Lütfi Zadə - olduğu kimi
Şəxsiyyətindən, tutduğu vəzifəsindən
asılı olmayaraq vətən hamı üçün
müqəddəs və əzizdir. Nahaq yerə deməyiblər:
Əzizim
Vətən yaxşı,
Geyməyə kətan yaxşı.
Gəzməyə
qərib ölkə,
Ölməyə Vətən yaxşı.
Dünyanın hansı guşəsində olursan ol, vətən
heç vaxt yaddan çıxmır. Təsadüfi deyil ki, adı
Aristotel, Nyuton, Eynşteyn, Liner kimi məşhur alimlərlə
yanaşı çəkilən Lütfi Zadə
yazırdı: "Vətənimin oğlu kimi qəbul edilməyim
həyatımın məğzi və şərəfimdir. Bakı və xalqım qəlbimin qaynar guşəsində
özünə əbədi yer tutub".
1921-ci ilin fevralın 4-də Bakıda dünyaya göz
açan Lütfi Ələsgərzadə 10 yaşından
Bakını tərk etmiş, dünya şöhrətli bir
alim olsa da həmişə vətənini xoş duyğularla
xatırlamışdı. Azərbaycanlı həmkarları
ilə münasibətində də bir səmimiyyət var idi.
Redaksiyamıza gələn alimlərin
hamısı onun haqqında ürəkdolusu
danışırdılar. Deyirdilər ki,
bu dahi şəxsiyyət bizim bütün suallarımıza məmnuniyyətlə
cavab verirdi. Onun yanına gedənləri isə
çox böyük qonaqpərvərliklə
qarşılayırdı. Lütfi Zadənin
doğulduğu Bakıda dəfn olunmasını vəsiyyət
etməsi də təsadüfi deyil. Dünyaya
göz açdığı doğma torpağa
qovuşmağı özü arzulamışdı.
Lütfi Zadə hələ sağlığında maddi
mirasının bir hissəsini və zəngin
kitabxanasını uzun illər onunla təmasda olan, AMEA-nın
müxbir üzvü, hazırda Azərbaycan Neft Akademiyasında
BA (MBA, BA və ZU) proqramlarının direktoru vəzifəsində
çalışan Rafiq Əliyevə vəsiyyət
etmişdi. Ona görə Lütfi Zadə dünyasını dəyişəndən
sonra alimin oğlu Norman Zadə Rafiq Əliyevlə əlaqə
yaradaraq həmin mirası qəbul etməyi xahiş
etmişdir. Rafiq Əliyev də alimin vəsiyyətinə
əməl edərək mirası qəbul etmiş və onu
bütünlüklə Lütfi Zadə irsini təbliğ və
tətbiq edən Beynəlxalq Elmi mərkəzə "Zadə
irsi və süni intellekt" Assosiasiyasına
bağışlamışdır.
Görkəmli alim Lütfi Zadə 2017-ci ilin
sentyabrın 6-da 96 yaşında gözlərini əbədi
yumdu. Özünün vəsiyyətinə görə
onun nəşi uzaq Amerikadan Bakıya gətirilərək Fəxri
Xiyabanda torpaga tapşırıldı. Bu kədərli
missiyanın həyata keçirilməsində L.Zadənin
ömrünün son aylarında ona övladlıq
qayğısı göstərmiş, onun son nəfəsinədək
yanında olmuş texnika üzrə fəlsəfə doktoru
Şahnaz xanım Şahbazovanın çox böyük əməyi
olmuşdur.
Biz uzun
illər "Elm və həyat" jurnalında işləyərkən
hər il fevralın 4-də onu ad
günü münasibətilə təbrik edərdik. Lütfi Zadə isə öz növbəsində təşəkkürünü
bildirərdi. Ötən illər ərzində
cəmi iki dəfə Bakıya gəlib. 1965-ci
ildə, bir də düz 43 ildən sonra 2008-ci ilin noyabrın
8-10-da doğma yurda səfər edib. Təsadüfi
deyildi ki, L.Zadə Bakıda olarkən onu Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev qəbul
etmişdir.
Bu məşhur, dünya şöhrətli alimi
yaxından görmək, onun sözlərini eşitmək
çoxlarının arzusu olub. Akademiyada (9 noyabr, 2008-ci il) onunla görüşə gələnlərin
sayı-hesabı yox idi. Həmin görüş
zamanı mən (Ü.H.) Lütfi Zadəyə yanaşdım
və onun xanımının Azərbaycan dilinə
çevirdiyim kitabına avtoqraf yazmağı xahiş etdim.
O, gülümsəyərək kitabı məndən aldı
və avtoqrafı ilə qaytardı.
İlk dəfə Lütfi Zadəni Azərbaycan
oxucularına tanıdılmasında "Elm və həyat"
jurnalının böyük rolu olub. O vaxt Lütfi Zadə məhdud dairədə,
mütəxəssislər tərəfindən
tanınırdı. Bakı Dövlət
Universitetinin professoru, mərhum Fərhad Tağıyev
Lütfi Zadənin dünya elminə gətirdiyi yenilikləri
bir neçə yazısı ilə geniş şərh etmişdi.
Professor Fərhad Tağıyev Azərbaycanda ilk olaraq
Lütfi Zadəni xaricdə yaşayıb-yaradan bir azərbaycanlı
alim kimi tanıtmış və təbliğ etmiş, onun
"Qeyri-səlis məntiq və qeyri-səlis
çoxluqlar" nəzəriyyəsindən ADU-nun (indiki BDU)
Riyaziyyat fakültəsində mühazirələr
oxumuşdur.
Nəhayət, bu dahi alimin elmi kəşflərinin öyrənilməsi,
işlənilməsi üçün onun şəxsiyyətinə
olan dərin hörmət və məhəbbət hissilə
L.Zadə adına Beynəlxalq Müasir
Elmlər Akademiyasını təsis etmiş və bu
akademiyanın ilk prezidenti olmuşdur.
Fərhad
Tağıyev "Müasir elmin korifeyi" kitabında
Lütfi Zadə ilə ilk görüşünü belə
xatırlayır:
- Dahi Azərbaycan alimi L.Zadə 1965-ci ildə, o vaxt Azərbaycan
EA-nın prezidenti, akademik Zahid Xəlilov tərəfindən
Bakıya dəvət edilmişdi. Akademiyanın əsas
binasında onun alimlər ilə görüşü və
mühazirəsi var idi. Mühazirə
qurtardıqdan sonra onun ətrafına
yığışdıq. Zahid müəllim bizi onunla tanış etdi. O, Bakıda doğulduğunu,
İçərişəhərdə qohumları olduğunu
söylədi. Energetika və idarəetmə sistemləri sahəsində
görkəmli mütəxəssis, professor
Yaqub Məmmədovla dostluğundan danışdı. Onun məruzəsi məni valeh etdi. Azərbaycan xalqının belə bir alim oğlunun
olması ürəyimi fəxrlə doldurdu. O zamandan onu
mühazirələrimdə tələbələrə, radio
və mətbuat vasitəsilə bütün Azərbaycan
xalqına tanıtmağa çalışmışam.
Sonralar Lütfi Zadənin tədqiqatları barədə
"Elm və həyat" jurnalında vaxtaşırı məqalələr
çap olunurdu. Onu da deyək ki, Lütfi Zadə ilə
internet vasitəsilə tez-tez məktublaşırdıq.
"Elm və həyat" jurnalında onun barəsində
yazılan məqalələr barədə məlumat verirdik.
Lütfi Zadənin bizə yazdığı məktublarından
birini diqqətinizə çatdırırıq:
Dear
U.Huseynova & M.Akhundova:
I deeply
appreciate your birthday greetings and the kind words in Russian. Please convey
my sincere thanks to the staff of "Science and Life". Baku and my
friends in Baku occupy a very warm spot in my heart.
With my warmest regards.
Sincerely,
Lotfi Zadeh
Əziz
Ü.Hüseynova və M.Axundova!
Mən sizin yubileyimlə bağlı rus dilində
yazdığınız təbriklərinizi və xoş
sözləri çox qiymətləndirirəm. Xahiş edirəm,
mənim səmimi təşəkkürümü "Elm və
həyat" jurnalının əməkdaşlarına
çatdırasınız. Bakı və
Bakıdakı dostlarımın mənim qəlbimdə
xüsusi yeri var.
Ən
xoş arzularla, hörmətlə
Lütfi
Zadə
Lütfi
Zadənin həyat yoldaşı Fey Zadənin dahi alimlə
bağlı "Qeyri-səlis məntiqin atası ilə həyatım
və səyahətlərim" adlı kitabını dilimizə
o vaxt "Elm və həyat"ın redaktoru vəzifəsində
çalışan Ülkər Hüseynova tərcümə
etdi. Kitab oxucular tərəfindən çox
maraqla qarşılandı. Həmin kitabda
Lütfi Zadənin alim kimi möhtəşəmliyi göz
önündə canlanır. İnsan kimi
xarakterik cizgiləri açıb göstərilir. Lütfi Zadənin görkəmli alim olması indi
hamıya məlumdur. Sözügedən
kitabda onun insani keyfiyyətləri ilə bağlı bəzi
məqamları diqqətinizə çatdırmaq istəyirik.
1944-cü ildə Lütfi Zadə Massaçuset Mühəndislik
İnstitutuna qəbul olunmuşdu. Onun valideynləri də
1945-ci ildə ABŞ-a köçdükdən sonra o,
ata-anasının yaxınlığında olmağı
oğulluq borcu bilib, Kolumbiya Universitetinə keçmək
haqqında ərizə yazdı. Onu bu
addımdan institutun müəllimləri də çəkindirə
bilmədi.
lll
Lütfi
Zadənin ömür-gün yoldaşı Fey Zadə
toyları ərəfəsində nişan
üzüyünün alınması üstündə
mübahisə etmələrini yaxşı xatırlayır.
Lütfi Zadə nişan
üzüyünü "burjuaziya ənənəsi" kimi
dəyərləndirərək almaq istəmirdi. Fey xanım
ona deyib ki, barmağımda nişan
üzüyü olmadığından başqalarının
ona baxmasını necə qəbul edə bilər? Bu sözləri
eşitdikdən sonra Lütfi Zadə nişan
üzüyünü almağa razılıq verib.
lll
Fey Zadə
yazır ki, Lütfinin fikri həmişə ali
və yaradıcı ideyaların yanında idi, yemək,
içmək kimi sadə anlayışlar onu
maraqlandırmırdı. Aclıq və
susuzluğu hiss etmədiyindən, yemək vaxtı olduğunu
unutduğundan mən onu "səhranın kralı" (yəni
dəvə) adlandırırdım. Mənin
yaxşı iştaham vardı, vaxtında yeməyə,
içməyə vərdiş etdiyimdən onun yeməyə
etinasızlığı məsələni bir qədər qəlizləşdirirdi.
Bostona gedəndə, Lütfi şəhərə
o qədər tələsirdi ki, dayanıb bir tikə yeməyimizə
imkan vermirdi. Yalnız hönkürüb
ağlayandan sonra o, dərk etdi ki, mənim halım pisdir.
Odur ki, geri qayıdıb ac qalmış həyat
yoldaşını yedizdirməkdən başqa əlacı
qalmamışdı.
lll
Lütfi çox vaxt nə isə bir şey haqqında
düşünəndə, sanki ətraf mühiti unudurdu. Belə hallarda
o, ayağına taykeş ayaqqabı geyə bilərdi. Bir dəfə tələsəndə
corabının bir tayını tapa bilmirdi. Onda mən gördüm ki, o, corablarının hər
ikisini eyni ayağına geyib.
lll
Lütfi çox ciddi ata idi, televizor almağı
heç fikrindən də keçirmirdi. Nəhayət,
çox tənha olduğumuzu anlayıb fikrindən
döndü. Televizor alanda, bizi gündə
bir saatdan artıq baxmağa qoymazdı. Oğlumuz
Norman atasının sözünə baxmadı. Oğlunu, üstəlik bizi də tənbeh etmək
üçün Lütfi televizorun hansısa bir
detalını çıxartdı ki, biz televizora baxa bilməyək.
Bu vaxt Normanın 11 yaşı vardı
(riyaziyyat və mexanikadan başı çıxırdı).
Bir dəfə mən qəsəbə
mağazasına gedəndə, mənimlə gedib, cib xərcliyindən
qənaətlə yığdığı pula televizorumuzda
çatışmayan detalı alıb gətirdi. Lütfi universitetə gedəndə, Norman həmin
detalı televizora taxar, biz də istədiyimiz verilişlərə
baxardıq. Onun maşınının səsini
eşidən kimi detalı televizordan çıxarıb gizlədərdik.
Lakin bir dəfə biz motorun səsini eşitmədik.
Lütfi hirsindən rəngi sapsarı
saralmış qarşımızda peyda oldu. O, məni
uşaqlarla əlbir olmağımda təqsirləndirdi və
elan etdi ki, uşaqların tərbiyəsi ilə əlaqədar
bütün məsuliyyəti öz üzərindən
götürür. Əgər
uşaqlarımız bivec böyüsələr, bu tamamilə
mənim ucbatımdan olacaq. O, sözünün
üstündə durdu, lakin xoşbəxtlikdən uşaqlar
yaxşı tələbə oldular, sonralar isə hər biri
öz sahəsi üzrə uğur qazandılar. Bizim həyatımızda xoşbəxt
anlarımız çox olub, lakin heç də həmışə
tam həmrəylik hökm sürməyib.
lll
O zamanlar
Lütfi fotoqrafiya və kinoçəkməklə
maraqlanırdı. Vanna otaqlarımızdan birini
laboratoriyaya çevirmiş və orada məşhur
adamların, alimlərin, siyasətçilərin, artistlərin
(14xl7) çəkdiyi ağ-qara şəkillərini
çıxarırdı, özünü qabaqcıl, həvəskar
fotoqraf adlandırırdı. Əgər
marağı olsaydı, çəkdiyi şəkillərin sərgisini
açmaq olardı.
Orindada yaşayarkən Lütfi məşhur adamların
fotoşəklini çəkirdi. Aleksandr Kerenskinin
portretini çəkməyi qərara almışdı. Kerenski "Rusiya və dönüş anının
tarixi" kitabı üzərində işləyirdi.
A.Kerenski Rusiyada 1917-ci il inqilabı
zamanı kommunistlər (bolşeviklər) hakimiyyətə gələnədək
menşeviklərin baş naziri olmuşdu. 83 yaşlı
A.Kerenski çox maraqlı adam idi.
Lütfı mənə Stenfordda yaşayan Kerenskiyə zəng
edib onunla rus dilində danışmağı təklif etdi. Kerenskiyə zəng
edib soruşdum ki, Berkli Universitetinin professoru Zadəyə onun
portretini çəkməyə razılıq verərmi?
Kerenski mənimlə əvvəlcə çox soyuq
danışdı, nədənsə şübhələnirdi,
lakin sonra Lütfinin onunla "həmkar" olması faktı
onu sakitləşdirdi, narahatlığa heç bir əsasın
olmadığını hiss edib arxayınlaşdı.
O, bizi
çox mehriban qarşıladı, hətta bizə Fransada
başına gələn bəzi əhvalatları
danışdı. Lütfinin çəkdiyi
14x17 həcmli portreti Kerenskinin o qədər xoşuna gəlmişdi
ki, kitabının üz qabığında həmin şəkli
vermişdi (lakin bu barədə bizi xəbərdar etməmişdi).
Lütfi bir dəfə kitab
mağazasının yanından keçərkən, kitabı
vitrində görmüş, çəkdiyi fotonu
tanımışdı. Şəklin məhz
onun fotosu olduğuna görə kitabı almışdı.
Lütfi şəklin neqativini də, portreti də
saxlamışdı. Bir neçə vaxtdan sonra
"Nyu-York Tayms" qəzetində Kerenskinin 86 yaşında
vəfat etdiyi barədə nekroloqu oxuduq və təəssüfləndik.
Heyifslənirdik ki, kitabda fotonun müəllifinin
Lütfi Zadə olduğu barədə məlumat qeyd edilməyib.
Evimizin divarlarında Trumenin, Niksonun portretləri
asılmışdır. Şəkil Trumenin o qədər
xoşuna gəlmişdi ki, surətinin birinə öz qolunu
çəkmişdı. Niksonun şəkli
isə o, hələ prezident olmamışdan əvvəl
Oklenddə çəkilmişdi. O zaman gələcək
prezident "Altıncı böhran" kitabını
yazırdı.
lll
Lütfı doğma şəhəri - Bakını
görmək istəyirdi, lakin buna bizim bir günümüz
qalmışdı. Ona görə vaxta qənaət etmək
üçün gecə qatarı ilə
Bakıya yola düşdük. Kupedə 4 nəfər -
üç kişi və mən idim. Vaqonlarda şərait çox pis idi. Biz hətta əl-üzümüzü yuya bilmədik.
Lütfı üzünü qırxmadı.
Səhər saat 8:00-da Bakıya çatdıq. Qatar
dayanan kimi 12 nəfərlik nümayəndə heyəti bizi əhatəsinə
aldı. Onlar vaqonun darısqal salonuna daxil
olub giriş və çıxış yollarını
tutdular. Əlimə üç dəstə
gül verdilər, kimi məni öpür, qucaqlayır, kimisi
sevincdən ağlayırdı (sonradan məlum oldu ki,
ağlayan qohumlarımızdan biri imiş).
Bizi maşına mindirib, bütün bir eskortun
müşayiəti ilə təntənəli surətdə
"İnturist" mehmanxanasına gətirdilər. Burada bizə
xüsusi lüks nömrə hazırlanmışdı.
Bizim unudulmaz, hay-küylü gözəl
günümüz belə başladı. Biz
rəsmi qəbullardan başqa, Lütfinin qohum-qardaşı
ilə də görüşməli idik. Bizi
sözün həqiqi mənasında "parça-tikə"
edirdilər, çalışırdıq ki, heç kimin xətrinə
dəyməyək, hamı ilə görüşək.
Tez yuyunub, daranıb səhər yeməyini yedik. Əynimizi dəyişib
rəsmi görüşə yollandıq. Bizi
Azərbaycan Elmlər Akademiyasında qəbul gözləyirdi.
Rəsmi fotoqraf bizi bir neçə rakursdan çəkirdi. Gözəl bəzənmiş
zalda 40-a qədər adam vardı. Lütfini çox mehriban qarşıladılar, ona
gözəl Azərbaycan xalçası, bir xeyli kitab
bağışladılar. Səyahət zamanı
teploxodda tanış olduğum rəfıqəm
Gülnarə uşaq kimi bizim qayğımıza
qalırdı. Günümüzün əsas hissəsini Azərbaycan
alimləri ilə keçirdik, sonra müxtəlif yeməklər
düzülmüş dəyirmi stol
arxasında Lütfinin qohumları ilə
görüşdük. Həyəcanlı anlar
keçirdik, xatirələr yada salındı.
Axşam yenə rəsmi adamların əhatəsində
idik. Bizi maşınlara mindirib "Neft
Daşları" filminə tamaşa etməyə
apardılar (dənizin ortasında salınmış şəhər
haqqında), sonra Azərbaycanın inkişafı, mədəni
nailiyyətləri və Bakı haqqında qısa filmlərə
baxdıq. Beləliklə, biz bir
günün içində bir neçə günlük
proqramı əhatə edə bildik. Saat 21:00-da yenidən
maşınlara minib dostlarımızın müşayiəti
ilə "İnturist"ə qayıtdıq. Burada
16 nömrəli kabinetdə bizim şərəfimizə banket
verildi.
Tamada (məclisi aparan) təqlidolunmaz idi, lakin
haqqımızda deyilən saysız-hesabsız tostlardan biri
xatirimdə yaxşı qalıb. Şərəfımə
tost deyərkən məni öz ağasının
(Lütfinin) "qulluqçusu" kimi salamladı. Gülüş səsləri ucaldı, mənim isə
sağlıq deyənin doğru dediyini təsdiq etməkdən
başqa çarəm qalmamışdı. Süfrəyə bir-birinin ardınca yeməklər
gətirilirdi. Lakin bunları yemək
üçün bir mədə kifayət deyildi. Azərbaycan və gürcü qonaqpərvərliyinin
əvəzi yoxdur.
Səhəri Moskvaya uçuruq. Həmişə
olduğu kimi vidalaşma görüşdən təsirli olur.
Lütfinin Elmlər Akademiyasında
çıxışı zamanı orada qohum-qardaşı da
iştirak edirdi, bizə xeyli hədiyyələr
bağışlanmışdı. Aeroporta
gedəndə bizi böyük bir dəstə müşayiət
edirdi. Məzəli görkəmdə idik.
Əlimdə gül dəstələri
vardı. Kimi bizim baqajımızı
aparırdı, kimisinin əlində meyvə vardı, bir
başqasının əlində şirniyyat, fotoqraf isə
fasiləsiz aparatını şaqqıldadırdı. Aeroportun əməkdaşları bu mənzərəyə
baxıb özlərini gülməkdən zorla
saxlayırdılar, ətrafdakılar isə bizə təəccüblə
baxırdılar. Aeroportda bizi bəstəkar
Qara Qarayevə və onun həyat yoldaşına təqdim
etdilər. Fotoqraf çəkməyində
davam edirdi. Biz daim gülümsəyirdik.
Nəhayət, təyyarənin pilotu eskorta
başçılıq etdi, bizi birbaşa təyyarəyə
qədər ötürdülər - yenidən qucaqlaşmalar,
öpüşlər, vidalaşma. Aeroportun
"İL-18" komfortabelli təyyarəsi ilə Moskvaya
uçuruq. Mənə
bağışlanılan güllər zaman və həyatın
sürətli axınından xəbər verirmiş kimi
başlarını aşağı əymişdi. Biz yenə tək qalmışıq. Düzü, sutkanın 24 saatı davam edən qonaqpərvərlik
bizə çox xoş təsir bağışladı.
lll
Bir dəfə gecə Lütfi saatı qurmağa
başladı və saat əlində fikrə getdi. O, uzun müddət saatı
qura-qura nə isə fikirləşirdi, əlindəki
işindən ayrılmadan məndən xahiş etdi ki, Fey, sən
allah bu gün axşam saatı qurarsan.
lll
Lütfi görüşə hazırlaşırdı. O qədər tələsirdi
ki, əynindəki ev köynəyini
çıxarmadan təzəsini onun üstündən geydi.
Xoşbəxtlikdən bunu hiss edib vaxtında əynini dəyişdi.
lll
Axşam müsamirədən evə
qayıdırdıq. Lütfi məni dal qapıda qoyub,
giriş qapısını açmağa getdi. Mən 15 dəqiqəyədək onun
qayıtmağını gözlədim, nəhayət, səbrim
tükəndi və evi dolanıb öz açarımla qabaq
qapını açdım və Lütfini öz valideynləri
ilə şirin-şirin söhbət edən gördüm.
O, mənim varlığımı tamamilə unutmuşdu.
lll
Bir dəfə Lütfi işdən qayıdarkən
gördüm ki, corabının bir tayının boğazı
sürüşüb aşağı düşür. Onun bu səliqəsizliyini
üzünə vuranda, bildirdi ki, bunun günahı məndədir,
çünki mən onun corab rezinlərini şkafın
ayrı gözünə qoymuşam. Mənim
huşsuz həyat yoldaşım axşam soyunanda, hər iki
rezini bir ayağındakı coraba taxdığını
görəndə, yəqin ki, mənim təəccüb və
sevincimi təsəvvür edə bilərsiniz.
lll
Bir dəfə yataq otağımızda
yır-yığış edirdim. Qəribə bir hal ilə
üzləşdim - otaqda qəhvəyi rəngdə iki
ayaqqabı vardı. Lakin hər tay
müxtəlif fasonlu idi. Bütün evi ələk-vələk
etdim, lakin ayaqqabıların digər taylarını tapa bilmədim.
Nəhayət, başa düşdüm ki, mənim
professorum mühazirəyə gedərkən
ayaqqabılarını taykeş geyinib. Məni
gülmək tutdu. Axşam Lütfi evə
qayıdarkən, bir təhər görünürdü.
Söylədi ki, səhər
ayaqqabılarını geyərkən nə isə bir
narahatlıq hiss edibmiş. Lakin bu
narahatlığın səbəbini yalnız universitetdə
başa düşüb. Fikirləşirəm ki, görəsən
tələbələr kişi geyimindəki
bu "yeni stil" haqqında nə fikirləşiblərmiş.
lll
Bu yaxınlarda iki əla əsərə tamaşa
etmişik. Birincisi, məşhur "Don Juan cəhənnəmdə"
əsəridir. Tamaşada Çarlz Lafton, Çarlz
Boyer, Sedrik Xardvik və Anes Muxed oynayırdılar. Tamaşa onu elə tutmuşdu ki, o, təxminən 15
dəqiqə sadəcə hər şeydən təcrid olunub,
huşa getdi, mən isə sanki stula yapışıb
oturmuşdum. Sol tərəfdə
yanımda əyləşmiş qadın mənə
şübhə ilə baxırdı. Sonralar
biz onun bu gözlənilməz "yuxusunu"
xatırlayıb gülüşürdük.
lll
1996-cı ildə birgə həyatımızın 50 illiyini bayram etmişik. Hər şey çox sadə keçdi. Los-Ancelesdən uşaqlarımız gəlmişdi, ailəliklə bu hadisəni Berklinin "Skeyts" dəniz restoranında qeyd etdik. O gün haqqında gözəl xatirələrimiz vardır.
Lütfi səs-küylü kompaniyaları sevir, odur ki, biz bir qədər şənləndik. Cəmiyyətdə Lütfi özünü nümayiş etdirməyi xoşlamır, ümumiyyətlə o, qapalı və ciddi adamdır. Məncə, o, həmişəki kimi sirli və hansı hərəkəti edəcəyi qabaqcadan bilinməyən bir şəxs olaraq qalmışdır, dostlarla özünü ona görə əhatə edirki, kənar gözlərdən öz daxili aləmini gizlətsin. Bu vaxta qədər onun nə düşündüyünü bilmirəm, yalnız duyuram.
lll
Evdə nahar vaxtı o, mütaliə edir, yaxud televizorda son xəbərlərə, Moskvadan birbaşa verilən proqramlara, yaxud da tennis yarışlarına baxır. Sakit keçən naharımızı "sözsüz mahnı" (Mendelson) adlandırıram. Nahardan sonra o, istirahət edir, sonra mənə elektron poçtla gəlmiş məktublara cavabları diktə edir (məktublar çox böyük olur, təəccüblənirəm ki, onların öhdəsindən necə gəlir). Texnoloji tərəqqi heç də həmişə bizim ümidlərimizi doğrultmur, lakin vaxt gedir, biz də onunla ayaqlaşmalıyıq. Adətən mən gecəyarıyadək çap edirəm, bəzən lap çox işləyirəm ki, səhər o, hazır cavabları katibəsinə versin, katibə də öz növbəsində onları rəsmi kompüterə salsın. Lütfi mənə minnətdarlığını, münasibətini həmişə eyni söz yığımı ilə bildirir - "gecə sükan arxasında" oturma, boş şeylərdən ötəri əsəbiləşmə, "özünə iş açma". Eyni zamanda o, həmişə ağlına gələni edir, nadir hallarda mənimlə məsləhətləşir, öz planları ilə mənimlə bölüşür. Bizə qonaq gələndə, mən qonağın gəldiyi ölkədən asılı olaraq qısa tapşırıqlar alıram: - onunla ingiliscə (yaxud alman dilində) danışıram. Çox zaman özümü İbsenin "Oyuncaq ev" əsərindəki Nora kimi hiss edirəm. Bundan başqa, qonaqları əyləndirmək haqqında "sərəncam" aldıqdan sonra mən kiçik bir şərq melodiyası da çalıram. Heç bir məclisimiz rəqssiz olmazdı. Lütfi çox gözəl rəqs edir, biz həqiqi ballar düzəldirdik, hətta "rəqs edən Zadələr" kimi ad qazanmışdıq. Təxminən 30 il ərzində evimizdə yeni il şənlikləri təşkil etmişik. 22 nəfərə qədər dostumuzu dəvət edirdik (evimizə bundan artıq adam sığmırdı), vaxtımızı çox şən keçirirdik, təxminən saat üçdə qonaqlar evlərinə dağılırdı.
lll
Ümumiyyətlə, Lütfı çox zarafatcıl adamdır. Onun hobbisi də hamıdan fərqlənir. O, ən çox kamera toplamağı xoşlayır. Kameraları hər yerdə axtarır, elan vasitəsilə tapır, nəyə isə dəyişməklə əldə edir. Əlbəttə, kameralar evdə çox yer tutmasaydı, mən onun həvəsinə etiraz etməzdim. Evimizin hər yerində kameralar vardı, çarpayıların altında, xəlvəti yerlərdə kameraya rast gəlmək olardı.
Lütfinin kolleksiya yaratmaq həvəsi bəzən elə şeylərə yönəlirdi ki, onlardan heç vaxt istifadə olunması nəzərdə tutulmurdu. Bizim dörd velosipedimiz, altı fenimiz, bir neçə dənə tozsoranımız vardır.
İllər keçdikcə bu baxımdan vəziyyət daha da pisləşirdi. Məsələn, Lütfi 28 səsgücləndirici toplayıb, bunların hamısı bizim qonaq otağına yerləşdirilib. Əvvəl o, bu səsgücləndiriciləri otaqda döşəmədən tavana qədər piramida şəklində yığmağa cəhd etdi, bu zaman otağımız qaranlıq oldu. Mənim ultimatum verib evdən getməkdən başqa çarəm yox idi. Evə yalnız o şərtlə qayıtdım ki, aparatların ikisini yerə endirdi.
Səhərisi o, qaldığım motelə zəng etdi və söylədi ki, gəl, bu məsələni birlikdə həll edək. Yalnız belə şəraitdə biz ümumi dil tapıb, bir-birimizin heysiyyətinə toxunmadan məsələni yoluna qoyduq və mən evə qayıtdım.
lll
Lütfi Zadə haqqında bu lətifəvari qeydləri oxuyarkən məşhur Eynşteyni xatırladıq. Bir dəfə Eynşteyn evinə zəng vurmalı olur. Lakin nə qədər çalışırsa, telefon nömrəsini xatırlaya bilmir. Məcbur olub telefon məlumat bürosuna zəng vurur və xahiş edir ki, ona Eynşteynin ev telefonunun nömrəsini desinlər. Telefonçu qız deyir ki, o, Eynşteynin nömrəsini heç kimə verə bilməz. Əlacsız qalan Eynşteyn telefonçu qıza çox yazıq bir səslə deyir ki, axı mən Eynşteynəm.
Göründüyü kimi, dahi şəxsiyyətlərin həyatında da bu cür hadisələr olurmuş.
Biz bu il Lütfi Zadənin ad gününü Fəxri Xiyabanda onun məzarına baş çəkməklə yad etdik. Qəbri nurla dolsun, yeri behişt olsun.
Ülkər HÜSEYNOVA
Mehparə AXUNDOVA
525-ci qəzet.-2018.-2
fevral.-S.6.