Orhan Arasın "Son cənnət" romanına
bir baxış
Orhan Aras müasir
türk ədəbiyyatının
tanınmış nümayəndələrindəndir. Şair, nasir,
jurnalist kimi fəaliyyət göstərən
Orhan Aras 1963-cü ildə
İğdırda dünyaya
gəlib.
Əslən azərbaycanlı olan yazar orta təhsilini
Qarsda alıb, Ərzurum Universitetinin Jurnalistika fakültəsini
bitirib. Almaniya və Azərbaycan
Yazıçılar birliklərinin
üzvü olan O.Aras Almaniyada yayımlanan "Referans"
jurnalının baş
redaktorudur. Orhan Aras həm
türk, həm alman, həm də Azərbaycan dillərində çap olunmuş müxtəlif bədii, elmi-publisistik kitabların müəllifidir.
O, "Azərbaycan davamız"
(1998), "Həzrət Əli"
(2000), "Ayrılığın rəngi hüzün"
(2003), "Kaşğardan Berlinə"
(2010), "Ah Türkiyə" (2016),
"Oriyentalistmi?" (2016) və digər əsərləri
ilə istedadlı publisist və yazıçı olduğunu
sübut edib.
Orhan Arasın
yaradıcılığında Azərbaycan mövzusu mühüm yer tutur. O, azərbaycanlı yazıçı
Məhəmməd Əsəd
bəy (Qurban Səid) haqqında "Əsəd bəyin həyatı və jurnalistikası" adlı
sanballı monoqrafiya qələmə alıb. "Oriyentalistmi?" (2016)
adlı kitabında Orhan Aras 1969-cu ildən etibarən bütün dünyada fenomenə çevrilən, "Əli
və Nino" adlı
kiçik bir romanı bütün dillərə tərcümə
olunan, ürəkyandıran
bir eşq hekayəsi və ondan daha maraqlı
şəxsiyyəti ilə
əsrarəngiz yazıçı
Qurban Səidin həyatı haqqında geniş məlumat verir.
"Kaşğardan Berlinə"
(2010) əsərini portret-oçeklər
kitabı kimi dəyərləndirmək olar. Kitabda Orhan Arasın coşğulu qələmindən
çıxan essevari təhkiyə ilə Çingiz Aytmatov, Annemari Şimmel, Yavuz Bülənt, Rəbiyyə Qədər
və b. türk dünyasında tanınmış
ədəbiyyat və
elm adamlarından söz
açılır.
Orhan Aras "Ah Türkiyə"
(2016) kitabında getdikcə
sosiallaşan həyatda
türk dilinin əriməsi, din pərdəsi
altına müxtəlif
məzhəblərin yayılması
haqqında mükəmməl
türkcəsi ilə
həyəcan təbili
çalır.
"Həzrət Əli"
(2000) kitabı tarixdə
bərabərinə az rast gəlinən
şəxsiyyətlərdən biri olan Həzrət
Əlinin həyat hekayəsi, etdiyi müharibələr, islam
dininə xidmətləri
barədədir. Romanda ən
amansız döyüşçülərin
belə qarşısında
titrədiyi Əli ailəsində şəfqətli
ata, mehriban ər kimi təsvir
edilmişdir.
Orhan Arasın
Azərbaycan dilində
təzəcə çapdan
çıxmış "Son cənnət" romanı
(Bakı, "XAN" nəşriyyatı,
2017) böyük maraq
doğurur. Roman sadə
təhkiyə tərzi,
axıcı dili ilə oxucunu dərhal ələ ala bilir. Düşündürücü
problemlər qaldıran
romanda xalq həyatı geniş və əhatəli şəkildə
əks etdirilib. Əsərdə 1990-cı illərdə Türkiyədə baş
verən siyasi hadisələrin ümumi mənzərəsi, silahlı
qarşıdurmalar, İslam
inqilabından sonra İranda yaşanan fiziki və mənəvi çaxnaşmalar,
Almaniyada mühacir düşərgələrindəki həyat təsvir edilib. Can, Memo, Dilo, Aliyə kimi obrazların hər biri Orhan Arasın
usta qələmindən
çıxmış maraqlı,
özünəməxsus personajlardır.
Maraqlı süjet xətti
ilə yanaşı,
"Son cənnət" romanı
həm də baş qəhrəmanlar - Can və Aliyənin məktubları üzərində
davam tapır. Sərt ideologiyanın qurbanı olan Can ehtiyatsızlıqdan
həmkəndlisi, uşaqlıq
dostu Yusifi öldürür. Peşmançılıq duyğusu ilə bərabər həbs edilmək qorxusu Canı el-obasından didərgin salır. Atasının min bir əziyyətlə
oxutdurduğu evin böyük oğlu Can Yusifi vurub qaçdığını
ailəsinə açıb
deyə bilmir. Məktəbdə silahlı çaxnaşma
zamanı qarışıqlıq
düşdüyünü, Yusifin vurulduğunu, bütün solçu tələbələrin qaçdığını,
polisin onların izində olduğunu söyləyir. Bununla da
Canın qaçaqlıq
həyatı başlayır.
Dağlara üz tutan Can orada ideologiyadan
uzaq Memo, Dilo kimi sadə insanların səmimiyyəti,
ona canı-qəlbdən
sahib durmaları ilə
az da olsa
rahatlıq tapsa da, "peşmanlıq çuxur"u getdikcə
dərinləşir və
onu özünə doğru çəkir. Hara gedirsə, Yusifin
günahsız, əzik
baxışları onu
təqib edir, rahatlıq vermir. Əzizlərindən uzaq düşməsi,
uşaqlıq sevgisi Güldən ayrı qalması da onu daim narahat
edir.
Qəfil gələn məktubla təhlükənin yaxınlaşdığını anlayan Can atasının təkidi ilə İranın Maku şəhərinə, tanışı Molla Həsənin evinə yollanır. Qonaq olduğu evdə isti münasibət görən qəhrəman buradan Avropaya mühacirət etməyin yollarını axtarır. Bu işdə ona Mollanın oğlu Əli yaxından kömək edir. Mollanın evində Canın günləri rahat keçir, ta ki evin böyük qızı Aliyənin gizli məqsədindən xəbər tutana qədər. Aliyə inqilabdan əvvəl Tehranda Xarici dillər fakültəsində təhsil almış, lakin "Xomeyni inqilabı"ndan sonra məcburən qara çarşaba bürünmüş müasir dünyagörüşlü qadındır. Onun ümid yeri ancaq Candır. Canın köməyi ilə Avropaya ayaq aça və arzusunda olduğu azad, firavan həyata qovuşa bilər. "Lütfən! Lütfən dinlə məni! Bax bəlkə də ortaq nöqtələrimiz azdır. Düşüncələrimiz, fəlsəfəmiz, dünyagörüşümüz arasında bəlkə də fərq yoxdur... Kimsəylə danışa bilmirəm! Kimsəyə dərdimi izah edə bilmirəm, anlayırsanmı, heç kimim yoxdur!"
Aliyənin təkidlərinə baxmayaraq, Can nə Aliyə ilə evlənmək, nə də onu özü ilə xaricə aparmaq niyyətində deyildi. Lakin Aliyənin ciddi cəhdləri nəticəsində bu izdivac baş tutur. Cana saxta pasport əldə etməyə kömək edən Əli bacısı ilə birlikdə onları "cənnət" hesab etdikləri Almaniyaya yola salır. Ortaq məqsədlərin bir araya gətirdiyi bu iki yad insan düşdükləri şərait nəticəsində doğmalaşır və hətta ən məhrəm insana çevrilirlər. Almaniyanın Vetzlar adlı şəhərində mühacir evində rastlaşdığı ağır həyat şəraiti, Candan ayrı qalmağı Aliyəni ümidsizlik girdabına sürükləyir. Darısqal və cansıxıcı otaqlar, xaricilərə tətbiq olunan ağır qayda və qanunlar, ən pisi, şəhərdən kənara çıxmaq qadağası Aliyənin yeni firavan həyatla bağlı qurduğu xəyallara heç bənzəmirdi. Sonda taleyin ağır sınaqlarına rəğmən sağ qalmağı bacaran qəhrəmanlar qərib ölkədə bir-birinə sığınıb mübarizə aparmağa davam edirlər.
Müəllif Can və Aliyənin simasında Avropanı nicat qapısı kimi görən gəncliyin faciəsini qələmə almışdır. Can ölkəsində yaşanan siyasi çaxnaşmalar səbəbilə, gənclərin sağçı, solçu kimi qruplaşdığından, onların canına-qanına hopmuş ideologiyadan, fiziki və mənəvi təzyiqlərdən xilas olmaq üçün Avropaya sağlam düşüncə, azad fikir ardınca getməyə can atmışdır. Aliyə isə sərt qadağalardan, mühafizəkar ailəsinin şəxsi həyatına müdaxiləsindən xilas olmaq üçün Avropanı yeganə ümid yeri kimi görürdü.
Romanda verilmiş "Qarasu", "Ağrı dağı", "Qızvəli" və s. haqqında kiçik haşiyələr, mövzuyla bağlı hekayələr təhkiyəyə xüsusi rəng qatır, onu daha da oxunaqlı edir. Əsərdə oxucu marağını gücləndirən əlavə epizodlara - şah rejiminin devrilməsi, Xomeyninin başçılıq etdiyi İran İslam inqilabının qələbəsi, Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında tarixi məlumatlara da rast gəlinir.
Orhan Arasın "Son cənnət" romanı yüksək ideyası, dərin məzmunu, tərbiyəvi əhəmiyyəti ilə diqqəti cəlb edir. Roman müasir dövrün mürəkkəb və ziddiyyətli hadisələrinin geniş təsvirini verən epik əsərlərdən biri kimi mühüm əhəmiyyət daşıyır.
Orhan Aras istər Türkiyədə, istər Almaniyada Azərbaycan ədəbi və elmi fikrinin yayılmasında əvəzsiz xidmətləri olan şəxsiyyətlərdəndir. Yazıçının əsərlərinin Azərbaycan dilinə uyğunlaşdırılması sevindirici olub, Orhan Arası bizə daha da yaxınlaşdırır.
Dilarə
ƏLİYEVA
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi
525-ci qəzet 2018.- 6 fevral.- S.8.