Ardı yaşanılır

 

AZƏRBAYCAN KİNOSU – 120

 

PƏRVİN

 

Ailəli qadın üçün karyerasını qurmaq çətindir... Öz sahəsində uğurla çalışan xanımın şəxsi həyatına zamanı qalmır...

 

Yaradıcı adam ailə çərçivələrinə sığmır. Sənətlə, sözlə yaşayan insanın gündəlik məişətə vaxt  ayırması mümkünsüzdü! Bütün bu zamanla daşlaşan fikirlər, əksəriyyətin zehnində bir düstur kimi qalan düşüncələr sadəcə tənbəllərin uydurması, daha dəqiq söyləsək, bəhanəsi deyilmi? Böyük sevgilər üzərində qurulan ailələr sonradan başqa dəyərlərə söykənir. Bütün hallarda təməl sevgidir. Belə olmasa həyatın çətinliklərindən, daşlı-qayalı yollarından keçə bilməzsən. Həm də həmişə eyni yol yoldaşı ilə... Amma təəssüflər olsun ki, vaxt bütün hissləri korşaltmağa,duyğuların şəklini dəyişməyə qadirdir. Və səni bir insana bağlayan gerçək dəyərlər yoxdursa, birgəlik mümkünsüzdü.Yer üzündə ən real və gerçək dəyər isə ailədir. Əslində bir az dərin düşünəndə ailə hər kəsdən daha artıq elə yaradıcı adama lazımdı. Axı real həyat, gündəlik yaşam qanunları bir azacıq da “nizam - intizam” tələb edir. Sən hər gün ürəyinin istədiyi kimi yaşaya bilməzsən... Yaradıcı adamın isə ürəyi çox şey istəyə bilir. Məsələn, bir səhər səssiz-səmirsiz baş alıb getmək keçir könlündən. Harasa uzaqlara, heç kəsin səni tanımayacağı, necə adam olduğunu bilməyəcəyi bir yerə...İnsanların paxıllığı, kini, yalanlarına, korazehin kütlənin qəzəbinə, yaxınlarının anlamazlığına, zamanın, yaxud zəmanənin ədalətsizliyinə üsyan edirsən.

 

Nə üçünsə sənə elə gəlir ki, hər şeyi atıb sıfırdan başlasan, daha yaxşı olacaq. Əslində heç nəyin daha yaxşı (ya ümumiyyətlə yaxşı!)  olmayacağını da dəqiq bilirsən. Amma özünü bir balaca aldatmaq hüququnu əlindən alan yoxdu ki... Bax elə bu ovqatında övladının gülüşündən, evə əlində çörəklə gələn adamın gündəlik təbəssümündən, ya da ağzından qaçırdığı bircə kəlmə xoş sözdən tutub qalırsan. Əlbəttə məsuliyyətini hiss etdiyin üçün. Yaşadığın ömrün sənə, yalnız sənə məxsus olmadığını anladığın üçün... Hələ üstəlik bu birgə həyatın bol-bol sevincləri də varsa, arxanda Ailəm deyə biləcəyin dayağın varsa... Bu mövzuda sonsuzacan ən real və mücərrəd fikirlər, ifadələrlə danışmaq, romanlar yazmaq, filmlər çəkmək olar. Və mənə elə gəlir ki, Günel Anarqızının ssenarisi əsasında rejissor Gülər Həsənli çəkdiyi “Ardı yaşanılır” filmi cəmiyyətdə nüfuz və söz sahibi olan iki ayrı-ayrı insan haqqında yox, bütöv ailə barəsindədir. Xalq yazıçısı Anar və akademik, musiqişünas-alim Zemfira Səfərovanın birgə əsərini - Ailəsini izah edir bu film. Elə filmin ilk dəqiqələrindən yazıçı Anar dəqiq bir “resept” verir - əlbəttə insanları birgə yaşamağa sövq edən hər şeydən əvvəl sevgidi, amma bir-birinin işinə, maraqlarına hörmətlə yanaşmaq da çox mühümdür - deyir. Deməli ailəli qadının karyera qurması, öz sənətində ən üst mərtəbəyə yetişməsi mümkündü, əgər yanındakı insan onun işinə hörmətlə yanaşırsa?! Deməli yaradıcı kişinin ev-eşiyə sığışması da çətin deyil, əgər xanımı bu ailəni onun üçün buxova çevirmirsə?! Təxminən 45 dəqiqə ərzində Anar müəllimlə Zemfira xanım gah keçmişə gedir, xatirələrə dalır, gah bu günə gəlib çağdaş cəmiyyətdən danışır, gah da gələcəyə aid planlarından, arzularından söz açırdılar. 70 ildən çoxdu ki, birgə olan bu iki insanın deyəsi, təkcə bizlərə, tamaşaçılara yox, elə bir-birlərinə də deyiləsi sözləri çoxdur. Ancaq bu, sadəcə iki yaşlı adamın nostalji dolu “qocayana” söhbəti deyil, iki dostun, mənəvi tellərlə bağlı olan iki ziyalının, bir-birinə dipdiri hisslər bəsləyən qadınla kişinin dialoqudur. Burda itirilmiş dostlara görə hüzün də var, yaşayan əzizlərə minnətdarlıq da... Övladlarla duyulan qürur, nəvələrin işıqlı gələcəyinə inam... Ölkənin taleyinə görə narahatlıq, düşmənin qamarladığı Şuşanın nisgili və bu ağrının çox çəkməyəcəyinə ümid... Bütün bu qarışıq hisslər, duyğular, mövzular filmi polifonik edib. Bir göz qırpımında keçən “Ardı yaşanılır” sanki zaman maşını kimi tamaşaçını o illərə, haqqında danışılan mühitə, məkanlara, adamların yanına aparır.

 

Azərbaycan kino sənəti tarixinə nəzər saldıqda  sənədli filmlərin müəyyən bir inkişaf keçdiyini görərik. Lap ilk filmlərimiz sənədli olsa da, zamanla bu janr daha da təkmilləşib. Ən müxtəlif  sənətkarların həyat və yaradıcılığını əks etdirən filmlər isə yarı sənədli, yarı bədii formada tamaşaçıya təqdim olunur. Yəni bu forma, üslub daha effektiv sayılır. Sənədli filmlərimizə də öz üslubunu gətirən Anar Səttar Bəhlulzadəyə həsr olunmuş “Bu - Səttar Bəhlulzadədir”, Cavad Mircavadov haqqında “Bu - Cavaddır”, Rəsul Rzadan danışan “Çinar ömrü”, Gəncə barəsində “Yeni qədim Gəncə” filmlərinə yazdığı ssenarilərlə bu sahədə yeniliklərə imza atıb. Yəni məqsəd həm filmin qəhrəmanının həyatı, yaradıcılığı haqqında heç bir mühüm faktı qaçırmamaq, həm də bunu tamaşaçını cəlb edəcək bir şəkildə çatdırmaqdı. Əslində elə Üzeyir bəy haqqında çəkilən “Üzeyir ömrü” də bədii film olaraq ekranlaşdırılsa da, burada bədiiliklə sənədlilik vəhdətdədir. “Ardı yaşanılır” filmi də bu cəhətdən o üslubun, silsilənin davamı kimi qavranılır.

 

Bu günə kimi yazıçı Anar haqqında Xalq artisti, rejissor Ramiz Həsənoğlu “Anarla üz-üzə” və “Anarın anları” filmlərini ekranlaşdırıb. Yazıçının 50 yaşı münasibətiylə çəkilən “Anarla üz-üzə” filmi 20 il sonrakı “Anarın anları”ndan xeyli fərqlənir. Birinci filmdə keçdiyi ömür, yaradıcılıq yolu qəhrəmanın öz dilindən şərh edilir, ikincidə isə yazıçıya sadəcə kənardan baxırıq, həm kamera ona kənardan baxır, həm də dostlarının, ailə üzvlərinin xatirələri, danışdıqları vasitəsiylə tamaşaçı... Bu mənada hər iki film yazıçı həyatını, xarakterini, yaradıcılığını bütöv əks etdirir. Amma yazıçı ömrünün vərəqlərə, hətta cild-cild kitablara sığmayan, tamaşaçının, oxucunun gözünün önündə olmayan tərəfləri də var... Yalnız ən əziz adamların bildiyi faktlar, doğmaların xəbərdar olduğu hadisələr, yazıya gəlməyən olaylar... ya da şəklini dəyişərək bədii əsərlərdə əks olunan eşq nağılı. Bütün bunları yəqin ki, ən yaxın adam - məhz Günel Anarqızı yüksək istedadla yazıb tamaşaçıya təqdim edə bilərdi. “Ardı yaşanılır” filminin öncəkilərdən əsas fərqi də elə budur. İndiyə kimi etiraf edilməyən məsələlərin açılması, danışılması. “Ardı yaşanılır” Anarın millət üçün gördüyü işlərdən, ictimai fəaliyyətindən, bestseller olan əsərlərindən danışmır, Zemfira xanımın musiqişünaslıq elminə böyük töhfələrini dilə gətirmir, elmin zirvələrinə doğru getdiyi yolda qarşılaşdığı çətinliklərdən söz açmır... Sadəcə bütün bunları yaşamış insanların birgə həyatını, hisslərini ifadə edir. Filmin əsas uğuru həm Anar müəllimin, həm də Zemfira xanımın “baxın biz nələr etmişik” pafosu ilə yox, “belə də yaşamaq mümkündü” təvazökarlığı ilə danışmalarıdır. Və elə bununla da film gənc nəsil üçün örnəkdir.

 

“Ardı yaşanılır” həm də 60-cı illərin Bakısına, sənət mühitinə səyahət imkanı yaradır;qəhrəmanlar xalq tərəfindən sevilən sənətkarlar - Toğrul Nərimanbəyov, Emin Sabitoğlu, Yusif və Vaqif  Səmədoğulları, Elçin, Fikrət Qoca haqqında danışırlar, gənclik illərində birgə yaşadıqları məzəli əhvalatları bölüşürlər, hərdən bir-biriylə də xoş zarafatlar edirlər. Zemfira xanım həyat yoldaşına - o vaxt mənə rusca məktubunda belə bir cümlə vardı - “Sənə ədəbi abidə ucaldacağam” - yazırdın, - necə oldu bəs? - soruşanda tamaşaçılar gülüşürlər. Yazıçı bir an belə düşünmədən cavab verir - “On cild çıxıb artıq, ardı da çıxacaq”... 55 illik birgə həyatdan sonra bundan gözəl sevgi etirafı olmaz yəqin. Bir vaxt “hələ də yazmadığım ən gözəl əsərimsən” deyən yazıçı indi də xəfif şəkildə “bütün yazdıqlarım səninçündür” - deyə etiraf edir.

 

İnsan ömrü ağrılardan, uğursuzluqdan, problemlərdən xali deyil. “Ardı yaşanılır” filminin qəhrəmanları da müxtəlif  çətinliklərdən, dərdlərdən,itkilərdən keçərək bu yerə gəlib çatıblar. Elə sadəcə yüz günlük ağrının, dərdin salnaməsi olan “Sizsiz” xatirə-romanını oxumaq yetər ki, bu ailənin nələrdən keçdiyini təxmin edəsən. Amma bununla belə müəlliflər yalnız pozitiv ötürməyə, ağrılı məsələlərdən də ümidlə danışmağa çalışırlar. Yalnız bir məqamda çəkdiyi əzabı heç cür gizlədə bilməyən yazıçı “Şuşanı düşünəndə başımdan tüstü çıxır” - deyir və əlavə edir:  “Əminəm ki, Şuşa itkisi müvəqqətidi, biz Şuşanı qaytaracağıq və o günü hətta mən də görəcəm”.

 

Beləliklə, gələcəyə ümid və inam dolu film tamaşaçılarda yalnız xoş təəssüratlar oyadır. Filmin bəstəkarı Vaqif Gərayzadənin yazdığı və seçdiyi musiqilər də danışılan hadisələrə, görüntülərə ayrı bir rəng, ovqat qatır. Bir sözlə bu ekran əsəri “Ardı yaşanılır” - Həyat davam edir ideyasını əks etdirir.

 

Ramiz Həsənoğlunun “Anarla üz-üzə” filmində son dərəcə dərin və təsirli bir səhnə var: kamera səsli-küylü küçədən Rəsul Rzanın mənzilinin pəncərəsinə çevrilir,  içəri keçib adamsızlığı, sakitliyi göstərir... Bəstəkar Cavanşir Quliyev Rəsul Rzanın sözlərinə bəstələdiyi “Sənsizlikdə” mahnısını ifa edir...Mahnı keçmişdən görüntüləri də müşaiyət edir... Müəllif bizlərə bir vaxt burada nəvələri ilə deyib-gülən Rəsul Rzanı, Nigar xanımı göstərir, bu evin qaynar vaxtlarını, sevgi dolu zamanlarını gözlərimiz önünə gətirir. İndi isə “Sənsizlikdə” qalan həm də bu evdi, sahiblərinin istiliyini canında saxlamış əşyalardı. Sonra isə... Masa arxasında əyləşib ailəsi ilə nahar edən Anar, bacıları Fidan xanımın, Təranə xanımın üzündəki işıqlı təbəssüm, gənc Turalın, Günelin simasındakı məmnunluq və beşikdə mışıl-mışıl yatan körpə Rəsul. Rəsul Rzadan, Nigar xanımdan sonra boş görünən ev... sonra bu evi dolduran təbəssümlər, beşikdəki balaca Rəsul - Həyat davam edir ideyasını çatdırır... “Ardı yaşanılır” filmində də qəhrəmanlar yazıçı Anar və xanımı Zemfira Səfərova təbiət qoynunda uşaqları, nəvələriylə, nəticələri Muradla masa arxasında mehriban-mehriban söhbət edirlər. Və körpə Muradın məsum baxışları məhz bu məqamda “Ardı yaşanılır” - deyir.

 

 

525-ci qəzet.-2018.-3 fevral.-S.11.