Fədakar istiqlalçı Miryaqub Mehdiyev
və onun fransızca əsərləri haqqında qeydlər
Azərbaycan Xalq Cümhuriyyəti
-100
(Əvvəli ötən
sayımızda)
“Şimali
Qafqazda milli hərəkat” yarım sərlövhəsində
Miryaqub Mehdiyev burada siyasi və sosial hərəkatlarının
dini ideyalar altında baş verdiyini, siyasi partiyaların eyni
zamanda dini partiyalar olduğunu, Qafqaz dağlılarının
da Rusiya istilasına məruz qalmalarını, ağır
şəraitdə yaşadıqları bölgədə
müridizm meylinin güclü olması, dağlarda yaşayan
xalqların əksəriyyətinin Türkiyəyə xilaskar
kimi baxdıqlarını, lakin həmin dövrdə Balkan
müharibəsi zamanı onun zəiflədiyi, Rusiya
zülmünə tab gətirməyən çeçen
xalqının ilk üsyanına rəhbərlik edən
Şeyx Mənsur və tərəfdarlarının rus hərbçiləri
tərəfindən amansızlıqla qətlə yetirildiyini,
əsir düşənlərin Sibirə sürgün
edildiyini, çoxlu sayda çeçen kəndinin yerlə-yeksan
olunduğunu diqqət mərkəzinə çəkib.
Müəllif
qeyd edir ki, 1834-cü ildə imam seçilmiş, rusların
istilasına qarşı başladığı mübarizədə
Çeçenistan və Dağıstan xalqlarının
çiyin-çiyinə rus əsgərlərinə
qarşı vuruşduqları, insan şəxsiyyətinə
hörmət, siyasi və sosial bərabərlik, demokratik
prinsip kimi ideyaların mübarizənin əsasını təşkil
etdiyini açıqlamış Şamilin mübarizəsi uzun
müddət davam etmiş və tarixə şanlı səhifələr
yazmışdır. Onun yüzlərlə silahdaşı
Türkiyəyə mühacir etməyə məcbur
olmuşlar.
Əsərdə
qeyd olunur ki, Qafqaz millətçilərinin fəaliyyəti təkcə
öz ölkələri ilə məhdudlaşmamış,
Avropanın müxtəlif ölkələrində də
geniş yayılmışdır. Milli partiyaların nümayəndələri
Qafqaz xalqlarının müstəqillik ideyasını Avropada
yaymaqla məşğul olmuşlar və onların bu təbliğatı
Avropa xalqları tərəfindən rəğbətlə
qarşılanmışdır. Həmin düvrdə
xalqların hüquq prinsipi müqəddəratını
özü həll etməsi Paris, London, Roma və Berlin siyasi
dairələrinin əsas müzakirə obyektinə
çevrilmişdir.Avropa ölkələrində fəaliyyət
göstərən Qafqaz siyasətçiləri Rusiyadan
ayrılmaqla müstəqil dövlətlərini
formalaşdırmaq yolunda yorulmadan ardıcıl mübarizəyə
qoşulmuşlar. 1912 -ci ildə Litva millətçilərinin
Parisdə təşkil etdikləri Milli Konfransda, habelə
Lozannada yaradılan “Daimi komissiya”da bütün millətlərin
nümayəndələri çıxışlarını
ölkələrinin müstəqilliyi üzərində
qurmuşlar. Belə beynəlxalq konfranslarda Ukrayna, Azərbaycan,
Gürcüstan və digər ölkələrin müstəqillik
məsələsi qoyulmuşdur.
Həmin
konfransların birində çıxış edən
fransalı deputat Aleksandr Zevae Rusiyada müxtəlif
xalqların-türklərin, gürcülərin, tatarların
və sairlərin yaşadıqlarını, özləri istəmədən
çox və az dərəcədə
ruslaşdırıldıqlarını, hüquqlarını
müdafiə etməkdən uzaq olduqlarını
bildirmişdir. Buna baxmayaraq Fransa hökuməti Birinci Dünya
Müharibəsində müttəfiqi olan Rusiyanın zəiflədilməsini
istəməyərək separatizm ideyalarına qarşı
çıxmışdır.
Berlində,
Vyanada və Konstuntinopolda bəyan olunurdu ki, müharibənin
sonunda bağlanacaq sülh müqaviləsinə görə
Ukrayna, Qafqaz, Türküstan, Polşa və Baltikyanı
ölkələr Rusiyadan tamamilə ayrılaraq müstəqil
dövlətlər quracaq, Konstantinopoldakı qafqazlı və
ukraynalı separatistlər türk dövlətinin
razılığı ilə Rusiyadan ayrılmağın
formasını işləmişlər. Milli nümayəndələrin
Rusiya İmperiyasındakı fəallığı nəticəsiz
qalmamış, milli azadlıq hərəkatını daha da
alovlandırmışdır.
Birinci
Dünya Müharibəsi başlanan kimi, Qafqaz xalqları
siyasi, milli problemlərini praktik cəhətdən həll etmək
məqsədilə Milli Şura yaratmışlar. Müharibədən
sonra baş verən inqilab çoxdan arzulanan məsələləri
həyata keçirmək üçün əlverişli
şərait yaratmışdır. Amma Milli Şura imkandan
istifadə edə bilmədi. Şuranı bir məsələ
düşündürürdü; problemi hər bir xalq
ayrılıqda, yoxsa bütün Qafqaz üçün
bütünlükdə həll etmək lazımdır?
Şahzadə
Lvovun sədrliyi ilə yaradılan Azərbaycan ,
Gürcüstan və Ermənistan nümayəndələrinin
təmsil olunduğu Müvəqqəti Zaqafqaziya Komitəsi
xalqın etimadını qazana bilmədi. Azərbaycan Milli
Şurası yarandığı ilk vaxtlardan Romonov
İmperiyası ərazisində yaşayan türk və
müsəlmanlara qarşı gizli düşmənçilik
münasibəti bəsləyən Müvəqqəti
Hökumətin çağrışlarına etiraz etdi.
Hökumətin başçısı Aleksandr Fyodroviç
Kerensiti özündən əvvəlki çar hökumətinin
siyasətini davam etdirərək ermənilərə ordu
yaratmağa icazə verdi, azərbaycanlıların isə bu
barədə müraciətlərini rədd etdi.Erməni
Şurası ilə Rus Hökuməti arasında əlaqə
çox uzun çəkmədi.Baş verən hadisələr
onların birgə ittifaqına son qoydu.Yaranmış
ağır vəziyyədən çıxmaq
üçün Zaqafqaziyanın hər üç
xalqının mərkəzi təşkilatları Zaqafqaziya
Federativ Muxtar Hakimiyyəti yaratmağı qərara aldılar.
Beleliklə, Zaqafqaziya xalqları Rusiyadan ayrılmaq barədə
ümumi akt qəbul etdilər. Müsttəqillik aktı
yalnız 1918 - ci il aprelin 22-də elan olundu.Bir qədər
sonra isə Zaqafqaziya Federativ Muxtar Hakimiyyəti Zaqafqaziya
Hökuməti ilə əvəz olundu. Hakimiyyət müstəqilliyini
qorumağa heç bir cəhət göstərmədi.Amma
1918 - ci il mart ayının 3-də keçirilən
Brest-Litovsk Sülh Müqaviləsinə münasibətini kəskin
şəkildə bildirdi. Zaqafqaziya hökuməti Brest-Litovsk
müqaviləsini tanımadığını, Zaqafqaziya və
onun sərhədləri haqqında ondan xəbərsiz və
özünün iştirakı olmadan imzalanmış hər
hansı müqaviləni özü üçün qüvvədən
düşmüş hesab etdiyini, rus-türk müharibəsi
zamanı ruslar tərəfindən işğal olunmuş
Batum, Kars və Ərdəhan əyalətlərinin Türkiyəyə
verilməsini qətiyyətlə pisləmişlər.
Müharibədə
Türkiyəyə qarşı ruslar tərəfində
vuruşan ermənilərin Osmanlı İmperiyası ərazisində
Ermənistan Milli Dövlətini yaratmaq arzusunda
olduqlarını, amma Batum, Kars və Ədəhan vilayətlərinin
qaytarılması barədə Brest-Litovsk müqaviləsinin qərarının
ermənilərin gözləmədikləri halda arzularını
iflasa uğratması kitabda geniş şəkildə əks
olunmuşdur.
Müəllif
qeyd etmişdir ki, rus inqilabının ilk günlərindən
etibarən azərbaycanlılar öz müstəqilliklərini
elan etməyi qərara alsalar da, öz qonşuları ilə həmrəyliyə
görə bu aktı həyata keçimək istəmirdilər.Ermənilərə
gəldikdə isə onlar keçmiş Osmanlı
İmperiyası ərazisində müstəqillik əldə
etmələrini fikirləşirdilər.
Əsərin
“Milli Respublikaların formalaşması” yarımsərlövhəsində
22 aprel 1918- ci ildə Türkiyə və Zaqafqaziya ölkələrinin
nümayəndələrinin iştirakı ilə keçirilən
konfransda bolşeviklərin əlində olan Bakının azad
edilməsi, Tiflisə doğru irəliləyən bolşevik
qüvvələrinin qarşısının alınması,
Zaqafqaziya seyminin 26 may tarixli yığıncağında
gürcü nümayəndə heyətinin Zaqafqaziya
Federasiyasını tərk etmələri və
Gürcüstanın müstəqilliyini elan edəcəklərini
səsləndirməsi, almanların Bakı neftini ələ
keçirməsi üçün cəhd göstərdikləri,
1918- ci ilin sentyabr ayında Azərbaycan və türk ordusunun
Bakını azad etməsi, 1918 - ci ilin sonlarında Qafqazı tutmuş
alman və türk hərbi dəstələrinin ölkəni
tərk etdikdən sonra ingilislərin onları əvəz etmələri
barədə ətraflı məlumat verilmişdir.
Kitabda
qeyd olunur ki, Qafqazın yeni formalaşan ölkələrin
başçıları Versal Konfransında onların müstəqilliyini
tanımaq məqsədilə tələsik Fransaya öz
nümayəndələrini göndərmişdilər. Qafqaz
məsələsinə həsr olunmuş saysız-hesabsız
məqalələr yalnız Mərkəzi Avropada deyil, həmçinin
müttəfiqlərin Fransa, İngiltərə və
İtaliya mətbuatında müzakirə obyektinə səbəb
olmuşlar. Bəzi ölkələr Qafqaz dövlətlərinin
Türkiyə və Almaniya ilə əlaqə
saxlamalarını bəhanə gətirərək onlara
şübhə ilə yanaşırdılar. Lakin buna
baxmayaraq Antanta dövlətlərinin sadə xalq kütləsi
Azərbaycana, Gürcüstana və Qafqazın digər
ölkələrinə simpatiyalarını gizlətmirdilər.
1919-cu
ilin sonunda Müttəfiqlər istər bolşevikləri, istərsə
də ağları dəstəkləmədiklərini bəyan
etdilər. Rus olmayan milli respublikalara gəldikdə isə
onlar bolşeviklərin və ağların həmlələrindən
qorunmağı qərara aldılar. Məhz xalqlarının tələli,
Qafqazın zəngin sərvətlərinə maraq sayəsində
Böyük Dövlətlərin Ali Şurası 1920-ci il
yanvar ayının 12-də Azərbaycan və Gürcüstan
respublikalarının müstəqil dövlətlər kimi
de-fakto tanındığını Fransanın xarici işlər
naziri M.Kambon bəyan etməsi bu məsələnin
böyük dövlətlər arasında mübahisə
yaratdığı əsərdə yer almışdır.
Müstəqillikləri de-fakto kimi tanınmasına baxmayaraq
Azərbaycan nümayəndə heyətinin belə möhtəşəm
konfransda iştirakı mühüm tarixi əhəmiyyət kəsb
etdiyi əsərdə xüsusi vurğulanmışdır.
Müstəqillik
əldə edən Qafqaz ölkələri arasında əlaqələrdən
bəhs edən müəllif 1919 - cu il iyunun 26-da Tiflisdə təşkil
olunmuş konfransda Azərbaycan və Gürcüstan nümayəndələri
iki ölkə arasında əlaqələri inkişaf etdirmək
barədə ümumi razılığa gəlmiş,
onları təhdid edəcək təhlükəyə
qarşı birgə mübarizə aparmağı qərara
almışdır. Ermənistan bu konfransda iştirakdan boyun
qaçırtmışdır. Böyük Ermənistan
dövləti xülyasına qapanmış erməni hakim dairələri
bu məsələdə güclü Müttəfiqlərin
köməyinə arxalanırdılar, nə vaxtsa Azərbaycan
və Gürcüstan sərhədləri hesabına öz ərazilərini
genişləndirəcəklərini fikirləşirdilər.
Ərazilərini dənizə uzatmaq xəyalına
düşmüş Ermənistanın dövlət
adamları “Tarixi Ermənistan “ ərazisinin daha böyük
olduğunu isbat etməyə çalışırdılar.
Müstəqillik
əldə edən Qafqaz ölkələrin bir çox sahələrdə,
o cümlədən, xarici qüvvələrə qarşı
birlikdə mübarizə aparmaq barədə
razılığa gəlməmələri sonralar onların
ayrı-ayrılıqda bolşeviklər tərəfindən
istila edilməsinə səbəb oldu.
Əsərdə
həmçinin ermənilərin Türkiyənin Antanta
dövlətləri ilə döyüşlərdə zəifləməsindən
öz xeyirlərinə istifadə etməyə
çalışmalarına, belə vəziyyətdə Azərbaycanın
Türkiyə ilə daha da yaxınlaşmasına
toxunulmuşdur.
Miryaqub
Mehdiyev kitabında 1917-ci ildə hakimiyyətə gəlmiş
bolşeviklərin tədricən Şimali Qafqazı istila etmələrindən,
Azərbaycan və Gürcüstanın sərhədlərinə
yaxınlaşmasından, Zaqafqaziyanı bütünlükdə
zəbt etməyə hazırlaşmasından, bununla
bağlı xalq kütləsi arasında geniş təbliğat
aparmasından, Azərbaycanın ərazisinə soxulan
Qızıl ordunun ilk əvvəl Gəncəni,
Qarabağı daha sonra Bakını işğal etməklə
ölkəmizin müstəqilliyinə son qoyulmasından,
Gürcüstanın da əsarət altına
alınmasından ətraflı söhbət
açmışdır.
Əsrlər
boyu azadlıq ideyaları ilə yaşayan, qısa bir müddətdə
müstəqil dövlət quran Cənubi Qafqaz ölkələrinin
nəticədə Sovet hakimiyyəti tərəfindən
istilaya məruz qalmaları, ümumilikdə əsərin əsas
qayəsini təşkil etmişdir.
Miryaqub
Mehdiyev 1933-cu il yanvar ayının 27-də Parisin “Alimlər Cəmiyyəti
otelində” “Beynəlxalq vəziyyət və Sovet
İttifaqında milli problem” mövzusuna həsr olunmuş
konfrans keçirmişdir. Həmin konfransdakı məruzəsi
və onun ətrafındakı çıxışlar
1934-cü ildə Parisdəki “Prometey” nəşriyyatı tərəfindən
fransız dilində ayrıca kitabça kimi nəşr
olunmuşdur.
Bəzi
tədqiqatçılar bu əsərin rus dilində
yazıldığını, sonralar çin dilinə tərcümə
olunaraq çap edildiyini xatırlatsalar da, nədənsə
onun fransız dilində nəşr olunmasından bəhs etməmişlər.
M.
Mehdiyevin “Beynəlxalq vəziyyət və Sovet İttifaqında
milli problem” kitabçasının əvvəlində
gürcü, ukraynalı, azərbaycanlı, erməni,
türküstanlı və sair mühacirlər
qarşısında çıxış etdiyi, hətta
konfransın işində fransız siyasətçilərinin
iştirakı qeyd olunmuşdur. Məruzədə mövcud
beynəlxalq vəziyyət və onun sonunda SSRİ də milli
problem hərtərəfli təhlil edilmişdir.
Kitabçada
məruzə ətrafında çıxış edənlərin
məruzəçinin mühüm problemə toxunduğunu
bildirilmiş, maraqlı məruzəsinə görə
M.Mehdiyevi alqışlamaları qeyd olunmuşdur.
Bu məqaləmizdə vətən həsrəti ilə yaşamış Miryaqub Mehdiyevin fransız dilində nəşr edilən məqalə və kitabları barədə qısa məlumat verdik. Gələcəkdə onun yaradıcılığını izləyən tədqiqatçıların M.Mehdiyevin fransız dilində çap etdirdiyi digər əsərlərini üzə çıxaracaqlarına böyük ümid bəsləyirik.
Əsgər
ƏLİYEV
filologiya elmləri
namizədi
525-ci qəzet 2018.- 3 fevral.- S.10.