Milli musiqişünaslığa
sanballı töhfə
Azərbaycan musiqisi, incəsənəti
tarixinə adı böyük hərflərlə
yazılan bənzərsiz
simalar sırasında
Bədəlbəylilər nəslinin
özünəməxsus yeri
və xidmətləri
var.
Onların yaratdığı bənzərsiz
sənət inciləri
və əsərlər
musiqi xəzinəmizi
zənginləşdirməklə yanaşı, bu gün öz aktuallığı və
orijinallığı ilə
diqqəti cəlb edir. "Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti"nin 49 ildən
sonra yenidən nəşr olunması bunun əyani təsdiqi sayıla bilər.
Haqqında söhbət açılan
lüğətin müəllifi
ilk Azərbaycan baleti
"Qız qalası"nın yaradıcısı,
bəstəkar, dirijor,
musiqişünas və
ictimai xadim kimi tanınan və əsərləri ilə milli musiqimizə dəyərli
töhfələr verən
Əfrasiyab Bədəlbəylidir.
AZƏRTAC xəbər verir ki, ötən
əsrin 60-cı illərinin
sonunda çap edilən lüğətin
472 səhifəlik yeni
nəşrində dövrlə
bağlı ictimai və elmi fikirdə
baş verən dəyişikliklər nəzərə
alaraq bir sıra redaktə işləri aparılıb. Azərbaycan musiqi
elminin qiymətli abidələri sırasına
daxil olan bu kitab janrı
və yazılış
üslubu etibarı ilə bənzəri olmayan ciddi tədqiqat
əsəridir. O, Azərbaycan
musiqişünaslıq leksikoqrafiyasına
aid birinci kitab olmaqla yanaşı, təkcə musiqi terminologiyasına dair məlumatları əhatə
etmir. Ensiklopedik bilik sahibi olan
müəllif Azərbaycan
folkloru, etnoqrafiyası
və mədəniyyəti
tarixinin müxtəlif
sahələri barədə
musiqi ictimaiyyətinə
az bəlli
olan səhifələri
işıqlandırıb. Eyni zamanda,
Azərbaycan musiqişünaslığı
və muğam ifaçılığının bir sıra görkəmli
simaları ilə bağlı ilk məxəzləri
araşdırıb, öz
şəxsi müşahidələri
və yaddaşına
əsaslanan əhəmiyyətli
mülahizələr irəli
sürüb. Birinci dəfə
1969-cu ildə nəşr
edilmiş "İzahlı
monoqrafik musiqi lüğəti" musiqi
maarifçiliyi işinə
yarım əsrə yaxın bir müddətdə mühüm
fayda verməklə bərabər, Azərbaycan
muğamşünaslığının
ilk mənbələr əsasında
öyrənilməsinə də
müsbət təsir
göstərib.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yenidən nəşr olunan bu kitab
Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının 100 illiyi
münasibətilə işıq
üzü görüb.
Akademiyanın "Azərbaycan
ənənəvi musiqisi
və müasir texnologiyalar" kafedrasında
çapa hazırlanan
kitabın elmi redaktoru, Milli Məclisin Mədəniyyət
komitəsinin sədri,
akademik Rafael Hüseynov
"Əfrasiyab Bədəlbəyli
universitetinin köhnəlməyən
dərsliyi" sərlövhəli
yazısında lüğət
və onun müəllifi haqqında bir sıra məqamları
oxucularla bölüşür.
Görkəmli bəstəkarın həyat
yoluna və yaradıcılığına nəzər
salan akademik onun Azərbaycan mədəniyyəti tarixindəki
müstəsna yeri və xidmətləri ilə bağlı vacib məqamlara diqqət yönəldir, yarım əsr öncə müəllifin
lüğəti çapa
hazırlayarkən üzləşdiyi
çətinliklərdən, kitabın nəşrindən
sonra ona qarşı təşkil edilən qərəzli hücumlardan da bəhs edir. İlk nəşrin 20 çap vərəqi həcmində
olmasına baxmayaraq, 5
çap vərəqi
azaldıldığı və
cüzi tirajla buraxıldığı diqqətə
çatdırılır. Rafael Hüseynov böyük
ədib Cəfər Cabbarlı ilə Əfrasiyab Bədəlbəylinin
ülvi dostluğuna kölgə salmaq istəyənlərə təkzibolunmaz
faktlar vasitəsilə
tutarlı cavab verir.
Nəşrin elmi redaktoru bildirir ki, Əfrasiyab
Bədəlbəylinin ən
böyük xidmətlərindən
biri də zəngin məxəzlərə
söykənərək özündən
əvvəlki musiqişünas
alimlər, xüsusən
orta əsrlərdə
yaşayıb-yaratmış Əbu Nəsr Farabi, Səfiəddin Urməvi, Əbdülqadir
Marağayi, onların
yolunu davam etdirmiş Mir Möhsün
Nəvvab və digərləri barədə
ətraflı bilgi verməklə yanaşı,
onların əsərlərini
də iqtibaslar gətirərək bu mühüm qaynaqları
ilk dəfə tədqiqata
cəlb etməsidir.
Musiqişünaslığımızda, muğamşünaslığımızda Əfrasiyab Bədəlbəyli irsi ayrıca bir mərhələdir. Akademik Rafael Hüseynov yazdığı müqəddimədə belə bir həssas məqama da diqqət yönəldir ki, o dövrdə xalq musiqimizin nəzəri problemləri ilə məşğul olanların əksəriyyəti təhsilcə rusdilli və zövqləri də daha çox Qərb və rus musiqi mədəniyyətinə bağlı idi. Haqlı olaraq vurğulayır ki, Əfrasiyab Bədəlbəyli şərqşünas olmaqla yanaşı, eyni zamanda, Azərbaycan dilinin ustası idi və milli ruh onun mahiyyətində, cövhərində idi. Ona görə də Əfrasiyab Bədəlbəylinin musiqişünaslarımız arasında ilk dəfə olaraq bilavasitə Şərq dillərindəki mənbələrə əsaslanaraq muğamlarımızla bağlı apardığı tədqiqatlar bir örnək, qəlib səciyyəsi daşıyırdı və müəyyən mənada müasirlərinə və özündən sonra gələnlərə həm də elmi yaradıcılıq istiqaməti göstərirdi.
Kitabı Azərbaycan musiqişünaslığında öz elmi-təcrübi əhəmiyyətini təsdiqləmiş qiymətli məxəzlərdən hesab edən nəşrin redaksiya heyətinin sədri professor Fərhad Bədəlbəyli fikirlərini belə ümumiləşdirir: "Bu kitabda ilk dəfə olaraq, Azərbaycan və xarici musiqi terminləri toplanmış, Orta əsrlər dövrünün musiqişünas-alimləri və XIX-XX əsrlərin görkəmli xanəndə və tarzənləri haqqında geniş məlumat verilmişdir. Ə.Bədəlbəylinin "İzahlı monoqrafik musiqi lüğəti" oxuculara bu qədər qiymətli məlumatı belə böyük həcmdə çatdıran ilk nüfuzlu mənbədir. Əsər musiqi elmində bir çox tədqiqatlara təkan vermiş və bu günə kimi öz dəyərini qoruyub saxlamışdır".
Lüğət yaratmağın çətin və məsuliyyətli bir iş olduğunu vurğulayan nəşrin ideya müəllifi və məsul redaktoru Əməkdar incəsənət xadimi, professor Tariyel Məmmədov yazır ki, bu abidə-kitab 100 illik yubileyi 2021-ci ildə qeyd olunacaq Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyüklüyünü, Azərbaycan musiqi elminin, mədəniyyətinin və təhsilinin tarixi yolunu öz insani və yaradıcı taleyində əks etdirən görkəmli alimlərin, pedaqoqların, professorların elmi nəşrləri seriyasından birincisidir.
"Şərq-Qərb" mətbəəsində nəfis şəkildə çap olunmuş "Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti" kitabının redaksiya heyətinə Fərhad Bədəlbəyli, Rafael Hüseynov, Nərminə Quliyeva, Gülnaz Abdullazadə, Arif Məlikov, Ülviyə İmanova, Şəhla Həsənova, Gülzar Mahmudova və Leyla Məmmədova daxildirlər. Nəşrin rəyçiləri Aida Tağızadə və Tofiq Bakıxanovdur.
Əsər musiqişünaslar, musiqiçi və musiqişünas ixtisası verən universitetlərin tələbələri, orta ixtisas musiqi məktəblərinin, eləcə də orta ümumtəhsil məktəblərinin şagirdləri, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulur.
525-ci qəzet 2018.- 1 fevral.- S.7.