Oktay Səmədov: “Bilik Fondu fəaliyyətini
daha da təkmilləşdirmək əzmindədir”
Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondu Prezident
İlham Əliyevin 2014-cü il 7 may tarixli
Fərmanı ilə yaradılıb. Ötən
illər ərzində fond əhəmiyyətli uğurlara imza
atıb, onun həyata keçirdiyi ölkədaxili və beynəlxalq
layihələr böyük maraqla qarşılanıb.
Bilik
Fondunun icraçı direktoru Oktay Səmədovun AZƏRTAC-a məxsusi müsahibəsində bu qurumun fəaliyyətindən,
gördüyü işlərdən bəhs olunur. Həmin
müsahibəni təqdim edirik:
- Oktay
müəllim, ötən ilin yekunlarına nəzər salanda
ölkədə qazanılan nailiyyətləri necə dəyərləndirərdiniz?
Yola saldığımız 2017-ci il
yaddaşınızda hansı uğurlarla qaldı?
- 2017-ci il Azərbaycanın ictimai-siyasi və
sosial-iqtisadi həyatında özünəməxsusluğu və
rəngarəngliyi ilə yadda qaldı. Uğurla həyata
keçirilən düşünülmüş iqtisadi siyasət,
qeyri-neft sektorunun inkişafı istiqamətində atılan
ciddi addımlar, ölkə daxilində ictimai-siyasi sabitliyin
qorunması və digər amillər iqtisadiyyatımızı
müasir dünyada mövcud olan və hər bir dövlət
üçün təhlükə yaradan qlobal risklərdən
qorumağa imkan verdi.
İqtisadi sahədə əldə olunan uğurların
təməlində Prezident İlham Əliyevin
yürütdüyü müdrik siyasət nəticəsində
ölkədə ötən ilin əvvəlindən həyata
keçirilməyə başlayan iqtisadi islahatlar dayanır. 2017-ci ilin ilk
günlərindən iqtisadiyyatın əsas 11 sektorunu əhatə
edən Strateji Yol xəritələrinin həyata keçirilməsinə
başlanılıb, ölkəmiz dinamik və davamlı
inkişaf yoluna qədəm qoyub.
“Cənub Qaz Dəhlizi”nin tərkib hissələri - TANAP
və TAP qaz boru kəmərlərinin inşası layihəsinin
uğurla davam etdirilməsi, “Azəri-Çıraq-Günəşli”
neft yataqlar blokunun işlənilməsinin 2050-ci ilədək
uzadılması, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin
istismara verilməsi, iki milyard ton neft hasilatına nail
olunması və müxtəlif bölgələrdə iri sənaye
müəssisələrinin fəaliyyətə
başlaması ölkəmizin iqtisadi həyatında
yaşanmış ən əlamətdar hadisələrdir.
Azərbaycanın
Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik
Hesabatı”nda reytinqdə iki pillə irəliləyərək
35-ci yerdə, “Dünya Bankı” tərəfindən
hazırlanmış hesabatda 190 ölkə arasında 57-ci
mövqedə qərarlaşması, həmçinin Avropa və
Mərkəzi Asiya regionunda ən islahatçı üç
ölkədən biri kimi qəbul olunması ölkəmizin
iqtisadi uğurlarının dünya miqyasında
tanınmasının parlaq göstəricisidir.
Bu gün Azərbaycanın beynəlxalq nüfuzu kifayət
qədər yüksəkdir. Ölkəmizin müasir
dünyanın aktual problemlərinin müzakirə olunduğu
məkana çevrilməsi, mötəbər beynəlxalq tədbirlərə
ev sahibliyi etməsi Azərbaycanın
dünya ölkələri sırasında geosiyasi əhəmiyyətinin
durmadan artdığını göstərir. Azərbaycan və
Avropa İttifaqı arasında strateji tərəfdaşlıq
sazişi üzrə danışıqlara
başlanılması, IV Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu, dövlətimizin başçısının
BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının
açılışında dərin məzmunlu nitqi ötən
ilin yaddaqalan hadisələrindəndir.
Ötən
ilin fevralında Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və
ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban Əliyevanın Azərbaycanın Birinci
vitse-prezidenti təyin edilməsi dövlətçiliyin möhkəmlənməsi,
idarəetmə mexanizminin təkmilləşdirilməsi istiqamətində
atılan mühüm addım oldu.
Prezident
İlham Əliyevin erməni işğalından azad
edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin
bərpası ilə bağlı Sərəncamına əsasən
kəndə qayıdan əhali üçün
yaşayış evlərinin, məktəb binasının,
Şuşa məscidinə bənzər dini məbədin
inşası, müvafiq infrastrukturun yaradılması ötən
ilin doğma torpaqlarımıza “Böyük
qayıdış”ın başlanğıcından xəbər
verən mühüm tarixi hadisəsinə çevrildi.
“İslam Həmrəyliyi İli”ndə xalqımızın
milli mənəvi və dini dəyərlərinə yüksək
qiymət verdiyi, ölkəmizin dini tolerantlığın
nümunəsi olduğu bir daha bütün bəşər əhlinə
bəlli oldu.
Dünyanın 54 ölkəsini təmsil edən 3 mindən
çox idmançını bir araya gətirmiş, 1
milyarddan artıq tamaşaçı tərəfindən izlənilmiş
IV İslam Həmrəyliyi Oyunları istər bütün
regionda, istərsə də beynəlxalq miqyasda Azərbaycanın
mövqelərini daha da möhkəmləndirdi.
Azərbaycanın ötən ildə əldə etdiyi
nailiyyətlər 2018-ci ilin ölkəmiz üçün
daha da uğurlu olacağını deməyə əsas verir.
- “İslam Həmrəyliyi
İli”ndə Azərbaycan Respublikasının Prezidenti
yanında Bilik Fondunun fəaliyyəti nədən ibarət
oldu?
- “İslam Həmrəyliyi İli”ndə Bilik Fondu
ölkə əhalisinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi,
ekoloji və humanitar biliklərinin artırılması, milli mənəvi
dəyərlərin təbliği, dövlətin daxili və
xarici siyasətinin mahiyyətinin ictimaiyyətə
çatdırılması istiqamətində fəaliyyət
göstərib. Fondun 76 şəhər və rayon
nümayəndəsi yerli əhalinin maarifləndirilməsi ilə
bağlı bir sıra tədbirlərin təşəbbüskarları
və təşkilatçıları olub, mühazirə və
təlimlərin müasir tələblərə uyğun
keçirilməsini təmin ediblər. Fondun dəstəyi
ilə Qax, Oğuz, Şəmkir, İsmayıllı
rayonlarında və Bakı şəhərinin Nardaran qəsəbəsində
fəaliyyət göstərən bilik evlərində aktual
mövzularda mühazirə, təlim, müzakirə və təqdimatlar,
tanınmış elm adamları, mədəniyyət xadimləri
ilə görüşlər, “dəyirmi masa”lar, ödənişsiz
təlim kursları təşkil edilib, dərnəklər
yaradılıb. 2017-ci ildə Tərtər,
Astara, Ağdaş və Ağstafa rayonlarında bilik evləri
fəaliyyətə başlayıb. Hazırda bilik evlərində
“Kompüter texnologiyaları və kargüzarlıq işi”,
“İngilis dili”, “Rus dili”, “Ədəbi yaradıcılıq”,
“Toxuculuq”, “Rəssamlıq” və “Bələdçilik”
üzrə təlim kursları və dərnəklər fəaliyyət
göstərir.
Bilik Fondu “İslam Həmrəyliyi İli” ilə əlaqədar
respublika və beynəlxalq səviyyəli 9 elmi-praktik
konfransın təşkilatçısı olub, ölkənin
müxtəlif bölgələrində və xaricdə 200-dək
mühazirə təşkil edib.
15 sentyabr
- Bilik günündə ölkənin bütün bölgələri
əhatə olunmaqla 61 orta, 33 orta ixtisas, 15 ali təhsil müəssisəsində,
Heydər Əliyev mərkəzləri, mədəniyyət və
gənclər evlərində alim, tədqiqatçı və
mütəxəssislərin, Milli Məclisin
deputatlarının iştirakı ilə 120 mühazirə
keçirilib. Tədbirlərdən 14.000-dən
çox dinləyici faydalanıb.
Bir çox təhsil müəssisələrində IV
İslam Həmrəyliyi Oyunları ilə bağlı təqdimatlar
keçirilib, könüllülər hazırlığı
məqsədilə ərəb dili üzrə təlimlər
təşkil edilib. Fondun Rus Pravoslav kilsəsində Azərbaycan dili üzrə
ödənişsiz təlim kursları da “İslam Həmrəyliyi
İli”ndə ölkəmizdə tolerantlıq ənənələrinin
möhkəmlənməsi və multikultural mühitin zənginləşməsinə
xidmət göstərən addım kimi dəyərləndirilə
bilər. Hazırda Bakı şəhərindəki
kilsələrdə, “Sodrujestvo” İctimai Birliyində, Qəbələ
rayonunun Nic qəsəbəsindəki “Cotari” Alban-Udi kilsəsində
etnik qrupların 100-dən çox nümayəndəsinə
dövlət dili tədris olunur.
- Bu
gün ictimaiyyətin məlumatlandırılması üzrə
məqsədyönlü proses kimi anlaşılan maarifləndirmə
Bilik Fondunun başlıca missiyasıdır. Əhalinin
hansı sahələr üzrə maarifləndirilməsinə
xüsusi diqqət yetirilib və bu növ fəaliyyətin
statistik təsviri barədə nə deyərdiniz?
- Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin “Milli
iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə
Strateji Yol Xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər
haqqında 2016-cı il 16 mart tarixli Sərəncamının
şərhi, bu sahədə görülmüş işlərin
təbliği ilə əlaqədar əhali arasında maarifləndirmə
işinin gücləndirilməsi məqsədilə ölkənin
müxtəlif bölgələrində mühazirələr
təşkil edilib. Milli Məclisin deputatları
və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) alimləri
şəhər və rayonların Heydər Əliyev mərkəzlərində,
kənd təsərrüfatı və sənaye müəssisələrində
müvafiq mövzularda mühazirələrlə
çıxış ediblər.
Dövlətin
daxili və xarici siyasətinin mahiyyətinin əhaliyə
çatdırılması, ideoloji işin təkmilləşdirilməsinə
dəstək verilməsi məqsədilə Bilik Fondu ötən
ilin təkcə iyun ayında respublikanın 23 şəhər
və rayonu əhatə olunmaqla 22 Heydər Əliyev Mərkəzində,
18 ali və orta təhsil müəssisəsində, 4 elm və
mədəniyyət ocağında “Heydər Əliyev və
Azərbaycanda dövlət quruculuğu” və “İlham
Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri”
mövzularında silsilə mühazirələr təşkil
edib. Tədbirlərin nəticəsi olaraq, “Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondunun
lektoriyası” silsiləsindən ilk mühazirələr
toplusu nəşr edilib və növbəti
buraxılış çapa hazırlanıb.
2017-ci ildə Bilik Fondu tərəfindən
respublikanın müxtəlif bölgələrində
ümumilikdə 417 mühazirə və 46 təlim təşkil
edilib.
Geniş coğrafi ərazidə əhalinin müxtəlif təbəqələrini
və sosial qrupları əhatə edən mühazirələr
şəhər və rayonlarda fəaliyyət göstərən
dövlət idarə və təşkilatlarında, elm və
mədəniyyət, orta və ali təhsil
müəssisələrində dinlənilib.
AMEA-nın
institutları və müvafiq qurumlarının əməkdaşları
tərəfindən 100, ali məktəblərin müəllimləri
tərəfindən 72, Milli Məclisin deputatları tərəfindən
27, digər təşkilat və müəssisələrdə
çalışan mütəxəssislər tərəfindən
188, xarici ölkə alimləri və tədqiqatçıları
tərəfindən 30 mühazirə keçirilib.
“Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində
Portuqaliya, Litva, İndoneziya, Misir alimlərinin mühazirələrini
yerli tədqiqatçılar və gənclər xüsusi
maraqla qarşılayıblar. Rusiyalı tarixçi
və siyasi analitik Oleq Kuznetsovun Şəmkir, Mingəçevir,
Gəncə və Naftalan şəhərlərində
mühazirələri, “XX əsrdə transmilli erməni
terrorizmi. Tarixi-kriminoloji tədqiqat”
kitabının, Xocalı soyqırımının Rusiya
Dumasında tanınması məqsədilə
hazırladığı petisiyanın təqdimatları təşkil
olunub.
Fondun təşkil etdiyi mühazirələrə
ümumilikdə 300-dən çox alim və tədqiqatçı,
təhsil, mədəniyyət və səhiyyə
işçisi, tanınmış ziyalılar cəlb olunublar.
- Bilik Fondu yarandığı gündən maraqlı bir
layihəyə - “Qardaşlaşmış məktəblər”
layihəsinə imza atıb. Fondun bu layihəsi
davamlıdırmı?
- Prezident
İlham Əliyevin yeniyetmə və gənclərin yüksək
vətənpərvərlik ruhunda tərbiyə olunmasına
xüsusi diqqət və qayğı ilə yanaşması
ölkədə bir çox layihələrin gerçəkləşməsinə
böyük təkan verir. Dövlət
başçısının təşəbbüsü ilə
həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsi
Bilik Fondunun maarifləndirici fəaliyyətinin daha geniş təşkilinə
şərait yaradıb. Fondun “Qardaşlaşmış
məktəblər” layihəsi çərçivəsində
il ərzində respublikanın 11 və
xarici ölkələrin 3 orta təhsil müəssisəsi
arasında əlaqələr qurulub.
Ümummilli
lider Heydər Əliyevin anadan olmasının 94-cü
ildönümünə və “İslam Həmrəyliyi
İli”nə həsr edilmiş “Bir günəşin zərrəsiyik”
II Beynəlxalq Şagird Konfransı çərçivəsində
4 ölkənin 7 təhsil ocağı arasında
“Qardaşlaşma sazişi” imzalanıb. Layihədə
iştirak edən məktəblərin sayı 60-a
çatıb. Hazırda orta-ixtisas və peşə təhsili
müəssisələrində, eləcə də ali məktəblərdə təhsil alan gənclər
arasında “bilik körpüsü”nün
yaradılmasını nəzərdə tutan eyniadlı layihə
üzərində işləyirik.
- Gənclərin
elmi biliklərinin artırılmasında mütaliənin rolu
danılmazdır. Kitabın təbliği istiqamətində
fondun gördüyü işlər barədə nə deyərdiniz?
- Bilik Fondu uşaq, yeniyetmə və gənclərdə
mütaliəyə “Kitab - bilik mənbəyidir” anlamına
uyğun münasibətin formalaşmasını vacib hesab
edir. İnformasiya əldə edilməsində yeni
texnologiyalara meyillilik heç də intellektin çap məhsulu
olan kitaba ənənəvi münasibəti dəyişməməlidir.
Bilikli insan kapitalının
formalaşdığı cəmiyyətdə elmi və bədii
ədəbiyyatla ünsiyyət xüsusi əhəmiyyətə
malikdir. Bilik Fondunun bütün proqram və
layihələrində kitab həm maarifləndirmə vasitəsi,
həm də birbaşa iştirakçıdır. Fond həyata keçirdiyi tədbirlər çərçivəsində
minlərlə kitabı müəssisə və təşkilatlara
hədiyyə edib, bilik yarışmaları və intellektual
müsabiqə qaliblərini kitablarla mükafatlandırıb.
Bilik günü ərəfəsində 1000 nüsxədən
çox kitab Cocuq Mərcanlı kənd məktəbinə hədiyyə
edilib. Elmi və
bədii ədəbiyyat nümunələrindən ibarət hədiyyə
dəsti Tbilisidə fəaliyyət göstərən Mirzə
Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti
Muzeyinə təqdim edilib.
Fondun “İmzalı görüş” layihəsi çərçivəsində
gənc oxucuların bir çox tanınmış
yazıçılarla görüşləri təşkil
olunub.
İlin sonunda bir sıra təhsil müəssisələrində
yeniyetmə və gənclərin kitaba və mütaliəyə
maraq dərəcəsinin, onlara oxu mədəniyyətinin
aşılanması yollarının müəyyənləşdirilməsi
məqsədilə sosioloji anket sorğusuna
başlanılıb. Sorğuda 5.000-dək məktəbli və
tələbənin iştirakı nəzərdə tutulub.
- Bilik Fondu maarifləndirici proqram və layihələrin
icrasında hansı qurumlarla sıx əməkdaşlıq
edir?
- Əhalinin tibbi maarifləndirilməsi və sağlam həyat
tərzinin təbliği istiqamətində həyata
keçirilən tədbirlər Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə
birgə təşkil olunur. “Hüquqi maarifləndirmə”
proqramının icrasında AMEA-nın hüquqşünas
alimlərinin, Milli Məclisin hüquq siyasəti və
dövlət quruculuğu komitəsi üzvlərinin,
Konstitusiya Məhkəməsi əməkdaşlarının
köməyindən istifadə edirik. “Sabahın alimləri”
VI Respublika müsabiqəsinin təşkilində Təhsil
Nazirliyi, orta məktəb müəllimləri və təhsil
işçiləri arasında “Ən yaxşı yazı”
müsabiqəsinin keçirilməsində “Azərbaycan
müəllimi” qəzeti ilə əməkdaşlıq
etmişik.
Fondun
“Ekran və efirdə ədəbi dil normaları” layihəsinin
icrasında Milli Televiziya və Radio Şurası kömək
göstərib, “Xəzər TV” MMC, “Lider TV” MMC, “ARB” Media
Qrupunun “ARB 24” (Tovuz) və “Kəpəz TV” yayım şirkətlərində
AMEA-nın Dilçilik İnstitutu, Bakı Dövlət
Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin alim və müəllimlərinin,
eləcə də praktik jurnalistlərin təlimləri
üçün şərait yaradıb.
Bugünlərdə Bakı Dövlət Universiteti ilə
əməkdaşlıq haqqında saziş imzaladıq. Bu nüfuzlu
elm və təhsil ocağının 100 illiyi ərəfəsində
birgə tədbirlər təşkil etmək niyyətindəyik.
- Bilik Fondunun beynəlxalq əlaqələrinin
möhkəmlənməsində nə kimi irəliləyişlər
var?
- Müxtəlif
mövzularda beynəlxalq elmi konfransların, yerli alimlərin
ölkə xaricində mühazirələrinin təşkili,
xarici ölkələrdən alim və tədqiqatçıların
lektoriyalara cəlb olunması, Azərbaycan tarixinin, elm və mədəniyyətinin
xaricdə, dünya elminin Azərbaycanda təbliği istiqamətində
bir sıra tədbirlər həyata keçirilib.
Cənubi
Koreya, Sudan, Misir Ərəb Respublikası, Ukrayna, Latviya,
Hindistan və İndoneziyanın Azərbaycandakı səfirləri
fondun qonağı olub, təmsil etdikləri ölkələrin
tanınmış alim və tədqiqatçılarının
fondun layihələrində iştirakı, elm və təhsil
mərkəzləri ilə əlaqələrin qurulması məsələlərini
müzakirə ediblər.
İordaniyanın
Kral Akademiyasının direktoru Rim Masiri, Litva Universitetinin
professoru Vidas Kavaliauskas, İraq Respublikasının uşaq
yazarı Casim Muhammed Salih, Türkiyənin 29 Mayis Universitetinin
professoru Tayyar Altıkulaç, Misir Milli Kitabxanası və
Arxivlərinin müdiri Əhməd Seyyid Muhəmməd
Şövki Bilik Fondunda kollektivlə görüşüb, əməkdaşlıq
məsələləri ətrafında fikir mübadiləsi
aparıblar.
Bilik
Fonduna Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin
A.Puşkin adına Dövlət Rus Dili
İnstitutunun “Puşkin İnstitutu” Tərəfdaşlıq
Şəbəkəsinin həqiqi üzvlüyünü təsdiqləyən
sertifikatı təqdim edilib.
- Elmi bilikləri təbliğ edən
Bilik Fondunun əsas hədəfi gənclərdir. Onların
intellektual səviyyəsinin yüksəldilməsi, məşğulluğunun
təmin edilməsinə dəstək göstərilməsi,
asudə vaxtlarının səmərəli təşkili
yönümündə hansı işlər
görülür?
- Bilik Fondu gənclərin elmi biliklərinin
artırılması, vətənpərvərlik və
dövlətçilik ruhunda tərbiyə olunması işinə
xüsusi diqqətlə yanaşır. Mühazirə
və təlimlər, film nümayişləri, kitab təqdimatları,
ziyalılarla görüşlər keçirilən
auditoriyalarda gənclərimiz böyük üstünlük təşkil
edirlər. Bu gün Bilik Fondunda tələbə gəncləri
bir araya gətirən “Tariximizi öyrənək və öyrədək”
Gənclər Klubu, “Gənc jurnalistlər” və “Diplomatlar”
klubları fəaliyyət göstərir, bilik evlərində
yerli gənclər üçün müxtəlif ixtisas və
peşələr üzrə təlim kursları, dərnəklər
təşkil olunur, istedadlı və yaradıcı gənclərin
üzə çıxarılması məqsədilə bilik
müsabiqələri keçirilir, tələbələr
fondda istehsalat təcrübəsinə göndərilirlər.
- Yeni təqvim ilində Bilik Fondunun fəaliyyətində
hansı yeniliklər gözlənilir?
-Bilik Fondu əhalinin maarifləndirilməsi ilə bağlı qarşısına qoyulmuş vəzifələrin icrası istiqamətində fəaliyyətini daha da təkmilləşdirmək əzmindədir. Mühazirə və təlimlərin coğrafiyasının yerlərdən daxil olan müraciətlər və keçirilən sosioloji sorğular əsasında genişləndirilməsi, mövzu rəngarəngliyinin təmin edilməsi, dövlətin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılması məqsədilə keçirilən maarifləndirici tədbirlərin keyfiyyətinin yüksəldilməsi, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi, Azərbaycan Ordusunun yaradılmasının 100 illiyi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar ölkənin bütün bölgələri əhatə olunmaqla silsilə mühazirələrin, “dəyirmi masa” və seminarların, kitab təqdimatları, sərgi, müsabiqə və bilik yarışmalarının təşkili, bilik evləri şəbəkəsinin genişləndirilməsi, Azərbaycan həqiqətlərini əks etdirən nəşrlərin, elmi-kütləvi ədəbiyyat nümunələrinin hazırlanması işinə, müvafiq mövzularda sənədli filmlərin və sosialyönümlü videoçarxların çəkilişinə yaxından dəstək göstərilməsi, maarifləndirici fəaliyyətin sosial sifariş əsasında daha da təkmilləşdirilməsi məqsədilə Sosioloji Sorğu Mərkəzinin yaradılması gündəmdə duran məsələlərdir.
Ölkə Prezidentinin əhalinin maarifləndirilməsi, müxtəlif elm sahələri üzrə biliklərinin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli mənəvi dəyərlərin təbliği, dövlətin daxili və xarici siyasətinin mahiyyətinin ictimaiyyətə çatdırılması ilə bağlı verdiyi tapşırıqları layiqincə yerinə yetirmək Bilik Fondu əməkdaşlarının və fondun ətrafında toplaşan elm adamlarının, maarifçi ziyalıların həm vəzifə, həm də vətəndaşlıq borcudur.
525-ci qəzet.-2018.-3
fevral.-S.6.