Daşların dilini bilən adam
MİNERALOGİYA
MUZEYİNİN DİREKTORU AĞAMEHDİ AĞAYEV:
"MUZEYİN GENİŞLƏNMƏSİ VƏ
CİHAZLARLA TƏMİN OLUNMASI ƏN BÖYÜK ARZUMDUR"
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində
(ADNSU) fəaliyyət göstərən Mineralogiya kabineti
artıq muzey statusu alıb.
Azərbaycan Respublikası Mədəniyyət və
Turizim Nazirliyinin qərarı ilə zəngin, qiymətli
mineralların saxlandığı və nümayiş
olunduğu məkan muzeyə çevrilib.
Mineralogiya Muzeyinin direktoru ADNSU-nun "Faydalı
qazıntı yataqlarının geologiyasının işlənməsi"
kafedrasının professoru Ağamehdi Ağayevdir. Bizi muzeydəki minerallarla tanış edən professorla söhbətimizi
təqdim edirik.
- İstərdim, söhbətimizə
Mineralogiya muzeyinin tarixindən başlayaq. Necə oldu ki, Azərbaycanda da belə bir muzey
yaradıldı?
- Muzey Azərbaycan Dövlət Neft və Sənaye
Universiteti ilə yaşıddır. Muzeyin ilk yaradıcısı
universitetin Geoloji kəşfiyyat fakültəsinin professoru
olmuş Aslan Vəzirzadədir. Mineralogiya
Muzeyi 100 ilə yaxındır, fəaliyyət göstərir.
Aslan bəy 1927-ci ildə universiteti Fransada bitirərək
Bakiya gəlir və bu otaqda muzeyin təşkilinə
başlayır.
Muzeyimiz əvvəllər çox kasıb olub, fəaliyyətə
yalnız iki rəflə başlayıb. Muzeydəki
eksponatların - daşların əksəriyyəti
dünyanın müxtəlif ölkələrindən gətirilib,
alimlər də, tələbələr də əldə
etdikləri mineroloji əhəmiyyətli daşları muzeyə
hədiyyə edirlər. Əvvəllər
muzeydə yeni işlənmiş minerallar olub. Ən nadir mineralları, tapıntıları
çox sonralar toplamağa başladıq. Hazırda burada 126 yataqdan 6700-dən çox mineral
nümunəsi və 374 növ qorunur.
- Muzeyə nə vaxtdan rəhbərlik
edirsiniz?
- Əvvəl muzeyin yaradıcısı Aslan bəylə
birlikdə işləyirdik. Desəm ki, muzeyin
vurğunu idim, yəqin mübaliğə etmiş olmaram.
Həmin dövrdə muzeyin zənginləşməsi
üçün xarici ədəbiyyatlar oxuyur,
araşdırmalar aparırdım. Biləndə
ki, dünyada belə muzeylərin sayı çoxdur, məndə
Azərbaycanın da bu sırada olması arzusu yarandı.
Azərbaycan naminə, indiki və gələcək
tələbələrin bu sahədə inkişafına xidmət
etmək məqsədilə muzeyin zənginləşməsi
istiqamətində ciddi axtarışlara başladıq.
Muzeyə 3 ildir, rəhbərlik edirəm. Əvvəlcə
buradakı eksponatlar dağınıq şəkildə idi.
Beynəlxalq standartlara uyğun bölgü
aparılmamışdı. İlk növbədə
bu problemi həll etdik və eksponatları dünya üzrə
qəbul olunmuş təsnifata uyğun yerləşdirdim.
Muzeydə olan bir mineralı digərinin yeri ilə
dəyişmək olmaz.
- Daşların
düzülüşünün özəlliyi nədədir?
-
Daşlar muzeydə fəza quruluşuna görə
düzülüblər. Fəza quruluşu deyəndə,
onların atom quruluşları nəzərdə tutulur. Eksponatlar muzeylərdə atomların fəzada yerləşmə
qanunauyğunluqlarına görə yerləşdirilir. Hər birinin atom quruluşu fərqli olur. Onu ilk dəfə sistemləşdirən alman alimi
Helmud Ştrus olub və dünya bu sistemi qəbul edib. Biz də bu sistemlə işləyirik.
Əvvəllər bu kabinetdə süxurlar hətta atom
quruluşuna görə düzülməmişdi. Nəinki
suxurların sayı, heç adları da məlum deyildi.
-
Suxurların adlarını necə müəyyənləşdirdiniz?
Bu işləri təbii ki, hansısa
cihazların köməyi ilə həyata keçirmək
vacibdir. Baxıram, deyəsən, muzeyinizdə
belə cihaz yoxdur.
- 50 ildən
çoxdur, bu universitetdəyəm və yetərincə təcrübəm
var. Azərbaycan Milli Elmlər Akademiyasının Fizika
İnstitutu ilə əməkdaşlıq edirik. Bu əməkdaşlığın səmərəli
olmasına universitet rəhbərliyi böyük dəstək
verir. Araşdırmalarımızı
Fizika İnstitutunun cihazları vasitəsilə
aparırıq. Süxurların
adlarını bu cihazlar sayəsində təyin edirik. Lakin bütün minerallar hələ tam təhlil
edilməyib. Əksər hallarda
daşları bir yerdən başqa yerə daşımaq
problem yaradır. Cihazlar muzeydə olsa,
yaxşdır. Daşlar da canlıdır,
onlar əlamətlərinə və vəziyyətlərinə
görə dəyişir. Təəssüflər
olsun ki, bu cihazlar çox bahadır.
- Rəhbərlik etdiyiniz muzeydə Azərbaycanın
neçə yatağından mineral var?
- Muzeydə
Boliviyadan Yaponiyaya, Qrelandiyadan Cənubi Afrikaya kimi coğrafi ərazini
əhatə edən ölkələrdən minerallar var. Azərbaycana
məxsus minerallarımız da var - Daşkəsən, Gədəbəy,
Talış, Zaqatala və başqa yerlərdən gətirilən
mineralları ayrıca saxlayırıq. Hətta
işğaldan qabaq Qarabağdan gətirdiyimiz
minerallarımız da var və bu mineralları muzeydə bir
guşədə yerləşdirmişik.
Onu da xüsusilə, vurğulamaq istəyirəm ki,
Mineralogiya muzeyi Qafqazda yalnız Azərbaycanda fəaliyyət
göstərir.
-
Minerallar muzeydə quruluşlarına görə
düzülüb və aydın görünür ki, yeriniz
dardır. Sərgidə qoyulan siyirmələrin
içərisi belə, süxurlarla doludur. Gələcəkdə muzeyə mineral gətirilməsi
prosesi dayandırıla bilərmi?
-
Artıq gətirilən minerallara indidən yer tapa bilmirik. Bəli, muzeyimiz kifayət qədər zəngindir və
bir çox daşları yer olmadığından stendlərə
yığmışıq. Rektorumuz Mustafa
Babanlı bu məsələ ilə yaxından maraqlanır,
muzeyin sahəsini genişləndirməyi
düşünürük.
- Muzeyin daha geniş məkanda fəaliyyət
göstərməsi ilə bağlı hansı problemlər
var?
- Çətinliklərimiz
cihaz və yer problemi ilə bağlıdır. Dediyim
kimi, cihazlar çox bahadır, ala bilmirik, yer problemini isə
rektorumuz Mustafa Babanlı həll etməyə
çalışır. Bir neçə məkana
baxmışıq, lakin muzeyin fəaliyyəti
üçün uyğun deyil. Xarici
ekspertlər bizim muzeydə olublar, Almaniyadan gələn təcrübəli
ekspert suxurlarımızı bəyəndi, ancaq yerin dəyişdirilməsinin,
daha geniş məkana köçürülməsinin
labüdlüyünü də vurğuladı.
Dediyim kimi, bura əvvəllər kabinet olub. Artıq Mədəniyyət
və Turizm Nazirliyi bizi muzey kimi təsdiqlədi. Bu hadisə bizim üçün çox önəmlidir
və cənab nazir Əbülfəs Qarayevə minnətdarlığımızı
bildiririk. Biz ümidliyik. Dövlətimizin, konkret olaraq Mədəniyyət və
Turizm Nazirliyinin məkan məsələsinin həllində
bizə yardımçı olacağına inanırıq.
- Dünyadakı hansı zəngin
mineralogiya muzeylərini tanıyırsınız?
- M.Lomonosov adına Moskva Dövlət Universitetində "Fesval"
adlı məşhur muzey var. Bizim bu muzeylə əlaqələrimiz
qurulub. Dünyada 4 min mineral növü var,
onların 370 növü Azərbaycandadır. "Fesval" muzeyində isə 2900 növ var. Bu qədər
məşhur olmağına baxmayaraq mineralların sayı hələ
4 minə çatmayıb.
- Bu
daşların qiymətli olduğu necə müəyyənləşir?
Məsələn, qızıl ona görə
bahadır ki, gec-gec tapılır, əldə olunması
çətin başa gəlir. Bəs suxurların
dəyəri hansı xüsusiyyəti ilə
ölçülür?
-
Minerallar da canlı aləm kimidir - hər birinin adı var.
Onlar da canlı aləm kimi müəyyən zamanda yaranır,
müəyyən zamana qədər yaşayır və sonda dəyişilməyə
məruz qalaraq pozulur, "ömür"lərini başa
vururlar. Buradakı mineralların hər biri
yalnız ona xas olan keyfiyyətlərlə digərlərindən
seçilir. Bu mineralların qiyməti təkcə
onların göz qamaşdırıcı
parıltısında, şəffaflığında deyil, həm
də təbiətdə yaranma müxtəlifliyində, bu və
ya digər nadir, qiymətli elementlərlə zənginliyindədir.
Daşların dəyərləndirilməsində iki
baxış mövcuddur. Bir yanaşma onun bazar qiyməti ilə,
digəri isə geoloji, elmi cəhətdən yer
qabığında yerləşməsi ilə
bağlıdır.
- Muzeydə ziyarətçilərin
daha çox diqqətini çəkən minerallar
hansılardır?
-
Marağa səbəb olan minerallar çoxdur. Onlardan
biri kalsium, maqnezium və dəmirin hidroalümosilikatı olan
nefritdir. Hələ qədim zamanlardan bu
mineraldan böyrək xəstəliyinin müalicəsində
istifadə olunub. Xəstənin böyrəyinə
mineralı kip oturtduqda, müəyyən vaxtdan sonra
ağrı ya azalır, ya da tamamilə kəsilirdi. Mineralın nefrit adlandırılması da onun bu
xüsusiyyəti ilə əlaqədardır. Nefrit, yunanca "nefros" - böyrək mənasını
verir.
Nefritin mühüm xassəsi qarışıq lifli
quruluşa malik olmasıdır. Onun hətta
qırıntılarını belə çəkic və ya
hansısa alətlə parçalamaq olduqca çətindir.
Bunun üçün ya mişardan, ya da hər
hansı cilalayıcı vasitədən istifadə edilir.
Nefrit həmişə Çində yüksək qiymətləndirilib. Onu bu gün də
"müqəddəs" daş hesab edir, "əbədilik
daşı" adlandırır, göyün və yerin
"həyat daşı" bilir, müdriklik və zəka
simvolu kimi qiymətləndirirlər. Vaxtilə
Çində nefrit qızıldan və gümüşdən
baha olub. Təsəvvürə görə,
bu mineral insanlara xoşbəxtlik gətirir. Çində bütlərin düzəldilməsində
yalnız nefritdən istifadə edilir. Bu gün
çinlilər hansısa yaxşı adam
haqqında danışdıqda, "onun mənəviyyatı
nefrit kimi təmizdir" deyirlər. Nefritin bir
kiloqramı on min dollara satılır. Bizim
muzeydə 100 kiloqrama yaxın nefrit saxlanılır.
Nefritin byanşi adlanan qara rəngli, yarımqiymətli
bir növü də var. Alimlər klinik tədqiqatlar nəticəsində
müəyyən ediblər ki, byanşi çox yüksək
terapevtik gücə malikdir və insanın bütün
orqanizminə müsbət təsir göstərir.
Bu gün Nyu-Yorkda divarları, tavanı, döşəməsi
və oturacaqları nefritdən hazırlanmış saunalar fəaliyyət
göstərir. Burada bir saat qaldıqdan sonra insan özünü daha
gümrah və sağlam hiss edir. Nefritin daha
hansı möcüzəli xüsusiyyətə malik olması
elm tərəfindən aşkar edilməyib.
- Müsahibədən öncə
söhbətimizdə muzeydə əsl göz muncuğu
daşı saxlandığını dediniz. Bu
daş haqqında ətraflı danışa bilərsinizmi?
- Onun
adı qaqat daşıdır. İlk dəfə
Türkiyənin cənub-qərbində axan Qaqates
çayının sahillərində tapıldığı
üçün bu adı alıb. Bu
daş qonur kömürün tünd qara rəngli
parıltılı növüdür. Ona
Azərbaycanda göz muncuğu deyilir. Qaqatın
tərkibində karbon, çoxlu uçucu və üzvi maddələr
var. Onun mühüm xüsusiyyəti çox yüksək
energetik gücə malik olmasıdır. Maqnit
dəmiri özünə çəkən kimi, qaqat da ətrafındakı,
hətta cüzi elektriki belə özünə çəkir.
Qaqatın bu xüsusiyyətindən istifadə edərək
körpələri, qız-gəlinləri bəd nəzərdən
qorumaq üçün ondan hazırlanmış kiçik
kürəciyin səthini ağ nöqtələrlə
bəzəyirlər. "Gözu" olan adamın diqqətini
qara fonda paylanmış ağ ləkələr
cəlb edir və ondan ayrılan enerji qaqata istiqamətlənir.
Bunun nəticəsində sonuncuda çatlar
yaranır (qaqat parçalanır) və körpə bəd nəzərdən
xilas olur. İngiltərədə Viktorian
dövründə yeni doğulmuş uşaqları bəd
gözdən qorumaq üçün onlara qaqatdan bilərzik
bağlayırdılar.
Qaqatdan Çində də geniş istifadə edilirdi. Çinlilər
hesab edirlər ki, qaqat bədəndə olan elektrik
yükünü özünə çəkir və orqanizm
yüklü hissəciklərdən azad olur.
Qaqata Türkiyədən başqa, İngiltərədə,
İspaniyada, Gürcüstanda, Fransada da rast gəlinir. Çox təəssüf
ki, indi həqiqi qaqat əvəzinə onun keyfiyyətlərindən
tamamilə uzaq keyfiyyətlər daşıyan plastmastlardan,
qara obsidiandan istifadə edilir.
- Təbii ki,
muzeydəki bütün daşlar nadir və qiymətlidir. Bəs ən nadir mineral
hansıdır?
- XVIII əsrin
ortalarına kimi alimlər mineralların tərkibini ən sadə
üsullarla təyin edirdilər və elə olurdu ki, bir
sıra mürəkkəb tərkibli mineralın kimyəvi tərkibi
müəyyən edilməmiş qalırdı. Belə minerallardan biri də kolleksiyamızda olan
nadir elementlərin və dəmirin niobatotitanatı - eşinit
idi. Bu mineralı 1825-ci ildə İ.Mange kəşf
edib və 1828-ci ildə böyük İsveç alimi
Y.Berselius tərəfindən təsvir və tədqiq olunub.
Mineralın xeyli müddət əvvəl kəşf
olunmasına baxmayaraq alimlər o zamankı üsullarla onun
komponentlərini, daha doğrusu, kimyəvi tərkibini müəyyən
edə bilmirdilər. Qəribə hal
yaranmışdı - mineral özü var idi, lakin nə dəqiq
tərkibi, nə də adı məlum idi. Mineralı tədqiq edən Y.Berselius
kimyaçıların və mineraloqların bu işdə zəifliyini
və uğursuzluğunu nəzərə alaraq onu yunanca esxile
- "eyıb" mənasını verən və mineraloji
dilə uyğunlaşdırılan “eşinit”
adlandırıb. Lantanoidlərlə zəngin
olan eşinit yataqları Norveçdə və Uralda İlmen
dağlarında yerləşir.
- Dünyanın məşhur
mineralogiya muzeylərinin rəhbərlikləri ilə
görüşləriniz olurmu?
- Onlar
görüşlərdən əvvəl dərgilər
çıxarır. Biz də istərdik ki, ayda
bir dəfə də olsa, muzey haqqında dərgi buraxaq.
1970-ci ilə kimi Azərbaycanda Mineralogiya Cəmiyyəti
var idi və o, sonradan dağıldı. O cəmiyyəti
yenidən qurmaq istəyirik. Bəzi muzeylərlə
əlaqələr yaradırıq, ancaq bu əlaqələri
genişləndirmək üçün
qarşılıqlı səfərlər təşkil
olunmalı, konfranslar keçirilməldir. Dünyanın
mineralogiya sahəsində tanınan ekspetləri Bakıya gəlib,
muzeyimizlə tanış olsalar, töhfələr
verə bilərlər. Məqsədimiz Azərbaycanı
dünyada bütün sahələri ilə tanıtmaqdır.
Bizim ölkəni neft ölkəsi kimi
yaxından tanıyırlar. Axı, Azərbaycanda
təkcə neft çıxmır, yerin altında qiymətli
sərvətlər - süxurlar da var. Azərbaycanda
palçıq vulkanlarının çox olması da müxtəlif
növ mineralların aşkara çıxmasına səbəb
olur.
- Mineralogiya sahəsində gələcəyin
mütəxəssisləri ola biləcək
yetirmələriniz varmı?
- Bəli,
var. Onlar çox savadlı və istedadlı gənclərdir.
Universiteti fərqlənmə diplomu ilə
bitiriblər. Hazırda magistraturada
oxuyurlar. Biz rektorumuzla da
danışmışıq ki, onları işə
götürək, fəaliyyətlərini davam etdirsinlər.
Gələcəkdə muzeyin zənginləşməsi
- məkanın genişlənməsi və cihazlarla təmin
olunması ən böyük arzumdur. Əminəm
ki, Azərbaycanın həm də mineralogiya ölkəsi kimi
tanıdılmasına nail olacağıq.
Ayşən
BAYRAMOVA
Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondunun "Gənc
Jurnalistlər" Klubunun üzvü, BDU-nun Jurnalistika
fakültəsinin I kurs tələbəsi
525-ci qəzet 2018.- 1 fevral.- S.8.