Yaddaşlarda izi qalan
tarixçi alim
Maral POLADOVA
AMEA Nizami adına
Ədəbiyyat İnstitutunun
Elmi nəşrlər
və proqnozlaşdırma
şöbəsinin baş
mütəxəssisi
AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor İlyas Babayev 82 il öncə Azərbaycanın dilbər
guşələrindən birində
- Quba rayonunun Xanagah kəndində, çox sadə və zəhmətkeş bir ailədə dünyaya göz açmışdı.
Uşaqlığı Böyük Vətən müharibəsi illərinə
təsadüf etdiyindən,
bir çox məhrumiyyətlərə sinə
gərmək düşmüşdü
qismətinə. 3 yaşında
ikən atasız qalsa da, anası
Əsmər xanımın
fədakarlığı nəticəsində
gələcək həyat
yolunu düzgün seçmişdi. Çünki çətinlikləri təkbaşına
dəf etməyə çalışan zəhmətkeş
ana oğlunun uğurlu gələcəyini
yalnız oxumaqda görmüşdü. Ona
görə də İlyas müəllim həmin dövrü xatırlayarkən qazandığı
uğurların səbəbkarı
olan anası Əsmər xanımı və onda arxeologiyaya
sonsuz həvəs oyatmış böyük
alim Saleh Qazıyevi də daim minnətdarlıqla yad edirdi...
O, vaxtilə Azərbaycan Dövlət Universitetində
əlaçı təqaüdü
almağını və
tələbə yataqxanasında
yaşamağını da
özü üçün
çox böyük xoşbəxtlik sayırdı.
Universitetə sənəd
verərkən Tarix fakültəsini seçməyinin
səbəbini isə
belə açıqlamışdı:
...mənim doğulduğum
Xanagah kəndinin hər qarışı, hər daşı bir tarix idi,
hara ayağını
atsan, pir idi, ocaq yeri,
ibadətgah idi. Hətta 5-10 il
əvvəl kəndimizdə
qopmuş bir ağacın kötüyü
ilə üzə çıxan daş baltanın nə az, nə çox,
- düz 5 min illik tarixi olduğunu demək kifayətdir. Mən ömrümü arxeologiyaya,
daha doğrusu, Albaniya tarixinə həsr etsəm də, çox zəngin tarixi abidələri olan Şimal, o cümlədən,
Quba rayonunu öyrənməyə vaxt
ayıra bilmədim.
Əməllərin dəyəri onların
məqsəd və nəticələri ilə
ölçülür, - demişdi
Ulu Peyğəmbərimiz.
Düz
58 il əvvəl, universiteti bitirəndən
sonra Azərbaycanın
ilk milli kadrlarından
olan tanınmış
alim Saleh Qazıyevin rəhbərliyi
ilə yaradılan Qəbələ arxeoloji ekspedisiyasında çöl
tədqiqat işlərinə
başlayan İlyas Babayev ömrünün axırınadək sevib-seçdiyi
peşəsinə vurğunluqla
sadiq qaldı və apardığı tədqiqatlar Qafqaz Albaniyası tarixşünaslığında
istinad nöqtəsi kimi qəbul olundu. Həmin ekspedisiyaya Cənubi
Koreya Respublikasından
gəlmiş 30-dan çox
arxeoloq da cəlb olunmuşdu.
İlyas Babayevin rəhbərlik etdiyi ikinci beynəlxalq
ekspedisiya Şəmkir-Qaracəmilli
ekspedisiyası idi. Almaniya və
Gürcüstan alimlərinin
də qatıldığı
bu ekspedisiya Kür çayının
sağ sahilində eramızdan əvvəl
V-IV əsrlərə aid şəhər
tipli yaşayış
yerində, böyük
sarayın və onun ətrafında digər ictimai binaların qalıqları
aşkar etmişdir.
1962-ci ildə keçmiş
SSRİ-nin elm və ziyalılar şəhəri
sayılan Leninqradda
(Sankt-Peterburq) təhsil
alan İlyas
Babayevin universitetin qədim yunan dili və mədəniyyəti
üzrə görkəmli
mütəxəssis, professor K.M.Kolobovanın yanında
qədim yunan dilini öyrənməsi sonralar onun bir
çox uğurlu tədqiqatlarının açarına
çevrilmişdi.
İlyas Babayev 1965-ci ildə Azərbaycanın antik və orta əsrlər
dövrü qliptika abidələri mövzusunda
namizədlik dissertasiyasını
müdafiə edərkən,
hələ respublikamızda
qliptika, straqistika üzrə mütəxəssis
yox idi. Azərbaycanın müxtəlif yerlərində
aparılan arxeoloji qazıntılar zamanı əldə olunan qiymətli daşlardan, şüşədən, pastadan
və keramikadan hazırlanmış qliptika
abidələri mütəxəssislər
tərəfindən işlənilməmişdi.
Cəmiyyətdəki əmlak bərabərsizliyinin,
sinifli cəmiyyətin
və dövlətin,
iqtisadi-ticarət və
mədəni əlaqələrin
öyrənilməsinin mühüm
əhəmiyyətini dərk
edən İlyas Babayevin bu sahədəki
fəaliyyəti onu respublikamızda tanınmış
mütəxəssis səviyyəsinə
ucaltmışdı. 1983-cü ildə SSRİ EA Arxeologiya
İnstitutunda müdafiə
etdiyi Qafqaz Albaniyasının şəhərləri
(e.ə. IV - e. III əsrlərində)
mövzusunda müdafiə
etdiyi doktorluq dissertasiyasında Azərbaycan
ərazisində sinifli
cəmiyyətin, şəhərlərin,
dövlətin yaranması,
sənətkarlıq, beynəlxalq
ticarət əlaqələri,
sikkə zərbi və s. problemlər hərtərəfli təhlil
olunurdu.
Professor İlyas Babayev elmi axtarışlarla bərabər, həm də pedaqoji fəaliyyətlə məşğul
olmuş, bir çox universitetlərdə
Arxeologiya, Qədim Şərq tarixi, Antik dünya tarixi, Avropa və Amerika tarixi, Roma hüququ, İslam hüququ və s. fənlər üzrə mühazirələr
oxumuş, həmçinin
bir çox ali və orta
məktəb dərsliklərinin
- çoxcildlik Azərbaycan
tarixinin I-II cildlərinin,
Azərbaycanın numizmatikasının
I cildinin, çoxcildlik
Azərbaycan ensiklopediyasının,
Naxçıvan ensiklopediyasının
müəlliflərindən idi. Qafqaz və İranın
antik dövr arxeologiyası üzrə
dünya miqyasında tanınmış mütəxəssis
sayılan və arxeologiya elmini keçmişə açılan
pəncərə hesab
edən İlyas müəllim, bu pəncərədən baxaraq,
orada nəyisə axtarıb tapmaq üçün dərin biliklə bərabər, keçmişin qaranlıq
səhifələrinə işıq
saçan açarı
tapmağı əsas
amil hesab edirdi. Bu baxımdan
universitetdə oxuyarkən
ərəbşünas alim
Ələsgər Məmmədovun
ərəb dili dərsliyindən bu dili mükəmməl öyrəndiyini tez-tez yada salırdı. İlyas müəllim müvafiq ədəbiyyatdan
istifadə etməklə,
həm də fransız dilini və sanskrit
dillərini yüksək
səviyyədə öyrənməyə
nail olmuşdu. Elə
bu dilləri öyrənməyinin hesabına
o, sonralar antik dövr müəlliflərinin
əsərləri ilə
orijinalda tanış
olmaq, antik mənbələrdə Azərbaycan
tarixinə aid materialları
öyrənmək, xüsusilə
numizmatika sahəsindəki
tədqiqatları zamanı
həmin dillərdən
lazımınca bəhrələnmək
imkanı qazanmışdı.
İlyas
Babayev Qafqaz Albaniyası haqqında maraqlı fikirlər söyləyirdi: ...Albaniya
Şimali Azərbaycanın
ərazisində yaranmış
birinci müstəqil dövlət olub. Əlbəttə, cənubda Manna və
digər dövlətlər
var idi. Qəbələnin adı e.ə.
I əsrdə çəkilir. Böyük Plininin
adını çəkdiyi
Qəbələnin harada
yerləşdiyini 1967-ci ildə
tapdım. Son iki ildə apardığım
qazıntılardan məlum
olub ki, burada daha qədim
yaşayış sahələri
varmış. İlk
dəmir dövrünə
aid böyük taxıl
anbarları, onların
dibində isə yanmış arpa tapmışdım...
Qafqaz Albaniyası, sözün bütün mənalarında
Azərbaycan dövlətidir.
Dövlətin mərkəzi
təxminən 800 ilə
yaxın Qəbələ
şəhəri olub.
Albanlar bizim əcdadlarımızdır.
Amma bir şeyi qeyd
edim ki, Albaniya adının haradan götürüldüyü
bəlli deyil. Bəzi mənbələrdə Albaniyanın
Albus (latınca ağ) sözündən
götürüldüyü deyilir. Görünür, bu söz burada yaşayan hündürboy, sarışın,
ağdərili adamlara
işarədir.
Son illər Şəmkir
rayonunun Qaracəmilli kəndi ərazisində aparılmış qazıntı
işləri Əhəməni
dövrünə aid möhtəşəm
bir saray kompleksinin qalıqlarını
aşkar etməyə
imkan vermişdir.
Bu ekspedisiyalar zamanı
xarici alimlərin iştirakı ilə aparılan qazıntılarda
əsas prinsip ondan ibarət idi ki, tapılan
bütün maddi mədəniyyət nümunələri
heç vəchlə
kənara çıxa
bilməz. Elmi tədqiqatların nəticələrinin xarici
elmi jurnallarda çap olunması isə ancaq Azərbaycanın tarixinin daha yaxından öyrənilib təbliğ
edilməsinə yönəldilmişdir.
Dünyanın müxtəlif ölkələrində (Moskva, Kiyev, Afina, Ankara, Budapeşt, Seul, Geongu, Romo, Tbilisi, Mahaçqala) keçirilən beynəlxalq konqres, simpozium və konfranslarda maraqlı məruzələrlə çıxış edən İlyas Babayevin gördüyü işlər barədə hələ çox deyilib, çox yazılacaqdır...
Uzun illər öncədən (Elm və həyat jurnalında işləməyə başladığım vaxtdan) tanıdığım İlyas müəllimlə son vaxtlar daha tez-tez rastlaşırdıq. Elmlər Akademiyası metrostansiyasından AMEA-nın əsas binasının girişinə qədər olan yolu İlyas müəllim öz yaşına uyğun olmayan cəldliklə elə həvəslə gedirdi ki, sanki cavan elmi işçi təzə iş yerinə tələsirdi. Daim əlində gəzdirdiyi böyük portfeli isə onun əsl ziyalı görkəmini çox gözəl tamamlayırdı.
1935-ci ilin 23 mayında
doğulmuşdu İlyas
müəllim. 2017-ci ilin 28 dekabrında haqq dünyasına qovuşdu,
doğma Xanagah kəndində torpağa tapşırıldı...
Tanınmış tarixçi alim, AMEA-nın müxbir üzvü, mehriban və səmimi insan, itkisi ilə barışa bilmədiyimiz İlyas Babayevin əziz xatirəsi onu tanıyanların və doğmalarının yaddaşında əbədi yaşayacaqdır.
525-ci qəzet.-2018.-3
fevral.-S.16.