Milli münasibətlərin kəskinləşməsi
şəraitində KİV-in fəaliyyəti
Akif RÜSTƏMOV
BDU-nun dosenti
SSRİ-də başlanan yenidənqurma vaxtı
çatmış zərurət idi. Çürüməkdə
olan cəmiyyət dəyişiklər üçün
yetişmişdi, böhran günü-gündən
artırdı.
Ölkənin
o vaxtkı rəhbəri M.S.Qorbaçov vəziyyəti belə
təsvir edirdi: "İdeya sərvətləri və mənəvi
sərvətlər sakit-sakit, bir növ nəzərə
çarpmadan oyulmağa başladı. Artım
surətinin xeyli aşağı düşməsini, keyfiyyət
göstəricilərinin bütün kompleksinin pisləşdiyini,
elmi-texniki yeniliklərin qavranılmadığını, ərzaq,
mənzil, geniş istehlak malları və xidmətlər
sarıdan çətinlikləri hamı
görürdü".
Yenidənqurma sovet imperiyasını böhrandan xilas etməyə
hesablansa da, onu xilas edə bilmədi, ömrünü başa
vurmuş, düzgün nə varsa hamısını
sındırdı. Bu uğursuzluğun bir səbəbi də
təkpartiyalı sistem, həm də partiya amirliyi idi. Mühafizəkarlarla islahatçılar arasında
gedən mübarizə də islahatlar aparmağa imkan vermirdi.
Kommunist Partiyası uğursuzluqların səbəbini
yerli orqanlarda axtarırdı.
Belə
bir şəraitdə çoxmillətli dövlət olan
SSRİ-də yaşayan xalqlar yenidənqurmadan istifadə edərək
narazılıqlarını dilə gətirirdilər. Müttəfiq respublikalar vəziyyətdən istifadə
edib özlərinin problemlərini həll etməyə
çalışırdılar. Yuxarıların amorf vəziyyətindən
yararlanıb özlərinin arzularına, istəklərinə
calışan xalqlar narazılıqlarını bildirirdilər.
Amerika başda olmaqla, Qərb dünyası SSRİ-də
baş qaldıran millətlərarası münasibətlərdən
yararlanmağa çalışırdı. Odur ki, siyasətçilər
hadisələri diqqətlə izləyir, mətbuatda onlara
münasibət bildirir, şərhlər verirdilər.
Amerika politoloqu, Dövlət Departamentinin keçmiş
yüksək rütbəli əməkdaşı Frensis
Fukuyama 1989-cu ildə yazdığı "Tarixin sonu"
essesinda yazır ki, "... ölkədə faktiki heç kim marksizm-leninizmə artıq inanmır ... onun
bayrağı altında adamları daha yaxşı işləməyə
məcbur etmək mümkün deyildir".
SSRİ-də gedən proseslər ermənilərin əl-qolunu
açdı, məkrli planlarını həyata keçirməyə
çalışdılar. Ermənistan Azərbaycanın
Dağlıq Qarabağ bölgəsinə ərazi
iddiaları irəli sürdü. Moskvanın
bir sıra kütləvi informasiya vasitələri ermənilərin
haqsız tələblərinə dəstək verərək,
onları daha da qızışdırırdı. Bu yazıların, televerilişlərin bəzilərində
ermənipərəst mövqe açıq-aşkar bilinirdi, bəzilərində
isə sətiraltı ifadələrlə mövqelərini
gizlətmirdilər. SSRİ Dövlət
Televiziyasının siyasi icmalçısı Henrix Borovikin
hazırladığı "Mövqe" verilişində
milli zəmində olan konfliktlər barədə məlumat
verilirdi. Səbrsizliklə gözlədiyimiz
bu verilişdə bir dəfə də olsun ermənilər
günahkar kimi təsvir olunmurdu. Əksinə,
Qarabağda vuruşan erməniləri "özünü
müdafiə dəstələri" kimi təqdim edir,
onları "əzabkeş" adlandırırdı.
Erməni
müəllifləri Rusiyanın mərkəzi nəşrlərində
əleyhimizə yazılmış yazıların çapına
nail olurdular. O dövrün "Pravda" və
"İzvestiya" qəzetlərində dərc olunmuş məqalələrin
bir çoxunda Qarabağ hadisələri birtərəfli
işıqlandırılır, millətlərarası
münasibətlərin mahiyyəti və səbəbləri
göstərilmirdi. Məsələn, "Pravda" qəzeti
(1988, 2 noyabr) yazırdı: "Ölkə boyu səfərimdə
mən heç yerdə Dağlıq Qarabağda olduğu kimi
baxımsızlıqla, insanların taleyinə
etinasızlıqla rastlaşmamışam". Sovet
oxucularına təqdim olunan bu ağ
yalanla, "baxımsızlıqla" bir qarabağlı kimi
heç cürə razılaşa bilmirəm. Ona
görə ki, mən o yerləri çox yaxşı
tanıyıram, vilayətin sosial inkişafının Azərbaycanın
bir çox bölgələrindən yaxşı olduğunun
şahidiyəm. Yeri gəlmişkən,
onu da qeyd edək ki, tək-tək olsa da vicdanını itirməyən,
haqqı-ədaləti müdafiə edən bəzi rus
jurnalistlərinin yazılarına da rast gəlmək olar.
Rusiyanın "Moskovski komsomolets" (1994, 29 yanvar) qəzetində
getmiş yazını ürək ağrısı ilə
oxuculara təqdim edirəm: "Xocalıdan əsir gətirilənləri
gördük. Lakin onlar daha yaşamağa
yaramırlar. Qışın
şaxtasında onları sübh tezdən yalınayaq
qarın - buzun üzərinə çıxarırlar. Başlarından soyuq su tökür,
başlarında şüşə sındırırlar ...
Bir erməninin bir azərbaycanlı uşağı ikiyə
böldüyünün şahidi oldum. Sonra
uşağın bədəninin bir parçası ilə
anasının üzünə və başına o qədər
vurdu ki, övladının qanına bulanan zavallı qadın
dəli olub gülməyə başladı". Xalqımıza qarşı yönəldilmiş
Xocalı soyqırımı qəddarlığı ilə
tarixdə bir vəhşilik aktıdır. Bu vəhşilik ermənilərin müsəlmanlara,
xüsusilə də türk dünyasına olan nifrətdən
irəli gəlir.
Millətlərarası münasibətlərin kəskinləşməsi,
milli qarşıdurmalar yenidənqurma və aşkarlıq
şəraitində baş verirdi. Ermənistanın
yaradıcı ziyalılarının böyük bir hissəsi
Qarabağ problemini şişirdərək bütün
dünyaya çatdırmaq üçün dəridən-qabıqdan
çıxırdılar. S.Kaputikyanın "Xəritənin
və qəlbin meridianları", M.Şaginyanın
"Tarixdə mühüm tarix", S.Ayvazyanın "Erməni
taleyi", Z.Balayanın "Ocaq" və s. əsərlərində
erməni xalqının digər xalqlardan üstün
olması təbliğ edilirdi. "Ocaq"la
kifayətlənməyən Z.Balayan 1996-cı ildə
"Vanadzov" nəşriyyatında çapdan
çıxmış "Ruhumuzun dirçəlisi"
adlı kitabında Qarabağda törətdikləri vəhşilikləri
fəxrlə qələmə almışdı. Bu üzdəniraq ziyalılar öz
qızışdırıcı çıxışları
ilə kütləni yolundan çıxarır, vilayətdə
bilərəkdən idarəolunmaz vəziyyət
yaradırdılar. 1988-ci ildə Sumqayıt hadisələrinin
təşkilatçıları olan ermənilər, 1989-cu
ilin sentyabrında Yerevanda konfrans təşkil etmiş və
onun materialları əsasında bir çox xalqların dillərində,
o cümlədən, rus dilində 50 min tirajla "Sumqayıt
... Genosid ... Qlasnost ..." adlı kitab çap edərək
dünyaya yaymışlar. Hadisələrdən
sonra M.S.Qorbaçov demişdir ki, "Sumqayıt hadisələri
bir qrup şəxsin xuliqanlığı nəticəsində
baş verib". Onun hadisəyə
münasibəti bir daha onu göstərir ki, bu aksiya əvvəldən
planlaşdırılmışdı. Belə
münasibət hadisənin ört-basdır edilməsilə nəticələndi.
Keçən
əsrin 90-cı illərinin sonunda Azərbaycanın kütləvi
informasiya vasitələrində məzmun dəyişikliyi
hiss olunmaqda idi. Bu məzmun dəyişikliyi
əsasən "Molodyoj Azerbaydjana", "Elm",
"Odlar yurdu" və s. qəzetlərdə daha aydın
hiss olunurdu.
SSRİ dağıldıqdan sonra, demək olar ki, yeni
yaranan müstəqil respublikalarda, o cümlədən, Azərbaycanda
milli özünüdərk prosesləri özünü
büruzə verirdi. Qısa müddətdə respublikada azad
fikirli jurnalistlər yetişdi ki, onlar da azad, müstəqil mətbuatın
formalaşmasında yaxından iştirak edirdi. Yeni yaranan mətbu orqanlarda Ermənistan və
Dağlıq Qarabağdan qovulmuş
soydaşlarımızın acı taleyi ziyalıların məqalələrində
öz əksini tapırdı. Azərbaycan
ziyalıları - İsmayıl Şıxlı, İlyas
Əfəndiyev, Bəxtiyar Vahabzadə və
digərləri mətbuatda dərc etdikləri məqalələrdə
respublikadakı siyasi durumdan Azərbaycanın gələcəyindən
narahatlıq hiss olunur və xalqı birliyə səsləyirdilər.
İsmayıl Şıxlı "Yurdumuzun sabahını
düşünək" ("Azərbaycan" qəzeti,
1989, 1 oktyabr) sərlovhəli məqalədə
yazırdı: "Gəlin elimizin, obamızın,
balalarımızın sabahını düşünək. Əgər biz hər şeyi başa düşsək,
əl-ələ versək, məğlub olmarıq. Xalq bunu bizdən tələb edir".
Azərbaycanda
nəşr olunan qəzet və jurnallar milli münasibətlərin
kəskinləşməməsi üçün məqalələr
dərc etsə də, ermənilər bunun əksinə olaraq,
hər cür yalanlara əl
atır, biz azərbaycanlıları "vəhşi",
"qəddar" xalq kimi qələmə verirdilər. Bakıda yaşayan qatı millətçi ermənilər
öz xalqını inandırmağa
çalışırdılar ki, Qarabağ Ermənistana veriləcək,
odur ki, axıra kimi mübarizə aparmaq lazımdır.
Onlar 1989-cu ilin sentyabrında Bakı ermənilərinə
aşağıdakı məzmunda vərəqələr
yayırdı: "Bakı ermənilərinə! Ermənilər!
Qorbaçov sözdə bizə qarşı, əməldə
isə bizimlədir. O, zahirdə bizim düşmənimiz,
batildə isə dostumuzdur. Mənzillərinizi tərk
etməyin, qoy müsəlmanlar nümayişə
çıxsın. Bakıda və
Ağdamda olduğu kimi hərbi vəziyyət
olmalıdır, konstitusiyanın dəyişdirilməsi Qarabağı
bizə verəcək". (Bu vərəqə
"Meydan" haqqında toplanmış istintaq
materiallarından götürülmüşdür).
"Böyük Ermənistan" ideyası ilə
yaşayan və bu xəstəliyə tutulan bədnam
qonşumuz planlı təxribatlarından əl çəkmir. Xarici ölkələrdəki
erməni diasporu Qarabağ ermənilərinə maliyyə
yardımı göstərir, onları bu mübarizədə
axıra kimi dayanmağı vacib bilir. Erməni
diasporu həm də ona çalışır ki, bizim haqq səsimiz
dünya əhalisinə çatmasın. Xarici
ölkələrdə bizə qarşı keçirilən
mitinqlər təşkil edirdilər. İndi
də bu əməllərindən əl çəkmirlər.
Dağlıq Qarabağ hadisələri dünya mətbuatının
tez-tez müraciət etdiyi mövzudur. Hadisələrin yeni
başlayan ərəfəsində xarici ölkələrin bəzi
alimləri mətbuatda çıxış edərək kimin
haqlı, kimin haqsız olduğunu göstərirdi. Məsələn,
Amerikanın Konnitikut Universitetinin professoru Odri Altstadt "Mərkəzi
Asiya" jurnalında "Dağlıq Qarabağ Azərbaycan
SSRİ-də nifaq mərkəzidir" məqalə ilə
çıxış edərək yazırdı ki, DQMB-nin
mövcudluğu Azərbaycanın tərkibində ermənilərin
hüquqlarını təmin edir. Ermənistanda
yaşayan azərbaycanlıların hüquqi isə təmin
edilmir. Əslində Ermənistanda
yaşayan azərbaycanlıların torpağı tarixən
onların öz qanuni torpağıdır və onlar bir sahib
kimi öz "erməni qonaqlarına" yaxşı
münasibət göstərmişlər. Lakin
Azərbaycanın Zəngəzuru ermənilərə, Qazax
rayonunun bir hissəsi isə Gürcüstana verilmişdir. Məqalənin son cümləsi xəbərdarlıqla
yekunlaşır: "Azərbaycanlılar bu fikirdədir ki,
belə daimi "torpaq qoparma" Azərbaycanın sonradan
dağılmasına gətirib çıxara bilər".
Məqalənin yazılışından 30 il kecib. Nə dəyişib? Dəyişən odur ki, 20 faiz torpaqlarımızı itirmişik. Artiq münaqişəni həll etməli olan ATƏT-in Minsk qrupunun fəaliyyətinə heç kim inanmır. İndiyədək aparılan danışıqların nəticəsi olmayıb. Bu da ondan irəli gəlir ki, Ermənistana Minsk qrupuna daxil olan ölkələr dəstək göstərir. Ermənistan prezidenti Serj Sarkisyan açıq elan edir ki, Dağlıq Qarabağdan çıxmayacağıq. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyil mesajını verməklə, bir daha erməniyə olan sevgisini gizlətmir. Bəs çıxış yolu yoxdurmu? Var. Ümid qalır Azərbaycan əsgərinə. Şimal ayısını neytrallaşdırıb işğal olunmuş torpaqlarımızı azad edə bilərik. Və etməliyik, yoxsa gələcək nəsil bizi lənətləyəcək.
Çox millətli olan Azərbaycanda bütün etnik qrup və dinlərin nümayəndələri sülh şəraitində yaşayırlar. Di gəl, gözü götürməyən qüvvələr sabitliyi pozmağa çalışırlar. 2017-ci ilin noyabr ayında Brüsseldə "Separatizm beynəlxalq sülhə və təhlükəsizliyə təhdiddir" mövzusunda Beynəlxalq Forumda iştirak edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq separatizm məsələsini qaldırıb. O, çıxışında deyib: "Hesab edirik ki, təcavüzkarın qarşısı alınmazsa, beynəlxalq dairələrin dünyada sülhün və sabitliyin bərqərar edilməsinə yönəldilmiş səyləri nəticəsiz qalacaq, etnik münasibətlərin miqyası daha da genişlənəcək ki, bu da dünya nizamı üçün böyük təhdid deməkdir".
525-ci qəzet.-2018.-2
fevral.-S.4.