Azərbaycan prezidenti 2018-ci ili - Azərbaycan Xalq Cümhuriyyəti ili elan etmişdir

 

Şirməmməd HÜSEYNOV

 

Müsəlman Şərqində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti hansı tarixi şəraitdə və hansı sistem üzərində qurulmuş, yaradılmışdı? Dövrün mətbuatında mötəbər şərhləri nəzərdən keçirək.

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Bəsirət (gözüaçıqlıq, uzaqgörənlik) gərək!

 

Dünyada yaşaya bilmək, xoşbəxt və məsud yaşaya bilmək üçün böyük bir bəsirət lazımdır. Yaşamaq yollarını bilmək, onun rah və çahını görmək üçün olduğu kimi yaşaya bilməməyin yaşayışdakı ədəmi-müvəffəqiyyətlərin səbəblərini anlamaq, anlayıb da çarəsinə baxmaq üçün də bəsirət lazım.

 

Bittəb bu bəsirət, bu həftədən etibarən intişarına başlanan “Bəsirət” deyildir. Bu “Bəsirət” ancaq bunu edə bilər ki, mətlub olan bəsirətə xadim olsun.

 

Həyatın müvəffəqiyyətləri bəzən daha ziyadə müvəffəqiyyətlərə nail olmaq üçün bəsirəti mövcib olursa da, çox kərə olur ki, çeşm-bəsirəti qapar, halbuki ədəmi-müvəffəqiyyət hər an və hər zaman bəsirət və intibahı mövcib olmalıdır.

 

Biz müsəlmanların, biz türklərin həyatımız əfradımızı sərməst qürur edəcək qədər müvəffəqiyyətlidir? Əlbəttə, yox! Mövcud olan bilcumlə asari-tərəqqi və intibaha rəğmən, yenə də demək olar ki, yox...

 

Bu yoxluq, bizdə təbii olaraq bir varlıq vücuda gətirmək üçün fəaliyyətimizi təhrik etməlidir. Bunu ediyorummu? Çox az!

 

Çox az, diyoruz ki, doğrudur. Çünki görüyoruz: Rusiya hüdudu xaricində vaqe olan işlər deyil, öz hüququmuza, öz həyatımıza təəlluq edən daxili işlər, qanungüzarlıq və dövlət həyati-siyasiyyə və mədəniyyəsində vaqe olan xüsuslar, şəhər işləri və bələdiyyə məsələlərində görünən uyğunsuzluqlar dəxi bizlərə necə ki, lazımdır təsir etməyir və bizdə lazım gələn təsiri gostərmiyor. Başqa xüsuslarda da böylə.

 

Bu hal nədən gəliyor? Necə oluyor ki, bizə istədikləri şeyi qəbul etdiriyorlar.

 

Necə oluyor ki, təkliyimizdə narazı olduğumuz hər bir şeyi məcmumuza qəbul etdiriyorlar? Biz də ona biduni-sual və cavab təhəmmül ediyoruz.

 

Bizdə bəsirətmi yoxdur? Görmüyormuyuz?.. Bəsirətlilərimiz var, görənlərimiz də var. Fəqət fəal bir bəsirət və müsbət bir nəzərdən məhrumuz. Bu məhrumiyyət haradan gəliyor?.. Əlbəttə, bunun çox səbəbləri ola bilər və vardır. Mən mümkün olarsa, gələcəkdə onlardan da bəhs və qarelərimlə mübadileyi-əfkar edəcəyəm. İndilik bu qədər deyəcəyəm ki, bəsirətsizlik şəklində görünən fəaliyyətsizliklərimizi yəsavər bir tərzi-təfəkkürümüz mövcib oluyor.

 

Giriniz millətimizin, bilcümlə təbəələri arasına, danışınız onlarla: münəvvər, mütədəyyin, molla, tacir, kəsəbə, əsnaf - hər kəslə danışsanız həyatımızın qeyri-müvafiq olduğundan bəhs edər. Bittəb hər kəs də bu uyğunsuzluğu özünəməxsus bir nöqteyi-nəzərdən təhlil edər. Bu təhlilat biri-birinə tamamilə zidd olarsa da, bir şeyi də ələlümum ittihad edərlər. O da özümüzün geridə qalmasından, işlərimizin pərişan olmasından ibarətdir. Fəqət geridə qalan irəliləməli, pərişan olan düzəlməli, bunun carəsi nə?

 

Bu sualın cavabına gəlincə əksəriyyətlər hər kəs diyor ki: “Canım, müsəlmançılıq böylə olar. Musəlman düzəlməz”.

 

Bu hər bir bəsirəti faidəsizləndirən, hər bir fəaliyyət və hərəkəti öldürən ülü nəzəriyyə, fəna yəs məəttəəssuf diqqət olunubsa görülmüşdür. Avamımıza, xassımıza, böyügümüzə, kiçiyimizə, hamımıza təsir etmişdir. Həm də o qədər müfrid bir surətdə ki, ən adi şeyləri gördük də belə haman hökm edəriz ki: “Canım, müsəlmandan adam olmaz” və “müsəlmançılıqdır” tərzi-təfəkkür mənhusi beyinləri istila etmiş, təbiidir ki, heç bir bəsirət və intibahdan faidə gözləmək olmaz.

 

Bir millətin müxtəlif təbəqələrinə mənsub olanlar öz millətləri haqqında bu qədər yanlış bir tələqqiyə tutulub da haqqına-nahaqqına bu yəsgətirici şayui təkrar edirlərsə, öylə bir mühitdə ictimai məsələlərdə nə kimi hərəkətlər və nə kimi müvəffəqiyyətlər gözləmək olar? Heç bir şeyi!

 

Belə bir mühitdə, şəhərin əksəriyyəti müsəlman əlində olduğu halda bələdiyyəsində müsəlman qlasnılar əqəliyyət təşkil edər, kimsə bir söz deməz. Bələdiyyə dairəsində müsəlman müstəxdimlər barmaqla hesab olunar, təbii olar. Xalqın mənafeyini müdafiə üçün intixab olunan qlasnılar ildə iki dəfə cələsəyə gəlməzlər, yenə də seçilərlər. Bütün cəmaət işləri əhllərinə deyil, müəyyən bir neçə nəfər arasında təqsim olunar. Hər kəs baxa-baxa qalar...

 

İşlərimizin düzəlməsi üçün, məncə, hər şeydən əvvəl, ruhumuzu, ruhi-minkəsirimizi, xəstə ruhumuzu tədavi etməliyik. Bu yolda bəsirət qazanmalıyız.

 

Hər şeydən əvvəl, özümüzü öyrənməliyiz. Kimiz, nə millətiz, haradan gəlmişiz. Özümüz nə, mahiyyətimiz nə olduğunu bilməliyiz. Sonra da bilməliyiz ki, biz heç də həyatından qəti-ümid etmiş bədbəxtlər deyiliz. Biləks anlamalıyız ki, böyük tarixə malikiz. Tarixdə parlaq günlərimiz olmuş. Qafalarımıza soxmalıyız ki, “müsəlman adamdır. Müsəlman adam da olar və hər vaxt da adam olmaq istedadındadır”. Allah bilir ki, hələ münəvvərlərimiz (intelligentlərimiz) ağzından “canım müsəlmançılıqdır” cümləsini eşitdikdə ürəyim nə qədər ağrıyır. Məlumdur ki, bəziləri bu sözü ürək yanğısı və intibah üçün söylüyorlar. Fəqət yenə bir məyusiyyət təmayi haiz olduğu üçün tənqidə səzadır.

 

Bəlkə də, hal-hazırdakı surəti-tədənnimiz və müsəlmançılığın bugünkü əhvali böylə yəsalud bir hökmün təmininə vəsilə oluyor. Buna bir söz deyə bilmərəm. Fəqət bu halda dəxi münəvvər qismimiz başqa bir şey ilə mükəlləfdir. Bu halın haradan gəldiyini camaata bildirməlidir; anlatmalıdır ki, bu hal daimi deyildir, müvəqqəti olan bu halın islahı öz əlindədir. Bunun üzün də, hər şeydən əvvəl, münəvvər qismimiz birləşməli, bəsirətə gəlməli, öhdəsinə düşən böyük vəzifəni və onun ifasındakı qüsurun böyük məsuliyyətini xatirinə gətirməlidir.

 

Həqiqətən də, heyran qalmalıdır. Bakı kimi böyük bir müsəlman şəhərində, bir şəhərdə ki, bu qədər əhli-maarif vardır, bu qədər doktorlar, injenerlər, advokatlar, müəllimlər, bilməm nələr vardır, Rusiya müsəlmanlarının ali təhsil görmüşlərinin zübdələri buradadır, heç rəvamıdır ki, öz vücudunu hər yerdə və hər bir məclisdə hiss etdirəcək dərəcə bir “ittihadi-münəvvərin” olmasın. Hanı bu münəvvərlərin qəzetləri, hanı onların cəmiyyətləri, hanı onların şəhər dumasındakı fəaliyyətləri, hanı onların buları-şuları?..

 

Əcəba, bir kərə “müsəlmandan adam olmaz” - deyə tamamilə özlərinə məşğul olmağamı qərar verdilər? Yoxsa heç bir mərifət və fəzilətə bir mənqur qiymət qoymayan Bakının pullu ruhunun təzyiqi altında onlardamı milyonları güdüyorlar? Güdsünlər! Heç eybi yox! Fəqət bunu da unutmasınlar ki, münəvvər bir adam üçün hər nə qədər milyon güdən də olsa, bir ehtiyaci-mənəvi də var ki, o da yaşadığı mühitə az da olsa, fayda vermək, onu işıqlandırmaqdı. Əcaba, bizim münəvvərlərimiz bu ehtiyacı hiss etmiyorlarmı? Ediyorlarsa hanı bəs asari?

 

İştə bizim arzu etdiyimiz bəsirət maarifməndlərimizin beistilah, intelligentlərimizin bəsirətidir. Allah onlara bəsirət verərsə, əlbəttə ki, halımız böylə qalmaz. Çünki... bəsirətə gəlin və adi bəsərlərin (gözlərin) görmədiyini, görə bilmədiyini onlar görər. Bir dərd görüldümü, təbiidir ki, çarəsi də tapılar.

 

M.Ə.Rəsulzadə

“Bəsirət” qəzeti, 12 aprel 1914, N:1 

 

Çah - quyu, çuxur

Ədəmi-müvəffəqiyyət - müvəffəqiyyətsizliklər

Biduni-sual və cavab - sualsız və cavabsız

Yəsavər - məyusluq gətirən

Mütədəyyin - dindar

Şayui - intihar, yayılma

Müstəxdim - qulluğa qəbul edənlər

Ruhi-minkəsir - qəmli ruhumuz

Səza - layiq

Zübdə - secilmiş hissə, qaymaq

Mənqur - pul vahidi

 

İdarəyə məktub

 

Müdiri-möhtərəm!

 

Bu bir neçə sətirlik məktubun yaxın nömrələrindən birisində dərcini rica edirəm.

 

Bizim böyük bir bədbəxtliyimiz var isə o da bizim özümüz üçün daima bədbin olduğumuzdur. Allahdan kəsilib, birisi həm də başqa millətdən bir nəfəri yalan və ya doğurdan bizim bir adamımıza ləkə surtmək istərsə, bizim işimizi-gücümüzü buraxıb o işə öz adamımızın işi kimi deyil, başqalarının qələmi, yadların gözü ilə tənqid etməyə başlayacağız.

 

Bizim millət nə üçün bir millət ilə dostluq edirkən, kəndi (öz) varlığını unudur. Bilməm ki, biz bunun aydın bir timsalını “Kaspi”nin 287-ci nömrəsində oxuduq. Orada “Kaspi” qəzetəsinin mühərrirlərindən C.Dağıstani “Strannoe zaəvlenie” sərlövhəsi ilə Şeyx Sədi kürsüsünə çıxmış, oradan bizə nəsihət etməyə qoyulmuşdur.

 

Mənim Batumda “Oblastni komitetdə” söylədiyim bir sözə gürcü cəmiyyəti-xeyriyyəsi başqa bir don geydirərək meydana çıxarmışdır. Və bu barədə məzkur cəmiyyətin idarəsi Bakı cəmiyyəti-xeyriyyəsinə bir qaç sualları havi bir məktub göndərmişdi ki, bunun üzərinə Bakı müsəlman cəmiyyəti-xeyriyyəsi buna imtizah yolla bir məktub göndərmişdir. Mən bu məktubu və C.Dağıstani cənablarının məqaləsini ancaq bu ayın (dekabrın) 31-də aldığımdan bu gün onların hər ikisinə də cavab yazıram.

 

Cəmiyyəti-xeyriyyəyə yazdığım cavab qəzetə idarələrinə veriləcəkdir.

 

Mənə nə gürcü cəmiyyəti-xeyriyyəçilərinin mühaciməsi (hücumu), nə də cəmiyyəti-xeyriyyənin izahat istəməsi ağır gəlmədi, mənə ağır gələn bir şey var isə o da C.Dağıstani cənablarının əcaib “Strannoe zaəvlenie”sidir.

 

Bu gün ola bilər ki, gürcülər ilə bizim bəzi şeylərdə mənfəətlərimiz birləşməz. Aramızda bizi ayıracaq səbəblər ola bilər, o cümlədən məsələn, Acara, Lazıstan (Abxaziya) və sair müsəlman türk əhali ilə məskun olduğu halda gürcülər tərəfindən “gürcü” - deyə qəbul edilən yerlər məsələsi və nasıl ki, mən general Talaşınski ilə bərabər Axalsikdə gürcülərin narəva (nalayiq) hərəkətlərini görüb şaşdım. Onlar türk Ərdahan qaçqınlarını gürcüləşdirməkdən başqa bir iş görməmişlərdir. Nasıl ki, bu gün Ərdahanda gürcücə məktəb açırlar, Ərdahanı Gürcüstanın ayrılmaz bir qismi adlandırırlar.

 

Məsələn, Batumda acarlı, müsəlmanlar üçün açdıqları darülyetimdə (yetimlər evində) cümə günləri yerinə bazarı tətil edib, sənət dərsinin qoxusunu belə qoxutmayırlar. Halbuki o yetimlər evi islam cocuqları üçün açılmışdır. Biz onu da biliriz ki, bəzi gürcü politikanları ancaq gürcü müsəlmanlara yardım edirlər. Burasını da saxlayamayız ki, bunlar türkləri də gürcüləşdirmək fikrinə düşmüşlər. Ona misal olaraq aşağıdakı fəqərəyi (yazını) göstərə bilərik.

 

Bir qaç vaxt bundan əvvəl gürcü cəmiyyəti-xeyriyyəsi “Artuyun” poçt naçalnikinə min manat para göndərmiş, naçalnik Sabaşvili cənabları da naçalnikə - Zaxaryana təklif etmişdir ki, məlul (ehtiyacı olan) köylərindən (kəndlərdən) fəqət gürcücə qonuşan (danışan) müsəlmanların siyahısını yazıb təqdim etsin ki, onlara gürcü cəmiyyəti-xeyriyyəsi para versin. Bizim buna bir sözümüz yoxdur. Fəqət iş burasındadır ki, avam türklərdən çoxu (nasıl ki, Axalsikdə olmuşlar) para almaq üçün Əlioğlu olan Əlidze, Vəlioğlu olan Vəlidze yazıldı ki, bəlkə parayı ələ keçirsin. Buna biz nə deyəlim.

 

Buna da göz yumsaq zənn edərsək millətimizin önündə böyük bir cinayət işləmiş olarız. Bunlar və bu kimi sair bir çox məsələlər də sırası gəlirsə ərz edəriz. Gürcülər ilə aramız olmaya bilir.

 

Fəqət bizim türk və müsəlman C.Dağıstaniyə nə deyəlim ki, bir sözlə hal və təbiyyətdən çıxıb: çox gözəl və yaxından tanıdığı adamı sual altına almışdır.

 

Çox yaxşı olardı ki, bu məsələdə mənim cavabımı bəkləyib sonra bizi tənqid edə idi. Bəlkə o vaxt “əcaib” düşməz idi.

 

Cəmiyyəti-Xeyriyyə vəkili doktor Xosrov bəy Sultanov

“Açıq söz” qəzeti, 8 yanvar 1917, N: 371

 

İdarəyə məktub

 

Müdiri-möhtərəm! Bakı cəmiyyəti-xeyriyyəsi vəkili doktor Xosrov bəy Sultanov cənablarının bəndədən etdiyi kinayə müqabilində bu bir neçə kəlmənin qəzetənizdə dərc olunmasını rica edirəm.

 

Əvvəla müəyyən bir qəzetə fəqərəsinə (yazılarına) rəddiyyə (tənqid) yazdıqda haman rəddiyyəni haman fəqərənin nəşr olunduğu qəzetəyə göndərmək və göndərilən rəddiyyəni məzkur qəzetə nəşr etməkdən imtina edərsə, o surətdə digər bir qəzetəyə müraciət etmək qəzetə aləmində qoyulmuş bir qayda olduğu doktor cənablarına yaxşıca məlum olsun gərək. Fəqət doktor cənabları nədən isə mənim “Kaspi”də rusca yazdığım fəqərəyə “Açıq söz”də türkcə cavab verməyi münasib görmüşlərdir. Əgər doktor cənablarının bundan məqsədləri kəndi (öz) ana dilini əziz tutmaq isə - sözümüz yoxdur; lakin onda sual oluna bilər ki, bəs nə üçün doktor cənabları yalnız bir “rus qəzetəsi” mühərririnin yazdığına bu qədər etina edib də həmin məsələ xüsusunda digər iki türk müsəlman qəzetələrində yazılan məqalələrə etina buyurmadılar?

 

Saniyən, mən də yazdığım məqalədə doktor cənablarını müttəhimedici heç bir şey olmuyub, yalnız həmin məqalə bunu havi idi ki, “əgər doktor Sultanov Tiflis qəzetələri yazdığı fəqərəyi söyləmiş olursa, onda belə bir mühüm milli işə mübaşir olan şəxsin ağzından böylə bir bəyan çıxdığı bizə təəccüblü görünə bilməz”. Vəssalam!

 

Mühərrirlik vəzifəmizdən nəşət edən belə məsum və heç bir vaxt doktor Sultanov cənablarının şəxsiyyətinə toxunmayan və onların öhdəsində olan milli və ictimai işdə mücahidliyini ləkələndirməyən belə bir fəqərədən (yazıdan) rəncidə olmuş doktor cənabları bəndənin öhdəsində olan vəzifə və hüquqa “yüngül” bir nəzərlə baxıb da “C.Dağıstani Şeyx Sədi kürsüsünə çıxmış”, bizə “Nəsihət etməyə qoyulmuşdur” - kimi iztehzalarla bizi müftəxir (təkəbbürlü) buyururlar. Fəqət bunun da eybi yoxdur.

 

Lakin doktor Sultanov cənabları nə buyururlar? Yazdığımız fəqərəyə “rəddiyyə”mi (tənqidmi) yazırlar, ya ki, yainız kinayəmi ediyorlar? O məhud (məşhur) fəqərəyi söyləmişmi, yoxmu? Söyləmiş isə nə üçün, nə səbəbə söyləmiş? Bunların əvəzində doktor cənabları “Cəmiyyəti-xeyriyyəyə yazdığı cavab qəzetə idarələrinə veriləcəkdir” - deyir. Çox gözəl! Bəs onda piş əz vaxt (bundan əvvəl) mən yazdığım məqaləyə belə bir əcayib “rəddiyyə”yə nə hacət? Bundan yaxşısı o olmazmıdı ki, doktor cənabları məsələ haqqında vəd elədiyi cavabı qəzetələrdə nəşr etdirməklə camaatı şəkk və şübhədən çıxara idi?

 

Və əgər çox xahiş etsə idi, yenə məndən kinayə etməyə başlaya idi. Hərçəndi ki, mən özümü həmin məsələdə kinayə-şayan ədd (hesab) etmiyoram. Çünki mən yazdığım fəqərədə Sultanov cənablarını “tənqid” etməmişdim. “Çox gözəl və yaxından tanıdığım bir adamı şübhə altına almamışdım” və bəlkə də həmin səbəbdən isə isnad verilən fəqərə buna “əcayib” görünmüş idi. O ki, qaldı doktor cənabları bəhs etdiyi gürcülərin hərəkətinə, mən yenə də “Sədi kürsüsünə çıxmaqdan” çəkinməyib bunu “nəsihət” edərdim ki, hazırda gürcü və müsəlman münasibəti-dostanəsinə xələl yetirə bilən məsələ xüsusunda ürəfamızın (ziyalılarımızın) böyük ehtiyatlı olması mətlubdur (arzu olunandır). Çünki cüzi şeylərdən ümumi bir soyuqluq törətmək böyük siyasi, ictimai və milli bir xətalardandır. Və bu nöqteyi-nəzər digərlərinin mənafeyi deyil, bəlkə bizim türk və islamlıq nöqteyi-nəzəridir.

 

C.Dağıstani

”Açıq söz” qəzeti, 11 yanvar 1917, N:374

 

Gürcü politikaçıları

 

Bəradərim doktor Xosrovbəy Sultanovun gürcü politikaçıları xüsusunda “Açıq söz”də yazdıqları məktubu oxuyanlardan bəziləri ola bilər ki, doktorun özünü günahsız çıxartmaq üçün yazılarında, düşüncələrində ifrata getdiyini sanarlar. Çünki bizdə, bizim xasiyyətimizdə özgələrlə olan dostluğun davamı üçün özümüzün mənfəətini, özümüzün təhlükədə olduğunu düşünməmək adəti var, həm də çoxdan var. Bu xasiyyət yalnız tək-tək kişilərin beyinlərində deyil, millətimizin ruhunda, əxlaqi-ictimaiyyəmizdə köklənmiş, möhkəmlənmişdir.

 

Dostluq xəncəri ilə yaralanmaq və o yaranın acısını duymamaq igitliyi (ə) bizdə çoxdan milli əxlaq yerini tutmuşdur.

 

İştə bu yaman adət və xasiyyətimizin zərəri bu gün öylə arımış dostluq yolu ilə milli mənfəətimizə endirilən baltanın acısı bu gün öylə şiddətlənmişdir ki, artıq onu duymamaq, anlamamaq aşikar bizim qabalığımızı, qəvi cahilliyimizi bildirir.

 

Milli vücudumuzda açılan bu yaranı sağaltmaq isə yalnız bir “doktor”un hünəri deyil.

 

Bu gün gürcülərin müsəlman gürcülərini islamlıqdan tamamilə uzaqlaşdırmaq, gürcü yerlərindəki türkləri gürcüləşdirmək azarı öylə bir yolda artmaqdadır ki, ona bir deyil, beş-on doktor da olsa çarə edəmməz. Bu işdə hamımızın, bütün millətin əlbirliyi ilə yardımı, çalışması lazımdır. Çünki bu iş yalnız beş-on gürcü politikaçısının işi olsaydı, bəlkə bu qədər rahatsız olmazdıq. Lakin bu politika uğrunda sərf edilən pulların çoxluğunda, çalışanların sabitəsindən, dairənin genişliyindən anlaşılır ki, bu iş beş-onun karı deyil, bəlkə cəmiyyətlərin çoxu tərəfdarlarının köməkləri ilə görülən böyük fikir və ideyanın nəticəsidir.

 

Gürcülər qəzetləri ilə ap-aydın çağırırlar ki, müsəlman gürcü mollalarının ürəklərindən türklük duyğusunu, ağızlarından türk dilini gərək nə cür olsa çıxaraq və hər yol ilə qoymuyaq ki, Gürcüstanda türklük nişanəsi qala.

 

Keçəndə Batumdakı gürcü yetimlər yurdundan şikayət edilərdi. Bu şikayətdən anlaşılır ki, hələ bir çoxlarımızın Axalsixdə, türk və gürcülər arasındakı yetimlər yurdlarından, Axalkələkdə türk kəndlərində Palavandovların ianə və təşviqi ilə açılan gürcü məktəbindən xəbərləri yox. Uzağa getməyə nə hacət: Bakıda öz yanımızdakı gürcü yetimləri yurdunda kimlərin olduqlarına və hansı gün tətil etdiklərinə baxalım!

 

Çoxdan deyil, bir gün bir gürcü keşişi Axalsix müsəlmanlarından kimin evi yanmış, malı qırılmış, toxumu əskik isə onları bilib cəmiyyəti-xeyriyyələrindən ianə gətirtmək istəyirdi. Danışıq arasında:

 

Keşiş baba! Məlo, Artvin, Çorux səmtlərində minlərcə insanlar, həm də gürcü aclarından ölürlər. Onları buraxıb da bu rahat və tox yerlərdə ac və yoxsulları aramağınızı, Acardakı müsəlmanlar içində gecəli-gündüzlü çalışıb, böyük pullar xərc edib məktəblər açmaqdakı tələsmənizi qanmıram dedim.

 

Keşiş baba qəsdimi qanıb güldü. Mən də onunla bərabər güldümsə də onun niyyəti, qanacağı beynimi dəlməyə, ürəyimi didməyə başladı.

 

Bu kimi həqiqətlər çoxdur. Böylə misallar çox söyləmək olar. Fəqət mən indi ancaq millətin qanacaqlılarına, türkluk, müsəlmanlıq qeyrəti çəkənlərə, millət möhnətini, hər durlu hiss və xüsusi mənfəətlərə müraciət edib demək istəyirəm ki, dəxi bəsdir, gürcü politikaçılarının azğınca rəftarlarına gərək yol vermiyək.

 

Yol vermiyək ki, gürcü müsəlmanlarını islamlıqdan uzaqlaşdıralar.

 

Yol verməyək ki, türk balalarını birər fəndlə yığıb bəsləmək bəhanəsi ilə gürcüləşdirələr.

 

Yol vermiyək ki, dumanlı havadan istifadə edib millətimizin quzularını tələf edələr.

 

Yol verməyək ki, ərdəhan və başqa yerlərin türk və kürd balaları üçün Axalsixdə va ya özgə yerlərdə yetimlər yurdu açıb və onu da keşişlərin idarəsinə verib balalarımızın dinlərini, millətlərini çevirələr.

 

Sanmayınız ki, bunun üçün çox şey lazımdır. Xeyir, xeyir, iki zad bəsdir: həmiyyət və kömək.

 

Yada gəlməsin ki, bunun üçün qonşumuz və dostumuz gürcülər ilə pozuşmaq lazım.

 

Niyə bu fikirlərə düşək! Üsulu və yolu ilə öz din və cinsdaşımıza edəcəyimiz yaxşılığa kimin nə deməyə haqqı vardır.

 

Əgər bizim də, Rusiyada otuz milyonluq biz türklərin də milli varlıq, dini borc, mədəni həyat, həqiqi tərəqqi nişanəsi olan “köməkləşmək” xasiyyətimizi itirməyib bu gün cəmiyyəti-xeyriyyəmizin bir-iki milyonu, on-on beş doktoru olsaydı əlbəttə, ərdəhanlı türk oğlu türk olan əli oğlu, beş-on manat üçün özlüyünü - familiyasını “Alidze” etməyə məcbur olmazdı.

 

Əgər bizim axundlarımız, əfəndilərimiz hər cümə xutbəsində oxuduqları: “İnnəl-lahə yə'muru bil-ədli vəl-ihsani lil-yətəmə vəl-məstkini” əmrini, əmri- ilahisini, quru ərəbcə olsun deyə boş-boşuna məxrici ilə, təcəvvidi ilə oxumaqla kifayətlənib mənasını, hikmətini və vaxta görə olan ehtiyac və köməkliyi anlatsaydılar əlbət ki, bu gün yüz illərdə bir düşən bu qədər böyük milli fəlakət və ehtiyac üçün yığılan ianə beş-on minlikdə, yəni ehtiyacın mində birində dayanıb qalmazdı.

 

Əgər bizdə də doğrudan dini-imanı, möminlik əsəri, millət qeyrəti, türklük hissi, ehtiyacın şiddəti, möhtac olanların hal və mövqeləri qanılsaydı, əlbət ki, məsələn Ağdaş və Şəki kimi şəhərlərin dövlətliləri öz qanacaqlılarının, qazılarının hümməti ilə özləri üçün ianə yığdıqları vaxt bu gün aclıqdan tələf olan, əldən gedən din və millət qardaşlarını da yaddan çıxarmazlardı.

 

Əgər bizdə də ədalət, düşüncə, insaf olsaydı, “bizim öz fəqirlərimiz varkən uzağa nə hacət!” cəfəngi ilə avam fəlsəfəsi ilə, bu gün suda boğulan millət balalarını, millət analarını öz başlarına buraxıb ölümə məhkum etməz, qurtarıb sağ qalan yarıcanlı biçarələri də yadların pəncəsinə buraxmazdı. Ümid edirəm ki, bu gündən sonra olsun, ayılaq, bu günki cahan müharibəsinin “nə üçün” və “nə demək” olduğunu qanaq! İanələrimizi tezliklə kəsməyək, öz balalarımızı bundan sonra olsun yadların tor və tələlərinə buraxmayaq. Biz də lazım olan yerlərdə yetimlər yurdları açaq, balalarımızı dinlərindən, millətlərindən çevirməyə qoymuyaq. Analarımızın yadların, səfehlərin ayaqları altına düşməsinə imkan vermiyək. Bacılarımızın bir loğma ətmək üçün namuslarını satmağa razı olmuyaq və razı olmuyaq ki, gələcək nəslimiz millətimizin bu ağır günlərindəki qansızlığımızı, həmiyyətsizliyimizi, imansızlığımızı, yalançılığımızı mühakimə edib bizə lənət oxuyalar.

 

Dostluq və səmimiyyət qara günlərdə bəlli olar. Bir millətin yaşamağa istedadı fəlakətli günlərində anlaşılar. Bir millətin qələbəsi haldakı çıxışından, tərpənişindən aşkar olar. Bir millətin, xüsusilə məhkum bir millətin, insanca yaşaya bilməsi tərəqqi edə biləcəyi, mədəni bir ünsür halına keçinə biləcəyi, “köməkləşməsinin” az və çoxluğu ilə ölçülür. Bir millətin bəqası o millətdən olanların öz millətini tanıması ilə, onu öz anası kimi sevməsi ilə, onun şanını, namusunu, diriliyini, mənfəətini öz namusu, öz mənfəəti kimi bilməsi ilə olar.

 

Bir din və əqidənin doğruluğu ona iman edənlərin rəftarı ilə, mərhəməti ilə, insanlığı ilə qiyas edilir.

 

Vaxtdır ki, biz də bu həqiqətləri qanıb yaşamağa layiq olduğumuzu, millətimizin şərəfini dinimizin səlamətliyini - quru söz və lovğalıqla yox, əməlimizlə, köməyimizlə göstərək.

 

Ömər Faiq

“Açıq söz” qəzeti, 18 yanvar 1917, N: 380

 

Cümhuriyyət elanı

 

Yaşasın cümhuriyyət!

 

İştə, Kornilovun əksinqilab təşəbbüsünə qarşı inqilabçı demokratiyanın qəti cavabı.

 

Sentyabrın 2-də müvəqqəti inqilab hökuməti iradeyi-məxsus sədurilə Rusiyanın rəsmən cümhuriyyəti-idarəyə malik olduğunu elan elədi.

 

Qanlı Nikolayın təxtdən düşdügi Mixayıl Aleksandroviçin kəndisinə keçən hüquqi-hökmranidən istefa elədigi ilə Rusiya zatən cümhur tərəfindən idarə olunmaya başlamışdı. Kimsədən ötrü heç bir şəkk və şübhə yox idi ki, Rusiya üsuli-idarəsi cümhuriyyət olacaq. Danışıq cümhuriyyətdə degil, cümhuriyyətin şəklində idi. Əgər bu vəqtə qədər inqilab hökuməti tərəfindən Rusiyanın rəsmən cümhuriyyət olduğu elan olunmuyordusa, səbəbi o idi ki, zahirən də olsa Məclisi-Müəssisan hüququna “təcavüz” olunmaq istənilmiyordu. Cümhuriyyət elanı bir şərəfdir. Bu şərəf Məclisi-Müəssisanə saxlanıyordu. Fəqət xanədanə mənsub knyazların cünbişi, Nikolayın qaçmaq təşəbbüsündə olması, Kuçkov-Kornilov-Milyukov intriqasının açılması, varlı sinfin get-gedə inqilaba qarşı ayaqlanması göstərdi ki, “rəsmiyyətpərdazlıq” çox da ümidli bir tədbir degildir.

 

Qoy bütün təbəqati-millət bilsin ki, Rusiya cümhuriyyətdir. Cümhuriyyət bir əmri-vaqedir. Heç bir müəssisə, heç bir qüvvət Rusiyada cümhuriyyətdən başqa bir şəkli-idarə bərpasına qadir degildir.

 

Sentyabrın 2-si Rusiyanın ən qaranlıq, ən fəlakətli və ən qorxunc günlərində hasil olan ən böyük bir gündür. Bu günü ifadə edən kəlmələr, tarixi-inqilabın qanlı səhifələri içində altun və bərcəstə hərflərlə yazılacaq kəlmələrdir.

 

Fəqət bu kəlmələrin safiyyətini baqi saxlamaq, onu çamurlardan təmizləmək, daha sadə təmirlə əbədən cümhuriyyətə malik ola bilmək üçün lazımdır ki, inqilabçı demokratiya tamamilə birləşsin, hər növ qiyam və dəfə hazırlaşsın, bu günə  qədər irtikab etdigi xətaları təkrar etməsin.

 

Kornilovçuluq heç şübhəsiz ki, əksinqilab cilvəsidir. Fəqət ona bu cilvəyi verdirən heç şübhəsiz ki, demokratiyanın səmtligi, idareyi-inqilabı mətin əllərdə bulundurmamasıdır.

 

İmdi artıq demokratiya diksinmişdir. İmdi artıq şiddətli inqilab hökumətinə iman gəlmişdir. Petroqrad Əmələ və Soldat Şurasının vəzi tamamilə dəgişmiş, bolşevik qətnaməsi əksəriyyət peyda etmişdir. Hər nə qədər bu qətnamə icraiyyəti tərəfindən qəbul edilməmişsə də böyük bir əhəmiyyətə malik olmaq heysiyyətindən ari degildir. Bu qətnamənin birinci tələbi - cümhuriyyətin bilatəxir elanı - artıq bir əmri-vaqedir.

 

Bu əmri-vaqei vaqeligində saxlamaq üçün fövqüzzikr qətnamənin başqa tələblərindən bir çoxu, bilxassə sülh ilə milliyyət məsələsinə aid olan tələbləri də əmri-vaqe halını almalıdır.

 

Həqiqət də böylədir. Hərbin şiddəti, aclığın təhdidi altında qalan xəlq, milli amallarının hala qəbulə keçmədigini görən millətlər, hürriyyətin faidəsini sözdə degil, işdə görməyən kəndlilərlə əmələlər hanki bir qüvvənin, hanki bir saiqin təsirilə vətənpərvər kəsilər, inqilab və cümhuriyyəti müdafiə edərlər.

 

- Heç!

 

İştə, “var” olmaq istəyirsək, bu “heç”i qaldıralım!

 

Kornilov macərası ilə Rusiya inqilabının aldığı cərəyan bu “heç”in qaldırılacağına ümid veriyor.

 

Ümidvar olalım!

 

M.Ə.

“Açıq söz”, 6 sentyabr 1917, N:560

 

Bərcəstə - görkəmli    

Baqi - daimi, əbədi

 

(Ardı var)

 

 

525-ci qəzet.-2018.-3 fevral.-S.14.