Elm və təhsilə innovativ yanaşma və
innovasiyaların tətbiqi zamanın tələbidir
Aydın KAZIMZADƏ
BDU-nun elm
və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir
üzvü, professor
Son illər əsası Ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulan siyasətin uğurlu
davamı kimi möhtərəm Prezidentimiz cənab İlham
Əliyev tərəfindən həyata keçirilən
islahatların başlıca məqsədlərindən biri də
ölkəmizdə innovasiyaların inkişafı
üçün zəruri olan bütün şərait və
imkanların, son nəticədə rəqabətədavamlı
milli innovasiya sisteminin yaradılmasıdır.
Çünki bu gün müasir dünya bazarına
çıxış üçün həlledici amil rəqabətqabiliyyətli
və innovativ sənayenin yaradılması və inkişaf
etdirilməsidir. Sənayenin rəqabətqabiliyyətliliyi
isə artıq investisiyaların həcmi ilə deyil, daha
çox innovativliyin səviyyəsi ilə ölçülməkdədir.
Hazırda
cəmiyyətimizin bütün səviyyələrində
innovasiya fəaliyyətinin genişləndirilməsi və tətbiqinin
sürətləndirilməsi məqsədilə bütün
istiqamətlərdə stimullaşdırıcı mexanizmlərin
işlənib-hazırlanmasına start
verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı
il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi
üzrə Strateji Yol Xəritəsi"ndə də qeyd
edildiyi kimi Azərbaycan iqtisadiyyatı, yaxın gələcəkdə
səmərəlilik əsaslı modeldən innovasiya əsaslı
modelə keçəcəkdir və
2025-ci ildən sonrakı dövrdə adambaşına
düşən gəlir səviyyəsinə görə Azərbaycan
Şərqi Avropa ölkələrinin səviyyələrinə
yaxınlaşacaqdır. Şübhəsiz ki,
bu məqsədlərə nail olmağın yeganə yolu
iqtisadiyyatın innovasiya əsaslı inkişaf modelinə
keçilməsi ilə bağlıdır. Bunun üçün qlobal miqyasda rəqabətədavamlı
milli innovasiya sisteminin, həmçinin ictimai həyatın
bütün sahələrində innovasiya fəaliyyətini dəstəkləyən
infrastrukturun formalaşdırılması lazımdır ki, bu
da iqtisadiyyatın innovasion və texnoloji inkişafı
hesabına təmin oluna bilər. Başqa sözlə
innovasiyalı inkişaf elmi-texniki inqilabın yeni
şəraitdə davamıdır. "Azərbaycan
2020: gələcəyə baxiş" İnkişaf Konsepsiyasında
da qeyd edilir ki, sənayenin
innovasiyalar əsasında inkişafı elm və texnologiya
potensialının gücləndirilməsi və təhsil
imkanlarının genişləndirilməsi nəticəsində
mümkün olacaqdır.
Göründüyü kimi, dövlətimiz tərəfindən
həyata keçirilən innovasiya siyasəti yeni bilik və
texnologiyaların istehsalı, yayılması və tətbiq
edilməsi üçün lazım olan şəraitin
yaradılmasını nəzərdə tutur. Bu siyasət, ölkənin
sosial innovasiya potensialının bütün
imkanlarının reallaşdırılmasına, eləcə
də elm və təhsilin, elmtutumlu cəmiyyətin və mədəniyyətin
davamlı inkişafının bərqərar edilməsinə
yönəldilmişdir.
Beləliklə, bu gün elm və təhsil dövlətin
davamlı sosial-iqtisadi və mədəni inkişafını
təmin edən mühüm amillərdən biridir. Müasir dövrdə
davamlı inkişafın əsasında təhsilin və
elmi-texniki tərəqqinin rolunu və əhəmiyyətini
ciddi bir faktor kimi qəbul edən, respublikada elm siyasətinin əsasını
qoyan ulu öndər Heydər Əliyevin kursunu uğurla və
ləyaqətlə davam etdirən möhtərəm
Prezidentimiz cənab İlham Əliyev son illər ölkəmizdə
elmin inkişafı, elmi-texniki potensialın və əqli
mülkiyyətin qorunub saxlanılması və modernləşdirilməsi,
elm və təhsil sahəsində yüksək ixtisaslı
kadrların hazırlanması, onlara daim qayğı göstərilməsi,
cəmiyyətdə alimlərin, elm və təhsil
işçilərinin nüfuzunun artırılması və
Azərbaycanda alınmış elmi nəticələrin xaricdə
tanıdılması sahəsində bir sıra mühüm qərarlar
qəbul etmişdir. Eləcə də Birinci vitse-prezidentimiz
hörmətli Mehriban xanım Əliyeva, onun rəhbərlik
etdiyi Heydər Əliyev Fondu tərəfindən elm və təhsilin
inkişaf etdirilməsi, əldə edilən nailiyyətlərin
beynəlxalq aləmdə təbliği və yayılması
istiqamətində titanik işlər
görülmüşdür. Elm və təhsilin
inkişafına dövlət səviyyəsində göstərilən
bu qayğı, əslində dövlətçiliyin möhkəmləndirilməsi
və xalqın milli-mədəni tərəqqisinə və
rifah halının yüksəldilməsinə xidmət edən
siyasətin tərkib hissəsi kimi qiymətləndirilməlidir.
Təsadüfi deyil ki, XXI əsr YUNESKO tərəfindən
elm və təhsil əsri adlandırılmışdır.
Bu baxımdan hazırda elm və təhsilin əlaqələndirilməsi,
bir-biri ilə inteqrasiya olunmuş şəkildə, müasir
texnologiyaların və innovasiyaların tətbiq edilməsi
yolu ilə inkişaf etdirilməsi ən aktual və prioritet məsələdir.
Artıq qeyd edildiyi kimi, bu gün Azərbaycanda məhz
bu istiqamətləri əhatə edən dövlət siyasəti
aparılır - iqtisadi potensialı intellekt kapitalına
çevirmək sahəsində mühüm işlər
görülür. Möhtərəm prezidentimiz cənab İlham Əliyev
öz çıxışlarında dəfələrlə
qeyd etmişdir ki, biz gələcəyimizi neft amili üzərində
qura bilmərik, bu təbii resursdur, 50 il, 100 ildən sonra
qurtara da bilər, iqtisadiyyat elm üzərində
qurulmalıdır.
Qloballaşan dünyada cəmiyyətin yüksəliş
tendensiyaları, xüsusən də inkişaf etmiş ölkələrin
iqtisadi sıçrayışlarının əsasları
araşdırılarkən məlum olur ki, bu inkişafın səbəbləri
sırasında elmi innovasiyaların tətbiqi ön sırada
dayanır.
Heç bir təbii resurs, ticarət dövriyyəsi, kənd
təsərrüfatı və s. elmi innovasiyaların gətirdiyi
iqtisadi gəlirlərlə müqayisə edilə bilməz. Məlum olduğu kimi, ABŞ, Kanada, Yaponiya və digər
inkişaf etmiş ölkələrdə elmi innovasiyaların
tətbiqindən əldə olunan gəlir kifayət qədər
yüksəkdir və innovasiya məhsulları üzrə gəlir
60-90 faiz təşkil edir. Belə demək
olar ki, dünya miqyasında ölkələrin iqtisadi göstəriciləri,
beynəlxalq nüfuzu, digər pozitiv üstünlükləri
innovasiya məhsullarının verdiyi gəlirlə
ölçülür. Məsələn, inkişaf etməkdə
olan dünya ölkələrində bu göstərici 0-1% həcmindədirsə,
Ukrayna, Rusiya kimi ölkələrdə 10-15%, Qərbi Avropa
dövlətlərində 40-60% təşkil edir. Son illər ABŞ elmin və təhsilin
inkişafına, dolayısı ilə elmi innovasiyaların tətbiqinə
təxminən 150-200 milyard dollar vəsait ayırır.
Düşünməyə əsas verən bu rəqəmlər innovasiyaların tətbiqinin zəruriliyini
göstərir və heç də təsadüfi deyil ki,
inkişaf etmiş dünya dövlətlərində ümumi
gəlirin təqribən 3,5 faizi innovasiyaların əsasını
təşkil edən elmin inkişafına yönəldilir.
Bu gün təhsil elmdən ayrı təsəvvür
edilə bilməz. Sovet dönəmində elm əsasən
akademiya sistemində cəmləşirdi və universitetlər
daha çox təhsil mərkəzi kimi qəbul edilirdi. Lakin hazırda inkişaf etmiş dünya dövlətlərində
universitetlər ilk növbədə elm mərkəzləri
kimi formalaşır və təhsil prosesi elmi innovasiyalar əsasında
qurulur. Beləliklə universitetlər cəmiyyətin
tələbat və ehtiyaclarını ödəmək
üçün elm - təhsil mərkəzləri kimi
formalaşır. Qloballaşan dünyaya
inteqrasiya etmək üçün bizdə də bu gün
universitetlər belə bir missiyanı yerinə yetirməlidir.
Lakin etiraf etmək lazımdır ki, bu gün təhsil
sistemində maddi-texniki bazanın lazımi dərəcədə
gücləndirilməsi, müasir nou-hau tipli cihazların
alınması təbii ki, adambaşına maliyyələşmə
mexanizmi üzrə maliyyələşən universitetlər
üçün o qədər də asan məsələ
deyil. Bu baxımdan hesab edirəm ki, bu gün universitetlər
AMEA-nın institutları və elmi təşkilatları,
istehsalat müəssisələri ilə daha sıx əlaqəli
olmalı, universitetlərin bu təşkilatlarda olan elmi
mühitdən istifadə imkanları
daha da genişləndirilməli, birgə elmi-tədqiqat
laboratoriyaları və Mərkəzlər
yaradılmalıdır.
Bu gün
biz elmin vətənsizliyi haqda danışırıq və
hesab edirik ki, elmi kəşflər də, bir çox digər
ali dəyərlər kimi, beynəlxalq səciyyə
daşıyır və bütün bəşəriyyətə
aiddir. Fikrimizcə, təhsil də elm kimi qlobal
xarakter daşımalıdır, yəni təhsilin də vətəni
olmamalıdır. Bu gün bəşər sivilizasiyası
haqda qlobal mənada danışırıqsa, burada ümumi evimiz olan yer kürəsində əhalinin
bir hissəsini yüksək intellektual səviyyədə, digər
hissəsini isə tamam savadsız təsəvvür etmək
çətindir. Digər tərəfdən, cəmiyyətin
qloballaşması bütün dünyada təhsil sisteminin eyni də
olmasa, yaxın struktura malik olmasını tələb edir ki,
insanlar təhsillərini istənilən
ölkədə və məktəbdə, universitetdə davam
etdirə bilsinlər. Yeri gəlmişkən,
bir məsələni də qeyd etmək istəyirəm ki, bu
problem son illərdə yalnız bizim regionu yox, bütün
dünyanı narahat edir. Bu, elmə qoyulan
investisiyalarla bağlıdır. Məsələ
bundadır ki, son illərdə elmə qoyulan investisiyalar
özünü bir neçə, bəzi hallarda 10 dəfələrlə
doğrultduğuna görə bura böyük məbləğdə
sərmayələr yatırılır. Bu zaman nəsillərin
dəyişməsi, yeni kadrların əvəzlənməsi,
bir növ, yaddan çıxır, yəni təhsilə
ayrılan vəsaitlə elmə verilən investisiya
arasında böyük fərq olur. Nəticədə
universiteti bitirən gənc mütəxəssis öyrəndiklərindən
xeyli artıq imkanlara malik elmi mühitə düşür və
bir neçə illik adaptasiya burulğanında
çapalayır. Əgər elmə ayrılan vəsait
hesabına təhsil müəssisələrində həmin
avadanlıqlar alınarsa və tədris edilərsə, bu
yalnız nəsillərarası boşluqları doldurmaqla yekunlaşan
müsbət nəticələr verər.
Bu gün
əsas məsələ cəmiyyəti elmi innovasiyalarla
"rəftara" hazırlamaq, ondan istifadə etmək
üçün yetkinləşdirməkdən ibarətdir ki,
bu da təkcə bir ölkə çərçivəsində
deyil, bütün dünyada səylərin birləşdirilməsini
labüd edir. Universitetlərdə tələbələrlə
gündəlik ünsiyyət zamanı biz onların
sıralarında dünyanın ən məhşur
texnoparklarında çalışmağa qabil istedadlı gənclər
görürük. Amma müasir innovasiyalarla tanış olmadan, onlarla əməli iş vərdişlərinə
yiyələnmədən təkcə istedad, güclü nəzəri
bilik, dərin hafizə, intellektual səviyyə kifayət etməz.
Bu gün heç də bütün universitetlərdə
bu texniki imkanlar yoxdur. Ona görə də dünya
universitetləri arasında inteqrasiya yolu ilə, birgə səylər
nəticəsində gənclərin təhsil müddətində
elmi innovasiyalarla tanış olmalarına
çalışmalıyıq.
Elmi
innovasiyaların təhsil mühitinə transferi son dərəcə zəruri
amildir və fikrimizcə, bu proses, əsasən 3 istiqamət
üzrə həyata keçirilə bilər:
1) Tədrisin
elmi innovasiyalara əsaslanan prioritet elmi istiqamətlər əsasında
təşkili.
2) Təhsil
alanların elmi nailiyyətlərə yiyələnməsi.
3) Təhsil
sisteminin maddi-texniki bazasının gücləndirilməsi.
Son illər
Bakı Dövlət Universitetində tədris prosesinin elmi tədqiqatla
əlaqələndirilməsi, elm və təhsilin istehsalatla
inteqrasiyasının gücləndirilməsi, tələbə,
magistrant və doktorantlarda tədqiqatçılıq və
peşə fəaliyyəti üçün zəruri olan
praktiki bilik, bacarıq və vərdişlərin
formalaşdırılması, müxtəlif elm sahələrində
elmi yeniliklərin və innovasiyaların tədris prosesinə
tətbiqi, müvafiq ixtisas sahələri üzrə
aparıcı mütəxəssislərin tədris prosesinə
cəlb edilməsi və birgə elmi tədqiqatların
aparılması məqsədi ilə AMEA-nın
ayrı-ayrı elmi təşkilatları, İnstitutları və
bir sıra istehsalat müəssisələri arasında əlaqələr
gücləndirilmişdir. Bu tədbirlər çərçivəsində:
l
Bakı Dövlət Universiteti ilə AMEA-nı 10-a qədər
elmi təşkilatı və institutları arasında kadr
hazırlığı və elmi əməkdaşlıq
haqqında müqavilələr imzalanmış,
ayrı-ayrı kafedraların bu təşkilatlarda
Filiallları, Elm və Tədris
Mərkəzləri yaradılmışdır.
l Son illər
Akademiyanın 150-dən çox aparıcı mütəxəssisləri
və elmi işçiləri BDU-da tədris prosesinə,
Universitetin professor-müəllim heyəti isə AMEA-nın
elmi təşkilatlarında elmi fəaliyyətə və idarəetmə
strukturunda işə cəlb olunmuşdur. Bu
gün BDU-da ştatda və əvəzçiliklə
AMEA-nın 35 nəfər həqiqi və müxbir üzvü
çalışır. Onların bir
çoxu eyni zamanda müxtəlif rəhbər vəzifələrdə
çalışaraq tədrisin və elmi fəaliyyətin təşkili
və idarəedilməsi prosesində yaxından iştirak
edirlər.
l Təhsil-istehsalat
əlaqələrinin qurulması istiqamətində müəyyən
tədbirlər həyata keçirilmişdir. Bir
sıra istehsalat birlikləri - Müdafiə Sənayesi
Nazirliyi, Azərsu Açıq Səhmdar Cəmiyyəti,
Sumqayıt texnologiyalar parkı, Coca-Cola, SOCAR, BP və digər
şirkətlərlə əməkdaşlıq əlaqələri
qurulmuşdur. Hidrometeorologiya
kafedrasının Azərsu ASC-nin Sukanal Elmi Tədqiqat və
Layihə İnstitutunun nəzdində filialı
yaradılmışdır. Belə əlaqələrin
qurulması məzunlarımızın öz ixtisasları
üzrə uğurlu karyera qurmalarına yardımçı
olmaqla yanaşı, mövcud vakansiyalar barədə məlumat
əldə edilməsinə də köməklik göstərir.
Bununla yanaşı gənc alimlərimizin dünyanın
aparıcı universitetlərində çalışması
praktikası da genişlənir. Aydındır ki,
kiçik dövlətlərin elə bir imkanı yoxdur ki,
inkişaf etmiş ölkələrlə yarışsın.
Lakin bu gün bütün ölkələr elmi
yarışda finala çatmaq üçün bütün
imkanlardan istifadə edir. Bu imkanlardan biri də
dünyanın aparıcı universitetlərinin və elmi
müəssisələrinin güclü maddi-texniki
bazasından istifadə ilə bağlıdır. Məsələn,
BDU-nun Kimya fakültəsinin 2 gənc alimi artıq bir
neçə ildir ki, Lissabon Texniki Universitetində qrant üzrə
çalışır və BDU-da sintez etdikləri bir
çox maddələrin və birləşmələrin həmin
universitetin geniş imkanları olan müasir cihaz və
avadanlıqlarla təchiz olunmuş laboratoriyalarında tədqiqi
sahəsində çox mühüm nəticələr əldə
edirlər. Bu müddət ərzində onlar,
kimya sahəsində ən yüksək impakt faktora malik olan
jurnallarda 50-dən çox məqalə nəşr
etdirmişlər.
Tələbələrin nəzəri biliklərlə
yanaşı dünyagörüşlərini zənginləşdirmək,
auditoriyalarda əldə etdiklərini praktik vərdişlərlə
möhkəmləndirmək üçün BDU-da onlar
üçün çöl təcrübələri
imkanları da genişləndirilmişdir. Hazırda
BDU-nun Bakıdan təxminən 150-200 kilometr kənarda, zəngin
təbiəti olan Quba və Xızı rayonlarında Tədris-təcrübə
mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlərdə
hər il universitetin 10 fakültəsinin
1000-dən çox tələbəsi təcrübə
keçir, müasir laboratoriyalarda tədqiqatlar apararaq həm
də istirahət edirlər.
Bütün bu işlərin nəticəsidir ki son illər
BDU-da elm və təhsil sahəsində yüksək nailiyyətlər
əldə edilir. Yalnız onu demək kifayətdir ki, ötən il BDU alimləri tərəfindən 2700 məqalə
və 1000-dən tezis, o cümlədən, nüfuzlu xarici
jurnallarda 800-dən çox məqalə çap
etdirilmişdir ki, onlardan da 450-yə qədəri müxtəlif
beynəlxalq informasiya agentlikləri tərəfindən indekslənən
jurnallarda çap olunmuşdur. Təkcə
Tomson Reyter agentliyi tərəfindən indekslənən
yüksək impakt faktorlu jurnallarda 200-dən çox məqalə
çap edilmişdir ki, bu da ümumiyyətlə respublika
üzrə həmin jurnallarda çap edilən məqalələrin
təqribən 20-25 faizini təşkil edir.
Bakı
Dövlət Universitetinin alimləri tərəfindən hər
il ümumi dəyəri bir neçə
milyon ABŞ dolları olan 100-dən çox layihə həyata
keçirilir ki, bunların da yarıdan çoxu beynəlxalq
təşkilatlar tərəfindən maliyyələşdirilən
innovativ layihələrdir. Universitet alimlərinin
apardığı bu işlər dünyanın bir sıra
qabaqcıl universitetləri ilə bərabər yerinə
yetirilir və dünya elmi ictimaiyyəti tərəfindən dəstəklənərək
qəbul edilir. Azərbaycan alimlərinin
apardığı tədqiqatların nəticələri
dünyanın inkişaf etmiş ölkələrində
keçirilən bir sıra beynəlxalq konfrans və
simpoziumlarda müzakirə edilib və monoqrafiyalar şəklində
nəşr edilib. Təsadüfi deyil ki, 2016-cı ildə
Kanadanın Toronto universitetinin professoru, kimya üzrə Nobel
mükafatı laureatı Con Polani öz arzusu ilə BDU-nun
Nanoaraşdırmalar mərkəzi ilə
tanış olub. Yeri gəlmişkən qeyd edim ki, Azərbaycan
Respublikasının prezidenti İlham Əliyevin 2005-ci ildə
Rumıniyaya rəsmi səfəri çərçivəsində
imzalanmış əməkdaşlıq haqqında müqaviləyə
əsasən 13 il bundan əvvəl yaradılan mərkəzdə
ötən illər ərzində 10-dək Nobel
mükafatı laureatının, o cümlədən,
dünyanın tanınmış alimlərinin mühazirələri
dinlənilib. Con Polani universitetdə nanotexnologiya sahəsində
aparılan araşdırmalar, digər elmi-tədqiqat işləri,
kadr hazırlığı ilə maraqlanıb və bu sahədə
reallaşdırılan işləri yüksək qiymətləndirərək
tədqiqat işlərinin elm tutumlu istehsal sahələri ilə
əlaqələr qurulması istiqamətində tövsiyələrini
verib.
Bu gün həlli vacib olan məsələlərdən
biri də gənclərin hələ erkən
yaşlarından elmi fəaliyyətə cəlb edilməsidir. Bu baxımdan
BDU-da artıq bir sıra tədbirlər həyata
keçirilir. Belə ki, istedadlı tələbələr,
o cümlədən, 600-dən yuxarı bal
toplayan və SABAH qruplarında təhsil alan tələbələr
elmi fəaliyyətə cəlb edilərək onların hər
birinə bir elmi rəhbər və ya məsləhətçi
təhkim olunub. BDU-nun hər bir kafedrası, o cümlədən,
ETİ-lərin hər bir şöbəsi tərəfindən
hər il Beynəlxalq informasiya agentlikləri
tərəfindən indekslənən jurnallarda ən azı
bir məqalə çap etdirilməsi məqsədi ilə bir
sıra tədbirlər görülüb və artıq əhəmiyyətli
nəticələr əldə edilir. Elmi tədqiqatların
innovativ istiqamətlərə yönəldilməsi və
keyfiyyətinin yüksəldilməsi, o cümlədən, gənclərin
beynəlxalq aləmə inteqrasiyasının gücləndirilməsi
məqsədi ilə BDU-da təhsil alan
doktorantlara biri xarici ölkələrdən olmaqla ikili elmi rəhbər
təyin olunması praktikası genişləndirilib. Gənclərə
göstərilən diqqət və qayğının nəticəsidir
ki, ötən il Prezident İlham Əliyevin Sərəncamı
ilə Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin
dissertantı və ingilis bölməsinin müəllimi, gənc
alim Aygün İsrayılova "Gənclər
üçün Prezident mükafatı"na layiq
görülüb. Qeyd edək ki, 2015-ci ildə Bakı
Dövlət Universitetinin Kimya fakültəsinin ingilis bölməsinin
müəllimi, gənc alim Elvin Məlikov, 2014-cü ildə
isə gənc alim Flora Hacıyeva da "Gənclər
üçün Prezident mükafatı"na layiq
görülüblər və hər il bir gənc alimin bu
mükafata layiq görülməsi artıq bir ənənə
halını alıb.
BDU-da innovativ istiqamətlərdə startap layihələrin
işlənilməsi məqsədilə 2016-cı ildən
"İnnovativ layihələrə dəstək qrupu"
yaradılıb. Bu qrupun əsas fəaliyyəti tələbələri
və şagirdləri innovativ istiqamətlər üzrə
layihələr hazırlamağa cəlb etmək və
onların innovativ ideyalarını dəstəkləməkdən
ibarətdir. Qrupun fəaliyyətinin nəticəsidir ki,
BDU-nun gənc tədqiqatçıları və tələbələri,
o cümlədən universitetin nəzdində fəaliyyət
göstərən "Gənc istedadlar" liseyinin şagirdləri
tərəfindən təqdim edilən startap layihələr
müxtəlif təşkilatlar tərəfindən elan edilən
müsabiqələrin qalibi olurlar. 2017-ci ilin noyabr-dekabr
aylarında BMT-nin 2030-cu ilədək Dayanıqlı
İnkişaf Məqsədlərinin təşviqi,
innovasiyaların həvəsləndirilməsi, həmcinin
"Azərbaycan 2020: Gələcəyə baxış"
İnkişaf konsepsiyasının və "Kiçik və
orta sahibkarlıq səviyyəsində istehlak mallarının
istehsalına dair Strateji yol xəritəsi"nin icrasına dəstək
məqsədilə Azərbaycan Respublikasının
İqdisadiyyat Nazirliyi və Birləşmiş Millətlər
Təşkilatının Azərbaycan Nümayəndəliyi
ilə birgə təşkil olunan Respublika İnnovasiya
Müsabiqəsində BDU əməkdaşları və tələbələri
tərəfindən təqdim edilmiş bir layihə III yerə
layiq görülərək müvafiq diplom və mukafatla, digər
bir layihə isə Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin
"İdeya Bankı" tərəfindən həmin
müsabiqənin qalibi nominasiyasında sertifikatla təltif
olunub.
İnnovativ startap layihələrin hazırlanmasında və
təqdim edilməsində BDU-nun və digər elmi təşkilatların
əməkdaşlarının rəhbərliyi ilə BDU-nun nəzdindəki
"Gənc İstedadlar" liseyinin şagirdləri də fəal
iştirak edirlər. Bu layihələr xüsusilə
"Sabahın Alimləri" Respublika müsabiqələrində
nümayiş etdirilir. 2012-ci ildən başlayaraq
keçirilən bu müsabiqələrdə hər il liseyin
şagirdləri tərəfindən təqdim edilən layihələrin
əksəriyyəti qalib layihələr sırasında yer tutaraq mükafata
layiq görülür. Ötən illər ərzində
bu layihələrdən bir neçəsi ABŞ-da
keçirilən beynəlxalq müsabiqədə
respublikamızı təmsil ediblər. Liseyin
şagirdləri Təhsil Nazirliyi tərəfindən
keçirilən fənn olimpiadalarında və bir sıra təşkilatlar
tərəfindən keçirilən olimpiada və müsabiqələrdə
də qalib olublar.
BDU-da həmçinin
respublikanın digər ümumtəhsil məktəblərində
təhsil alan istedadlı şagirdlərin
də respublika və beynəlxalq olimpiadalara hazırlanması
istiqamətində layihələr həyata keçirilir və
uğurlu nəticələr əldə edilir. BDU
əməkdaşlarının rəhbərliyi ilə
hazırlanan bir sıra layihələr beynəlxalq və
respublika səviyyəli müxtəlif müsabiqələrdə
mükafata layiq görülüb.
Bütün
bu işlərin nəticəsidir ki, son illər Bakı
Dövlət Universiteti "Elm və Texnologiya" sahəsində
İSESKO mükafatına, "Thomson Reuters" şirkəti
və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin
İnkişafı Fondunun "Elmin inkişafına görə"
ən yüksək mükafatına və dünyanın
tanınmış "Elsevier" akademik nəşriyyatı
və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin
İnkişaf Fondu tərəfindən Azərbaycanda ilk dəfə
olaraq təsis edilən "SCOPUS Mükafatı"na layiq
görülüb. Bununla yanaşı, respublikada yeganə
impakt faktorlu jurnal kimi BDU-da nəşr olunan "Tətbiqi və
hesablama riyaziyyatı" jurnalı da "SCOPUS
Mükafatı"na layiq
görülüb.
Son olaraq bir daha qeyd etmək istərdim ki, elm və təhsilə
innovativ yanaşma və innovasiyaların tətbiqi zamanın tələbidir. Əgər
biz bəşəriyyətin inkişafının zirvə
nöqtəsini vətəndaş cəmiyyətinin
qurulmasında görürüksə, buna yalnız elmi
uğurları tətbiq etməklə, təhsilin elmi
innovasiyalar əsasında inkişaf etdirilməsi, elm-təhsil-istehsalat
əlaqələrinin məhkəmləndirilməsi yolu ilə
insanların intellektual səviyyəsini yüksəltməklə
nail olmaq olar.
525-ci qəzet 2018.-
1 fevral.- S.4.