1920-ci ilin sevinc dolu
yanvar ayı
Azərbaycan Xalq Cümhuriyyəti-100
Vilayət QULİYEV
(Əvvəli ötən şənbə
sayımızda)
II
Yanvarın 14-də, Parlamentin iclasının davam etdiyi
saatlarda binanın (indiki Azərbaycan MEA Əlyazmalar
İnstitutu - V.Q.) qarşısında bayram əhval-ruhiyyəsində
olan Bakı sakinlərinin izdihamlı mitinqi
keçirilmişdi.
“Azerbaydjan”
qəzeti 16 yanvar 1920-ci il tarixli sayında ümumxalq
aksiyasını təsvir edərək yazırdı:
“Gündüz saat 12-də Velikoknyajeskaya (indiki Əziz
Əliyev küçəsi -V.Q.) küçəsindən
tutmuş şəhər Dumasının ( indiki
Bakı şəhər İcra Hakimiyyəti - V.Q.) binasına
qədər Parlamentin qarşısında insan əlindən tərpənmək
olmurdu. Minlərlə adam küçələri
doldurmuşdu. Nümayiş
iştirakçıları bir ucdan böyük dəstələr
halında gəlməkdə davam edirdi. Binalardan milli
bayraqlar asılmışdı, balkonlar rəngarəng
xalçalarla gözəl şəkildə bəzədilmişdi”.
Sonra indiki İstiqlaliyyət (əvvəllər rus
çarı II Nikolayın adını daşıyan bu
küçə 1918-ci ilin dekabrında, indiki
Əlyazmaları İnstitutunun binasında Məclisi-Məbusanın
açılışı münasibəti ilə Parlament
küçəsi adlandırılmışdı - V.Q.)
küçəsində mitinq başlanmışdı. Tribunaya ilk
olaraq “Müsavat” fraksiyasından Parlament üzvü, fəhlə
həmkarlar hərəkatının tanınmış liderlərindən
biri, Lənkəran general-qubernatoru Cavad bəy Məlik-Yeqanov
qalxmışdı.
Mitinq iştirakçılarının əsas hissəsini
azərbaycanlı fəhlələr təşkil edirdi. Parlament sədrinin birinci
müavini Həsən bəy Ağayev onları Məclisi-Məbusan,
eləcə də yaxın vaxtlarda öz işinə
başlaması gözlənilən
Müəssislər Məclisi adından salamlayıb əməkçi
kütlələrin həyatını yüngülləşdirmək,
vətəndaşın dövlətdən gözlədiklərini
vermək üçün mümkün olan hər şeyi edəcəklərini
bildirmişdi.
Müsavatın
gənclər qolunun rəhbəri, M.Ə.Rəsulzadənin
“Azərbaycan Cümhuriyyəti” kitabında “istiqlal şəhidi”
kimi yad etdiyi, bolşevik işğalının ilk
qurbanlarından Piri Mürsəlzadə (1892-1920) Azərbaycanın
təkcə türklərin deyil, bu torpaqda yaşayan, dövlətə
namusla xidmət edən, özünü onun vətəndaşı
sayan hər kəsin vətəni
olduğunu demişdi. Qəzetin yazdığına görə
natiq daha sonra sözünə belə davam etmişdi: “Türk
xalqı il yarımlıq müstəqil həyatı ilə
bütün dünyaya sübut etdi ki, o, Azərbaycanı sevən
hər kəsə öz doğma qardaşı kimi baxır,
onları dövlətin hamı üçün ümumi səciyyə
daşıyan qanunlarının himayəsində sayır.
Milli mənsubluğundan asılı olmayaraq Azərbaycanın
bütün vətəndaşlarının öz
sıralarını daha da sıxlaşdıracaqlarına,
azadlıq və müstəqilliyin möhkəmlənməsinə
xidmət edəcəklərinə ümidvar olduğunu bildirən
natiq minlərlə insanın alqışları altında
çıxışını atəşin şüarlarla
bitirmişdi: “Yaşasın Azərbaycan! Yaşasın əbədi
müstəqillik! Yaşasın müstəqil
Azərbaycanın azad vətəndaşları!”
Mitinqdə
Kazan tatarlarının, polyak icmasının nümayəndələri
çıxış edərək Azərbaycanın müstəqilliyinin
beynəlxalq miqyasda tanınması münasibəti ilə
bütün Bakı sakinlərinə, bütün ölkə
xalqına səmimi
təbrik sözlərini çatdırmışdılar.
Baş
nazir Nəsib bəy Yusifbəylinin mitinqdə görünməsi
iştirakçıların böyük sevincinə səbəb
olmuşdu. Gənclər kütlənin
alqışları altında onu avtomobilindən götürərək
əlləri üstündə Parlament binasına
aparmışdılar.
Daha sonra mitinqə toplaşanlar Məhəmməd
Əmin Rəsulzadənin danışmasını tələb
etmişdilər. Onun Parlament binası qarşısındakı təsirli
çıxışı
çoxminli mitinq iştirakçılarının kəsilmək bilməyən
alqışları və “Yaşasın Azərbaycan!” “Yaşasın müstəqillik!” şüarları
ilə müşayiət olunmuşdu.
1920-ci il yanvarın 14-də Bakı hürr yaşamaq
eşqi və milli qürur üzərində köklənmiş
belə bir möhtəşəm gün
yaşamışdı...
M.Ə.Rəsulzadənin
dediyi kimi, azadlıq və istiqlal kimi nemətlərdən hələ
çox az dadmış xalqın cümhuriyyət
sevgisi və milli dövlətçilik duyğusu aradan on illər
keçəndən sonra da xoş bir heyrət və o
insanlarımıza heyranlıq doğurur...
Bu ümumi şadlıq əhval-ruhiyyəsi içərisində
yanvarın 15-də Azərbaycan hökuməti “Bütün Azərbaycan
vətəndaşlarına!” adlı müraciət qəbul
etdi. Baş
nazir Nəsib bəy Yusifbəyli tərəfindən imzalanan,
mətni yanvarın 17-də Azərbaycan və rus dillərində
rəsmi dövlət qəzetlərində çap olunan
müraciətdə deyilirdi:
“1918-ci il mayın 28-də xalqın iradəsi ilə Azərbaycan
müstəqil dövlət elan olundu.
Dəhşətli fəlakətlər içərisində
respublika doğuldu.
Qanlı vətəndaş müharibəsi bütün
ölkəni didib-parçalayırdı.
Taleyini sərbəst
şəkildə təyin etmək kimi müqəddəs
hüququnun mövcudluğuna ürəkdən inanan xalq
anarxiyanın önündə sədd çəkdi və
müstəqil dövlətinin əsasını qoydu.
Milli amal və qayənin həyata keçirilməsi
uğrunda sonrakı yol nə qədər ağır olsa da,
Azərbaycan xalqı taleyinə düşən sınaqlardan
şərəflə çıxdı.
Xalqın müstəqil həyata olan sonsuz iradəsi və
sərbəst özünüidarə bacarığı nəticədə
yeni, azad və müstəqil mövcudluğa əsaslanan
dövlət quruluşunun tam təntənəsinə gətirib
çıxarmışdır.
Azərbaycanın müstəqilliyi böyük Avropa
millətlərinin Ali Şurası tərəfindən
yekdilliklə tanınmışdır.
Azərbaycanın mütərəqqi Qərb xalqları
ailəsinə tam hüquqlu üzv kimi daxil olması onun
müasir tarixinin işıqlı günüdür. Xalqımızın
mənəvi qüvvələrinin yenidən çiçəklənməsi
bu gündən başlanır.
Hökumət inanır ki, bundan sonra hansı maneə və
təhlükələrin meydana çıxmasından
asılı olmayaraq ölkənin bütün vətəndaşları
azad, müstəqil vətənimizin rifah və səadətini
təmin etmək üçün ümumi mübarizədə
birləşəcəklər.
Yaşasın müstəqil Azərbaycan xalqı!”
Azərbaycan Cümhuriyyətinin Paris sülh
konfransının Ali Şurasında tanınması ölkədə
böyük vətənpərvərlik dalğası
yaratmış, xalq kütlələrində müstəqil
mövcudluğun zəruri atributları kimi milli şüur və
dövlət təəssübkeşliyi duyğusunun
formalaşmasından ötrü tələb olunan uzun zaman məsafəsinin
qısa müddətdə keçilməsi üçün
güclü stimula çevrilmişdi. İnsanlar
türklük və Azərbaycan ideyası ətrafında
sıx birləşmişdilər. Özlərinin
idarə edəcəyi azad, müstəqil Cümhuriyyətə
yayacaqları ilə bağlı ümidləri
artmışdı. Azərbaycan xalqı millətə təmənnasız
xidməti həyatlarının başlıca amalı sayan
ziyalı övladlarının əzmi və iradəsi sayəsində
bir çox xalqların onilliklər boyu keçdikləri yolu
bir neçə il ərzində qət
etmiş, həqiqi ictimai-siyasi İntibaha qədəm qoymuşdu.
Şübhəsiz, bu siyasi-diplomatik qələbənin
qazanılmasında Paris sülh konfransına göndərilmiş
Azərbaycan nümayəndə heyətinin hər bir
üzvünün, ilk növbədə isə onun rəhbəri,
XX əsrin başlanğıcında türk-müsəlman
dünyasının liderlərindən biri kimi tanınan Ə.Topçubaşovun
müstəsna xidmətləri olmuşdu.
Əlimərdan
bəy əvvəlcə Osmanlı dövləti, habelə
Gürcüstan və Ermənistanda
Azərbaycan Cümhuriyyətinin fövqəladə və
səlahiyyətli naziri, sonra isə Paris sülh konfransında
Azərbaycan nümayəndə heyətinin sədri kimi qurucularından
biri olduğu dövlətin dünya miqyasına
çıxması, beynəlxalq hüququn obyektinə
çevrilməsi üçün qeyri-adi fədakarlıqla
çalışmışdı. Onu tam əsasla
yalnız Cümhuriyyət dövrünün ilk görkəmli
diplomatı yox, həm də XX əsr Azərbaycan
diplomatiyasının banisi saymaq mümkündür.
Sülh konfransı Ali Şurasının 1920-ci il yanvarın 10-da Azərbaycanla bağlı
verdiyi qərar ilk növbədə Ə.Topçubaşovun
ardıcıl, sistemli, uzaqgörən və qətiyyətli fəaliyyətinin
nəticəsi idi.
Hələ
dövlət kimi tanınmağın şirin bir xəyal, əlçatmaz
bir xülya təsiri bağışladığı dövrdə Əlimərdan bəy
Azərbaycandakı əqidə və əməl
dostlarına, yeni dövlətin sükanı arxasında
dayanan həmkarlarına ürək-dirək verir, inam
aşılayır, onları arzuladıqları böyük
günün mütləq gələcəyinə
inandırırdı: “Doğrudur, bizi hələ dövlət
kimi tanımırlar. Lakin getdiyimiz hər yerdə, hamıya
artıq il yarımdan bəri dövlət
kimi faktiki mövcud olduğumuzu bildirir, öz Parlamenti,
hökuməti, inzibatçılığı, məhkəməsi,
məktəbləri, ordusu olan Azərbaycanın müstəqil
yaşadığını göstəririk. Azərbaycan
bolşeviklərlə amansız mübarizəyə tab gətirib.
Deməli, azərbaycanlılar həyat qabiliyyətinə
malik xalqdır və müstəqil dövlət qura bilərlər.
Gücümüz çatdığı qədər,
hətta çatmasa belə, mövcud vəziyyəti qoruyub
saxlamaq, bu özünütəsdiqi mühafizə etmək
lazımdır. Biz istərdik ki, hamı, hər
bir şəxs, bütün xalqımız indi müstəqil
ictimai-siyasi və iqtisadi mövcudluq qabiliyyətimizi sübut
etmək üçün imtahan verdiyimizi yaxşı başa
düşsün”.
Ə.Topçubaşov həyat qabiliyyətinə malik,
kütlələri vahid bir amal uğrunda birləşdirib
arxasınca apara bilən, ictimai ədalət prinsiplərinə
əsaslanan güclü və stabil dövlət qurmaq
üçün ilk növbədə onun rəhbərliyində
təmsil olunan insanların şəxsi nümunəsini
çox mühüm amil sayırdı. O, özü də
bütün həyatı və fəaliyyəti ilə belə
bir nümunə olmuşdu. Ona görə də
aşağıdakı sətirləri yazmağa özündə
mənəvi haqq görürdü: “İnanıram ki, buna
gücümüz çatacaq. Çünki
xalqımız, doğrudan da, qabiliyyətlidir, ölkəmiz təbii
sərvətlərlə zəngindir. İndiyə
qədər əxlaqi başlanğıca əsaslanan siyasi məktəbimiz
olmadığından geniş xalq kütlələrinin öz
gənc dövlətinin müəssisə və
qurumlarından nümunə götürməsi,
yaşadığımız sınaq anının tam ciddiyyətini
dərk etməsi çox zəruridir. Paytaxt
və rəhbər xadimlər - bax, Azərbaycana bütün
varlığı ilə xidmət etməyin nümunəsini
geniş xalq kütlələrinə onlar göstərməlidir.
Ümumi borc xalqı səfərbər etmək,
onu müstəqil mövcudluq ideyası ətrafında sıx
birləşdirməkdir. Çünki artıq
şüurlarda geriyə dönüş üçün yer
olmadığına, ola bilməyəcəyinə
əminik. Qarşımızda yalnız bir yol
var, o da Azərbaycanın müstəqilliyinə aparan yoldur!”
Şübhəsiz,
Parisdə keçirdiyi səkkiz çətin ay ərzində
bütün məhrumiyyət və sarsıntılara baxmayaraq
bu böyük inamdan bir an da olsun geri
çəkilməyən Əlimərdan bəy 1920-ci ilin
yanvarında xalqın taleyinə yazılan tarixi bayramın
baş memarı idi. Bu həqiqət ictimai fikirdə
də, xarici siyasi-diplomatik dairələrdə də, Azərbaycan
hökuməti rəsmiləri tərəfindən də birmənalı
şəkildə qəbul olunurdu.
Odur ki,
baş nazir Nəsib bəy Yusifbəyli 1920-ci il yanvarın
16-da, Parisə, nümayəndə heyətinin
başçısı Ə.Topçubaşova göndərdiyi
səmimiyyət çalarları və dostanə münasibət
duyğusu hər sətrindən sezilən məktubunda
yazırdı: “ “Çox hörmətli
Əlimərdan bəy! Fürsətdən
istifadə edərək sizi və nümayəndə heyətinin
bütün üzvlərini Antantanın Azərbaycanın
müstəqilliyini tanıması münasibəti ilə təbrik
etməyi özümə borc bilirəm. Xahiş
edirəm, çoxdan gözlədiyimiz belə bir diqqətəlayiq
nəticə yolunda çəkdiyiniz zəhmət
üçün mənim səmimi minnətdarlığımı
qəbul edəsiniz”.
Fəlakətin
lap yaxında olduğu bir vaxtda baş nazirin məktubu
bütünlükdə pozitiv, ümidli məqamlar üzərində
köklənmişdi. O, nümayəndə heyətini
inandırırdı ki, “İndiki məqamda Azərbaycanın
daxili vəziyyəti siyasi zəmində hər hansı təhlükənin
meydana çıxacağını düşünməyə
əsas vermir. Ali Şuranın Azərbaycanın
müstəqilliyini zamanında tanınması əhali tərəfindən
böyük coşqunluq hissi ilə qarşılamış,
bununla da bolşeviklərin Zaqafqaziya hüdudlarına
yaxınlaşdıqları bir vaxtda bizim vəzifəmizi xeyli
yüngülləşdirmişdir”.
Xarici işlər naziri Fətəli xan Xoyski təbrikini
daha ehtiyatlı sözlərlə ifadə etməyə
çalışmışdı. Baş nazirlə eyni gündə,
yanvarın 16-da Ə.Topçubaşova göndərdiyi məktubda
o, yazırdı: “Hadisələrin sonrakı gedişinin necə
olacağını demək çətindir, lakin Ali
Şuranın Azərbaycanla Gürcüstanın faktiki
müstəqilliyini tanıması haqqında yanvarın 12-də
aldığımız xəbər siyasi situasiyanı əhəmiyyətli
dərəcədə dəyişdirməyə qadir olan son dərəcə
əhəmiyyətli faktdır”.
Hökumət
nümayəndə heyətinin əməyini qiymətləndirmək,
eləcə də gələcək fəaliyyətini
stimullaşdırmaq baxımından xəsislik etməmişdi
- yanvarın sonlarında Parisə dönən diplomatik kuryer
Berlin vasitəsi ilə Əlimərdan bəy
Topçubaşovun adına 1 milyon fransız frankı məbləğində
çek göndərilmişdi...
Bəzi mənbələrdə “Müsavat”
partiyasının lideri M.Ə.Rəsulzadənin də yanvar
günlərində partiyanın öz işini başa
çatdıran ikinci konfransının
iştirakçıları adından nümayəndə heyətinə
təbrik teleqramı göndərdiyi, hətta bu teleqramın
mətninin fransız mətbuatında yayıldığı
iddia olunur. Əslində isə Məhəmməd Əmin bəy
konfransın, habelə bütün müavatçıların
ümdə qayələrindən biri kimi
Ə.Topçubaşov və həmkarlarının tezliklə
Azərbaycanın dövlət müstəqilliyinin
tanınmasına nail olmalarını arzulamışdı.
Bu münasibətlə Əlimərdan bəy yanvarın 14-də
Londonda olan M.Məhərrəmov və
Ə.Şeyxülislamova yazırdı: “Dünən İstanbul
üzərindən Bakıdan “Müsavat” partiyasının II
konqresinin sədri Rəsulzadənin teleqramını aldım.
Nümayəndələr adından bizə
xoş hisslərini çatdırır, Azərbaycanın
müstəqilliyini qazanacağımıza (mətndə belədir
- V.Q) ümid etdiyini bildirir. Teleqram müstəqilliyimizin
faktiki tanınması ilə tam üst-üstə
düşdü. Londonda Röyter agentliyi
vasitəsi ilə bu barədə xəbər yaymaq məqsədəuyğun
olardı”. Yeri gəlmişkən,
“Diplomatik nümayəndəliyin qeydiyyat jurnalı”nda da
M.Ə.Rəsulzadənin teleqramının alınma tarixi kimi
yanvarın 13-ü göstərilir.
Ən səmimi
təbrik teleqramlarından biri də həmin günlərdə
Azərbaycan Milli ordusuna zəruri geyim və hərbi sursat
almaq məqsədi ilə İtaliyada olan və
dövrünün vətənpərvər, ziyalı şəxslərindən
biri kimi tanınan (beş xarici dil bilirdi -
V.Q) general-mayor İbrahim ağa Usubov tərəfindən
göndərilmişdi. Azərbaycan Cümhuriyyətinin
Romadakı müvəqqəti diplomatik təmsilçisi Yusif
bəy Xanbudaqovun da böyük məmnuniyyət hissi ilə
qoşulduğunu bəyan etdiyi teleqramda deyilirdi:
“Çox hörmətli Əlimərdan bəy!
Sizin konfransda iştirakınız hamımız
üçün əziz olan Azərbaycanın siyasi həyatında
yeni bir era yaratdı.
Tarixi fakt gerçəkləşdi və Azərbaycan
bundan sonra artıq müstəqil dövlət kimi mövcud
yaşamaq haqqına qovuşdu.
Ölkə əldə etdiyi uğura görə Sizə
- dövlət həyatındakı bu böyük işin
icraçısına ürəkdən minnətdardır.
Sizin nəcib, xeyirxah adınız artıq əbədi
yaşamaq hüququ qazanıb. Çağdaş
tarixə qızıl hərflərlə həkk olunmuş bu
ad Azərbaycan tarixinin ilk səhifəsində öz yerini
tutacaq.
Sonsuz sevinc hissi ilə Sizi qazandığınız həqiqi
uğur münasibəti ilə təbrik edirik. Sizə və
missiyanın digər üzvlərinə hər birimizin rifah və
xoşbəxtliyimizlə sıx bağlı olduğumuz sevimli
vətənimiz naminə yeni müvəffəqiyyətlər
arzulayırıq.
Ya Allah!”
Çoxsaylı təbrik məktublarının,
teleqramların Ə.Topçubaşova ünvanlanması
tamamilə təbii idi. Əlimərdan bəyin tükənməz iradəsi və
zəhməti sayəsində on minlərlə həmvətəni
üçün milli bayrama, sevinc və qürur ayına
çevrilən 1920-ci ilin yanvarı onun özü
üçün əvvəlki vaxtlardan da gərgin, həyəcanlı
və fasiləsiz fəaliyyət dövrü olmuşdu.
Öz əli ilə doldurduğu “Paris sülh
konfransındakı Azərbaycan diplomatik nümayəndəliyinin
qeydiyyat jurnalı” əslində qələbə sevincinin və
sərməstliyinin yaşanmalı olduğu bu ayın nə qədər
dolu, işgüzar keçməsi ilə bağlı təsəvvür
yaradır.
Yuxarıda
xatırlatdığım yüksək səviyyəli
görüş və danışıqlarla birlikdə həmin ay ərzində Əlimərdan
bəy Volqaboyu müsəlmanları Millət Məclisinin üzvləri Sədri Maqsudov, Ayaz
İshaki, Fuad Tuxtarla, erməni nümayəndə heyətinin
başçısı Poqos Nubar paşa (iki dəfə),
İranın xarici işlər nazir Firuz Mirzə Nüsrətüddövlə,
Polşa xarici işlər naziri Stanislav Patek, Paris sülh
konfransında İran nümayəndə heyətinin
keçmiş sədri, İranın İstanbul səfiri
Əliqulu xan Ənsari, Nizari ismaililərin 48-ci imamı,
Britaniyada böyük nüfuz sahibi olan III Ağa Xan (Ağa
Xanın anası Fətəli şahın nəvəsi idi, bəlkə
də bu səbəbdən Azərbaycan nümayəndə heyətinin
üzvlərinə xüsusi həssaslıqla
yanaşırdı - V.Q.), Hindistan müsəlmanlarının
təmsilçisi Şeyx Münir və b. ilə
görüşüb müzakirələr aparmış,
gimnaziya dostu, Ukrayna nümayəndə heyətinin üzvü
professor M.Qruşevitski vasitəsi ilə Azərbaycanın Millətlər
Liqası üzvlüyə daxil olması üçün
müraciət və sənədlər hazırlamış,
Azərbaycan - gürcü - dağlı - polyak nümayəndə
heyətlərinin birgə iclasında iştirak və
çıxış etmiş, Parisdə Fransa-Azərbaycan
bankı açılması imkanlarını
araşdırmış, Azərbaycan - Türkiyə gizli
sazişinin mövcud olmaması haqda “Le Temps” qəzetinə təkzib
vermiş, ölkəsinin
müstəqilliyinin tanınması ilə bağlı
çoxsaylı məktub və teleqramları
cavablandırmışdı. Və bütün
bunları özünün də dediyi kimi “doğma Azərbaycanın
mənafelərini qorumaq naminə” etmişdi.
P.S.
1920-ci ilin yanvar ayını Azərbaycan xalqı
üçün sevinc və qürur ayına çevirən
daha bir neçə diqqətəlayiq hadisə var.
Azərbaycan
Cümhuriyyəti hökumətinin ali təhsil
üçün müxtəlif Avropa universitetlərinə
göndərdiyi tələbələrin 78 nəfərdən
ibarət qrupu yanvar ayında seçdikləri ölkələrə
getmək üçün Fransaya gəlmişdi. Onlardan birinin
- Almaniyada mühəndislik təhsili alan və
sonralar Türkiyənin görkəmli texniki
ziyalılarından biri kimi tanınan İsmayıl Saryalın
(Mir İsmayıl Seyidzadə) “Bakı rüzgarı” adlı
xatirə-romanında yazdığına görə Parisdəki
Azərbaycan nümayəndə heyəti tələbələrə
xüsusi diqqətlə yanaşmış, hər cür
qayğı göstərmişdi: “Missiyanın rəhbəri
Topçubaşi ən yaxşı hotellərdən birində
ziyafət verdi. Ertəsi gün Rusiyadakı
qarışıq vəziyyəti nəzərə alıb bizə
yenidən altı aylıq avans pul ödənilməsini əmr
elədi. Beləliklə, Parisdən yola düşəndə
təxminən iki illik xərcliyimiz vardı...”
1920-ci il yanvarın 30-da Azərbaycan Cümhuriyyətinin
dövlət himni ilə bağlı müsabiqə elan
olunmuşdu.
Eyni gündə Azərbaycan hökuməti dövlət
gerbi ilə bağlı müsabiqənin şərtlərini
və ayrılan mükafatların miqdarını da
açıqlamışdı.
Lakin fevralda başlayan hökumət böhranı və
bolşevik işğalı dövlətçilik həyatının
bu mühüm rəmzləri ilə bağlı işi
başa çatdırmağa imkan verməmişdi.
Amma bütün bunlara baxmayaraq, indi leksikonumuza daha çox “qara yanvar” kimi düşən yanvar ayı uzaq 1920-ci ilin başlanğıcında insanlarımızın yaddaşına dünya miqyasında tanınmağın, öz müstəqil milli dövlətinə malik millətə çevrilməyin gətirdiyi qürur və sevinc dolu bir zaman kəsimi kimi daxil olmuşdu.
1920-ci ilin “20 yanvarını” isə xalqımız 28 apreldə yaşamışdı...
Yanvar, 2018. Budapeşt
525-ci qəzet.-2018.-3
fevral.-S.12-13.