Yunus Oğuzun
"Atabəy Eldəniz" romanında tarix
və şəxsiyyət faktoru
Dünya ədəbiyyatında Valter
Skottun adı ilə anılan, Azərbaycan ədəbiyyatında
isə Yusif Vəzir Çəmənzəminlinin
"Qan içində"
romanı ilə başlanan tarixi roman janrı müasir ədəbiyyatımızda ən
çox müraciət
edilən janrlardandır.
Tarix millətin
keçmişi və
genezisidirsə, ədəbiyyat
onun ruhudur. Tarixi həqiqət
bədii dillə ifadə olunanda geniş kütlələrə
daha effektiv şəkildə çatdırılır,
gənc nəslin vətənpərvərlik tərbiyəsində
və milli ruhun qorunmasında müstəsna rol oynayır.
Yunus Oğuz
çağdaş Azərbaycan
ədəbiyyatında yalnız
öz dəsti-xətti
ilə deyil, ədəbiyyata gətirdiyi
mövzularla da seçilən yazarlardandır. Yunus Oğuzun
yaradıcılığından Azərbaycan, ümumtürk
tarixinə dair mövzular qırmızı
xətlə keçir.
Onun "Sultan Alp Arslan",
"Təhmasib şah",
"Nadir şah", "Attila",
"Əmir Teymur - Zirvəyə doğru",
"Əmir Teymur - Dünyanın hakimi" əsərləri oxuculara
yaxşı tanışdır.
Yazıçı bu dəfə
oxucuların görüşünə
"Atabəy Eldəniz"
("Atabəy Eldəniz",
"OL" NPKT, 2017) romanı ilə gəlib. Yunus Oğuz bu əsərində
də öz ənənəsinə sadiq
qalaraq oxucularını
Azərbaycan tarixinin maraqlı dövrlərindən
birinə səyahətə
dəvət edir.
Yazıçının tarixçi alim
olması isə bu səyahətdə bədii təxəyyüllə
yanaşı, elmin də oxucuya yoldaşlıq edəcəyi
müjdəsini verir.
İlk öncə
qeyd edək ki, romanda dərhal
diqqəti cəlb edən məqam Yunus Oğuzun tarixi fakta sadiqliyidir. Bildiyimiz kimi,
çağdaş dünya
ədəbi təcrübəsində
alternativ tarix janrında yazılmış
əsərlər mühüm
yer tutur. Alternativ tarix janrında yazılan romanlarda müəllif məlum tarixi fakt, hadisə
və şəxsiyyətlərə
dair məlumatları öz istədiyi şəkildə, hətta
tarixə zidd şəkildə əks etdirə bilər. Müasir cəmiyyətdə belə
əsərlər bestseller olur,
müəllifinə şöhrət
və qazanc gətirir. Çağdaş ədəbiyyatda klassik tarixi roman janrı alternativ tarix, fentezi janrında yazılmış
əsərlər qarşısında
öz mövqeyini itirməkdədir. Lakin tarixin
düzgün, tarixi faktlar sapdırılmadan, əlavə mistik effektlərə gərək
duyulmadan bədii şəkildə gənc nəslə aşılanmasında
məhz klassik tarixi roman janrının böyük önəmi
var. Bu baxımdan Yunus
Oğuzun bu janra müraciət etməsi təqdirəlayiqdir.
Tarix və şəxsiyyət problemi
daim fəlsəfənin,
sosiologiyanın əsas
tədqiq sahələrindən
biri olmuşdur. Klassik tarixi romanda da bu problem əsasən
iki aspektdən əks etdirilir: Birinci halda şəxsiyyət
əsas götürülür,
məhz onun şəxsi keyfiyyətləri
sayəsində tarixdə
oynadığı rol
təsvir edilir. İkinci halda tarixi hadisə,
yaxud dövr əsas götürülür,
tarixin insan taleyində rolu qabardılır. Yunus Oğuzun
"Atabəy Eldəniz"
romanı məhz şəxsiyyətin tarixdəki
roluna həsr edilmişdir. Atabəy Eldəniz
obrazında qılınc
və qələm birləşir. Əslində, əsər boyu əsas qəhrəman kimi şəxsiyyətin zəkası və elmi çıxış edir. Əks düşərgə ilə mübarizə sadəcə qılınc
deyil, həm də zəka, elm və diplomatiya savaşıdır. Mömünə Xatunla Eldənizin ittifaqı bu səbəbdən xaşxaşiləri
narahat edir, dəfələrlə bu iki ağıllı insanı ayırmağa, öldürməyə cəhd
edirlər.
Tarixi şəxsiyyəti
digərlərindən fərqləndirən
əsas cəhət məqsədə çatmaq
inadı və seçim cəsarətidir. Şəmsəddin Eldənizin obrazında bu cəhət parlaq şəkildə öz təcəssümünü
tapmışdır. Hələ yolun
əvvəlində onun
məqsədi və bu məqsədə çatmaq üçün
inadı və inamı var idi. Karvanla səyahət zamanı
dəfələrlə arabadan
yıxılsa da, min əziyyətlə, zəif
bədəninin son gücünü
toplayaraq özünü
qul karvanına yetirir. Qul karvanına! Onun seçim şansı
var idi. Karvandan geri qalıb həyatını azad biri kimi davam
etdirməyə cəhd
edə bilərdi.
Amma o, heç kimin gözləmədiyi və
hətta ağılsızlıq
kimi qəbul etdiyi bir seçim
etmişdi. "Əlbəttə, Bağdada
getməliydi. O, təkcə
karvana deyil, həm də arzularına çatmalıydı...
Göy üzü işıqlananda qəti qərar verdi
ki, karvanın dalınca getsin. Susuzluğa, aclığa dözəcək,
amma karvana yetişəcək. Getmək qərarını
verəndə, səhərə
qədər onu izləyən canavar artıq gözə dəymirdi. Sanki gecə hansısa bir qüvvə o qurdu bu çöl-biyabana
Eldənizi qorumaq üçün göndərmiş,
səhər açılan
kimi isə çəkib aparmışdı.
Bağdada az
qalmış karvana yetişdi. Hamı təəccüb içindəydi. Hətta bir
neçə qul ürəyində onu qınadı da "Ay ağılsız, səndən
imtina ediblər, itirib axtaran da yoxdu. Niyə gəldin?" Şəmsəddin isə hara və
nəyə görə
gəldiyini bilirdi".
Əsərdəki Baş Dədə obrazı vasitəsilə müdrik qoca arxetipi ön plana çəkilir. Zamanın özünü əks etdirən bu arxetipik obraz vasitəsilə tarix süzgəcdən keçirilir, keçmiş vərəqlənir. Zamandan və məkandan kənar qavranılan Baş Dədə obrazı milli ruhun və genetik yaddaşın təcəssümüdür. Bu səbəbdən əsərin sonunda onun ölümü yox, qeybə çəkilməsinin göstərilməsi simvolik çalar kəsb edir. Hər şeyi öncədən görən, hiss edən Ulu Dədə həm də tarixin özünü simvollaşdırır. Bu səbəbdən də o, baş verənləri bir tamaşa kimi kənardan seyr edir, hadisələrin necə tamamlanacağını öncədən bilir. Ulu Dədənin söhbətlərindən də görünür ki, onu individin taleyi deyil, ümummilli tarixin, millətin genetik yaddaşının qorunması maraqlandırır. Baş Dədənin də türk mifologiyasında mühüm yer tutan, kökü Şumerlərin Utnapiştiminə dayanan Xızır İlyas kimi ilahi bir missiyası var. Əgər Xızır darda qalanlara kömək edirsə, Baş Dədə tarixini unudanlara, kökündən uzaqlaşanlara kömək edir, biliklərini ötürməklə tarixin mayakını sönməyə qoymur.
Əsl batini, gizli elmlərin bilicisi, keçmişi və gələcəyi görən Baş Dədədir. Özlərini "batinilər" adlandıran xaşxaşilər isə əslində, zahiri "batinidirlər". Onların söykəndiyi elm deyil, terrordur. Amma bunun da çarəsi var. Yarasalar işıqdan qorxduğu kimi, şər ruhlular da elmin ziyasından qaçırlar: "Onların batinlərindən qurtulmağın bir yolu var, o da elmdir. Onlar elmdən qorxur, çünki hamı elmli olsa, xaşxaşilər hamını öldürəcəklərmi? Buna görə də, mənim aldığım məlumata görə, xaşxaşilər Ələmut qalasında böyük bir kitabxana düzəldiblər. Oxumasalar da, dünyanın bütün nadir kitablarını ora yığırlar ki, başqaları oxumasın".
"Atabəy Eldəniz" romanında azərbaycançılıq, türkçülük motivləri çox güclüdür. Əsərdə lakonik, lakin zərgər dəqiqliyi ilə işlənmiş təsvirlər, hadisələr, eyhamlar vasitəsi ilə TÜRK obrazı yaradılmışdır. Təbii ki, əsərin özəyini də türkün - Atabəy Eldənizin hekayəti təşkil edir. Onu tamamlayan da Əfrasiyab nəslindən olan Mömünə xatundur. Bu sadə bir ittifaq deyildi. Türkün qibləsi olan ailə birləşdirirdi onları. Qalanı içindən fəth etmək mümkün olduğu kimi, güclü şəxsiyyətləri məhv etmək üçün onun yaxınından, ailəsindən istifadə etmək tarixən sınamış priyomdur. Cəmiyyətin əsas sütunu olan ailə möhkəm olanda dövlət də yenilməz olur. Tarixən türkün ailəsi daim nümunə olub. Qadın sadəcə həyat yoldaşı, sevgili deyil türk üçün. Qadını türkün silahdaşıdır, məsləhətçisidir, arxasıdır. Bu baxımdan romanda Eldənizlə Mömünə Xatun Baş Dədənin qeyd etdiyi kimi, "seçilmişlər"dir. Onlar sadəcə türk törəsini, türk dövlətçilik ənənəsini yaşatmırlar. Yazıçı onların vasitəsilə gənc nəslə mesaj çatdırır: "Bax, sənin nənələrin, babaların kimlər olub. Tarixi necə yaşadıblar. Qloballaşan dünyada, müasir həyatın gur axınında kimliyini unutma! Biz türkük! Yalnız qəhrəmanlığımızla deyil, namusumuz ilə, möhkəm ailəmiz ilə, vəfa və sədaqətimiz ilə də tarix yazmışıq!" Yunus Oğuz bu əsəri ilə oxucusuna Səməndər quşu kimi yansa da, külündən doğulan türkün zirvəyə yolçuluğunun möhtəşəm hekayətini danışır.
Son olaraq romanın bədii məziyyətlərindən bəhs edərkən qeyd etməliyik ki, "Atabəy Eldəniz" romanında oxucu dövrün koloritini hiss edə bilir. Maraqlıdır ki, Yunus Oğuz bunun üçün heç bir xüsusi priyomdan istifadə etmir. Adətən tarixi roman yazıçısı qələmə aldığı dövrün tarixi xüsusiyyətlərini oxucuya hiss etdirmək üçün interyer və geyim təsvirlərindən, obrazların danışıq tərzindən, leksikondan geniş şəkildə istifadə edirlər. Lakin Yunus Oğuzun bu romanında təfərrüatlı interyer və geyim təsvirlərinə, insanların zahiri görünüşünün ətraflı təsvirinə və həmin dövrə xas bəlağətli danışığa təsadüf etmirik. Yazıçının ustalığı məhz bu məqamda meydana çıxır. Xəfif təsvirlər, incə eyhamlar obrazların oxucu xəyalında canlanmasına kömək edir. Beləliklə, oxucu mətni oxumur, yaşayır.
Elnarə
QARAGÖZOVA
Filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet 2018.- 6 fevral.- S.8.