Dilimizin taleyinə cavabdehlik missiyası
Qəzənfər PAŞAYEV
Professor
Dil xalqın varlığnı, kimliyini və mədəniyyətini
kompas kimi dəqiq göstərən güzgüdür. Bu
güzgünün həmişə saf, şəffaf
olmasının qayğısına yalnız dilin taleyinə
cavabdeh olanlar deyil, hamı qalmalıdır.
Təəssüf ki, hər vaxt belə olmur. Mətbuatda,
xüsusən də özəl televiziya kanallarında bəzən
dilimizə biganəliyin şahidi oluruq. Hətta
sözlərin işlənmə məqamına məhəl
qoymurlar. Qocaman Aşıq Mikayıl Azaflı təsadüfi
demirdi:
Sözlər
saxtalaşır, sözlər tapdanır,
Çoxları bu işi yenilik sanır.
Dil mədəniyyətin göstəricisidir. Alman alimi Leybnis necə də
dəqiq deyib: "Mənə mükəmməl dil verin, sizə
mükəmməl mədəniyyət verim".
Dilimizin
müqəddəsliyi və mükəmməlliyi Ulu Öndərimizin
təşəbbüsü ilə 2000-ci ildə 1300 illiyini
beynəlxalq miqyasda keçirdiyimiz, şifahi və yazılı
ədəbiyyatımızın başlanğıcı
"Kitabi-Dədə Qorqud"dan yadigardır:
Hanı dediyim bəy ərənlər?
"Dünya mənim" deyənlər?!
Əcəl aldı, yer gizlədi.
Fani dünya kimə qaldı?
Gəlimli-gedimli
dünya,
Son ucu
ölümlü dünya!..
Dilin şirinliyinə, mənanın dərinliyinə fikir
verin. Dilimizi qorumaq, hər birimizin müqəddəs
borcudur. Mən dilimizin orfoqrafiya lüğəti
və qaydaları ətrafındakı müzakirələrə
bu müstəvidən baxır və yüksək qiymətləndirirəm.
Təbii ki, texnikanın, humanitar elmlərin sürətlə
inkişaf etdiyi zəmanəmizdə orfoqrafiya lüğəti
və qaydaları zaman-zaman təzələnməli, yeni
sözlər əlavə olunmalı, təkmilləşməlidir. Lakin
lüğətin köklü şəkildə dəyişdirilməsi
yolverilməzdir. Akademik Möhsün Nağısoylu
haqlı olaraq yazır: "Mən şəxsən
orfoqrafiyaya çox yenilik gətirməyin tərəfdarı
deyiləm. Çünki çox yenilik olanda nəsillərarası
çaşqınlıq yaranır".
Çox doğru qənaətdir. Fikir verin, 1975-ci ildə
kiril əlifbası ilə çap olunan "Azərbaycan
dilinin orfoqrafiya lüğəti" cəmi 58.000 sözü
əhatə edirdisə, latın qrafikası ilə nəşr
olunan 2004-cü il orfoqrafiya lüğətində 80.000-ə
yaxın sözün düzgün yazılışı
göstərilmişdir. Lüğətin 2013-cü il nəşrində isə onların sayı
110 mini keçmişdir.
Maraqlıdır,
1975-ci ildən 2004-cü ilə qədər 29 il müddətində
lüğətə cəmi 22 min söz əlavə edilibsə
(ilə 1000 söz də düşmür), 2004-2013-cü illər
arası, daha doğrusu, 9 ilə
30.000 söz əlavə olunub. Ağılkəsən
deyil, lakin "əlahəzrət" fakt
qarşısında acizik.
Elə etiraza səbəb olan da bir çox
anlaşılmaz sözlərin lüğətə daxil edilməsidir.
Yaxşı yadımdadır, 2013-cü ildə "Azərbaycan
dilinin orfoqrafiya lüğəti" çap olunanda, onun redaktoru
və ön sözün müəllifi, filologiya elmləri
doktoru, professor İsmayıl Məmmədova iradlarımı
bildirdim.
Lüğətə o qədər sözlər əlavə
olunub ki, sanki bu lüğətdə ayrı-ayrı sahələrin
lüğətləri də, "Ərəb və fars
sözləri lüğəti" də, hətta başqa əcnəbi
dillərdə yer alan çoxsaylı
sözlər də cəmləşib. Orfoqrafiya
lüğəti ayrı-ayrı sahələrin lüğətlərini
əvəz etməməlidir. Orfoqrafiya
lüğətinin məqsəd və məramı dilimizdə
işlək olan sözlərin düzgün yazılış
və oxunuş qaydalarıdır. Nəyisə
dəyişəndə çox diqqətli olmaq lazımdır.
Müzakirələr də bunu bariz şəkildə
göstərir.
Yazırlar
ki, görkəmli ingilis dramaturqu, Nobel mükafatı
laureatı Bernard Şou (Onun "Şeytanın
şagirdi" pyesi Azərbaycan səhnəsində
tamaşaya qoyulmuşdur.) dünyasını dəyişəndə
vəsiyyət edib və müəyyən məbləğ
pul qoyub ki, kim ingilis dilinin orfoqrafiya qaydalarını dəyişsə,
o məbləğ ona çatsın.
Hələlik xalqın əsrlərlə adət etdiyi,
yazdığı, oxuduğu, tələffüz etdiyi
orfoqrafiya qaydalarını dəyişməyə girişən
yoxdur. İngilis dilində çox işlək olan
üç sözü oxucuların nəzərinə
çatdırmaqla məramımı açıqlamaq istəyirəm.
daughter
- do:tə (uzun o ilə tələffüz edilir) - qız
övladı.
written -
ritn - yazılmış
yesterday
- yestədi - dünən
Yeri gəlmişkən, ərəb dilində də
ingilis dilində olduğu kimi yazılışı ilə
oxunuşu uyuşmayan minlərlə söz vardır.
Məsələn:
mhmd - yazılır, Məhəmməd oxunur.
Məramım
odur ki, əsgər, İsgəndər, nisgil, əsgi, işgəncə,
əsginaz və s. sözlərdə "g" əvəzinə
"k" yazmaqla nə qazanırıq?
Dilimizin
orfoqrafiya lüğətində, ensiklopediyamızda, dərsliklərdə,
bədii ədəbiyyatda sabitləşən "g" hərfinin
"k" hərfi ilə əvəzlənməsi
Möhsün müəllimin dediyi kimi nəsillər
arasında çaşbaşlıq salacaq. Hələ bu az imiş kimi Dilçilik İnstitutunun
şöbə müdiri, orfoqrafiya ilə bağlı bir
çox maraqlı təkliflər müəllifi Mayıl
Əsgərov və Əsgər Rəsul, Əlizadə
Əsgərli kimi minlərlə əsgərovlar və isgəndərovlar
şəxsiyyət vəsiqəsini və pasportunu dəyişməli
olacaq. Onsuz da "k" yazsaq da, "g" tələffüz
edəcəyimiz g>k əvəzlənməsi ilə
Üzeyir bəyin arşın malçısı Əsgərin,
Aşıq Ələsgərin ruhuna toxunmuruqmu? Cəlil Məmmədquluzadənin kefli İsgəndərinin
kefinə soğan doğramırıqmı?!
Nə yaxşı ki, akademik İsa Həbibbəyli
obyektivliyin tərəfindədir. İctmai fikirlə
hesablaşacaqlarını xüsusi vurğulayır: "İctimai fikir
"k"-nın tərəfində olsa "k", "g"-nin
tərəfində olsa "g" ilə ifadə edəcəyik".
Əcnəbi dillərdən alınma sözlərin
dilimizdə oxunuş və yazılışına dair demək
istərdim ki, mənbə dildən keçmə sözləri
dilimizin orfoqrafiya lüğətində təsbit etməzdən
əvvəl xarici dilləri mükəmməl bilən mütəxəssislərlə
məsləhətləşmək faydalı olardı. Nə demək istədiyimi
aşağıdakı misallar əyani şəkildə
göstərir:
1. Layihədə
göstərilir ki, mənbə dildən w samitli alınma
sözlər Azərbaycan dilində v ilə yazılacaq:
veb-sayt, Vilyam, vindos, vörd və s. İnanın ki, 55 ildən
artıq bir dövrdə Uilyam Şekspir yazanda ürəyim az qalırdı partlasın. Bunu
rus dilindən kor-koranə qəbul etmişdik.
O ki
qaldı vindos və vörd sözlərinə, onlar mənbə
dildə vindöz və vöd (ö uzun tələffüz
olunur) kimi oxunur. Odur ki, onları mənbə
dildə olduğu kimi saxlamaq məsləhətdir.
2.
AMEA-nın müxbir üzvü professor Kamran Əliyev
yazır: "Qərara alınıb ki, vitse sözü
olduğu kimi saxlanılsın. Vitse sözündəki
"t" səsinin
ixtisarı həmin sözü "vise"
formasına salır və bu isə söz məxrəcinin
tamamilə itməsi deməkdir".
Mənə
qalırsa, mənbə dildə (latın
dili) bu söz vice yazılıb, vays oxunduğundan
(vays-prezident, vays-admiral) bu sözü rus dili
yazılışından çıxarıb, vays (müavin
deməkdir) kimi yazıb-oxumaq məsləhətdir. "Vays" dilə yatımlılıq
baxımından da diqqəti çəkir.
3. Layihədə
göstərilir ki, sonu iki samitlə bitən konqress, express,
stress kimi sözlərdə qoşa [ss] samitinin biri ixtisar
olunur.
"Mənbə dildə də bu sözlər bir samitlə
tələffüz edildiyindən" qoşa [ss] samitinin biri
ixtisar edilsin" - yazılsın.
4. Layihədə
göstərilir ki, mənbə dildə tərkibində
qoşa samit olan (ll, nn, pp) alınma sözlərdə
samitlərdən biri ixtisar olunur (məsələn: paralel,
ton, qrup).
Bu maddədən "ton" sözünü
çıxarmaq lazımdır. Çünki mənbə
dildə də "ton" sözü bir "n" ilə
yazılır. Bundan başqa, bu maddəyə
"mənbə dildə olduğu kimi" əlavə
olunmalıdır. Ona görə ki,
yuxarıdakı sözlər mənbə dildə də bir
samit səslə tələffüz olunur.
5. Layihədə
yer alan "tütor" və kollec
sözlərinə diqqətlə yanaşmaq lazımdır.
Mənbə
dildə tutor yazılır, tyutə oxunur.
Məncə, tütor doğru deyil. Orfoqrafiya
lüğətində tyutə yazmaq münasibdir. Həm də dilə yatımlıdır. O ki
qaldı, kollec sözünə, bu söz mənbə dildə
kollec yazılır, kolic oxunur. Məncə,
kolic sözünü mənbə dildə olduğu kimi qəbul
etsək daha münasib olar.
6. Müzakirələrdə təklif olunur ki, Qazax və Yevlax sözləri Qazaq və Yevlaq kimi yazılsın. Toponimlərə toxunmaq olmaz. Onların etimologiyası tariximizə işıq tutan müəyyən məna daşıyır.
7. Xüsusi isimləri böyük hərflə yazmağı təklif edirəm. Bura həftənin günləri (Cümə, Şənbə, Bazar) və aylar (Yanvar, May, Noyabr və s.) aiddir. Bu, bir çox dillərdə belədir.
Açığını deyirəm, müzakirələrdə təcrübəli, səriştəli və peşəkar alimlərimiz o qədər dəyərli fikirlər söyləyirlər ki, əgər otuz ildən artıq dostluq münasibətində olduğum, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovun "525-ci qəzet"də böyük şəxsiyyət, təhsilimizin inkişafında müstəsna xidmətlər göstərmiş akademik Mehdi Mehdizadəyə həsr etdiyi "Təhsilimizin nurlu siması" adlı qədirşünaslıq əlaməti olan dəyərli məqaləsini oxumasaydım, bu məqaləni yazmazdım. Məqalənin əvvəlində yazılıb: əməkdar elm xadimi, sonda isə oxuyuruq: Əməkdar Elm Xadimi. Mən buna görə görkəmli riyaziyyatçı alimimizi qınamıram. Mətbuatda, xüsusən də özəl qəzetlərdə hər iki yazılış formasına rast gəlinir və hər ikisini də məqbul saymaq olmaz. Əslində belə yazılmalıdır: Əməkdar elm xadimi. Eləcə də Xalq yazıçısı, Xalq artisti, Əməkdar mədəniyyət işçisi, Təhsil naziri və s.
Şəxsən mən illərdən bəridir ki, elə belə yazıram.
Lüğət yazmaq iynəylə gor qazmaq
kimi ağır işdir. Burada nöqsanlar da,
çatışmazlıqlar da olur. Necə deyərlər,
iş olan yerdə nöqsanlar da olar. Orfoqrafiya
Komissiyası buraxılmış nöqsanları aradan
qaldırmaq üçün çalışır. Orfoqrafiya qaydalarının ümumxalq müzakirəsinə
çıxarılması bu məqsədi güdür.
Əminəm ki, dilimizin taleyinə birbaşa cavabdehlik
missiyasını Dilçilik İnstitutu daşısa da, bu
cavabdehlik payından hər bir vətəndaşa, xüsusən
ziyalılara da düşür.
525-ci qəzet 2018.- 1 fevral.- S.7.