Fədakar istiqlalçı Miryaqub Mehdiyev və onun fransızca əsərləri haqqında qeydlər

 

Azərbaycan Xalq Cümhuriyyəti - 100

 

"AzərTAc"ın əməkdaşı kimi uzun illər Fransada fəaliyyət göstərdiyim dövrdə ölkəmizlə bağlı maraqlı məlumatlar toplamaq məqsədilə tez-tez prezident Fransua Mitteran adına dünyanın məşhur Milli Kitabxanasına baş çəkirdim.

 

Bir dəfə araşdırma apararkən təsadüfən erməni mənşəli fransız tarixçisinin Azərbaycan-Ermənistan münasibətlərindən bəhs edən kitabına rast gəldim. Ermənilərin qərəzli xislətinə sadiq qalan müəllif Cənubi Qafqazdakı xalqların yerləşdiyi məkanlardan, milli təzahürdən doğan münaqişələrdən bəhs etmiş, xalqının milli mənsubiyyətlərindən, tarixindən, məskun olduqları ərazidən söhbət açmışdır.

 

Müəllifin istifadə etdiyi mənbələrə nəzər yetirərkən diqqətimi Miryaqub (Mir Yacoub) adına rast gəldim. Bu adın izi ilə araşdırmalar apardım. Maraqlı və zəngin faktlarla rastlaşdım, onun Fransadakı həyat və fəaliyyəti ilə bağlı məlumatlar əldə etdim.

 

Azərbaycana qayıtdıqdan sonra Miryaqub Mehdiyevlə bağlı axtarışlarımı davam etdirdim. Vilayət Quliyev, Cəmil Həsənli, Nəsiman Yaqublu, Ədalət Tahirzadə kimi tanınmış alimlərin, araşdırıcı Dilqəm Əhmədin və digərlərinin Şərq dünyasında ilk demokratik quruluşlu Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyi qarşısında bir-birindən maraqlı faktlarla zəngin, dolğun məqalələrinə rast gəldim. Həmin yazılarda M.Mehdiyevin Vətənimizin müstəqilliyi uğrunda yorulmadan bir istiqlalçı fəal kimi mübarizə aparmasından, Əlimərdan bəy Topçubaşovun rəhbərliyi altında Paris sülh Konfransında iştirak etmək üçün Azərbaycan nümayəndə heyətinin tərkibində Fransaya getməsindən, rus dilində "Beynəlmiləl siyasətdə petrol" və "Beynəlxalq vəziyyət və sovetlərdə milliyyət məsələsi" əsərlərini çap etdirməsindən, Parisdə fransız dilində nəşr olunan "Prometey" jurnalında neft, milli məsələ, Azərbaycanın görkəmli şair və yazıçılarına həsr etdiyi məqalələrlə çıxış etməsindən, sonralar Türkiyəyə gedərək siyasi fəaliyyətini davam etdirməsindən və orada dünyasını dəyişməsindən bəhs olunmuşdur.

 

  Fransadakı azərbaycanlı mühacirlərlə, xüsusilə Əlimərdan bəy Topçubaşova dair zəngin arxiv materiallarını toplayıb Azərbaycana gətirməkdə əvəzsiz xidməti olan Ramiz Abutalubovun Georgi Mamulia ilə birlikdə tərtib etdikləri dörd cildlik "Əlimərdan bəy Topçubaşı. Paris arxivi, 1921-1940" əsərində Miryaqub Mehdiyevin Parisdəki fəaliyyətindən bir qədər ətraflı danışılmış, beynəlxalq vəziyyətə və milli məsələyə həsr olunan konfranslarda fəal iştirakı, hətta bəzən bir çox konfransa sədrlik etməsi, Ə.M.Topçubaşovun göstərişi ilə danışıqlar aparmaq üçün Londona göndərilən Azərbaycan nümayəndə heyətinə rəhbərliyi diqqətə çəkilmişdir.

 

Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, M.Mehdiyevin Fransadakı fəaliyyətinin bəzi məqamları yuxarıda adlarını çəkdiyimiz müəlliflərin məqalələrində və kitablarında toxunulmamış, Parisdə çap etdirdiyi məqalə və kitablarından bəhs olunmamışdır. Miryqaub Mirəbdüləziz oğlu Mehdiyev (1891, Bakı-Xirdalan - 1952 Türkiyə) kiçik yaşlarından ərəb, fars və rus dillərini öyrənmişdir. 1909 - cu ildə Aleksandropol (Gümrü) kommersiya məktəbini bitirdikdən sora təhsilini davam etdirmək üçün Sankt-Peterburqa getmiş və oradakı universitetin İqtisadiyyat fakültəsinə daxil olmuşdur. Çar üsul idarəsinin müsəlman xalqlarına etdiyi təzyiqlərə etiraz əlaməti olaraq Rusiyanın müxtəlif ali məktəblərində təhsil alan gənclərin Kiyevdə təşkil olunan hərəkatında iştirak etdiyinə görə ali təhsil ocağından çıxarılan M.Mehdiyev sonradan universitetə bərpa olunmuş, daha sonra Almaniyanın Bonn şəhərindəki universitetdə ali təhsil almışdır.

 

Bildirdiyimiz kimi, 1918-ci ildə M.Mehdiyev Paris Sülh Konfransında iştirak etmək üçün Fransaya gedən Azərbaycan nümayəndə heyətinin tərkibində dünyanın mədəniyyət mərkəzi, inqilablar beşiyi hesab olunan ölkəyə gəlmişdir. Ərəb, fars və rus diləri ilə yanaşı alman, fransız və ingilis dillərini öyrənməsi, bu dillərdə sərbəst danışması Miryaqub Mehdiyevin Fransadakı fəaliyyətində mühüm rol oynamışdır.

 

On səkkiz ildən artıq bir dövrdə Fransada yaşayan M.Mehdiyev biliyi, bacarığı və dünyagörüşü ilə doğma vətənlərindən uzaq düşərək bu ölkəyə sığınan mühacirlər arasında böyük nüfuz və hörmət qazana bilmişdir.

 

Fransada yaşadığı illərdə M. Mehdiyev elmi səviyyəsini artırmaq məqsədilə əsası 1298- ci ildə qoyulan və 1970-ci ildən etibarən məşhur fransız şairi Pol Valerinin (1871-1945) adını daşıyan Monpolye-3 Universitetinin Hüquq fakültəsinin doktorantı olmuşdur.

 

 

"SSRİ-də milli məsələ" mövzusunda doktorluq dissertasiyasını vaxtından əvvəl bitirərək, müdafiə şurasına təqdim etmışdır. Beş nəfərdən ibarət şura üzvləri əsəri yüksək qiymətləndirmiş və M.Mehdiyevə hüquq elmləri doktoru elmi dərəcəsinin verilməsinə yekdilliklə səs vermişlər.

 

Müzakirəyə yekun vuran müdafiə şurasının sədri bildirmişdir ki, dissertasiyanın fəlsəfi tərəfi o qədər güclüdür ki, mövzu hüquq elminə həsr olunmasaydı biz müəllifin fəlsəfə elmləri doktoru alimlərin dərəcəsinə layiq görülməsinə tərəddüd etmədən məmnuniyyətlə səs verərdik.

 

Miryaqub Mehdiyev Parisdə yaşadığı dövrdə dünyanın, xüsusilə bolşeviklər tərəfindən zor gücünə işğal edilən Cənubi Qafqaz ölkələrinin ictimai-siyasi həyatına, milli məsələlərə həsr etdiyi məqalələrlə yerli mətbuatda, o cümlədən, Fransada yaşayan və müxtəlif millətləri təmsil edən mühacirlərin təşkil etdiyi "Prometey" cəmiyyətinin mətbu orqanı, Parisdə fransız dilində nəşr olunan "Prometey" jurnalında vaxtaşırı kəskin yazılarla çıxış etmişdir. 1926-cı ildə ilk nömrəsində işıq üzü görən son nömrəsi 1938- ci ildə çap olunan jurnalda M.Mehdiyevin bolşeviklərin istilasına məruz qalan Azərbaycanda baş verən hadisələrə, ölkəmizin mədəniyyətinə, ədəbiyyatına və incəsənətinə həsr olunmuş məqalələri həmişə maraqla qarşılanmışdır. Xatırladaq ki, M.Mehdiyev jurnalın redaksiya heyətinin üzvlərindən biri olmuşdur.

 

M.Mehdiyev "Prometey" jurnalının 1932-ci il dekabr ayında çıxan 73-cü nömrəsində fransız dilində "San-Remo konfransı və Qafqaz respublikaları", 1933-cü ilin mart ayındakı 76-cı nömrəsində "Erməni məsələsi" məqalələri çap edilmişdir. Sonuncu məqalə müəllifin 1933-cü ildə fransız dilində çap etdirdiyi irihəcmli "Qafqaz problemi" adlı kitabına olduğu kimi daxil edilmişdir.

 

Azərbaycan Demokratik Cümhuriyyətinə həsr olunan məqalə müəlliflərinin bir çoxu Miryaqub Mehdiyevin yaradıcılığına toxunaraq milli istiqlalçı fəalın "Beynəlmiləl siyasətdə petrol" və "Beynəlxalq vəziyyət və sovetlərdə milli məsələ" kitablarının adını çəkir, hər iki əsərin rus dilində qələmə alındığını bildirmişlər.

 

Milli Kitabxanada əldə etdiyimiz faktlardan çıxış edərək bildirməliyik ki, "Beynəlmiləl siyasətdə petrol"əsəri ingilis dilində Amerikada çap olunmuş, sonralar həmin əsər 1992- ci ildə müəllifin doğma ana dilinə tərcümə olunaraq Bakıda nəşr edilmişdir.

 

Söhbət açacağımız müəllifin növbəti iri həcmli "Qafqaz problemi" əsəri, 1933-cü ildə Parisdə "Amerika və Şərq kitabxanası" seriyası altında fransız dilində nəşr olunmuşdur. M.Mehdiyevin yaradıcılığından bəhs edən müəlliflər istər yuxarıda adlarını çəkdiyimiz məqalələrdən, istərsə də "Qafqaz problemi" əsərindən söhbət açmamışlar. Mərhum yazıçı, filologiya elmləri doktoru Əzizə Cəfərzadə Türkiyəyə səfəri zamanı AXC-nin yaranmasında fəal iştirak etmiş, bolşeviklərin Azərbaycanı işğal etdikdən sonra qardaş ölkəyə pənah aparmış, bir çox Avropa akademiyalarının fəxri və həqiqi üzvi, İstanbul Universitetinin professoru Əhməd Cəfəroğlunun qızı Nazan xanımla görüşmüşdür. Nazan xanım atasının arxivindən xeyli materialı Əzizə Cəfərzadəyə vermişdir. Arxiv materialları arasında M.Mehdiyevin "Qafqaz problemi" əsəri də olmuşdur. Əzizə xanım əsəri tərcümə üçün Azərbaycan Xarici Dillər Universitetinin mərhum dosenti, bacarıqlı tərcüməçi Əziz Gözəlsoya vermişdir. Beləliklə, əsər Əziz müəllimin tərcüməsində 1996-cı ildə "Azərbaycan" nəşriyyatında doğma dilimizdə işıq üzü görmüşdür. Amma nədənsə əsər barədə ətraflı məlumat verilməmişdir.

 

M.Mehdiyevin qələminin məhsulu olan kitab 200 səhifəyə yaxındır. Kitab "Giriş", "Rusiya tərəfindən Qafqazın işğal edilməsi", "Azərbaycan türklərinin intibahı", "Gürcüstanda milli hərəkat", "Şimali Qafqazda milli hərakat", "Erməni məsələsi", "Avropada separatistlərin fəallığı": "Zaqafqaziya Federasiyası", "Qafqaz və Brest-Litovsk sülhü", "Milli respublikaların formalaşması", "Qafqaz respublikalarının müstəqilliyinin tanınması", "Qafqaz respublikaları arasında əlaqələr", "Qafqaz respublikaları və Türkiyə", "Bolşeviklər tərərfindən Qafqazın işğalı", "Qafqazda siyasi cəbhə birliyi" və "Nəticə" kimi yarım sərlövhələrdən ibarətdir.

 

Fransanın Milli Kitabxanasında saxlanılan əsərin nüsxəsi üzərində müəllif türk dilində öz dəsti xətti ilə yazmışdır. "Dostum və qardaşım Mustafa bəyə hömətlərimlə, Mir Yacoub. Paris, 11/VIII. 1933". Burada adı çəkilən Mustafa bəy AXC-nin fəal qurucularından olub "Musavat" və bitərəflər fraksiyasından parlamentə (1918-1920) üzv seçilən və Fransaya mühacirət edən, sonralar Türkiyəyə köçən Mustafa bəy Vəkilov (1896 - 1965) nəzərdə tutulmuşdur.

 

Bir məsələni də diqqətə çatdıraq ki, M.Vəkilov Fransada mühacirətdə olan Ceyhun Hacıbəyli ilə birlikdə "Prometey" jurnalı ilə bir müddət əməkdaşlıq etmişdir.

 

Əsərin əvvəlində Qafqaz probleminin aktual problemə çevrildiyini diqqətə çəkən müəllif Qafqazda siyasi və coğrafi vəziyyətin mühüm dünyəvi əhəmiyyət daşımasını qeyd etmişdir. Əgər coğrafi vəziyyətə nəzrə yetirilərsə, Qafqaz boğazının iki quru hissəni ayırdığını asanlıqla görmək olar, bununla belə eyni zamanda Qafqaz iki dünyanı qərb və şərq dünyasını birləşdirən körpü rolunu oynayır.Qocaman Asiya boğazlarını Avropanın sənaye ölkələri ilə birləşdirən yolun, məhz Qafqazdan keçdiyi bildirilir.

 

Müəllif vurğulayır ki, təbii sərvətlərlə zəngin, keçmişdə mühüm siyasi və iqtisadi rola malik olan Qafqazın Xəzər və Qara dəniz sahillərində yerləşməsi Yaxın Şərq ölkələri, İran, Əfqanıstan, Hindistan və digər müsəlman dövlətləri ilə ticarət əlaqələrini inkişaf etdirməkdə əsas strateji məkan hesab olunur. Məhz belə strateji məkana görə Rusiya Qafqazı işğal etməyə səy göstərirdi.Rusiya yumşaq iqlim şəraitinə malik, yeraltı və yerüstü sərvətlərlə zəngin Qafqazı istila etməklə, Aralıq və Hind okeanlarına çıxmaq məqsədi güdürdü. Rusiya çarı Böyük Pyotr vəsiyyətnaməsində Hindistan üzərində ağalıq etmək üçün Konstantinoplu tutmağın zəruriliyini diqqətə çəkir. Bu məqsədə çatmaq üçün Rusiyanın qarşısında üç yol dururdu. Birincisi, iki əsrə yaxın türklərin əsarətində olan Balkan ölkələrindən keçib Konstantinopolu zəbt etmək, ikincisi Hindistana və İrana çatmaq üçün Türkistandan keçməli idi.Bunların müqabilində Rusiya daha qısa , daha rahat üçüncü yolu-Qafqazı seçdi. Böyük Pyotrun vəsiyyətnaməsinə uyğun olaraq ruslar Qafqazı işğal etmək məqsədilə qanlı yürüşə başladılar. Qafqazın istilası bir neçə mərhələ ilə həyata keçirildi. Ruslar əvvəlcə Qafqaz sıra dağlarının ətəyində məskunlaşmış xalqaların azadlıqlarına, Azərbaycandakı xanlıqların varlığına son qoydu.1804-cü ildə Gəncəni, 1806- cı ildə isə Bakını qanlı döyüşlər bahasına ələ keçirdilər. Əsərdə doğma vətənlərini qəhrəmanlıqla müdafiə edən Gəncə xanı Cavad xanın, xalqının azadlığı uğrunda uzun müddət ruslarla mübarizə aparmış Şamilin adları çəkilmiş, onların Qafqaz xalqlarının xatirəsində əbədi iz qoyduqları diqqətə alınmışdır.

 

M. Mehdiyev əsərində dini və milli hissləri tapdalanmış Qafqaz xalqlarının uzun illər çar rejimi altında yaşadıqlarını və Qafqaz müsəlmanlarının həyatının daha ağır, daha əzablı olduğunu vurğulamışdır.

 

 XIX əsrin sonlarında azərbaycanlılar arasında milli hərəkatın gücləndiyini qeyd edən müəllif ölkəmizdə yeni sosial və iqtisadi formaların yaranması ilə xalqın şüurunda mühüm dəyişikliklər əmələ gəlməsi, məktəblərdə rus dilinin tədris olunması rus despotizminə qarşı çıxdıqlarına görə azərbaycanlı vətənpərvərlərin Sibirə sürgün edilməsi, Hindistanda nəşr olunan Azərbaycanlı şairlərdən Füzulinin, Vaqifin, Vidadinin, Seyid Əzim Şirvaninin və başqalarının əsərlərinin gizli yollarla Azərbaycana gətirilməsi, rus hökumətinin Azərbaycanda yeni sosial və siyasi ideyaların yayılmasının qarşısını alması, XX əsrin əvvəllərində Azərbaycan xalqının düşüncələrində azadlıq ideyalarınınn kök salması, azərbaycanlı proletarların yetişməsi, Dumada müsəlmanların təmsil olunması, Rusiyanın, xüsusilə xarici ölkələrin universitetlərində təhsil alan azərbaycanlı gənclərin öz ölkələrinə yeni ab-hava gətirməsi, Musavat, İttihad və digər partiyaları yaranması və Rusiyada baş verən inqilab fövqündə 1918-ci il may ayının 28- də müstəqil Azərbaycan dövlətinin yaranması barədə oxuculara ətraflı məlumat vermişdir.

 

Gürcüstanda milli hərəkata və erməni məsələsinə toxunan M.Mehdiyev Rusiyanın Gürcüstanda yerləşməsini Qafqazın faciəsinin başlanğıcı kimi dəyərləndirmiş, II İraklinin dövründə Rusiya ilə yaxınlaşma istiqamətində ilk addımların atıldığını, imperator II Yekatrina ilə II İrakli arasında saziş bağlandığını, lakin tezliklə bu sazişin I Aleksandr tərəfindən ləğv edildiyini, sonda Gürcüstanın Rusiyanın bir əyalətinə çevrildiyini vurğulamışdır. Gürcüstanda dövlət idarələrində çalışanların əksəriyyəti ruslarla əvəz olunmuş gürcü mədəniyyətinin beşiyi və Qafqazın paytaxtı hesab edilən Tiflis rusların iqamətgahına çevrilmiş, ümumilikdə, gürcü xalqı istilaya məruz qalmış, yerli mətbuat rus dövlətinin və senzurasının nəzarəti altına alınmışdır.Bütün bunlara baxmayaraq, XIX əsrin sonu XX əsrin əvvəllərində ölkədə yetişən yeni gənc qüvvələr Gürcüstanın azadlığı uğrunda mübarizə aparmağa başlamışlar. Onlar XX əsrin başlanğıcında Tiflisin varlı erməni burjuaziyasının və şəhərin bələdiyyə idarəsinə erməninin rəhbərlik etməsinə qarşı çıxmış, ölkə əhalisi sosial-demokrat partiyasının bayrağı altında öz mübarizələrini davam etdirmişlər. Birinci Dünya müharibəsinin başlanğıcında Gürcüstan öz milli intibahına doğru inamla addım atmağa başlamışlar.

 

Erməni məsələsindən bəhs edən M.Mehdiyev XIX əsrin sonlarında Fransa, Amerika və İngiltərə kimi ölkələrdə yaşayan ermənilərin erməni xalqını yeni inkişaf formasına istiqamətləndirmək və milli şüuru oyatmaq üçün bütün vasitələrdən istifadə etdiklərini, "Daşnakstyun", "Ginçak" və "Ermənistan "kimi partiyaların müstəqil Ermanistan dövləti qurmaq naminə Rusiya qanadı altında Türkiyəyə qarşı ərazi iddiası ilə çıxış etmələrini, İkinci Dünya müharibəsində minlərlə dinc türk əhalisinə amansızlıqla divan tutmalarını açıb göstərmişdir. Onların erməni xalqının milli mədəni və iqtisadi maraqlarını müdafiə etməkdə erməni kilsələrinin xidmətindən yararlanmaları kitabda öz əksini tapmışdır. Əsərdə həmçinin Rusiyanın Türkiyə və İranda imperialist niyyətlərini həyata keçirmək üçün ermənilərdən alət kimi istifadə etməsi öz əksini tapmışdır.

 

(Ardı var)

 

Əsgər ƏLİYEV

filologiya elmləri namizədi

 

525-ci qəzet  2018.- 2 fevral.- S.7.