Ədəbiyyatımızda detektiv janrının yaradıcısı
YAZIÇI
CƏMŞİD ƏMİROVUN 100 İLLİYİNƏ
Rövşən YERFİ
Bugünlərdə Azərbaycan detektiv ədəbiyyatının yaradıcısı
Cəmşid Əmirovun
100 yaşı tamam olur. Yarım əsrdən çoxdur
ki, detektiv mütaliə həvəskarları
xüsusi maraqla onun əsərlərini oxuyurlar.
1918-ci il fevralın
10-da Naxçıvan şəhərində
dünyaya gələn
Cəmşid Əmirov
orta məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutuna daxil olmuşdu. Yazmağa olan meyli hələ tələbəlik
illərindən respublika
qəzetləri ilə
sıx əməkdaşlığa
həvəsləndirmişdi. Yazıçılıq sevgisi
onu son kursda institutu tərk etməyə vadar edib, sonra da
öz ixtisası
ilə işləmək
istəməyib. Həmin dövrün
nəşrlərindən olan
“Azərbaycan gəncləri”
qəzetində məsul
katib, “Gənc işçi” qəzetində
şöbə müdiri
işləyib.
Lakin müharibənin
başlanması arzularının
reallaşdırmasını xeyli ləngidib. İkinci dünya
müharibəsində gənc
yazar ön cəbhədə Sovet Ordusu tərkibində zabit kimi Almaniya,
Polşa, Çexiya, Slovakiya, Avstriya və Çində olub. Ordudakı xidmətlərinə görə
I dərəcəli “Vətən
müharibəsi”, “Qırmızı
Ulduz” ordenləri, “Döyüşdə fərqlənməyə
görə”, “Köniqsberqin
alınmasına görə”,
“Berlinə görə”,
“Almaniya üzərində
qələbəyə görə”,
“Yaponiya üzərində
qələbəyə görə”
medallarına layiq görülüb.
C.Əmirov ədəbi yaradıcılığa
qırxıncı illərdən
oçerk, felyeton və hekayələrlə
başlayıb. Onun “Dəqiqələr, saniyələr...”
adlı ilk oçerki
1946-cı ildə “Azərbaycan
gəncləri” qəzetində
dərc edilib. İlk kitabı isə 1958-ci ildə çap olunub. 1962-ci ildə Yazıçılar
İttifaqının üzvü
seçilib.
Müharibə sona çatandan
sonra “Azərbaycan gəncləri” qəzetində
şöbə müdiri,
Moskvada çıxan “Sovet ticarəti” qəzetinin xüsusi müxbiri, Neftnəşrdə
baş redaktor, “Azərbaycan neft təsərrüfatı” jurnalında
redaktor müavini, “Bakı” qəzetində şöbə müdiri işləyib. Detektiv əsərlərinə görə çoxları
elə düşünür
ki, o, hüquq-mühafizə
sisteminin işçisi
olub. Əslində isə demək
olar ki, ömür boyu mətbuat sahəsində qələm adamı kimi çalışıb.
Əmək fəaliyyətinin son üç
ilində Bakı Maliyyə-kredit texnikumunun
(indiki maliyyə-iqtisad
kollecinin) direktoru olub, 54 yaşında fərdi təqaüdə
çıxıb.
Cəmşid Əmirov elə də çox yazmayıb. Sağlığında
“Sahil əməliyyatı”,
“Brilyant məsələsi”,
“Qara Volqa”, “Şəhər yatarkən”
adlı cəmi dörd kitabı çap olunub. Lakin bu əsərləri ilə, o, milli ədəbiyyatımızda peşəkar
detektivin yaradıcısı
haqqını qazanıb.
İlk detektiv əsəri 1957-ci ildə yazdığı
“Sahil əməliyyatı”
povesti olub. Bu kitabların içərisində
ən çox axtarılanı, oxumağa
köhnəlməyəni “Qara
Volqa” romanıdır.
Sovet dövründə iki dəfə yüz min tirajla çap edilən bu kitab az
sonra qadağan olundu, kitabxanalardan, evlərdən yığışdırıldı.
Ancaq əldən-ələ gizlin
ötürülüb, gizlin
oxunuldu. Nəhayət, müstəqillik dövründən
sonra “Qara Volqa” yenidən kütləvi şəkildə
oxucuların ixtiyarına
verildi.
Yazıçı 1966-cı ildə “Sahil
əməliyyatı” povestinin
əsasında
“Azərbaycanfilm”də çəkilmiş “İstintaq
davam edir” adlı bədii filmin ssenarisini də yazıb. Film həmin dövrdə
kinoteatrlarda ən çox baxılan filmlərdən biri olub. 1994-cü ildə onun əsəri əsasında
daha bir film - “Qara Volqa” çəkilib.
Təəssüf ki, bu film əsərin qazandığı
uğuru təkrarlaya bilməyib.
C.Əmirov sadə yazıçı
həyatı yaşayıb. Əli Əmirov
kimi tanınmış
və nüfuzlu şəxsiyyətin qardaşı
olmasına baxmayaraq iddiasız bir həyat sürüb.
Görkəmli nasirin əsl
yazıçıya layiq
həyat sürdüyünə
əminlik yaranması
üçün bir faktı xatırlamaq yerinə düşər.
Bəlkə də çoxları
bilmir ki, SSRİ-nin fəxri neftçisi, Dövlət
mükafatı laureatı,
texnika elmləri doktoru Əli Əmirov onun böyük qardaşı
idi. Əli Əmirov 1962-1971-ci illərdə Azərbaycan
Kommunist partiyasının
Mərkəzi Komitəsinin
katibi, 1972-1976-cı illərdə
isə Azərneft Birliyinin Baş direktoru işləyib.
Ancaq Cəmşid Əmirov bəziləri sayaq heç vaxt qardaşının adından,
mövqeyindən yararlanaraq
özünə mənsəb
qurmaq, yüksək səlahiyyət, hansısa
fəxri ad iddiasında
olmayıb. Ruzisinə qane
olmağa üstünlük
verib, ömrünün
altmış beşinci
ilində - 1982-ci ildə
sadə yazıçı
həyatını başa
vurub.
Cəmşid Əmirovun əsərləri
doxsanıncı illərdən
başlayaraq bir neçə dəfə, xüsusilə “Qara Volqa” dəfələrlə
müxtəlif özəl
nəşriyyatlar tərəfindən
təkrar nəşr edilib. Lakin Milli Kitabxananın
elektron kataloqunda özəl nəşriyyatlara
məxsus olan kitabların heç birinin adları, biblioqrafik təsvirləri
yoxdur. Belə çıxır ki, ölkənin baş kitabxanasında həmin nəşrlərin
qanunla vacib sayılan mütləq nüsxələri də yoxdur. Görəsən yazıçının kitablarından qazanc götürən nəşriyyatların
kitabxanaya bir neçə nüsxə kitab verməklə gəlirləri çoxmu əksilər?
Xoşagəlməz hal odur ki,
ümumiyyətlə onun
yaradıcılığı, çap olunan kitabları ilə bağlı dolğun, hər hansı ətraflı biblioqrafik mənbə tapmaq çox çətindir. Ümid edirəm
yaxın gələcəkdə
bu çatışmamazlıq,
laqeydlik aradan götürüləcək, yazıçının
fəaliyyəti və
əsərləri haqqında
monoqrafiyalar, kitablar yazılacaq, xatirəsinin əbədiləşdirilməsi üçün gərəkli
tədbirlər görüləcək.
Nə qədər
ki, Azərbaycan ədəbiyyatı var, ana dilimizdə yazılan detektiv əsərlərin banisi -
Cəmşid Əmirovun
adı və əsərləri hər zaman yaşayacaq.
525-ci qəzet.-2018.-3
fevral.-S.16.