2018-ci ildə ən uğurlu filmimiz - “Şollerin arxivi”
Azərbaycan kino sənəti tarixində ən çox mükafat qazanan film kimi özünü təsdiqləyən
“Şollerin arxivi” bədii filmi dünyada böyük marağa səbəb olub. 6 ayda iyirmi
beynəlxalq festivalda uğur əldə edən film ötən ildə ən uğurlu ekran əsəri hesab olunur.
Bu barədə filmin
ssenari müəllifi,
quruluşçu rejissoru
və baş prodüseri Cəlaləddin
Qasımov məlumat verib.
O bildirib ki, film almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və
Prezident İlham Əliyevin imzaladığı
müvafiq Sərəncamın
icrası çərçivəsində
çəkilib. Ekran əsəri
Avropa mədəniyyətindən,
Alman-Azərbaycan dostluğundan
bəhs edir. İyirmi beynəlxalq festivalda uğur qazanan film beş
festivalda qızıl mükafata layiq görülüb. Dekabr ayında
ekran işi daha üç festivalda qələbə uğrunda mübarizəyə
qoşulub. Film Hollivudda “Global Nonviolent Film Festival”, Fransada isə “Mediterranean
Film Festival Cannes” festivallarında “Ən yaxşı bədii film” adını qazanıb. Həmçinin, bu ekran əsəri Hollivudda
“Global Nonviolent Film Festival”ın jurnalına daxil edilib.
Baş prodüser
hesab edir ki, bu film Azərbaycan
ilə Avropa arasındakı mədəni
əlaqələrdə çox
mühüm yeri olan bir sənət
əsəridir.
Bildirilib
ki, ABŞ, İngiltərə
və Yaponiya kinoteatrlarında nümayiş
etdirilən film “Oskar”ın
siyahısına düşməyin
bir addımlığındadır.
Triller janrında
çəkilmiş ekran
əsərinin rejissoru
Adil Qulamov, operatoru Fahir Səmədoğlu, montajçısı
Faiq Nağıyevdir. Filmdə
Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Əjdər Zeynalov, Rövşən Kərimduxt,
Gəncə Dövlət
Dram Teatrının aktyorları
Ramiz Vəliyev, Sevda Ələkbərova, aktyor Şirzad Pirallahı və başqaları rol alıblar.
Süjet xətti ötən əsrin 40-cı illərində
Azərbaycanda yaşamış
alman mənşəli
Şollerlər ailəsinin
həyatı üzərində
qurulmuş filmin çəkilişləri Gəncə,
Xanlar, Tovuz və Bakıda aparılıb. Filmdə alman
ailəsinin timsalında insan dramı
göstərilib, eyni zamanda,
xalqımızın multikultural dəyərlərə
sadiq qalması diqqətə
çatdırılıb. Film real hadisələrə əsaslanır.
525-ci qəzet 2018.- 29 dekabr.- S. 12.