt şəhərləri
ilə, məsələn Bakı və Təbrizlə
yanaşı, Naxçıvan, Ərdəbil, Gəncə,
Marağa, Dərbənd, Şuşa, Ordubad, Quba, Qazax, Lənkəran
və sair kimi şəhərlərin ədəbi-mənəvi
mühitinin özünəməxsus rolu olmuşdur. Xüsusən, XIX əsrdə Azərbaycanın
ayrı-ayrı regionlarında fəaliyyət göstərmiş
ədəbi məclislər sanki Azərbaycan
Yazıçılar Birliyinin regional filialları, bölmələri
rolunu oynamışlar. Bu proses sovet hakimiyyəti illərində
Azərbaycan Yazıçılar Birliyinin bir neçə
regional şöbəsinin rəsmi olaraq yaradılması və
fəaliyyətlərinin tənzim edilməsi ilə bir qədər sistemli
şəkildə inkişaf etdirilmişdir. Müstəqil
dövlətçilik şəraitində isə Azərbaycan
Yazıçılar Birliyinin regionlarda şəbəkəsinin
genişləndirilməsi və yaradıcılıq şəraitinin
yaxşılaşdırması, xüsusən, bir sıra
regionlarda ədəbi jurnal, almanax və qəzetlərin
çap olunması paytaxt ədəbi mühiti ilə regional ədəbiyyat
mühiti arasındakı fərqi azaltmışdır.
Bununla belə, Azərbaycanda paytaxtətrafı şəhərlərdə
mühitin formalaşmasının özünəməxsus
xüsusiyyətləri vardır. Adətən ölkənin
baş kəndinə yaxın ərazilərin ədəbi
qüvvələri paytaxtdakı ədəbi mühitdə təmsil
olunmaq imkanları olduqları və öz maraqlarını
orada fəaliyyət göstərən fərqli birlik, cəmiyyət
və qruplarda tapa bildikləri üçün
yaşadıqları yerlərdə hər hansı bir dərnək,
ocaq yaratmaq təşəbbüsündə olmurlar. Lakin əgər paytaxtətrafı yerlərdə ədəbi
məclislər yaranıbsa, deməli, burada iki mühüm
faktordan biri baş vermişdir. Birincisi,
paytaxtətrafı ədəbi mühitdə yaranan ədəbi
məclis mərkəzdəki yaradıcılıq birliklərindən
tamamilə fərqli istiqamətdə olduqda yaşamaq, öz ətrafında
daimi yaradıcı qüvvələr toplamaq imkanları qazana
bilir. Buna ən yaxşı misal Bakı
şəhəri ətrafında olan kəndlərdə uzun
illərdən bəri qəzəlxanlıq birliklərinin və
meyxana məktəbinin öz fəaliyyətini davam etdirməkdə
olduğunu göstərmək olar. Bakıətrafı
qəzəlxanlıq birlikləri Əliağa Vahid və Azər
Buzovnalı kimi tanınmın şairlərin Abşeron kəndlərində
yaşaması əsasında inkişaf edib yaşayan və Azərbaycan
ədəbiyyatına töhfələr verən ədəbi
məclislər kimi ədəbiyyat tarixinə düşmək
imkanları qazanan simalar yetişdirmək səviyyəsində
inkişaf etmişlər. Abşeron meyxana
məktəbi isə paytaxtda ənənəsi, dayağı
olmayan bir janrda yaranmış ədəbiyyat kimi yalnız ətrafda
inkişaf etmiş, hətta bəzən paytaxtdan da öz ətrafına
“müştərilər” cəlb edə bilmişdir.
Haqqında bəhs etdiyimiz Şabran ədəbi
mühiti də paytaxtətrafı mühit sırasından
olan şeir-sənət mərkəzlərindən biridir. Bakıdan Şabrana
qədər olan yüzkilometrlik məsafə nəqliyyat
baxımından da o qədər əlverişlidir ki, rayonun ədəbi
qüvvələri asanlıqla paytaxtdakı
yaradıcılıq birlikləri, qəzet və jurnal
redaksiyaları, nəşriyyatlarla əlaqə saxlamaq,
ünsiyyət qurmaq imkanlarına malikdirlər. Həm də Şabranda yaranan ədəbiyyatla
paytaxtda inkişaf edən ədəbiyyat arasında xüsusi
bir janr, üslub fərqi yoxdur. Belə
hallarda həmin regionda ciddi bir ədəbi mühit
formalaşdırmaq çətinliklə baş verir. Lakin artıq neçə illərdir ki, Şabranda
Xaqani şeir-sənət ocağı ardıcıl olaraq fəaliyyət
göstərməklə davam edir. Hətta
2016-cı ildə Azərbaycan Yazıçılar Birliyi rəsmi
olaraq Şabranda özünün bölməsini də
yaratmışdır.
Fikrimizcə, Şabranda ölkə miqyasında qəbul
edilən və Azərbaycan Yazıçılar Birliyinin Bölməsinə
çevrilən ədəbi mühitin yaranmasının əsas
səbəbi rayona rəhbərlik edən şəxsin həm
də ciddi bir yaradıcı sima olması ilə əlaqədardır. Şabran Rayon
İcra Hakimiyyətinin başçısı Novruz Novruzov bu
vaxta qədər çalışdığı rayonlarda
sosial-iqtisadi göstəricilərlə yanaşı, maarif, mədəniyyət
və mətbuatın da inkişaf etdirilməsi sahəsində
nəzərəçarpacaq nailiyyətlər
qazanmışdır. Onun İcra
başçısı olduğu rayonlarda yaddaqalan ziyalı
mühiti formalaşmışdır. Fikrimcə,
bu fərqli bir üslubda çalışan Novruz Novruzovun təkcə
işlədiyi rayonda deyil, ölkə miqyasında ədəbiyyat
və mədəniyyətin inkişafına xidmətidir.
Azərbaycan Yazıçılar Birliyinin üzvü
olan Novruz Novruzov müstəqillik dövrü Azərbaycan bədii
nəsrinin və bədii publisistikasının
tanınmış, qəbul olunan nümayəndələrindən
biridir. Yaradıcılığındakı həyata və
insana yaxınlıq, əsərlərindəki həyat nəfəsi
və torpağa bağlılıq, təbiilik və sadəlik
onun fərdi ədəbi simasını səciyyələndirir.
Novruz Nəcəfoğlunun publisistikası da bədiilik
xüsusiyyətinə görə fərqlənir və qəzetçilikdən
uzaq olan, nəsr əsərlərinə yaxın bir tərzdə
yaranan orijinal sənət örnəkləridir. Hazırkı mərhələdə o,
ardıcıl yaradıcı fəaliyyəti ilə yeni Azərbaycan
nəsrini və müasir bədii publisistikanı layiqincə
təmsil edir.
Rayon
İcra Hakimiyyəti başçısının yüksək
səviyyəli yaradıcı şəxsiyyət olması
onun bölgədəki “əhli-qələmi”
arayıb-axtarmasını, onlarla ünsiyyət
qurmasını, bədii yaradıcılıqla məşğul
olan insanlara hörmət və ehtiramla yanaşmasını
şərtləndirmiş, Şabrandakı ədəbi
qüvvələrin bu ərazidə mərkəzləşməsinə
münasib şərait yaratmışdır. Lakin rayon İcra
Hakimiyyətinin başçısı onları öz
çevrəsinə yox, yaxud bəzi bölgələrdə
olduğu kimi, rayon qəzeti ətrafında deyil,
düşünülmüş şəkildə tərcümeyi-halı
bu regionla bağlı olan görkəmli şair Əfzələddin
Xaqaninin adı ilə əlaqələndirilən Xaqani
şeir-sənət ocağının başına
toplamışdır. İcra
başçısının təşəbbüsü və
zəhməti ilə rayon mərkəzində Əfzələddin
Xaqaninin mükəmməl bir heykəli
ucaldılmışdır. Eyni zamanda, qədim
Şabran şəhəri ətrafında arxeoloji
qazıntılar aparılarkən regionda vaxtilə Əfzələddin
Xaqaninin həbsə salındığı və məşhur
“Həbsiyə” qəsidəsini yazdığı qəsrin
yeri müəyyən olunmuş, üzə
çıxarılmış bu məkanın ətrafında
diqqəti cəlb edən xatirə lövhəsi
yazılıb vurulmuşdur. Azərbaycan Milli Elmlər
Akademiyasının Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutu ilə birlikdə 2017-ci ildə
Şabranda keçirilmiş Əfzələddin Xaqani
konfransı da böyük sənətkara bəslənilən
yüksək ehtiramı ifadə etməklə bərabər,
həm də bu böyük sənətkarın həyatı
və yaradıcılığının bölgə ilə bağlı
açılmamış səhifələrinə diqqəti cəlb
etmək məqsədi daşımış, uğurlu nəticələr
əldə olunmuşdur.
Türkiyə Cümhuriyyətinin İLESAM Cəmiyyəti
də Şabranda Xaqani şeir-sənət ocağı ilə
birlikdə geniş bir ədəbi tədbir təşkil edib
keçirmişdir. Beləliklə, Şabran rayonu de-fakto
Xaqani ocaqlarından birinə çevrilmişdir. Bütün bunlara görə də təbii olaraq
Şabran rayonundakı ədəbi qüvvələri öz ətrafında
birləşdirən Xaqani şeir-sənət ocağı
yaranmış və inkişaf etmişdir. Novruz müəllimin rayon rəhbəri və
yaradıcı ziyalı kimi Xaqani şeir-sənət
ocağında yaxından iştirakı, imkan daxilində
rayonda yaşayıb-yaradan ədəbi qüvvələrin
qayğılarının həllinə diqqət yetirməsi,
bu ədəbi birlik üçün xüsusi iqamət
yaratması Şabranda yaradıcılıq mühitinin
inkişafına böyük təkan vermişdir. Ədəbi Birliyin “Xaqani şeir-sənət
ocağı” adlandırılması isə Şabran rayonunda
yaşayıb, bu ədəbi məclisin ətrafında
toplaşan yaradıcı qüvvələrin məsuliyyətini
daha da artırmışdır. Xaqani
şeir-sənət ocağında respublikamızın
tanınmış yazıçı və şairləri, elm
adamları ilə keçirilən görüşlər,
aparılan müzakirələr bu regionda ciddi bir ədəbiyyat
ab-havasının yaranmasına səbəb olmuşdur. Bütün bunlara görədir ki, hazırda
Şabranda Azərbaycan ədəbiyyatının
tanınmış və istedadlı simaları böyük
bir enerji ilə yazıb-yaradır, ədəbiyyatımızı
zənginləşdirən maraqlı bədii əsərlər
meydana qoyurlar. Azərbaycan
Yazıçılar Birliyi Şabran Bölməsinin sədri
Aydın Tağıyev ölkə miqyasında yeni hekayəçiliyin
tanınmış yaradıcılarından biri kimi qəbul
olunur. Tənqidçi Vaqif Yusifli onun hekayələrini
“kiçik janrın milli kolorit naxışları” olan qiymətli
örnəkləri kimi dəyərləndirir. Novruz Nəcəfoğlu
Aydın Tağıyev haqqında “Nağıl adam”
adlı bioqrafik roman yazıb çap etdirmişdir. Ay Bəniz
Əliyarın harada yaşadığını bilməsək,
şeirlərindəki zəngin obrazlar aləminə,
düşüncəsində müasirliyə görə onu
paytaxtın ən qaynar ədəbi mühitini təmsil edən
şairlərdən biri hesab edə bilərik. Fikrimcə, o,
müasir Azərbaycan şeirinin istedadlı nümayəndələrindən
biridir və böyük ədəbiyyatın yaranması yollarında məsuliyyətlə
xidmət edir. Şabran ədəbi mühitini təmsil edən
Əmirqulu Quliyev, Nizami Əlioğlu, Zakirə Bayramlı,
Qafar Süleyman, Aydın Dadaşoğlu, hazırda Bakıda
yaşayıb-yaradan və artıq nasir, ssenarist kimi
özünü ədəbiyyatda təsdiq etmiş Sadıq
Elcanlı və başqaları kimi ədəbi qüvvələr
ölkə miqyasında diqqəti cəlb edirlər. Ərazi
etibarilə Şabrana yaxın olan Siyəzəndə və
Xaçmazda yaşayıb-yaradan “qələm əhli”nin də Şabran Bölməsi ilə sıx əlaqələri
bu bölmənin təkcə rayonda deyil, geniş mənada
regionda mühüm ədəbi mərkəzlərdən birinə
çevrilməkdə olduğunu göstərir.
Beləliklə, bu gün qədim Xaqani şeir-sənət
ocaqlarından biri olan Şabran Azərbaycan ədəbiyyatının
əsas yaranma mərkəzləri sırasında mühüm
yer tutur. Şabranda yaşayıb-yaradan, müxtəlif ədəbi
nəsilləri təmsil edən şair və
yazıçılar artıq neçə illərdir ki,
paytaxta gəlmədən doğma Xaqani şeir-sənət
ocağında yaradıcılıq müzakirələri
keçirir, təqdimatlar təşkil edir, Azərbaycan ədəbiyyatının
qiymətli nümunələrinə imza atırlar. Əvvəlki dövrlərdə Bakı şəhərindəki
müxtəlif ədəbi birliklərdə, jurnal və qəzet
redaksiyalarında təmsil olunan şabranlı qələm
sahibləri paytaxtda qazandıqları təcrübəni
regiondakı ədəbi məclisdə yaradıcı qüvvələrlə
paylaşırlar. Şabran ədəbi mühiti janr
etibarilə paytaxtdakı ədəbi mühitlə eyni olan,
ölkə ədəbiyyatında gedən prosesləri birlikdə
yaşayan, regionda yaşayıb-yaradan yaradıcı qüvvələri
mərkəzə gəlib-getmək qayğılarından azad
etməklə onların formalaşması, inkişafı və
istiqamətləndirilməsi işini “hadisə yerində” təşkil
etmək vəzifələrini həyata keçirən paytaxtətrafı
ədəbi mühitdir. Bu, Şabran ədəbi
mühitini digər paytaxtətrafı ədəbi mühitlərindən
fərqləndirir və orijinallığını müəyyən
edir.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusiflinin yazdığı “Şabranda ədəbi həyat” kitabı bu regionda yaranan Azərbaycan ədəbiyyatının inkişaf yolunu, əsas yaradıcılarının fəaliyyətini, qazanılan ədəbi uğurları özündə əks etdirir. Azərbaycan şeiri və nəsrinin əsas tədqiqatçılarından olan, ən fəal tənqidçilərdən biri kimi çıxış edən Vaqif Yusiflinin son illərdə həm də bölgələrdə yaranan ədəbiyyat haqqında tədqiqatlar aparması, “Ədəbi proses” müşavirələrində məruzələrlə çıxış etməsi, “Bölgələrdə ədəbi həyat” adlı ayrıca kitab nəşr etdirməsi onun regional ədəbi mühitin xarakter xüsusiyyətlərinə dərindən bələd olmasına münasib imkan yaratmışdır. “Şabranda ədəbi həyat” kitabı Vaqif Yusiflinin fəaliyyətində bölgələrdə ədəbi həyat serialının uğurla davam etməkdə olduğunu göstərir. Bu, Şabran ədəbi mühitinə həsr olunmuş birinci elmi-tədqiqat əsəri kimi də özünəməxsus əhəmiyyətə malikdir. Kitabda Şabranda yaşayıb-yaradan və ətraf rayonlardan olub, Şabran ədəbi mühiti ilə əlaqəli şəkildə yaradıcılıq fəaliyyəti ilə məşğul olan ədəbi qüvvələrin bədii əsərləri geniş təhlil olunmuş, bu ədəbi mühitin özünəməxsus xüsusiyyətləri və ümumi mənzərəsi canlandırılmışdır. İnanırıq ki, təqdim olunan kitab özünün yeni inkişaf mərhələsini yaşayan Şabran ədəbi mühitində Azərbaycan ədəbiyyatı naminə daha böyük uğurların əldə edilməsinə öz töhfəsini verəcəkdir.
Şabran ədəbi mühiti ümumazərbaycan
ədəbi-mədəni mühitinin üzvi tərkib hissəsi,
bir qolu olub, geniş mənada ədəbiyyatımızın
və ictimai fikrimizin inkişaf etdirilməsinə uğurla
xidmət edir.
525-ci qəzet 2018.- 29 dekabr.- S.10.